adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Bala - baza bəla

İNTİQAM VALEHOĞLU
27950 | 2011-12-03 07:19
Heç kimə sirr deyil ki, istər dünyada, istərsə də dünyanın bir parçası olan Azərbaycanda məşhurların özəl həyatı hər zaman böyük əksəriyyət üçün maraq doğurur. Hətta bir də görürsənki, "məni filan müğənninin şəxsi həyatı deyil, sənəti maraqlandırır" deyən birisi də həmin sənət adamının özəl həyatına biganə qalmır. Təbii ki, iş təkcə bununla bitmir. Yəni insanların şöhrəti artıqca nəinki onların özləri, həmçinin də ailə üzvləri, yaxınları da diqqət mərkəzinə düşür. Bir sözlə, məşhurun həyat yoldaşı, bacısı, qardaşı və ən əsası da övladı olmaq elə məşhur olmaq qədər məsuliyyətlidir. Dərk edən üçün.
   
   Məsələn, bir neçə il öncə kiçik Corc Buş Amerikanın prezidenti olarkən məlum olmuşdu ki, onun qızları Cenna və Barbara narkotik maddə qəbul edirlər. Yaxud da İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qızı Barbara ailəli ola-ola məşhur braziliyalı futbolçu Aleşandro Patoyla eşq macərası yaşayır. Yəni bütün bunlar onu göstərir ki, tutduğu postdan, peşəsindən, vəzifəsindən asılı olmayaraq şöhrət qazanmış insanlar hər zaman diqqət mərkəzindədirlər. Azərbaycanda isə vəzifə sahibləriylə yanaşı sənət adamlarının övladları, yaxınları öz "şıltaqlığıyla" fərqlənir. Başlayaq.
   
   Məsələn, bir neçə ay öncə ölkənin mətbu orqanlarında, xəbər portallarında belə bir məlumat yayıldı ki, xalq artisti, Siyavuş Aslanın oğlu sənətkarın evini qumarda uduzub: "Xalq artisti, tanınmış aktyor Siyavuş Aslanın evi Azərbaycandakı bankların biri tərəfindən müsadirə olunub. Belə ki, xalq artistinin iki evi olub. Onlardan biri Musiqili Komediya Teatrının, digəri isə "Xətai" metrostansiyasının yaxınlığında yerləşib. Məlumatda bildirilir ki, S. Aslanın oğlu Çingiz Aslan "Xətai" metrosunun yaxınlığındakı evi banka girov qoyaraq onun müqabilində xeyli pul götürüb. Mənbə xalq artistinin oğlunun həmin pulları qumar oyununda uduzduğunu və bankdan götürdüyü krediti qaytara bilmədiyini deyib. Uzun müddət banka olan krediti ödəyə bilmədiyi üçün 2 gün əvvəl bank S. Aslanın evinə gələrək onu müsadirə edib. Həmin ev isə 60 illik yubileyi münasibəti ilə ölkə prezidenti tərəfindən xalq artistinə verilən ev olub".
   
   Həmin vaxt həmkarlarımız məlumatı dəqiqləşdirmək üçün xalq artistinin digər oğlu Eldar Aslanla əlaqə saxlasalar da konkret cavab ala bilməmişdilər. E. Aslan sualı dinlədikdən sonra əvvəlcə "bu ailədaxili məsələdir" demiş, sonra isə ümumiyyətlə məsələdən xəbəri olmadığını söyləmişdi: "Mən bu barədə heç nə deyə bilmərəm. Yaxşı olar ki, bunu Siyavuş müəllimlə dəqiqləşdirəsiniz. Amma yaxşı olar ki, siz başqa məsələlərdən yazasınız". Hər halda verilən cavabdan da məlumdur ki, əgər belə bir şey baş verməsəydi, sənətkarın oğlu jurnalistə tamam başqa cavab verərdi. Hətta hövsələsini cilovlaya bilməyib təhqir də edərdi. Görünən odur ki, yayılan xəbər böyük ehtimalla doğrudur.
   
