SiFƏTLƏRiN PALiTRASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
33940 | 2011-12-03 07:19
Qarşı-qarşıya oturmuşuq. Daha doğrusu, mən oturmuşam, özü də məcburi qaydada. Onu deyə bilmərəm, bəlkə də o çox rahatdı. Yox, "bəlkə də" sözü burda artıq görünür. Çünki onun üz-gözündən tökülən, yayıldığı oturacaqdan hiss olunan halı rahatlığını əməlli-başlı diktə edir, az qala adamın gözünə təpir və mən də daxilən bundan əsəbiləşirəm. Məcbur, etika xatirinə üzbəüz əyləşdiyim bu adamın anbaan dəyişən sifətləri, ifadə etdiyi hər sözdən, fikirdən sonra işığı artıb-azalan baxışları məni təbdən çıxarır. Amma yenə susuram. Onu sonadək dinləmək, onun nə vaxt dayanıb duracağını görmək istəyirəm. O isə danışır...
   
   Gözümün önünə çox da uzaq olmayan yaxın 10-15 il gəlir. Bu, 10-15 il bundan öncəki tarixdə də o danışırdı. Onda da indiki kimi odlu-alovlu idi və onda da o ifadə etdiyi fikirləri birnəfəsə elə bəzəyirdi, elə rəngdən-rəngə salırdı ki, mən onu özlüyümdə "boyaqçı" adlandırırdım. Düşünürdüm ki, insan bu qeyri-adi istedadını niyə belə mənasız, bər-bəzəkli çıxışlara həsr edir. Axı o danışdıqlarından ən azı min il geridə dayanırdı. Onun dedikləri ilə, ifadə etdikləri fikirlər arasında minillik məsafə var idi. Bunu özü də bilirdi, bunu onu dinləyənlərin hamısı bilirdi. Ancaq hamı qulaq asır və hamı da əl çalırdı. O da çox məmnun şəkildə rayon rəhbəri kreslosunda az qala şişib nəhəng, bədheybət bir varlığa çevrilirdi. Bəli, bu 10-15 il bundan öncə olmuşdu. Ondan sonra mən onu görməmişdim. İndi də təsadüfən görüşdük. Düşündüm ki, artıq "kitabı bağlanmış" bu insan yəqin ki, öz ilkinliyinə qayıdıb. Amma yanıldım. Özü də yanıldığımı onunla üzbəüz oturub ilk cümləsini yarıya kimi dinləyəndə artıq dərk etdim. Durub sağollaşmağa əxlaqım imkan vermədi. Bir saat ərzində bir illik əzab, yəni bir nöqtədə dayanıb durmaq, bir səsi aramsız dinləmək zülmü yaşadım. Heç kimə arzu etmirəm...
   
   Elə bil həmin gün kələfim dolaşmışdı, qarğışa tuş gəlmişdim. Radionun düyməsini basdım və maşında yol boyu musiqiyə qulaq asmaq istədim. Tanınmış ulduz müğənnilərimizdən birinin barəsində canlı yayım idi. Təsəvvür edin ki, ulduz müğənni özü barəsində danışır, ardınca isə onun mahnıları səsləndirilirdi. Dözə bilmədim, o danışmağa başlayanda radionun səsini bağlayır, oxuyanda səsini açırdım. Çünki danışanla mahnı ifa edən arasında beş-altı sifət dayanmışdı. O danışıqla o ifanın arasında minillik məsafə var idi. İlahi, insanların nə çox sifəti var imiş?.. İlahi, bu çox sifətlər niyə bu qədər mənasız və ifadəsiz olur?.. Ümumiyyətlə, bu çoxsifətlik nəyə lazımdır ki?..
   
   Yox, mən bu sifət palitralarında başımı itirirəm, özümü axtarıb tapa bilmirəm. Köməyimə misralar çatır.
   
