adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

QƏRB iSLAMI ƏNGƏLLƏYƏ BiLƏCƏKMi?

BABƏK YUSİFOĞLU
34833 | 2011-12-10 07:33
Zaman-zaman dünyada baş verən hadisələri müşahidə etdikcə bir sıra düşündürücü suallar insanın yaddaşında pöhrələnir. Xüsusilə insanların inancları ilə bağlı sürən qarşıdurmalarla bağlı. Görəsən özlərinə xristian deyənlər dövlətlərinin qüdrətlərindən istifadə edərək niyə Tanrının Yer üzünə göndərdiyi İslamı basqı altında saxlamağı özlərinin birinci vəzifəsi hesab edirlər? Hansısa ölkədə müsəlmanların qırılması, islama aid abidələrin dağıdılması, onlara yönəlik dəhşətli haqsızlıqlar... qərblilərinin tükünü nədən tərpətmir? Bu dinlər ki, Uca Allahındır. Və bu məsələlərin bir qədər ətraflı təhlili ilginc həqiqətləri ortaya qoyur.
   
   İlk növbədə bir məqamı önə çəkək. Qərb dünyası müsəlman ölkələrinə qarşı cürbəcür təzyiqlərini davam etdirsə də, Səlib yürüşünü ən müasir formada sürdürsə də, İslama çamur atıb ləkələməyə çalışsa da, terrorçu adını verməyə cəhd etsə də nəticə olaraq istədiyi effekti ala bilməyib. Hətta belə düşmən siyasəti nəticəsində milyonlarla müsəlman qırılsa da, Pakistandan, ərəb ölkələrindən tutmuş Qarabağadək olan yerlərdə dini-enik təmizləmə siyasəti aparılsa da, müqəddəs yerlər, məscidlər yerlə-yeksan edilsə də Tanrının yer üzünə göndərdiyi müqəddəs din hər şeyə rəğmən yenə öz mərtəbəsindədir. Və məsələnin məhz bu məqamı onların yuxusunu ərşə çəkir, yeni-yeni üsullar düşünüb tapmağa sövq edir. Hamısı da boşuna...
   
   Bu gün Qərb əslində cavabı çox sadə olan, lakin onların qəbul etmək istəmədikləri sualin üzərində vurnuxurlar. Necə ola bilir ki, yüksək texnologiyaların, müasir silahların, törədilmiş qanlı müharibələrin, ideoloji təzyiqlərin... qarşısında İslam geriləmir, əksinə get-gedə bütün dünyanı bürüməkdədir. Bəli, bu gəlişi gözəl söz yox, bir gerçəkdir . Və onların yuxusuna haram qatan da elə budur. Bu gün Avropanın, özü də Qərbi Avropanın, ABŞ-ın, eləcə də Amerika qitəsi ölkələrinin böyük əksəriyyətində müsəlmanlaşma prosesi ən yüksək şəkildə getməkdədir. Bir qədər də konkret danışsaq əyani təsəvvür formalaşdıra bilərik. Avropanın ən böyük ölkələrindən olan Fransada ikinci din məhz islam sayılır və əhalinin 15-16 faizi müəlmanlardan ibarətdir. Hazırda təkcə Türkiyədən gələn emiqrantların sayı 400 mini adlayır. Fransanın iri şəhərlərində - Parisdə, Marseldə, Lionda... ən böyük müsəlman icmaları mövcuddur. Və ölkə ərazisində 5 böyük, 1500-dən artıq adi məscid fəaliyyət görtərir.
   
   Almaniya əhalisinin hazırda 7 faizə qədərini müsəlmanlar təşkil edir ki, bu da orta hesabla 6 milyona yaxın insandır. Burada da islam xristianlıqdan sonra ikinci din sayılır. Ölkə ərazisində 3000 -dən çox məscid var və müsəlmanlar mütəmadi olaraq bu məscidlərə gedib dini ayinlərini, ibadətlərini yerinə yetirirlər. Onu da qeyd edim ki, son illər Avropada ən çox müsəlman sayının artımı məhz Almaniyada qeydə alınıb. Elə bu üzdən də almanlar prosesin daha da böyüyəcəyindən qorxuya düşərək miqrasiya məsələlərini sərtləşdiriblər. İtaliyada da vəziyyət demək olar ki, oxşar olsa da bu haqda bir az fərli düşünmək lazım gəlir. Çünki İtaliyanın ərazisində yerləşsə də, tamam başqa bur dövlət olsa da, bir çox dəyərlərinə görə İtaliya sayılsa da xristianların mərkəzi, paytaxtı olan Vatikanın bu ölkədə yerləşdiyini nəzərə almalıyıq. Və təsəvvür edin ki, burada da İslama inanc gətirənlərin sayı xristianlardan sonra ikincidir.
   
   Bütöv Avropanın siyasi paytaxtı sayılan Brüsseldə, eləcə də bütövlükdə ölkənin özündə müsəlmanların sayı durmadan artır. Bu ölkə haqqında danışanda nəzərə almaq lazımdır ki, Belçikada ümumiyyətlə, dinə inananların sayı digər Avropa ölkələri ilə müqayisədə çox azdır. Amma bununla belə, ölkə əhalisinin 7-8 faizini müsəlman dininə mənsub insanlar təşkil edir. Paytaxt Brüsseldə isə vəziyyət daha fərqlidir. Avropalılara görə, Brüssel yavaş-yavaş müsəlman şəhərinə çevrilməkdədir. Məşhur sosioloq Feliçe Dasetto bildirir ki, 2030-cu ildə Brüssel sözün həqiqi mənasında müsəlman şəhərinə çevriləcək. Hazırkı sayı rəqəmlə ifadə etsəm müsəlman əhali burada 400. 000 yaxındır. Ümumilikdə isə Avropada müsəlman əhalinin sayı (Rusiyasız) 60 milyonu ötüb.
   
