QIZINMADIQ iSTiSiNƏ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
23016 | 2011-12-09 07:40
Bir vaxtlar otra məktəb dərsliklərinin ən sevilən şeirlərindən biri idi Mayakovskinin "Sovet pasportu" və biz də bu şeiri canıdildən əzbərləyir, hətta qürur duyurduq. Zarafat deyildi, şeir əməlli-başlı adamın ürəyini dindirir, ona qol-qanad verirdi:
   
   
   
   Alın a,
   
   Yana-yana
   
   Qalın a-
   
   Mən Sovet vətəndaşıyam!
   
   
   
   Bəli, biz Sovet vətəndaşı olduq və böyük bir imperiyanın 80 ilə yaxın bir zaman kəsiyində təbəəsi kimi dünyada özümüzü "rahat hiss etdik". Heç yerdə, heç kəsdən çəkinmədən böyük bir coşqu ilə dedik ki, biz Sovet vətəndaşıyıq. Hətta böyük Səməd Vurğunun misralarını da xatırladıq. "26-lar" poemasındakı o məşhur misraları:
   
   
   
   Bəli, bakılıyam, öz şöhrətim var
   
   Mənim babam olmuş 26-lar!
   
   
   
   Doğrudan da, çox qəribə millətik. Poeziyamız da, şeirimiz də, milli dəyərlərimiz də o qədər haldan-hala salınır, rəngdən-rəngə bulaşdırılır ki, özümüz də içində batırıq. Yaxşı ki, itmirik, batdığımız yerdən ümidin ətəyindən tutub özümüzə qayıda bilirik. Özümüzə qayıdıb zəncirləri qırırıq. Xəlil Rza Ulutürk demiş:
   
   
   
   Azadlığı istəmirəm zərrə-zərrə,
   
   qıram-qıram,Zəncirləri istəyirəm qıram, qıram!
   
   
   
   Bəli, biz Sovet məkanında sovet vətandaşı olduq, müəyyən uğurlara imza atdıq. Bu danılmazdı. Ədəbiyyatımız da, mədəniyyətimiz də, elmimiz də xeyli inkişaf etdi, yeni dünyaya qol-qanad açdı və Sovet elminin, Sovet ədəbiyyatının içərisində biz də dünyaya çıxış əldə etdik. Bir söz də bizim oldu, bir səs də bizim oldu. Və beləcə Sovet dönəmini yaşaya-yaşaya azadlıq eşqimizi də içimizdə qoruyub saxladıq. Enmiş bayrağımızın yüksəlişinə qovuşa bildik və çox şükür ki, artıq 20 ildir ki, "Bir dəfə qalxan bayraq" bir daha enmir. Bu bayrağın dalğalandığı hər bir ünvanda Azərbaycan görünür, Azərbaycan təmsil olunur və bu da bizə qürur verir və biz də Maykovskinin şeirindəki yalançı pafoslu "Sovet vətəndaşıyam" eforiyasından "Azərbaycan vətəndaşıyam" gerçəkliyinə könüllü qovuşuruq. Lakin...
   
   Bu gün Azərbaycan öz müstəqilliyini qoruyub, saxlamaqla yanaşı torpaqların 20 faizinin işğalına da məruz qalıb. Özü də maraqlı burasıdır ki, Azərbaycanın torpaqlarını işğal edən dövlət nə Cənubi Amerikadan, nə də Afrikadan deyil. Bu dövlət bizim çəpər qonşumuz- bir vaxtlar şəninə mahnılar oxuduğumuz "qardaş olub Hayastan"-dır! Və bu Hayastan bizimlə Sovet dönəmini birgə yaşayıb, amma onlar həmin dönəmin içərisində də öz genlərində olan virusları, millətçilik xəstəliyini, böyük Ermənistan xülyasını öldürməyiblər, əksinə onu əməlli-başlı bəsləyib, böyüdüblər. Görünür, onlara bu münbit şəraitini yaradan da elə Sovet məkanı, Sovet dövləti olubdur. Əgər xatırlayırsınzsa ermənilərin işğalçı tərəfdaşı da məhz 1988-ci ildə SSRİ-nin varlığı, hökmranlığı dövründə baş qaldırmışdı. Məhz onda da Moskva idi bütün məsələlərin açar-kilidi, elə indi də Moskvadır, həm rəsmi, həm qeyri-rəsmi. Rəsmi ATƏT-in Minsk qrupunun həmsədridir, qeyri-rəsmi isə Ermənistan Moskvanın forfostudu!!!
   
