adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

SiRLi ŞiFRƏLƏR

BABƏK YUSİFOĞLU
40343 | 2011-12-06 07:56
(Əvvəli qəzetin 29 noyabr sayında)
   
   
   
   VI. "Voyniçin Manuskripti"
   
   
   
   Dünyanın ən məşhur yazıçılarından biri, əsərləri dünyanın əksər dillərinə tərcümə olunan Etel Lilian Voyniçdən qalan bir əlyazma da dünyanın ən sirli şifrələrindən biri hesab edilir. Belə ki, kitabda unikal əlifbadan istifadə edilmişdir. Özü də bu əlyazmanın həcmi heç də digər şifrələr, yazılar kimi kiçik həcmli deyil. Həmin kitab təxminən 250 səhifədən ibarətdir ki, yazıdan başqa burada qəribə illütrasiyalar, naməlum güllər, astroloji simvolların şəkilləri çəkilmişdir.
   
   Əslində bu əlyazma ilk dəfə XVI əsrin sonlarında üzə çıxmışdır. Deyilənlərə görə Roma imperatoru II Rudolf onu tanımadıqları praqalı bir tacirdən 600 dukata (3,5 kiloqram qızıla bərabər və ya indiki 50 min dollara) satın almışdır. Əlyazmanın belə yüksək dəyəri də ondan xəbər verir ki, həmin mətndə yəqin qiymətli məlumatlar gizlənib. Cəhdlərə baxmayaraq, imperatora şifrələrin mahiyyəti bəlli olmayıb. II Rudolf vəfat etdikdən sonra kitab saray əyyanlarının əlinə keçmiş, hər kəs dövrün bilikli, savadlı adamları vasitəsi ilə əlyazmanın sirrinə sahiblənməyə çalışmışdır. Amma kimsə bunu bacarmamış və çox təəssüf ki, sonradan - XVII əsrin ortalarında əlyazma yoxa çıxmışdır. Buradan isə maraqlı bir sual yaranır: XVII-ci əsrdə yoxa çıxan əlyazma necə, hansı yollarla gəlib məşhur yazıçının əlinə düşüb və tarixə Voyniçin sirli əlyazmaları kimi daxil olub?
   
   Məncə onun yenidən tapılması, elə əlyazmanın özü qədər sirlidir. Nə təhər olur ki, 300 ilədək bir zamanda yoxa çıxmış bu kitab məhv olmadan, bərbad vəziyyətə düşmədən, başqa ciddi təsirlərə məruz qalmadan 3 əsrdən sonra - 1912-ci ildə yenidən aşkara çıxır? Bu dəfə onu amerikalı kitab taciri (1912-ci il) Vilfrid Voyniç alır. Artıq bu familya kitabın Etel Liliana necə gəldiyi barədə təsəvvürlər yaradır. Bunun belə maraqlı tarixçəsi vardır. Əslən polyak olan Vilfrid Voyniç ziyalı, imkanlı kitab taciri olmaqla yanaşı, həmdə dövrün siyasi dissidentlərindən biri olmuşdur. Və onu siyasi fəaliyyətinə görə həbs edib Sibirə sürgün etmişdilər. Amma Sibir katorqasından qaçmağa müvvəfəq olan Vilfrid Voyniç çox böyük çətinliklərlə Londona gəlib burada yaşamağa başlamışdı. Etel Lilian başqa ziyalı emiqrantlar kimi Vilfred Voyniçi də yaxından tanıyırdı. O zaman gənc yaşlarında olan yazıçının Vilfredlə bu tanışlığı 1890-cu ildə onların evlənməsi ilə nəticələndi. Evliliyklərinin ilk vaxtları hər şey yaxşı təsir bağışlasa da bir neçə ildən sonra uğursuzluqla başa çatdı. Onlar bu evliliyi sürdürə bilmədilər və ayrıldılar.
   