   Dünyanın ən nəhəng dövlətlərindən biri hesab edilən Rusiyada isə vəziyyət daha fərqlidir. Çünki miqrantlardan əlavə buradakı əhalinin 35 faizi müsəlmanlardan ibarətdir. Və bu həqiqətən də çox ciddi rəqəmdir. İspaniyadan, Portuqaliyadan isə danışanda tarixi nüansları da nəzərə almaq lazımdır. Çünki burada orta əsrlərdə qurulan Əl-Əndəlus vaxtıyla kifayət qədər inkişaf etmiş, qüdrətli dövlət hesab olunurdu. Və uzun illər İslamın buradan ətrafa sirayət etmə prosesi sürmüşdü. Bu gün də nəticələri göz önündədir. Xristian din xadimlərinin özləri də etiraf edirlər ki, islamlaşma yalnız Avropada deyil, həm də Şərqdə davam edir. Məsələn, statistik məlumatlara görə, son dövrlər Misirin özündə 2 milyona yaxın insan müsəlmanlığı qəbul etmişdir.
   
   Hazırda dünyanın islamlaşma prosesinin qarşısını almaq üçün xristian təəssübkeşləri ən müxtəlif tədbirlər planı düşünməkdədir. Onlar anlayırlar ki, fiziki cəhətdən müsəlmanların öldürülməsi heç də öz nəticəsini verməmişdir. Əksinə hər dəfə belə müharibələrdən sonra dini ictimai şüurun digər istiqamətlərə genişlənməsi baş verməkdədir. Müsəlmanların axını geometrik inkişaf mərhələsinə keçir. İdeoloqlar belə hesab edirlər ki, prossesin dayandırılması üçün tədbirlər sırasında mütləq Türkiyənin Avropa Birliyinə qəbulu əngəllənməli, Avropa ölkələrində miqrantlar üçün mövcud qanunlar çox ciddi şəkildə sərtləşdirilməli, mövcud müsəlman vətəndaşlarının həyat tərzində yeni fərqli şərait yaradılmalı, qadağaların sayı artırılmalıdır. Onu da qeyd edək ki, məhz bu ideoloji öhdəlik artıq əksər Avropa ölkələrində qanuni qüvvəyə minib.
   
   Hollandiyada, Fransada, İsveçrədə, Danimarkada... ölkənin müsəlman dininə mənsub əhalisi üçün antidemortik qaydalar bütün gücü ilə işləməyə başlayıb. Bu günlərdə İsveçrədə minarələrin tikintisinin qadağan edilməsi ilə bağlı baş verən qalmaqal yəqin ki, çoxlarının yadından çıxmayıb. Və maraqlıdır ki, Qərbin islama qarşı köklənməsində erməni lobbisinin ölçüyəgəlməz xidmətləri vardır. Erməni milyonerlərimim antiisalm ideologiyasına xidmət göstərən təşkilatların, qurumların maliyyələşməsində, siyasi dəstəyin verilməsində müstəsna əməkləri vardır. Bundan başqa, onlar islam əleyhinə bütün hərəkatlarda, bütün tədbirlərdə fəallıqla iştirak edirlər. Ermənilər anlayırlar ki, onları himayə edən dövlətlərin belə sürətlə islamlaşması real təhlükə mənbəyidir. Hətta məhz bu məqsədlərlə Ermənistandan Avropaya tez-tez emissarlar da göndərilir.
   
   Əlbəttə, bu məsələlərlə bağlı başqa faktları da sadalmaq olar. Lakin buna ehtiyac yoxdur. Görünən odur ki, Qərbin islama qarşı yönəlmiş siyasəti iflasa məhkumdur. Çünki bu təbii bir prosesdir, ona görə də qarşısı alınmayacaq. Və çox yaxşı olar ki, onlar bəşəriyyətin inkişaf qanunlarının, ictimai şüurun formalaşması prosesinin əleyhinə getməkdənsə, bu istiqamədə böyük pullar xərcləməkdənsə islama, onun dəyərlərinə hörmətlə yanaşsalar, dost münasibəti göstərsələr uğurlu nəticələr əldə edə bilərlər.
   
   Əslində hər kəs İslamı qəbul etmiş məşhur, ağıllı xristianların yolunu tutsa, ən azı onları xatırlasa məsələnin nə yerdə olduğunu daha dəqiq anlayacaqlar. Rinqin kralı Məhəmməd Əli, məşhur fransız səyyah kapitan Kusto, "xahiş edirəm, məni Məhəmmədi hesab edin" deyən Lev Tolstoy, Amerikanın məşhur aktyoru Uill Smit, Kanada da xristianlığın ən böyük təbliğatçısı doktor J. Miller, tanınmış futbolçu Frank Riberi, 2003-cü ildə islamı qəbul edən meqa-star Maykl Cekson, ilk dəfə Aya ayaq basan amerikalı kosmonavt Armnstronq, məşhur fransız doktor Moris Byuke... (sıralamanı ölçüyəgəlməz sayda uzatmaq olar) Allahın müqəddəs dini olan İslamı boşuna qəbul etməyiblər. Yəni Qərb bu gerçəkləri də inkar edə bilər?...

TƏQVİM / ARXİV