   
   
   səsinin
   
   arxasında gizlənmə
   
   səsinə bənzəmirsən
   
   özünü
   
   bəzədiyin tək
   
   səsini
   
   bəzəmirsən...
   
   səsin
   
   göz yaşı tək duru
   
   həlim
   
   kövrək
   
   səmimi...
   
   özün
   
   barsız ağac tək
   
   iddialı...
   
   duyğusuzlar kimi
   
   cansıxıcı
   
   quru...
   
   anlaya bilmirəm
   
   bu təzadı
   
   odur ki,
   
   özünü deyə bilmərəm-
   
   barı
   
   səsini düşün,
   
   səsini qoru!..
   
   onunla varsan
   
   bil və
   
   bacarsan
   
   tərk et
   
   özün kimilərdən
   
   ibarət xoru!..
   
   
   
   ***
   
   
   
   Bütün hallarda heç bir insan günahını etiraf etmək, nöqsanını dilə gətirmək istəyinə o qədər də bağlı olmur. Yəni mühiti, olduğu auditoriyanı nəzərə alıb etiraf yolunu tutanlar da var, iradı nəzərə alıb etiraf edənlər də. Yalnız bütöv şəxsiyyətlər, kamil insanlar həmişə etirafı böyüklük sayıblar. Bu insanlar heç vaxt çalışmayıblar ki, kimsə ondan etiraf gözləsin. Özü etiraf edib, özü nöqsanını boynuna alıb. Ona görə də onlar kamil və bütöv olublar... onların yolu da, əqidəsi də, bütöv olub...onlar ikiləşməyiblər, onlar çoxalmayıblar, bir olublar, tək olublar, tək olduqları qədər də həm də pir olublar... Onları nümunə göstəriblər, onlardan öyrəniblər, onların yolunu toz basmağa, o yolda ot bitməyə imkan verməyiblər. Həmişə hərəkət olub bu yolda. Ümidə doğru, işığa doğru, halallığa doğru hərəkət.
   
   Mən həyatımın bütün məqamlarını göz önünə gətirməyə və ona qiymət verməyə həmişə çalışmışam və xüsusilə gecələr göy üzünü bir güzgü kimi gözümün önündə tutub göy üzündən özümə baxmağa çalışmışam. İstəmişəm ki, nöqsanlarımı da, günahlarımı da, istəklərimi də göy üzü adlı o güzgüyə baxa-baxa özüm öz gözlərimin içinə söyləyim. Çünki düz gözlərin içərisinə deyilən irad da, sevgi də mənim inamıma görə ən təmiz, ən pak və bütün naqisliklərdən uzaq bir istəyin, bir duyğunun, bir ürəyin, bir insanlığın etirafıdır. Burada hər şey təpədən-dırnağa aydan arı, sudan durudu. Çünki gözlərdən heç nəyi gizlətmək mümkün deyil. Bax, bu mənada bir vaxtlar yazdığım şeirlərimin birində sevdiyimə üz tutub demişdim:
   
   
   
   gözlərini gözlərimdən gizləmə
   
   gözətçidi gözlərinə gözlərim.
   
   gözlərimdən gəzəntəlik gözləmə
   
   gözündədi gəzdirdiyim gözlərim...
   
   
   
   Bu mənim təkcə etirafım deyil. Həm də ürəyimin və gözümün sevdiyimə andıdı. Səmimi bir şəkildə dilə gətirdiyi sevgisidir. Burada ikinci bir sifət, ikinci bir rəng çaları yoxdur. Hər şey olduğu kimi, dupdurudu.
   
