adalet.az header logo
  • Bakı 18°C

Türkiyənin "kirli" Tarixi

FƏRHAD ŞABANOV
25635 | 2011-12-06 07:36
Türkiyə gündəmlər ölkəsidir. Əksini iddia edən kəslə istədiyi şeydən mübahisə etməyə hazıram. Elə bir həftə yoxdu ki, gündəmdə yeni bir məsələ olmasın. Bu həftənin gündəmi də Türkiyənin müstəqilliyinin ilk illərində Dersim (indiki Tunceli bölgəsi) bölgəsində üsyançı kürdlərin silahlı baş qaldırışına qarşı dövlətin sərt müdaxiləsidir. Görürsünüz də, 1937-ci ildə baş vermiş münaqişələr bir anda bu ölkənin gündəminə bomba kimi düşürsə, deməli mübahisə etməyə ethiyac yoxdu, yoxsa uduzarsınız.
   
   Ərdoğan üzr istədi ki, Türkiyə dövləti o vaxt haqlı - haqsız bir çox insanın ölümünə səbəb olub. Mən də Türkiyənin baş naziri olaraq, indiyə kimi heç kimin etmədiyini edirəm və Dersimlilərdən üzr istəyirəm. Gülməlisi ordadır ki, 2 ildi dəridən - qabıqdan çıxırlar İsrail üzr istəsin, ancaq heç İsrailin vecinə də deyil. Bir ölkənin baş naziri belə asan üzr istəməməlidir. Nə oldusa, elə Ərdoğanın üzründən sonra oldu. Müxalifət etirazlarına başladı. Hələ də mübahisə edirlər. Bir söz bu deyir, bir neçə saat sonra qarşı tərəfdən cavab gəlir. Bütün məsələlərdə belədir. Söz atmacaları davam edir ta ki, növbəti gündəm məsələsi ortaya çıxana qədər. Ondan sonra yeni mübahisələr, yeni atmacalar. Türk siyasəti beləcə varlığını sürdürür.
   
   Mövzudan uzaqlaşmadan gəlin keçək Dersim məsələsinə. İşin əsli nədir? Ümumiyyətlə söhbət nədən gedir?
   
   Türkiyənin qurtuluş müharibəsində türklərlə kürdlərin yan - yana mübarizə apardığını ötən yazılarımdan birində demişdim. İndi də bu məlumatdan yola çıxmaq istəyirəm. Atatürk kürd aşirətləri ilə iki məsələdə razılaşdı. Sürgün edilən ermənilərin əksəriyyətinin mallarına kürd aşirətləri sahib olmuşdu. Əgər Türkiyə mübarizədən yenilsə ermənilər qayıdacaq və kürdlərin əlindən bu malları alacaqdı. Bu isə kürdlərə sərf etmirdi. Atatürk ilk olaraq bundan istifadə etdi. İkinci olaraq isə, Türkiyə yenildiyi halda "böyük Ermənistan" qurulacaq və kürdlərin əksəriyyəti erməni vəsayəti altında yaşayacaqdı. Atatürk bundan da istifadə etdi və kürdlərə muxtarlıq sözü verdi. Beləliklə, qurtuluş müharibəsində müvəffəqiyyət əldə edildi və 1923-cü ildə Türkiyə müstəqilliyini elan etdi. Kürdlərə muxtariyyət verilməməsi Dersim münaqişənin dərinliyində yatan ən böyük faktdır. Bununla razılaşmayan kürd aşirətləri daha da çoxunu istəyərək müstəqilliyə can atdılar və üsyanlar baş verdi. Türkiyə çox böyük itkilər verərək qurulan bir dövlət idi. İlk illərində çox gücsüz və mübarizələrə girə bilməyəcək qədər zəif idi. Bu üsyanlar yeni qurulan dövləti daha da zəif duruma salırdı. Bu üsyanlar İngiltərə və Fransa tərəfindən dəstəklənirdi. Rusiyalı əsgərlər də bu üsyanlara qatılmış və Türkiyənin məğlub olması üçün əlindən gələni əsirgəməmişdi.
   
