Feyerbaxı oxuyan, Vyanada çıxız edən din xadimi

ETİBAR CƏBRAYILOĞLU
36528 | 2011-12-03 07:19
Azərbaycan xalqı dünyaya böyük mütəfəkkirlər, dahi şair və yazıçılar, qüdrətli hərbi xadimlər bəxş edib. Bu torpaq tanınmış din xadimləri də yetişdirib. İslam dininin gözəl bilicisi kimi tanınan, xalq arasında nüfuz qazanan belə ruhanilərdən biri də mərhum Şeyxülislam Ağa Əlizadədi.
   
   Dünən Qafqaz Müsəlmanları İdarəsi və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Ağa Əlizadənin anadan olmasının 140 illiyinə həsr olunan elmi-nəzəri konfrans keçirildi. Tanınmış alimlər, millət vəkilləri, ictimaiyyət nümayəndələri mərhum Şeyxülislamın həyat yoluna nəzər saldılar, xatirəsini ehtiramla yad etdilər.
   
   
   
   Şeyxülislam Şeyxülislam haqqında
   
   
   
   Görkəmli din xadimi Ağa Əlizadənin adı Azərbaycan tarixinə səkkizinci Şeyxülislam kimi daxil olub. Şeyxülislam Ağa Əlizadə 1871-ci ildə Bakının Pirşağı kəndində dünyaya göz açıb. İlk təhsilini İçərişəhərdəki Qüdsi mədrəsəsində alıb. Sonra təhsilini Nəcəf şəhərində davam etdirib. Dini elmlərlə yanaşı, riyaziyyat, astronomiya, təbabət, tarix və ədəbiyyatı gözəl bilən Ağa Əlizadə Təzəpir məscidinin axundu, Bakı şəhərinin Qazısı kimi böyük işlər görüb, xalq arasında nüfuz qazanıb. 1917-ci ilin aprelində Bakıdakı "İsmailiyyə" binasında çağırılan Qafqaz Müsəlmanlarının I Qurultayının təşəbbüskarı da Ağa Əlizadə olub.
   
   Azərbaycan Xalq Cümhuriyyəti zamanında -1918-ci il dekabrın 12-də dindarlar 47 yaşlı Ağa Əlizadəni Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri və Şeyxülislam seçirlər.
   
   Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsi və Şeyxülislamlıq təsisatı ləğv olunur. Dinə qarşı qadağa qoyan, məscidləri bağlayan sovet dövləti yalnız 1944-cü ildə bu idarənin fəaliyyətinin bərpa olunması barədə qərar verir. Tale elə gətirir ki, Cümhuriyyət zamanının Şeyxülislamı Ağa Əlizadə sovet dövründə növbəti dəfə bu vəzifəyə seçilir. 1944-cü il mayın 25-dən 28-nə qədər davam edən qurultayda dindarlar onu yenidən Şeyxülislamlıq məqamına layiq görürlər.
   
   Şeyxülislam Ağa Əlizadə Moskvada, Vyanada beynəlxalq konfranslarda çıxış edərək bütün dünya xalqlarını sülhə, həmrəyliyə çağırıb. Bütün həyatını İslam dinin təbliğinə həsr edən Ağa Əlizadə 1954-cü ildə vəfat edib. Onun vəfatından yarım əsrdən çox vaxt ötsə də səkkizinci Şeyxülislam bu gün də hörmət və ehtiramla xatırlanır.
   
   Elmi-nəzəri konfransda çıxış edən natiqlər də mərhum din xadimini xoş sözlərlə andılar.
   
   Konfransı giriş sözü ilə açan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov Ağa Əlizadənin həyatı və fəaliyyəti barədə məlumat verdi.
   
   "Cümhuriyyətin və sovet dövrünün Şeyxülislamı" adlı məruzə ilə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ağa Əlizadənin gördüyü böyük işlər barədə danışdı.
   
   Şeyxülislam Allahşükür Paşazadə bildirdi ki, Qafqaz Müsəlmanlarının I Qurultayının təşkilində, 1917-ci ildə cəbhədə ruslara əsir düşən, Nargin adasında dözülməz şəraitdə saxlanılan türk əsgər və zabitlərinə kömək göstərilməsində nüfuzlu din xadimi kimi Ağa Əlizadənin müstəsna xidmətləri olub. Məhz onun xalqa müraciətindən sonra insanlar Təzəpir məscidinə gələrək türk əsgərlərinə yardım toplamağa başlayıblar. Bir həftə ərzində o qədər yardım toplanıb ki, ərzaq, dərman və paltarları Nargin adasına daşımaq üçün bir ay vaxt lazım olub. 1918-ci ildə ermənilərin Bakıda törətdiyi soyqırımdan əziyyət çəkən insanlar Təzəpir məscidinə pənah aparıblar. Həmin ağır günlərdə Ağa Əlizadə tanınmış din xadimi kimi insanlara mənəvi dayaq durur. Bakı şəhərinin keçmiş rəisi Ter-Mikaelyants məscidə pənah aparan günahsız əhaliyə qarşı hər cür zorakılıq göstərmək, Ağa Əlizadəni isə fiziki cəhətdən məhv etmək barədə tapşırıq verir. Lakin erməni daşnaklarının bu planı həyata keçmir.
   
