adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Buddanın zibilə saldığı tələbə

FƏRHAD ŞABANOV
21742 | 2011-12-10 07:33
Tələbə kitabı açır və oxumağa başlayır:
   
   "Budda, Himalaya ölkəsinin zadəgan, kral ailəsində doğulub. Hələ uşaq ikən Asita adında yaşlı və hikmətli bir adam sarayı ziyarət edir. Ruhani bir insan olan Asita Buddanın atasına oğlunun bəşəriyyətin xilaskarı olacağını müjdələyir.
   
   Sonradan Budda Şahzadə Qautama adını alır. Atası sevimli oğlu üçün hər cür həyat şəraitini, rahatlığı təmin edir. Oğlunun yaxşı bir kral olmasını istəyirdi. Bütün bunlara baxmayaraq, Qautama (Budda) dünyəvi zövqün rifah mənbəyi üçün yetərsiz olduğunu anlayırdı. Bir gün yaşlı sonra xəstə və daha sonra ölən bir insanı görür. O anda anlayır ki, insan oğlu bu dünyada əzablar çəkir və sonda ölür. Başa düşür ki, mənəvi rahatlığın əldə olunması üçün digər insanları xoşbəxt etmək lazımdır. Budda həqiqi mənəviyyatı araşdırmaq üçün evini, həyat yoldaşını və uşağını tərk edir. Əvvəlcə uzaq bir meşəyə gedərək özünü yemək və komfortdan məhrum edir. Amma bu ona kömək olmur. Anlayır ki, bədən zəif düşəndə ağıl gücü də zəifləyir. Hindistanda Budhi ağacının altında ikən Budda qəlbinin aydınlandığını hiss edir (hansı ki, biz buna vəhy, Allahla əlaqə deyirik) və o gündən insan oğlunu iztirablardan xilas etmək üçün missiyasına başlayır".
   
   Bir gün Türkiyədə təhsil alan universitet tələbəsi Azərbaycandakı X universitetinin Y fakultəsində oxumağa qərar verir. Türkiyədə tələbəliyin yaratdığı bütün şəraitlərdən istifadə edən bu tələbə yeni yerlər görmək istəyir və Azərbaycandan başlamaq qərarına gəlir. İlk dərs günündə təxminən 70 yaşlı bir professor sinif otağına girir və əlindəki kitabı açır, oxumağa başlayır. Önündə oturanlar tələbələr müəllimin dediyi hər sözü hərfi-hərfinə yazmağa çaba göstərir, arxasında oturanlar isə bir-birinə blutuzla video, mahnı, şəkil göndərir. 90 dəqiqə ərzində sinifdə bundan başqa heç bir hadisə baş vermir. Tələbənin ürəyi sıxılır və növbəti dərsə girməmək qərarına gəlir. Yanındakılara bufetə getməyi təklif edir, ancaq heç kim razılaşmır. Bu tələbə də çarəsiz gedir, tək oturur bufetdə. Dərs zamanı bir kişi gəlir və bu tələbəyə ağzından çıxanı deyir ki, dərs vaxtı nə gəzirsən bufetdə. Bu tələbə nə baş verdiyini bilmir, həyəcanlanır. Dili dolaşır. Üzr istəyir. Zəhmli Dekan yardımcısı getdikdən sonra özünə gəlməyə çalışan tələbənin yadına bir lətifə düşür.
   
   "Sovet dönəmində Bakıda milislər günorta vaxtı iki cavan oğlanı küçədə görüb tez yanlarına yaxınlaşır və soruşur:
   
   -İş vaxtı sizin nə azzarınız var küçədə, bu dəqiqə sizi dama basacağıq. Niyə iş yerində deyilsiniz, niyə işləmirsiniz?
   
   Cavanlardan biri cavab verir:
   
   -İşləyirik.
   
   Milis soruşur:
   
   -Harda işləyirsiniz? Nə işləyirsiniz?
   
   Cavan:
   
   -Domino zavodunda, daşların xanalarını rəngləyirik.
   
   Milis:
   
   -Bəs indi niyə işdə deyilsiniz?
   
   Cavan:
   
   -Bu gün zavod ağ qoşa buraxır."
   
   Fikirləşir ki, yəqin hələ də Sovet dönəmindən qalan xırda-xuruş qaydalardır bunlar. Gedir dekanın yanına və deyir ki, siz tələbələrə 100 qayıb haqqı vermisiniz. Bəlkə mən bu haqqımı bufetdə oturaraq keçirmək istəyirəm. Dekan əsəbləşir və bu tələbəni böyüklərə qarşı hörmətsizlik etməklə suçlayır. Tələbə kor-peşman çölə çıxır və dərslərə girməməyə başlayır. 100 qayıb haqqı dolduqdan sonra Rektorun otağına çağrılacağını öyrənir. Hansı variantlarla qarşılacağını soruşduğunda 3 fərqli cavab eşidir. Ya universitetdən qovulacaq, ya kursda qalacaq, ya da həkimdən "arayış" gətirib əfv olunacaq.
   
   Dəhşətə gəlir və fikirləşir ki, belə də universitet olar? Azərbaycandakı universiteti gördükdən sonra Buddanı oxuduğuna peşman olur. Qayıdır öz maraqlı, stabil tələbə həyatına. Görüntülü dərslər, diskussiyalar və daha necə imkanları qoyub Azərbaycana getməsini əlində olanların dəyərini anlaya bilməsi baxımından bir imtahan olaraq görür.
   
   İndiyə kimi yazdığım bir neçə köşə yazımda Türkiyədə universitetin necə olduğundan və tələbəlik həyatından bəhs etmişdim. İnsan pisi görmədən yaxşını anlamaz. Azərbaycandakı universitetlərin durumu doğurdan da çox pisdir. Mən Azərbaycanlı olaraq bundan çox narahatam. Əgər Azərbaycan universitetlərində təhsil istənilən səviyyədə olsaydı mən niyə ailəmi, dostlarımı atıb Türkiyəyə gəlim. Mən çox istəyirəm ki, Azərbaycan müasir mədəniyyətlər səviyyəsinə çatsın. Bunu etmək üçün işıqlı göydələnlərdən öncə tədris mərkəzlərini istənilən səviyyəyə qaldırmaq lazımdır. Köhnə beyinli, Sovet düşüncəli müəllimlərdən, idarəçilərdən azad olmaq lazımdır. Daha liberal, demokratiya anlayışına malik, yeniliklərə açıq insanlar lazımdı inkişaf etmək üçün. Müəllim və tələbə arasında hörmət olmalıdır. Müəllim tələbə ilə diskussiya etməlidir. Budda gəlib bizim universitetlərin halını görsəydi əminəm ki, atasının yanına qayıdıb saray həyatına davam edərdi.
   
   Yenə də ümidsizliyə qapılmıram və düşünürəm ki, bu məsələdə ən böyük iş xaricdə oxuyan tələbələrimizə düşür. Azərbaycana qayıdıb əlimizdən gələni etməliyik ki, bizi valideynlərimizdən ayıran səbəblər övladlarımızdan da ayırmasın...

TƏQVİM / ARXİV