adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

DÖRD YOL AYRICINDA

VAQİF YUSİFLİ
37141 | 2011-12-03 07:30
Öndə tikanlı məftil,
   
   Arxada dilsiz vətən.
   
   Sərhədin o üzündə
   
   İnləyən torpaqların
   
   Ögeyi, doğması mən.
   
   Dörd yolda dayanmışam,
   
   Arxamda canım Bərdə,
   
   Solumda Ağcabədi.
   
   Sağımda Tərtər tamamg
   
   Önümdə dərd içində
   
   Oğulsuz ata kimi
   
   Xiffət eləyən Ağdam.
   
   Bu misralar son illərdə istedadlı bir şair kimi diqqəti cəlb edən, Qarabağ ədəbi mühitinin yetirməsi olan Rizvan Nəsiboğlunundur. "Dörd yol" adlı poemasını öncə "Azərbaycan" jurnalında oxumuşdum. Həmin poemanı bir daha Rizvanın "Ömrümü atmışam göyün altına" yeni kitabında oxudum. İçi dərd və nisgilli misralardan hörülmüş bu poema bir qarabağlı kimi Rizvanın keçirdiyi daxili sarsıntıların ifadəsidir. Rizvan bu poemada nə demək istəyir? Əvvəla, qeyd edim ki, bizim poeziyada Qarabağ mövzusu get-gedə patetikadan, ritorik ab-havadan xilas olmağa başlayır.Həm itirilmiş torpaqların ağrı-acısı, həm cənnət Qarabağın həsrəti, həm də qisas gününün bu qədər ləngiməsi istər-istəməz nostalgiya duyğusu yaradır. Ancaq bununla yanaşı, həsrətin, keçmişlə bağlı kədər hissinin də öz məntiqi var: "keçmişi unutsan, gələcək səni topa tutar". Ona görə də, Qarabağ hər bir azərbaycanlının yaddaşında, qan damarında dövr etməlidir. Poemanın əvvəli dörd yol ayrıcında dayanan şairin kədərli, qəmgin təəssüratları ilə başlayır, amma sonra bu kədərli notlar qəzəbə, intiqam duyğusuna çevrilir:
   
   
   
   Ruhumuza od geydirək,
   
   Qınaqdan çıxmaq vaxtıdır.
   
   Halaypozan igidlərin,
   
   Od olub, axmaq vaxtıdır.
   
   
   
   Ərimədi qübarımız,
   
   Qayıtmadı baharımız,
   
   Girov qalıb nigarımız,
   
   Qəmdən qayıtmaq vaxtıdır.
   
   
   
   Sən Nəbisən, Koroğlusan,
   
   Göy oğlusan, yer oğlusan,
   
   Dəliliyə doğulmusan,
   
   Silahdan tutmaq vaxtıdır.
   
   Rizvan Nəsiboğlunun "Qarabağ de" şeiri də onun bu mövzuda yazdığı ən təsirli şeirlərindəndir. Şeirdə unutqanlığa, biganəliyə kəskin etiraz var. Bu şeiri oxuyanda çox şeylər yada düşür: bir tərəfdə villalar ucaldan,qayğısız, qəmsiz azlar, bir tərəfdə də maddi sıxıntı çəkən, maaşı çörək puluna zorla yetən çoxlar, bir tərəfdə haramla qazandığı pullarını xarici ölkələrin barlarında xərcləyən toxlar, o biri tərəfdə isə həsrətlə Vətəndən Vətənə baxan qəlbi qubarlı köçkünlər. Ona görə də:
   
   
   
   Yağ içində böyrək kimi,
   
   Gün keçirən çoxumuzu
   
   Bu şəhərdən o şəhərə
   
   Yol tapmayan ər kişilər,
   
   Vətən boyda yarasının
   
   Qərtməyini qoparmayan
   
   Nər kişilər.
   
   Necə yatdın
   
   Yurddan ayrı bir gecəni?
   
   Bələkdəki çağana da
   
   Yatanda da Qarabağ de.
   
   Duranda da Qarabağ de.
   
   
   
   Rizvan Nəsiboğlu beləcə dərdlər üstündə köklənən şairdir. Onun şeirlərindən 20 yanvar faciəsinin, Xocalı qırğınının günahsız şəhidlərinin qanı süzülür, Qarabağ döyüşlərində həlak olan igidlərimizin nakam arzuları dilə gəlir, onların son anda həsrətlə Vətən göylərinə boylandıqlarını görürük. Əlbəttə, Rizvan bu mövzularda qələmini sınayarkən şablonçuluqdan, məlum stereotiplərdən-təsvir vasitələrindən qaçır, sözünü obrazlı şəkildə ifadə etməyə çalışır.
   
   Əsrin ən dəhşətli Xocalı faciəsinə həsr etdiyi "O gecə" şeiri fikrimizcə, Xocalıya həsr olunan ən dəyərli şeirlərdəndir.
   
    "O gecə- süngülərdəydi Xocalı.
   
   Silahların ölüm hayqıran tətiklərindəg
   
   Süngülənmiş dizləri kəsilmiş
   
   körpələrin ayaqqabıları, düşüb qalmışdı
   
   Dağların gədiklərində.
   
   O gecə- Sükut qəbirlərinə döndü Xocalıda evlər, Yanırdı- Şəhərdən çıxan yollar. Məğlubiyyət bayrağına Dönmüşdü göy üzü, Allahı tapa bilmirdi- Yandırılmış yurd yerini Qolları üstündə qəbiristana Apara bilməyən oğullar".
   