   Sovet dönəmi süqut etdikdən sonra məhz Moskvanın təşəbbüsü ilə müstəqil dövlətlər birliyi deyilən oyuncaq bir qurum yaradıldı. Bu günlərdə Moskvada həmin qurumun 20 yaşını qeyd edəcəklər və mustəqil dövlətlərin rəhbərləri də həmin tədbirə dəvətlidir. Ancaq maraqlı burasıdır ki, müstəqil dövlətlər birliyinin üzvü olan Ermənistan və Azərbaycan atəşkəs şəraitində yaşayır. Ermənistan onunla bir qurumda təmsil olunan dövlətin torpaqlarını işğal edib, soyqırım törədib. Nədənsə bu bəlli həqiqəti MDB-nin Moskva adlı rəhbərliyi və digər dövlətləri çözmür, həll etmir. Problemin çözümündə öz israrlı mövqeyini ortaya qoymur, əksinə Rusiya Ermənistanda öz hərbi bazalarını yerləşdirir, üstəlik də Ermənistan ordusunu gizli və aşkar surətdə silahlandırır. Sadəcə görüntü yaratmaq üçün guya tərəflər arasında kompramisin əldə edilməsi, sülhün imzalanması üçün "çalışır". Amma necə çalışır onu hamı görür, hamıda bilir.
   
   Bax belə bir məqamda, yəni hər kəsin bildiyi, ən sadə riyazi hesablama olan iki vur ikinin cavabı kimi masa üzərində olan MDB-nin daxilindəki qaynar ocaqlar, aparılan müharibələr görəsən bu qurumun 20 yaşını qeyd etməyə hansı əsası verir? Ümumiyyətlə, 20 ildə MDB hansı uğura imza atıb, hansı problemi çözüb. Şəxsən mən saytları da axtardım, dost-tanışdan da soruşdum, MDB-nin təkcə bizim regionda deyil, ümumiyyətlə özünün mövcud olduğu məkanda müsbət bir işinə, göstəricisinə rast gəlmədim, nə də eşitmədim. Deməli, formal olaraq öz mövcudluğunu qoruyub saxlayan və İcraiyyə Komitəsinin icraçı katibi Sergey Lebedevin ara-bir müsahibələri və efirdə görünmələri ilə xatırlanan MDB-nin 20 illiyinin Moskvada keçirilməsi elə Rusiyanın özünün maraqlarına xidmət edir.
   
   Yəni həmişə böyük qardaş rolunda olan Rusiya 1991-ci ilin sonunda SSRİ-nin süqutundan sonra elan edilmiş MDB-nin hansısa bir formada qorunub-saxlanması üçün öz siyasi gedişlərindən istifadə edir. Elə icraçı katibdə öz açıqlamasında bildirir ki: "Rusiya prezidenti Dmitri Medvedev 20 il ərzində görülən işlərə nəzər salmaq və gələcəyin perspektivlərini müəyyənləşdirmək üçün öz həmkarlarını qeyri-rəsmi sammitə dəvət edib".
   
   Bu gün Azərbaycan üçün müsbət bir göstərici ortaya qoymayan, əksinə bizim də təmsil olunduğumuz qurumda digər tərəfdaş ölkənin işğalçılığına göz yuman Rusiya keçirmək niyyətində olduğu samitdə MDB-nin ömrünü uzatmaq üçün müəyyən təkliflərlə çıxış edəcəkdir. Təəssüf ki, bu günün siyasi mənzərəsi o qədər də aydın deyil. Bu aydın olmayan məqamda əsas yeri dünyada mövcud olan məsələlərə ikili standartlardan yanaşma prinsipidir. Rusiyada məhz həmin prinsiplərdən qaynaqlanaraq bizimlə dostluq etməklə yanaşı, bizim torpaqlarımızı işğal edənlə də qardaşlıq edir. Özü də xüsusi canfəşanlıqla.
   
   Məlumdur ki, bunun arxasında Rusiyanın regiondakı marağı dayanır. Amma nə olur-olsun, siyasət nə qədər çox sifətli bir iş olsa da ədalət prinsipini unutmaq olmaz. Əks halda unudulan ədalət prinsipi onu unudanların özünə problem yaradır. Deməli, istisinə qızınmadığımız MDB-nin bizim üçün dolayısı ilə yaratdığı və himayə etdiyi problemlər gec-tez onun özünün sonuna çıxacaq. İstəyir 20 illiyini qeyd etsinlər, istəyir etməsinlər. Bu qaçılmazdı. Çünki Sovet xaqlarına aid olan SSRİ-nin taleyi nə unudulubdur, nə də yaddan çıxıb. O hamımızın gözü önündə süqut etdi. Yəqin ki, MDB-ni qoruyanlar, onu "qidalandıranlar" bu gerçəkliyi yaxşı xatırlayırlar.

TƏQVİM / ARXİV