adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

MƏHƏK DAŞI

OQTAY SALAMOV
36068 | 2011-12-10 07:33
İt ilində olandan danışıram. Onda Amerika Vyetnamda müharibə eləyirdi. Vyetnamın balaca olmasına baxmayın, sovet silahları ilə Amerikaya meydan oxuyurdu. Kopoyoğlunun Kalaşnikov avtomatları bataqlığın içində də atırdı, suyun altında da. Vyetamlılara mənəvi dəstəyimiz də olurdu. Bir şairimiz poema yazmışdı: "Vyetnamlı qardaşım, sənə canım qurban, qanım qurban!"g Ayın axırında qonorar üçün jurnalın redaksiyasına gedəndə deyirlər ki, bəs qonorarı "Vyetnama yardım" hesabına köçürmüşük. Şair etiraz edəndə deyirlər ki, bəs deyirdin ki, qanım qurban, canım qurban... Şair lap havalanır: Ay bala, bax görüm orada "pulum qurban" yazmışam? Bu puldu ey, can, qan deyil ki, qurban verəsən, sözdü dəə, yazmışam...
   
   Deyəsən kasıbların ataları "nəyinsə əli ətə çatmayanda deyər iy verir" məsələsini doğruldanda pulu olmadığı üçün "pul əl çirkidi" məsəlini düzəldib. Mən belə çirki günlərlə yumaram, pul demək olar ki, hər şey deməkdir, çirk nədi əşşi?
   
   Bu girişi eləyəndən sonra bir daşdan danışmaq istəyirəm. Adi daş deyil, məhək daşından danışıram.Yaddan çıxarmışlara xatırladıram ki, qızılın, qiymətli metalların saflığını müəyyənləşdirmək üçün istifadə edilən daşa məhək daşı deyirlər. Xahiş edirəm, əlhəd daşı ilə qarıhıq salmayın... Dünya bərqərar olandan bəri insanın saflığını yoxlamaq üçün çox parametlərə müraciət ediblər; onun etibarı, sözünə əməl etməsi, sözü ilə işinin uyğun gəlməsi, dönməzliyi, satqın olmamağı, qeyrəti... İndiki zamana baxanda mən belə qərara gəlmişəm ki, insan deyilən məxluqun saflığını yoxlamaq üsün iki cür məhək daşı var, biri vəzifədir, biri də pul. Bizimkilərin nəzərində ikisi də eynidir, yəni vəzifən varsa pulun var, pulun varsa vəzifən də olacaq. Bu çox zırıltılı söhbət olacaq deyən hər kəsin az-çox əlində, kassasında, borcunda olan məhək daşından-puldan danışmaq istəyirəm. Amma bir az özünəməxsus danışmaq istəyirəm.
   
   Bir saytda qəribə bir sorğuya rast gəldim. Sual verirlər ki, küçədə külli miqdarda (denən mən başı küllünün bəxti haradaydı ki, pul tapaydım, özü də külli miqdarda) pul tapsaydınız neynəyərdinz? Variantlar da veriblər: 1. Özümə götürərdim. 2. Polisə aparardım. 3. Sahibini tapmağa çalışardım. 4. Sahibinə qaytarardım, bir şərtlə ki, mükafatımı versin. 5. Xeyirxahlıq işlərinə verərdim. 6.Yan keçərdim. 7. Bilmirəm. 8. Öz variantınız.
   
