adalet.az header logo
  • Bakı 18°C

Turun "Ədalət"li təhlili

İNTİQAM VALEHOĞLU
19871 | 2011-12-06 07:36
Ölkə kuboku uğrunda mərhələ yarışları keçirildiyindən futbol üzrə Azərbaycan çempionatının XV turunun bütün oyunları həftənin sonuncu gününə təyin olunmuşdu. Saat 14:00-da baş tutan qarşılaşmalarda "Neftçi" "Simurq"u, "Qəbələ" "Sumqayıt Şəhər"i, "Turan" isə "Qarabağ"ı qəbul edirdi.
   
   Başlayaq ilk oyundan.
   
   Artıq nəticədən hər kəs xəbərdar olduğundan daha çox başqa məqamlara toxunmaq niyyətindəyəm. Amma bu arada bilməyən azarkeşlər üçün xatırladım ki, qarşılaşmada "Neftçi" Araz Abdullayevin 2, Bahadur Nəsimov və Ruslan Abışovun isə hərəyə bir qolu sayəsində 4:2 hesabıyla qalib gəldi. "Simurq"dan isə Robertas Poşkus və Kristaps Qrebis fərqləndi.
   
   Əvvəla, bu oyun göstərdi ki, "Simurq"a göstərilən əvvəlki qayğı bərpa olunsa, Zaqatala təmsilçisi yenidən "qanadlanar". Necə ki, 2-3 il əvvəl komanda əksər hallarda liderlər qrupunda qərarlaşırdı. Konkret desək, indi komanda Sergey Yuranın rəhbərliyi altında sözün əsl mənasında futbol oynayır. Komandanın keçirdiyi oyunlara nəzər salsaq görərik ki, qol da vura bilirlər. Sadəcə müdafiə xəttində boşluqlar var. Doğrudur, komandada Rasim Ramaldanov kimi təcrübəli mərkəz müdafiəçisi oynayır. Amma görünən odur ki, bu kifayət etmir. "Neftçi"yə gəlincə, komanda bu dəfə də hakimlərin, konkret desək, Fariz Yusifovun azacıq da olsa simpatiyası nəticəsində qələbə qazandı. Paytaxt təmsilçisinin qələbəsinə kölgə salmaq niyyətində olmasam da, futboldan az-çox anlayan adam oyuna baxanda nəyin necə olduğunu anlayırdı.
   
   "Qəbələ" - "Sumqayıt Şəhər" oyununda ev sahiblərinin favorit olduğu şübhəsiz idi. Çünki Toni Adamsın gedişindən sonra komanda Fatih Kavlakın rəhbərliyi altında nəticələr qazanmağa başlayıb. Başqa söhbətin mövzusu olsa da, deməliyəm ki, görünür "Qəbələ"də ingilis mütəxəssisi istəməyən qüvvələr var imiş. Belə olmasaydı, komanda 2-3 tur ərzində belə toparlana bilməzdi. Fikrimcə, indiki halda Kavlakın qazandığı nəticələr də müvəqqətidir və klubun il "altılığ"a düşəcəyi sual altındadır. 3:1 hesabıyla "Qəbələ"nin xeyrinə başa çatan oyunda sumqayıtlılar da pis təsir bağışlamadı. Amma heç şübhəsiz ki, təcrübə sonda öz sözünü dedi.
   
   "Turan" - "Qarabağ" oyununun da gərgin keçəcəyi bəlli idi və bunu hesab da sübut edir-0:1. Belə demək mümkünsə, ağdamlılar Tovuzdan üç xalı güclə qopardılar. Qonaqların baş məşqçisi Qurban Qurbanovun "çox aqressiv və ağır oyun oldu" açıqlaması isə oyun barədə söz deməyə yer qoymur. Bu arada onu da qeyd edim ki, bir zamanlar "Bakı"ya lazım olmayan, amma Qurbanovun güvəndiyi gənc Bəxtiyar Soltanov artıq qollarını sıralayır və komandasının qələbə qoluna da o imza atdı.
   
   Mənə maraqlı olan bir şey də var. Nə əcəb Tovuzun əsas heyət üzvləri bu dəfə meydana çıxdılar. Axı onların məvaciblərini vermirdilər? Yəqin Ramal Hüseynov, Aftandil Hacıyev və digərləri Ronoldinyonun 4 aydır məvacib almadığından, amma buna rəğmən oynadığından xəbər tutub utanıblar.
   
   "Xəzər Lənkəran" - "İnter" oyunu turun mərkəzi qarşılaşması olsa da, hər zaman idmanın inkişafından dəm vuran komandaların biri tərəfindən də yayımlanmadı. Görünür, cənub təmsilçisinin düşərgəsində baş verənlər bu məsələyə də təsirsiz ötüşməyib. Oyuna isə belə bir ad vermək olar ki, oğul atanı xilas etdi. Yəni oyunda vurulan yeganə qolun müəllifi "İnter"in baş məşqçisi Kaxaber Sxadadzenin oğlu Baçana oldu. Qalmaqallara gəlincəg hamısı boş söhbətlərdir. Əsas olan odur ki, hazırda cənunbluların düşərgəsi iki, hətta deyilənlərə görə 3 cəbhəyə bölünüb.
   
   "Rəvan"- "Kəpəz" oyunu ortababların qarşılaşması kimi xarakterizə oluna bilər. Vladislav Qədirovun gəlişindən sonra çıxışda olan bakılılar seriyanı bu tur da davam etdirmək istəyirdilər. Amma bu mövsüm qeyri-stabil qrafik cızan "Kəpəz" buna imkan vermədi. Doğrusu, Mirbağır İsayev komandada olduğu qısa müddət ərzində müəyyən irəliləyişlər hiss olunur. Amma bunun İsayevin əməyinin bəhrəsi, yaxud da Mehman Allahverdiyevi bokot edən oyunçuların oynaması olduğunu söyləmək çətindir. Oyuna gəlincə, gəncəlilər artıq ilk hissədə Yuri Fomenko və Dmitri Parxaçovun qolları sayəsində matçın taleyini həll etmişdilər. Reis Klaudineinin 57-ci dəqiqədə vurduğu qol isə "Rəvan" üçün sadəcə təsəlli idi. Baxmayaraq ki, komanda ikinci hissənin böyük qismini hücumda keçirdi.
   
   AZAL - "Bakı" oyununa gəlincə, oyunun elə də maraqlı keçməyəcəyi, tərəflərin xal üçün oynayacağı məlum idi və belə də oldu. Tales Şützun 15-ci dəqiqədə vurduğu qola "təyyarəçilər" matçın taleyini həll etdilər.

TƏQVİM / ARXİV