adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

GÖZLƏNiLMƏYƏN ƏKS-REAKSiYA...

BABƏK YUSİFOĞLU
34987 | 2011-12-07 08:06
Dünyanı başına götürmüş iqtisadi, hərbi-siyasi, inqilabi böhranlar səngimək bilmir. Bu situasiya getdikcə dərinləşir və sonucun nə ilə nəticələnəcəyini kimsə deyə bilməz. Sadalanan proseslərin hətta inkişaf etmiş ölkələrdə - Birləşmiş Ştatlarda, Qərb ölkələrində də tüğyan etdiyini nəzərə alsaq, deyə bilərik ki, bu proses kimlər, hansı dövlətlər tərəfindənsə hazırlanmış ssenaridir.
   
   Hadisələr sürətlə və gözlənilməz xətt üzrə hərəkət edir. Və hərbi-strateji tərəfdaşlar belə üz-üzə gəlirlər. Bu günlərdə İslamabad-Vaşinqton münasibətlərində yaranan gərginlik özünün ənənəvi davamından çıxdı, kimsənin gözləmədiyi bir şəkil aldı. Məlum olduğu kimi, noyabrın sonunda NATO qüvvələrinin bir neçə hərbi vertolyotu Əfqanıstan sərhədlərini aşaraq Pakistanın hava məkanına daxil olub. Və ölkənin şimal-qərbində Mohmand vilayətində yerləşən Pakistanın blok postuna raket zərbələri endimiş və nəticədə Pakistanın 25 hərbçisi həlak olmuşdu.
   
   Adətən müsəlman ölkələrində hər dəfə baş verən bu qəbil insidentlərdən sonra Amerikanın hərbçilərindən ağızucu "obyekt səhvən vurulub" izahı ilə kifayətlənən Ağ Ev bu dəfə İslamabaddan şok yaşadacaq əks reaksiya gördü. Pakistan tərəfi Birləşmiş Ştatların bazalarının ölkədən çıxarılacağını və istənilən müdaxilələrə əks zərbələr endirəcəyini bəyan etdi. Rəsmi xəbərdarlıqda deyilir: ABŞ özünün Bəlucistan vilayətində yerəşdirdiyi pilotsuz təyyarələrin və Hərbi Hava Qüvvələrinə aid "Şəmsi" bazasını tərk etməlidir. Bundan başqa, Pakistan silahlı qüvvələrinə tapşırılıb ki, Əfqanıstanda yerləşən Pakistan ordusu hissələrinə NATO hücumları baş verərsə, hərbçilər mərkəzdən əmr almadan əks zərbələr endirsinlər.
   
   Bu, Vaşinqtonun Şərqdəki ən böyük müttəfiqlərindən sayılan, nüvə silahına malik Pakistandan aldığı şillə effekti təsiri bağışladı. Bunların ardınca nələrin baş verəcəyini təxmin edən Vaşinqton rəsmi açıqlama verdi: Pakistan ABŞ-ın strateji tərəfdaşıdır və onunla əlaqələrin saxlanması Amerikanın milli maraqlarına cavab verir. Onlar etiraf etdilər ki, İslamabadın Birləşmiş Ştatlarla əməkdaşlığa son vermək istəməsi Ağ Ev üçün böyük narahatlıq yaradır.
   
   Maraqlıdır ki, bütün bunlardan sonra da Pakistan dövləti özünün adekvat cavablarında israrlıdır. Belə ki, İslamabad bir sıra ölkələrdən - ABŞ-dan, Rusiyadan, Hindistandan, Əfqanıstandan və bir sıra Qərb ölkələrindən öz səfirlərini təcili surətdə geri çağırıb. Rəsmi mənbələrin verdiyi məlumatlara görə, bu cür addımlar onu göstərir ki, detalları məxfi saxlansa da İslamabad geniş məsləhətləşmələr apardıqdan sonra yeni xarici siyasətə başlayacaq. Hələlik məlum olan budur ki, NATO-nun məlum zərbəsindən sonra Pakistanın xarici siyasət doktrinasına yenidən baxılacaq.
   
   Hadisələrin belə şəkil almasından əndişələnən NATO və ABŞ dəfələrlə baş verən insidentə görə təəssüfləndiklərini bildirsələr də hələlik Pakistanın mövqeyində heç bir yumşaqlıq baş verməyib. Hətta Birləşmiş Ştatların lideri Barak Obama pakistanlı həmkarı Asif Əli Zərdari ilə danışandan sonra da dəyişiklik müşahidə olunmur. Mətbuat üçün açıqlamalarında Zərdari deyib: "Obama bildirdi ki, faciəvi insident Pakistana qarşı qəsdən törədilən akt deyil. ABŞ özü də hadisənin araşdırılmasında maraqlıdır".
   
   Bir sıra ekspertlər bildirirlər ki, Zərdarinin açıqlaması müsbət görüntülü olsa da gərginliyin davam etdiyindən xəbər verir. Əslində İslamabadın öz strateji tərəfdaşına bu cür təpki göstərməsi heç də bütünlüklə 25 əsgərin ölümünə səbəb olan hadisə ilə bağlı deyil. Burada digər önəmli detallar da mövcuddur ki, Pakistana onları açıqlamaq hələlik sərf etmir. Artıq İslamabad anlayır ki, dünyada gedən proseslər fonunda Pakistan "dostu" tərəfindən ən arxa plana qoyulmuş vəziyyətdədir. Hətta regiondakı bəzi məsələlərin həllində Vaşinqton İslamabadın münasibətini öyrənmədən siyasət yürüdür, yalnız öz maraqlarına cavab verən addımlar atır. Yalnız bəzilərini söyləməklə kifayətlənmək olar.
   
   Bir müddət öncə Amerika Pakistanda apardığı "Bin Laden" əməliyyatı haqqında da İslamabada vaxtında məlumat verməmişdi. Yaxud, son vaxtlar Ağ Ev-Dehli əlaqələrindəki bəzi yeniliklər Pakistanı çox narahat etməkdədir... Və belə düşünmək olar ki, son insidentə qarşı göstərilən belə ciddi təpkilər yığılıb qalmış problemlərin hamısına birdəfəlik cavab olmuşdur. Və maraqlıdır ki, hər iki tərəf bütün bunların mahiyyətini anlasa da onların barəsində susurlar. Və belə düşünmək olar ki, Vaşinqtonun başqa yolu yoxdur. Mütləq öz siyasətində dəyişiklik edərək, Pakistana bölgədə daha çox rol oynaya biləcək səlahiyyətlər vermək, onunla hesablaşmaq zorundadır. Əslində digər müsəlman ölkələri də həmişə "dost dosta tən gərək" prinsipindən çıxış etməlidir.
   
   Əlbəttə, Pakistan dövlətinin nüfuzu, müqəddəratı, inkişafı bizim üçün də böyük önəm daşıyır. Əvvəla ona görə ki, İslamabad Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir və Qarabağ müharibəsində Azərbaycanın yanında olduğunu hər zaman bəyan edir. Bütün beynəlxalq tədbirlərdə Bakının mövqeyini dəstəkləyir və Azərbaycan torpaqlarını işğal altında saxladığına görə Ermənistanla diplomatik münasibətlərini kəsib. Və nüvə silahına malik belə bir dövlətin inkişaf etməsi, dünyada gedən oyunlarda daha böyük rol qazanması, söz sahibinə çevrilməsi Azərbaycanın da xeyirinədir.

TƏQVİM / ARXİV