    Rizvan Nəsiboğlu Bərdədən gəlib şəhərə, uzun müddət rayon qəzetində çalışıb, Bərdədə ədəbi birliyin sədri olub, indi Bakıdadır və metro tikintisində çalışır, həm də kirayədə yaşayır. Necə deyərlər, "yer altının" adamıdır. Amma bütün bu maddi sıxıntıya baxmayaraq qürurla yaşayır, öz əlinin qabarıyla çörək qazanır Və o əllər hər gün ağır işdən sonra qələmdən də yapışır, ürəyin dediklərini ağ vərəqlərə səpələyir.
   
   Məni yer üstündə görən olmadı,
   
   Üzümə bağlandı "açıq" qapılar.
   
   Qara taleyimin yük qatarıyam,
   
   Mənə üz vermədi dayanacaqlar.
   
   
   
   Onun şeirlərin qəhrəmanı özü və bu taleyi onun kimi yaşayanlardır. Buna görə də şeirlərində Bakının ritmi, şəhər ab-havası, bu şəhərə uyğunlaşmaq istəyən fəhlə ürəyinin döyüntüləri eşidilir. Bakı gecəsi onun şeir fırçasında belə rəsm olunur:
   
   
   
   Bu şəhər gecələr yatmır,
   
   Növbəsi "axıb" qurtarmır.
   
   Göyündən adam yağırmış
   
   Ha "yağır", yağıb qurtarmır.
   
   
   
   Açıqdır dükanı, barı,
   
   Yuxuludur işıqları,
   
   Tində yatan uşaqları
   
   Qoynuna yığıb qurtarmır.
   
   Başının üstdə göy-cuna,
   
   Ulduz damır yuxusuna.
   
   Gözlərinin ağrısına
   
   Səhəri sıxıb qurtarmır.
   
   
   
   Qəlbi geniş, könlü şaddı,
   
   Yolları bəmbəyaz atdı.
   
   Evləri yatmış saatdı,-
   
   Oyanıb, qalxıb qurtarmır.
   
   
   
   Şəhər ritmləri onun digər şeirlərində də davam edir.
   
   Daha doğrusu, bu şeirlər Bakı haqqında müəyyən bir pozadan təsəvvür yaradan şeirlərdir.
   
   Bu tipli şeirlərdə Rizvan publisistikaya uymur, fikrini poetik dillə şərh edir, çalışır ki, müəyyən bir obraz yaratsın. Onun şeirlərində ən çox diqqəti cəlb edən Saat, Gecə, Külək, Göy obrazlarıdır. Bu obrazlar Şəhər obrazının ayrı-ayrı atributları sayıla bilər.
   
   Ümumiyyətlə, şeirdə obraz yaratmaq, predmeti qabarıqlaşdırmaq Rizvanın şeirlərinə xas olan bir məziyyətdir.
   
    Məsələn, "Anamın sol qolu", "Çiçəkli don aldım", "Hasardan o yana", "Səsböyüdən", "O gecə" və s. şeirlərdə bunun bariz ifadəsini görürük.
   
   Yaxşı cəhət budur ki, Rizvan Nəsiboğlu məlum mövzulara müraciət edərkən təzə söz deməyə çalışır. Payız fəsli barədə demək olar ki, bütün şairlərimiz şeir yazıblar.
   
   Deyək ki, payız çox adam üçün fəsillərin gözəllidir, çünki bütün fəsillərlə görüşür, istisiylə, küləyiylə, soyuğuyla, hətta qarıyla.
   
   Barıyla, bəhəriylə. Rizvanın "Payız ritmləri"ndə isə payız qürub fəslidir, bu fəsildə:
   
   
   
   Gün üzülsə, qəm əriməz,
   
   Bulud gedər, gün əylənməz,
   
   İçində ömür görünməz
   
   Gecə qaralmaqdan ölür.
   
   Sıxar səni bu quru can
   
   Ay-qara bəxt, il yarımcan.
   
   Bəxtinə gün doğanacan
   
   Arzun yorulmaqdan ölür.
   
   
   
    Kitabda şair "mən"inin ifadəsi olan onlarla şeirlər var.
   
   Biz gah kasıb süfrəsini seyr edir, onu payızın son ayı kimi (soyuq, küləkli) görür, gah "yaşaya bilmirəm yazılan ömrü" etirafını eşidir, gah bir yetim cücənin taleyinə acıyır, gah kənd uşağının şəhərdəki sıxıntılarının şahidi olur, gah da sevgi iztirablarından yaranan göz yaşlarını görürük.
   
   Və hər bir şeirində Rizvan Nəsiboğlu poetik sözün əllərini sıxır. Rizvanın sevgi şeirlərində bu, xüsusilə aydın nəzərə çarpır:
   
   
   
   Çiçəyə büründü bal xəyalımız,
   
   Busəyə həsrətdi əllər, dodaqlar.
   
   Mənim ürəyimdə bir ağlayan qız,
   
   Sənin ürəyində sənsiz ölən var.
   
   
   
   Hələ xəyallardı görüş yerimiz,
   
   Arada nə qədər yol qalır, gülüm.
   
   Səni görməyəndə daş hasarımız,
   
   Bir az da boy verib ucalar, gülüm.
   
   
   
   Təbii ki, Rizvan Nəsiboğlunun kitabında yaxşı şeirləri ilə müqayisədə ortabab şeirləri də var, hətta elə şeirləri var ki, bu kitaba düşməyə də bilərdi.
   
   Ona görə də müəllifə xatırlatmaq istəyirəm ki, gələn dəfəki şeirlər kitabını çapa hazırlayanda diqqətli olsun.
   
   Ona şeiriyyət aləmində uğurlar arzulayıram!

TƏQVİM / ARXİV