   Amma çox maraqlıdır ki, Etel Lilian niyəsə ömrünün sonunadək boşandığı ərinin familyasından imtina etmədi. Belə bir versiya irəli sürülür ki, 1831-ci ildə, ərinin ölümündən sonra "Voyniçin Manuskripti" kimi adlandırılan sirli əlyazmaya Etelin sahiblənməsi burada əsas rol oynayıb. Deyilənlərə görə, bu qədim məktubdakı göstərilən əlyazmanın müəllifi ingilis alim-ixtiraçı, filosof və əlkimyagər, məşhur Rocer Bekonun olması o vaxt Vilfred Voyniçi çox maraqlandırmışdı. Bəs onda əlyazmanın sirri nə idi? Yazıçıya nəsə məlum idimi? Bunlar sirr olaraq qalırdı. Şifrəli yazıların açılması üzrə ən təcrübəli mütəxəssislərin belə mətni açmaq cəhdləri heç bir nəticə vermirdi.
   
   Bəziləri belə hesab edirdi ki, əlyazma sadəcə oyundan başqa bir şey deyil, amma digərlərinə görə, şifrələrdə çox dəyərli sirr gizlənib. Hətta Manskripti (qədim əlyazma) Yerdə qalmağa məcbur olan inoplanetiyanların yaradıcılığı hesab edənlər də vardı. Düzdür, sonradan Yel universitetinin professoru Robert Brambon uzun axtarışlar nəticəsində sirli Manuskriptin açılışına müəyyən qədər yaxınlaşsa da mətnin əsas hissəsi hələ də gizli qalmaqdadır. Dəqiq olmayan məlumatlara görə, Vilfred Voyniç əlyazmanın açılışı üçün əlindən gələni eləmişdi və Etel Lilian da bunun əsl nüsxə olduğunu təsdiqləyə biləcək yeganə şahid idi. Əslində Voyniçin katibi və ən yaxın dostu Enn Nill də mətnin açılışı üçün edilən cəhdlərin və materialların nəşrində iştirakçı ola bilərdi. Axı o da kitabxanalar və kolleksiyaçılarla yazışmaları həyata keçirmişdi. Və məlumdur ki, Etel Voyniçin vəfatından sonra məhz Enn Nill Manuskriptə sahiblənmişdi. Amma o da xanım Voyniçdən bir il sonra vəfat etdiyi üçün əlyazma olduğu kimi Yel universitetndə saxlanılır.
   
   
   
   VII. Dorobella şifrələri
   
   
   
   Maraqlıdır ki, bu sirli yazını bəstəkar miras qoyub. Bəli, şifrə britaniyalı bəstəkar ser Edvard Uilyam Elqar tərəfindən 1897-ci il, 14 iyulda tərtib edilib. Əslində bunu bir tərtibat adalndırmaq da olmaz. Çünki bu, bəstəkarın Vulverqemtonda olan çox yaxın rəfiqəsi - Müqəddəs Petr kilsəsinin başçısı Alfred Penninin 22 yaşlı qızı Dora Penniyə göndərdiyi bir "məktubdur". Bu şifrə 3 xətt üzərində 24 "hərf"dən istifadə edilmiş 87 simvoldan ibarətdir ki, onlar da öz növbəsində dairələrdən və yarımdairələrdən ibarətdir. Bu mətn də mütəxəssisləri yorub əldən salsa da sirrini kimsəyə verməyib.
   
   
   
   VIII. Con F. Bayrn şifrələri
   
   
   
   Dünyanın bu tip tapmacalarından sayılan növbəti hadisə Bayrn adı ilə bağlıdır. Həmin sirli şifrələrin - çaoşifrənin müəllifi Con F. Bayrn bu "tapmaca"sı ilə nəinki alimləri, hətta ABŞ hakimiyyət dairələrini uzun illər sual dolu fikirlər içərisində buraxmışdır. Bayrn bu sirli şifrələri açan şəxsə böyük miqdarda pul mükafatı təsis etsə də bunu kimsə bacarmamışdır. 2010-cu ilin mayında Bayrın ailəsi ondan qalan kriptoqrama aid bütün sənədləri, əlyazmaları Merilenddəki kriptoqrafiya muzeyinə təhvil verərək mətnin açılmasına yardımçı olmağı düşünmüşlər. Qeyd edim ki, məhz bu köməyin nəticəsində kriptoqramın bir sıra nüansalrı açılmışdır.
   