   Bu üsyanlardan ən böyüyü 1937-ci ildə Dersimdə baş verdi. Bu bölgə tarix boyu istər coğrafi mövqeyi, istərsə də mərkəzə uzaqlığından daima problemlərin olduğu bir yerə çevrilmişdir. Osmanlı dövründə də bu bölgədə çoxlu üsyanlar baş vermişdir. 1937-ci ildə Atatürk Dersimdə tikilmiş yeni körpünün açılışına gedəcəkdi. Bu körpünü qoruyan hərbi məntəqəyə Dersimli kürd üsyançılar tərəfindən hücum edildi və buradakı 33 əsgərin hamısı öldürüldü. Artıq iş o yerə gəlmişdi ki, üsyançı kürdlər ermənilərlə razılığa gəlmişdi və birgə hərəkət edirdilər. Öz aralarında "Ermənistan" və "Kürdistan" sərhədlərini də müəyyən etmişdilər. Bu hadisədən sonra Atatürk Dersimdəki üsyanı basdırmaq üçün 50.000 nəfərlik bir ordu göndərdi. Ancaq bölgənin dağlıq ərazi olması üsyanı basdırmaqda çətinlik törətdi və ordu çarəsiz qalıb geri çəkildi. Üsyançılar bu olaydan sonra daha da həvəsləndilər. Çıxış yolunu havadan bombalamaqda görən Atatürk Türk Hava Qüvvələrinə əmr verdi. Ankara hava limanına adı verilmiş Sabiha Gökçənin əmrindəki hava qüvvələri bölgəni bombaladılar. İddia edilən "soyqırım" da bu bombalamadan qaynaqlanır. Çünki üsyançıların mərkəzi olan Laş bölgəsi yerlə bir edildi. Burda isə üsyançılardan başqa yaşayan insanlar da varıydı. Əlbəttə, bütün bunlar iddiadır.
   
   Bu üsyanın sonunda başçı Seyid Rza ilə bərabər 11 nəfər edam edildi. İndi isə mübahisənin məğzini bu qədər insanın dövlət tərəfindən qətl edilməsi təşkil edir. Atatürkü günahlandıran da var, o dönəmin tək partiyası olan Cümhuriyyət Xalq Partiyasını günahlandıran da. Bir millətvəkili təklif irəli sürdü ki, Ankara hava limanının adı dəyişdirilsin, çünki Sabiha Gökçən günahsız xalqın başına bomba yağdırıb. Cümhuriyyət Xalq Partiyası nümayəndələri də bildirdilər ki, bu bizim partiyanın kirli tarixi deyil, sadəcə olaraq Türkiyədə o dövrdə bir partiya varıydı. Yəni ki, bu Türkiyənin tarixidir.
   
   Ölkəsində(burada dövlətin üzərində qurulduğu torpaq parçasından söhbət gedir) fərqli etnik köklərə malik insanlar yaşayan bütün dövlətlərin tarixində üsyanlar olub. Burda təbii olmayan heç nə yoxdur. Türkiyənin də - yeni qurulan bir dövlət kimi - ilk məqsədi sahib olduğu torpaqları qoruyaraq güclənmək idi. Bir neçə dəfə Seyid Rza ilə razılığa gəlməyə çalışdılar ancaq alınmadı. Əgər mərkəzi hakimiyyətə qarşı baş qaldıran bir qüvvə varsa bunun ya razılaşma yolu ilə ya da zorla yox edilməsi normaldır. Rza da razılaşmadığı üçün Atatürkün başqa yolu qalmırdı. Ona görə də bunu nə soyqırım adlandırmaq lazımdı nə başqa bir şey. Hal - hazırda pkk-nın siyasi statusu nədirsə, 1937-ci ildəki üsyanda Seyid Rzanın başında olduğu dəstənin də statusu eynidir. Düşünə bilirsinizmi 2043-cü ildə Türkiyənin baş naziri çıxır üzr istəyir ki, bəs bağışlayın pkk-lı terroristləri öldürmüşük. Necə də gülünc səslənir.
   
   Mənim fikrimcə nə Atatürk günahkardır, nə də bu hadisə Türkiyənin kirli tarixidir. Cəzalanmalı olan günahkarlar cəzasını çəkiblər. Hər şey bu qədər bəsitdir, çətinləşdirmək lazım deyil. Quranda deyildiyi kimi: Asanlaşdırın, çətinləşdirməyin.

TƏQVİM / ARXİV