   Bilirəm, ağlınıza gətirməyəcəksiniz, sadəcə olaraq təsəvvür edin ki, belə situasiya ilə qarşılaşmısınız, neynərsiniz? Tələsməyin ha, pul köpəyoğlu şeydi, düşüncəsiz hərəkəti sevmir, xəyalınızda tapdığınızı itirsəniz bədbəxtçilik olar. Özümdən götürürəm ki, ən azından öz variantımı seçərdim. Day aparıb polisə verməyəcəksiniz ki! Nə fərqi vardı, itdi, yoxsa polisə verdiniz?.. Sahibini tapmaq çətin və cəncəlli işdi, adamın öz pulunu da alarlar, hələ şərə də salarlar. Xeyirxahlıq bizlik deyil, nə bilirsən nələrə xərcləyib "yetimə verdik" deyəcəklər. Lap öz variantınızı da seçsəniz, yenə düşünməlisiniz. Belə baxanda külli miqdarda pul kasıbdan düşə bilməz. O biri tərəfdən baxanda bəlkə bu kassirin torbasından düşüb, işçilərin maaşıdı. Bəlkə oğurluqdu, oğrudan oğruya halal deyib götürərsiniz, tutub salacaqlar qoduqluğa, halal saydığınızı haram eləyib burnunuzdan gətirəcəklər... Mükafat gözləyib sahibinə qaytaracaqsan, səni şərləyib deyəcək ki, yarısını gizlədib... Deyir, kasıb pul tapdı, saxlamağa yer tapa bilmədi. Paho,oturduğumuz yerdə zibilə düşmədik?..
   
    Deyir, Avstraliyanın Sidney şəhərində bir nəfər "Marko Polo" kafesinə(italyan kafesidir) gəlir, masa arxasında oturanda cib telefonuna zəng gəlir. Bəydadaş telefonla danışandan sonra təcili çıxıb gedir. Ofisiant görür ki, müştərinin sumkası qalıb.Ora adam, bura adam, yoxdu. Axtarsa da, amma adamı tapa bilmir, müdiriyyətə məlumat verir. Sumkanı açıb görürlər ki, içərisində bir milyona qədər Avstraliya dolları (1 milyon ABŞ dolları) var. Pullar 50-lik dollardan ibarət idi.
   
   Məlum olan olur ki, kafeyə gələn adam şortda və sarı futbolkada olub, yaşı təxminən 30-35-dir. Polis inspektoru Yan Prayd deyib ki, yəqin adam nədənsə qorxub və kafeni tərk edib. Guya polis pulların əsl sahibini axtarır...
   
   Rusiyada da pulla bağlı maraqlı hadisə olub. Deyir, Kirov şəhərindən olan biri işlədiyi sahibkardan 100 min rubl (təxminən 3 min dollar) borc alıb və dilindən kağız verib (raspiska). Kişi 4 ay qeyri- rəsmi olaraq sahibkarın yanında işləmiş və əməkhaqqını almamışdı. Adamın xəbəri yox idi ki, əməkhaqqı borcu şefin əvvəllər aldığı kreditin hesabına tutulacaq. Fürsətdən istifadə edən şef məhkəməyə müraciət eləyir.
   
   Cavabdeh sübut eləyə bilmir ki, onu borcu bu qədər deyil. Amma heç nə edə bilmədiyindən bir şərtlə, borcunu şəxsən, əldən-ələ verməklə ödəməyə razı olur. Sonralar bu qərarın motivləri aydın olur. Kişi borcunu ödəmək üçün 16 kisə ... qəpik pul gətirir! 100 min rubl borc və 9 min rubl dövlət rüsumu kifayət qədər ağır- 154 kilo pul idi.
   
   Deyir, borc sahibi bu qədər xırda pulu götürməkdən imtina edir və tələb edir ki, pulları onun hesab nömrəsinə keçirsinlər. Onda da məhkəmə pristavları hirslənirlər. Axı bu qədər qəpiyi onlar saymalı olmuşdular...
   
   Pulla bağlı iki hadisəni danışdım. Heç biri də vəziyyətimizi yüngülləşdirmədi. Tapacağımız pulu necə yerbəyer edəcəyik. İndi işdi dəə, Allah eləməsin, başınıza gəldi, mən ölüm, düzünü deyin, küçədən kalan pul tapsanız neynəyərsiniz?.. Şəxsən mən, bilsəm ki, cavabdeh bir kasıbın itkisi deyilsə, çox halallıqla xərcləyərdim.

TƏQVİM / ARXİV