   Allahşükür Paşazadə qeyd etdi ki, 1918-ci il mayın 28-də Demokratik Cümhuriyyət quran Azərbaycan bir müddət sonra Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin də Tiflisdən Gəncəyə köçürülməsi barədə qərar verir. Həmin ilin sentyabrında isə Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra idarə paytaxta köçürülür. Molla Məhəmməd Pişnamazzadə səhhəti ilə bağlı Şeyxülislam vəzifəsindən istefa verməli olur və 1918-ci il dekabrın 12-də 47 yaşlı Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri və Şeyxülislam seçilir.
   
   Allahşükür Paşazadə səkkizinci Şeyxülislamın Demokratik Cümhuriyyətin bir illiyi milli bayram kimi qeyd olunarkən xalqa etdiyi müraciətdən sitat gətirdi: "Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Allah-Təalanın buyurduqlarını yalnız ölkənin müstəqilliyi şəraitində müvəffəqiyyətlə intişar etdirmək olar. İstiqlal hər bir şəxsə lazımdır".
   
   Qafqaz Müsəlmanları İdarəsinin sədri 1919-cu il sentyabrın 15-də Bakının azad edilməsi yolunda şəhid olan osmanlı və azərbaycanlı əsgərlərin Çəmbərəkənd qəbiristanlığındakı dəfn mərasimi zamanı Ağa Əlizadənin çıxışını tarixi bir nitq adlandırdı. Bolşevik Rusiyasının Azərbaycanı işğal etdikdən sonra Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin də fəaliyyətinə son qoyulduğunu xatırladan Şeyxülislam Allahşükür Paşazadə qeyd etdi ki, Ağa Əlizadə ötən əsrin 30-cu illərində həbs olunmaq təhlükəsi ilə üzləşib. Onun evində axtarış aparan çekistlər kitab rəfində Hegelin, Feyerbaxın əsərlərini görəndə təəccübləniblər. Ağa Əlizadə isə Şeyxülislam kimi bu əsərləri oxuduğunu bildirib.
   
   Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə böyük diqqət və qayğı göstərdiyini deyən Allahşükür Paşazadə bildirdi ki, səkkizinci Şeyxülislam Ağa Əlizadəni 140 illik yubileyinin yüksək səviyyədə keçirilməsi buna əyani sübutdu.
   
   
   
   Cümhuriyyət və sovet dövrünün Şeyxülislamı
   
   
   
   Elmi-nəzəri konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, professor Anar İsgəndərov Ağa Əlizadənin Şeyxülislam kimi həm cümhuriyyət, həm də sovet dövründə gördüyü işlərdən danışdılar. Tanınmış din xadiminin Moskvada, Vyanada keçirilən beynəlxalq tədbirlərdəki çıxışlarını tarixi hadisə adlandırdılar.
   
   Şeyxülislam Ağa Əlizadənin nəvəsi, Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Akif Əlizadə xatirələrini danışdı, babasının xatirəsinə həsr olunan tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
   
   Milli Məclisin üzvləri Fəttah Heydərov, Rəbiyyət Aslanova, professorlar İzzət Rüstəmov, Fuad Məmmədov və Hikmət Mahmudov fikirlərini bölüşdülər.
   
   Elmi-nəzəri konfransda Ağa Əlizadənin həyatından bəhs edən "Cümhuriyyətin və sovet dövrünün Şeyxülislamı" kitabı da ictimaiyyətə təqdim olundu. Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının qərarı ilə çap olunan "Cümhuriyyətin və sovet dövrünün Şeyxülislamı" kitabı bu işıqlı insanın xatirəsinə hörmətin nümunəsidir.
   
   Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə kitaba ön söz yazıb. "Elm və təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində nəfis şəkildə hazırlanan kitabın tərtibçiləri professor Hacı Anar İsgəndərov, filologiya elmləri namizədi Hacı Müqəddəs Payızov, tarix elmləri namizədi Samir İsmayılov, Ziyad Əmrahov, Nurlan Abbasov, Sara Məmmədova və Rüxsarə Quliyevadır. Rəyçilər akademiklər Akif Əlizadə, Hacı Vasim Məmmədəliyev, Hacı Bəkir Nəbiyevdir. Nəşrə məsul isə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Müfti Hacı Salman Musayevdir.
   
   Elmi-nəzəri konfransa Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov yekun vurdu. Tədbir mərhum Şeyxülislamın xatirəsinə təşkil olunan ehsan süfrəsi ilə yekunlaşdı.

TƏQVİM / ARXİV