   Bütün hallarda aydınlıq, duruluq ən vacib şərtdi. Bir insanlıq baxımından da, bir əxlaq baxımından da, hətta bir həyat tərzi baxımından da duruluq çox vacibdir. Bu duruluq heç vaxt çirkab götürmür. Atalar deyib ki, "axar su mundar saxlamaz". Bax, insanlığın duruluğu da həmin o axar su kimidir. Eləcə olumdan ölüm, doğumdan, yəni yüyrükdən məzara qədər axıb gedir. Nə qədər çirkab atılsa da, o duruluğa heç nə edə bilmir. Olsa-olsa bir az ürək bulandırır, bir az əsəb yaradır. Amma bütövlükdə duruluğu öz axarında saxlamaq, onu bütünlüklə lilləndirmək yalnız bir halda mümkündür:
   
   - O DA EL QINAĞIYLA, XALQ QƏZƏBİ, XALQ NİFRƏTİYLƏ!!!
   
   Əks halda, xalqın gözü, elin gözü tərəzi olduğundan qısa bir zaman kəsiyində duruluq yenə öz axarına, öz ilkinliyinə qayıdır. Bunu bütün zamanlarda eşitmişik, oxumuşuq, görmüşük. Mən də təkcə eşitdiklərimə yox, həm də oxuduqlarıma, gördüklərimə inanıram.
   
   Ona görə də sifətlər politrasında bir rəngə vurğunam, bir sifətin dəlisiyəm və həyatım boyu da birsifət insanlarla Tanrıdan gələn hala bir sevgiylə nəfəs-nəfəsə olmağa, dostluq, yoldaşlıq etməyə çalışmışam, üstünlük vermişəm, arzusunda olmuşam...
   
   arzum göz qamaşdırır
   
   büllur çil-çıraq kimi
   
   səni mən necə tutum -
   
   özümdən qıraq kimi!..
   
   
   
   gözümdən yol asılır
   
   sinəmə od basılır
   
   hər gün başdan yazılır
   
   həsrətin varaq kimi!..
   
   
   
   qapımı bağlamadım
   
   ağrıdım - ağlamadım!
   
   ürəyi saxlamadım-
   
   dar günə yaraq kimi!..
   
   
   
   ***
   
   Bəzən deyirlər ki, ağıl yaşda olmur, başda olur. Uşaqlıq illərimdə mən bu atalar sözünü hərfi mənada anlayırdım. Hətta "filankəs çox ağıllı adamdı", deyəndə özümdən asılı olmadan uşaq təxəyyülümlə onun başını gözümün qarşısına gətirirdim. Amma o başın o qədər də böyük olmadığı həmişə məni təəccübləndirirdi və o atalar sözündə bir çatışmazlıq, bir qüsur axtarırdım. Lakin illər keçəndən sonra mən məsələnin əsl mahiyyətini anladım.
   
   Dərk etdim ki, insan bütün yaşı boyu, bütün ömrü, həyatı boyu ağılla ürəyin vəhdətini yarada bilirsə, ikisinin kəsişmə nöqtəsindən dünyaya baxa bilirsə, onun qərarları həmişə ədalətli və müdrik olur, qətiyyətli olur, anlaşılan olur, qəbul edilir, dəyərləndirilir. Deməli, bu kəsişmə nöqtəsi insanın sifətini də formalaşdıra bilir. Onun da mövqeyini, yerini, kimliyini, şəxsiyyətini açıqlayıb ortaya qoya bilir. Və mən məhz bu düşüncəylə, bu inancla insanlara yanaşır, onları bir-birindən fərqləndirmək istəyirəm. Bilmirəm, buna nə qədər nail ola bilirəm, amma inadımdan dönmürəm, tutduğum yolla gedirəm. İçimdəki inancın işığında görünən sifətləri bəzən görməməzliyə vurmağa, bəzən yanından keçməyə, bəzən də onun üzərinə gedib yerində oturtmağa tələsirəm. Lakin bütün bu istəklərim özümə bir zərbəyə, özümə qarşı açılan əks cəbhəyə çevrilir. Bu da təbiidir. Çünki mən də daxil olmaqla heç kim tənqidə, irada qarşı sona qədər dözümlü ola bilmir. Mütləq hövsələsi, səbri bir yerdə daralır, qırılır...
   