   
   
   IX. D"Aqapeyeffa şifrəsi
   
   
   
   Onu rus əsilli britaniyalı kartoqraf Aleksander D"Aqapeyeff düşünmüşdür. O, 1933-cü ildə kriptoqrafiyanın əsasıarı üzrə "Codees and Ciphers" kitabını buraxaraq orada özünün icad etdiyi şifrələri görtərmişdir. O, düşünürdü ki, növbəti kitabda həmin şifrələrin açarlarını bəyan edəcək. Lakin D"Aqapeyeff bilərəkdənmi, ya təsadüfdənmi həmin şifrələrin açarlarını buraxdığı ikinci kitabda göstərməyi unutmuşdu. Və həmin vaxtdan bəri o kitabda gizlənən mətndən kimsə xəbər tuta bilməmiş, şifrələri açmaq mümkün olmamışdır. Çoxları bu işi üzərinə götürsə də indiyədək bunun öhdəsindən gələn yoxdur. İndi bəziləri belə düşünür ki, müəllif mətnin şifrələnməsində səhvə yol verdiyi üçün açılış alınmır. Lakin bu iddiaların haqlı olmadığını əksər alim təsdiqləyir.
   
   
   
   X. Taman Şud (Shud) şifrəsi
   
   
   
   Onda 1948-ci il, dekabr ayının 1-i idi. Avstraliya sahillərinin birində - Somertondə, Adelaida yaxınlığında bir kişi meyiti tapılmışdı. Onun əyinində Avstraliyanın isti iqlimi üçün heç də xarakterik olmayan paltar var idi: etiketləri kəsilib götürülmüş kostyum, sviter və palto. Amma meyitin üzərində qatar biletindən başqa heç bir sənəd tapılmamışdır. Onun bütün insanlara xas əl və dişiləri üzrə aparılmış ekspert müqayisələri heç bir nəticə əldə etməyə yardım göstərməmişdir. Patoloqoanotomların rəyinə görə, naməlum şəxsin qeyri-təbii yolla axan qanı onun qarın boşluğuna dolmuşdur. Bundan başqa ölmüş adamın daxili orqanları da böyümüş halda imiş. Lakin orqanizmində heç bir yad cisim müəyyən edilməmişdir.
   
   Maraqlıdır ki, eyni zamanda dəmiryol vağzalında sahibsiz bir çemodan da tapılmışdır ki, versiyalara görə, bu, həmin ölən şəxə aid ola bilərdi. Çemodandakı əşyalar içərisində kiçik həcmlı kist, bir neçə balaca qayçı, gizli cibə malik, etiketi kəsilmiş şalvar, cibindənsə kitabdan qoparılmış və üzərinə Taman Shud yazılmış kitab səhifəsinın bir parçası tapılmışdır. İstintaq müəyyən etmişdir ki, həmin kağız parçası böyük fars şairi Ömər Xəyyamın "Rübailər" kitabının nadir nüsxəsindən qoparılmışdır.
   
   Sonrakı axtarışlar nəticəsində həmin kitabın özü bir qədər kənarda sahibsiz, qapıları kilitlənməmiş minik maşınının arxa oturacağında aşkar edilmişdir. Kitabın arxa cildinin üzərində bir telefon nömrəsi və iri hərflərlə beş sətr yazı yazılmışdır ki, indiyədək bu qeyri-adi "müraciət"in mənası müəyyən edilməmişdir. Axtarışlar nəticəsində aydınlaşmışdır ki, həmin telefon nömrəsi İkinci Dünya Müharibəsi vaxtı tibb bacısı işləmiş bir qadınındır. Həmin qadınsa "Rübailər" kitabının surətini Alfred Boksell adlı amerikalı zabitə hədiyyə etmişdir. Maraqlıdır ki, həmin şəxslərin hər ikisi qəti və tutarlı şəkildə cəsədi dənizdən tapılan həmin şəxsi tanımadıqlarını bildirmişlər. Avstraliya hökuməti bunun açılmasına ciddi səy göstərsə də bu, bir nəticə verməyib.
   
   Əslində dünyada sirri açılmayan çox hadisələr, şifrələr mövcuddur. Hətta düşünürəm ki, elələri də var ki, onlar ümumiyyətlə üzə çıxmamışdır. Müasir elm, texnika isə bunların qarşısnda acizdir. Məncə elə bu məqamın özü haqqında düşünməyə dəyər: necə ola bilir ki, insan zəkası insan zəkasının məhsulu olan sirləri aça bilmir. Bəlkə elə bunun özü də bir kod, bir şifrədir?..

TƏQVİM / ARXİV