   Təxminən iki-üç il öncə isə hüquq-mühafizə orqanları belə bir xəbər yaydı ki, müğənni-bəstəkar Elza Seyidcahanın oğlu həbs edilib. Cəmiyyət arasında gəzən söz-söhbətlərdə Seyidcahanın oğlu Ələkbər Qasımovun hərbi hissəni özbaşına tərk etdiyi və elə həmin gün də paytaxtdakı yanacaqdoldurma məntəqələrindən birinə edilmiş basqında iştirak etdiyi söylənilirdi. Ə.Qasımovun hərbi xidmətdə olduğu Sumqayıt şəhərinin hərbi prokurorluğundan ANS PRESS-ə verilən məlumatda isə qeyd edilmişdi ki, maşın qaçırılmasında ittiham edilən müğənni-bəstəkar Elza Seyidcahanın oğlu və digər 4 nəfər Zeynalabdin Tağıyev (keçmiş Nasosnu) qəsəbəsindəki hərbi polisin müvəqqəti saxlanma təcridxanasındadır:
   
   "Həmin 5 nəfər 10 gün müddətində burada saxlanılacaq və istintaq yekunlaşacaq. Onlar Yaşmadakı N saylı hərbi hissədə qulluq edən Ələkbər Elşən oğlu Qasımov və digərləri hərbi hissəyə övladının yanına gələn valideynin avtomobilini qaçıraraq Bakıya gələrkən Nərimanov rayonu 16-cı polis bölməsi tərəfindən yaxalanıblar".
   
   Bundan sonra isə Ələkbərlə bağlı yeni bir versiya irəli sürüldü ki, o, Yaşmadakı hərbi hissədə qulluq edirmiş və hərbi hissədə baş vermiş dava ilə əlaqədar bölməyə aparılıb. Təbii... Belə də olmalıdır. Çünki hərbi hissədə dava salmaq kiminsə maşınını qaçırmaqdan və yanacaqdoldurma məntəqəsindən oğurluq etməkdən daha "şərafətlidir".
   
   Valideyninin başına bəla olan digər məşhur uşağının, yəni övladının isə yaşı qırxı da keçib. Belə ki, ötən ilin iyul ayında tanınmış aktrisa, əməkdar artist Kübra Əliyevanın oğlu Rauf Məmmədov növbəti dəfə həbs olundu və əldə etdiyimiz məlumata görə, bu onun dördüncü məhkumluğudur. Həmin ərəfədə mətuat orqanlarında dərc olunmuş xəbərləri diqqətinizə çatdırıram: "Rauf Məmmədov Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub.
   
   Hökmə əsasən, R. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. R.Məmmədov aptekə daxil olaraq, satıcı Elmira Məmmədovaya baş nahiyəsindən yumruqla xəsarət yetirmiş və kassa aparatından 505 manat pul aparıbmış.
   
   Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş Rauf Məmmədov tutulub. İlkin dindirilmə zamanı o, narkotik istifadəçisi olduğunu və quldurluq əməlini də məhz buna görə törətdiyini deyib".
   
   Digər bir xəbərdə isə belə deyilir: "Bakıda aptekə basqın edən şəxs həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə Yasamal rayonu Hüseyn Cavid prospektindəki aptekdə baş verib. Aptekə daxil olan naməlum şəxs orada satıcı işləyən, Elmira Məmmədovaya baş nahiyəsindən yumruqla xəsarət yetirərək, kassa aparatından 505 manat pul aparıb. Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş Rauf Məmmədov tutulub. Yasamal rayon Polis İdarəsindən APA-ya bildirilib ki, saxlanılan şəxs ilkin dindirilmə zamanı narkotik istifadəçisi olduğunu və quldurluq əməlini də məhz buna görə törətdiyini deyib. Polisdən həmçinin bildirilib ki, hadisəni törədən Rauf Məmmədov Azərbaycanın tanınmış aktrisası, xalq artisti Kübra Əliyevanın oğludur".
   
   Məşhurlarlın yaxınlarıyla bağlı növbəti cinayət hadisəsi isə 2009-cu ilin iyun ayında baş vermişdi. Belə ki, tanınış estrada müğənnisi Nazəninin qardaşı Əlizamin Əliyev həbs edilmişdi. Sitat: "Müğənni Nazəninin qardaşı həbs edilib. Bu barədə Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.
   
   Məlumata görə, Astara rayon sakini, 1960-cı il təvəllüdlü Əlizamin Rəhim oğlu Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir. O, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində paytaxtda saxlanılıb. Əməliyyatçılar onun üzərindən 80.341 qram narkotik vasitə olan heroin götürüblər. Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində dindirilən Ə. Əliyev müğənni Nazəninin qardaşı olduğunu və uzun müddətdən bəri narkotik vasitələrin istifadəçisi olduğunu qeyd edib. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, saxlama, daşıma və ya satma - külli miqdarda) maddəsi ilə cinayət işi başlanıb".

TƏQVİM / ARXİV