   İndi dünyanın rəng bolluğunda həmin o siftələrin palitrası da günbəgün artır, çoxalır. Doğrudur, yeddi rəngin mövcud olduğu danılmazdı. Ancaq zaman, inkişaf, elmi-texniki tərəqqi və daha nə bilim nələr rəngləri də 7-dən 777-ə qədər artırıbdı. Az qala sifət yarışması, sifət müsabiqəsi keçirilir. Hamı az-çox bu müsabiqənin ya iştirakçısı, ya da tamaşaçısı olur. Bir sözlə, indi sifətlər öz arenasını o qədər böyüdüb ki, çəkilib dayanmağa künc-bucaq da qalmayıb.
   
   Bax, bütün bu dediklərim mənim təkcə düşüncələrim, içimdən gəlib-keçən istəklərim məndə məsələ ilə bağlı yaranmış fikirlərin əks-sədası deyil. Bu həm də günün reallığıdır. Elə bir reallıq ki, onun işığı bütün pəncərələrə düşür. O pəncərələri içəridən bağlasaq da, divarlarımızda o işığı görə biləcəyik. Deməli, birsifətli olmaq artıq həm də qəhrəmanlıqdı. Təəssüf ki, indi qəhrəmanlıqlar da hamı üçün eyni ölçüdə, eyni dəyərdə, eyni düşüncədə qəbul olunmur. Yanaşmalar fərqli, baxışlar fərqli, qiymətlər fərqli. Hətta qəhrəmanlığı dəliliyin son həddi kimi qiymətləndirənlər də var. Necə deyərlər, babal hər kəsin öz boynuna. Amma mən bu gün birsifətliliyi doğrudan-doğruya qəhrəmanlıq sayıram. Özü də həyatımın və həyatımızın bütün sahələrində, xüsusilə SEVGİDƏ!
   
   Təbii ki, bu SEVGİ iki əks cinsin bir-birinə sevgisindən tutmuş, anaya, ataya, Vətənə, təbiətə, cəmiyyətə, insanlığa, övlada, xüsusilə böyük Yaradana ünvanlanır. Söhbət məhz bu sevgidən gedir. Neyləyim ki, indi sevgilər də bir neçə sifətli olub, maddi, mənəvi və s. və ilaxır. Çox şürüklər olsun ki, mənim Tanrıdan gələn sevgim və Tanrıya olan sevgim bütövdü, tamdı - özü də, sifəti də.
   
   
   
   nə çətin oldu sevmək
   
   məni bu yaşda, gülüm
   
   düşmür bizə sevinmək-
   
   məni bağışla, gülüm...
   
   
   
   çiçək qönçəsində şeh
   
   didədə yaş kimidi
   
   mənə yük olan ürək-
   
   üzüksüz qaş kimidi...
   
   
   
   dağa qalxan duman tək
   
   sevinc ötür üstümdən
   
   daşa dönüb bu ürək-
   
   gəlib, götür üstümdən...
   
   
   
   qoyma qalsın ortada
   
   gözü yaşlı bir bəndə
   
   ilahi eşq dünyada-
   
   bir səndədi, bir məndə!..
   
   
   
   Bəli, bütün hallarda fərqli olmaq, xüsusi olmaq insanın haqqıdı, insanın borcudu, vəzifəsidi. Və unutmaq lazım deyil ki, hər bir insan Tanrı önündə yalnız bəndə kimi, varlıq kimi dayanıb durur, fərd olur. Bu haqqı, bu imkanı ona elə Tanrı veribdi. Elə ona görə də olumun fərdiliyi kimi, ölüm də fərdidi. Sifətlərin palitrası Tanrı tərəfindən qəbul olunmur və nə yaxşı ki, olunmur da!.. Nə yaxşı ki, sevgimizin özü və sifəti birdi...

TƏQVİM / ARXİV