adalet.az header logo
  • Bakı 18°C

QINAQ

OQTAY SALAMOV
29102 | 2011-12-03 07:19
Əvvəl istədim yazının adını ictimai qınaq qoyam. Sonra düşündüm ki, elə bu ictimaiyyəti qınamaq fikrim var, bu sırf fərdi qınaqdır.Çox məqamlardan danışmaq istəyirdim. Ya çap eləməyəcəklər, ya da özüm başqa nəşrlərə müraciət edəcəm ki, yazını çap eləyin, onda da ömrümün böyük bir hissəsini sərf elədiyim doğma qəzetimizdən rəndicə olacam, ya da məndən incik düşəcəklər. Amma susmaq da olmur. "Onun yarısı" layihəsindən danışmaq istəyirəm. Və birbaşa verilişin aparıcısı Zaur Baxşəliyevə müraciət etmək istəyirəm.
   
   Hər vaxtınız xeyir, Zaur bəy! Əvvəlcə deyim ki, cavan adam deyiləm, mətbuatda da təzə deyiləm ki, nə isə diqqət cəlb eləyim, indikilər demiş, reklama ehtiyacım yoxdur. Sadəcə gənc, istedadlı telejurnalistimiz olduğundan qürur da duyuram. Yadımdadır ki, tələbə olanda bizim redaksiyamızda praktikada olmusunuz. Yadınızdadırsa, bizim operator Səidə xanım deyirdi ki, oğlum, istedadlı adamsan, savadlı oğlansan, amma çox utancaqsan, elə olmaz eyg İnd idə mən demək istəyirəm ki, Zaur bəy, istedadlı adamsınız, bacarıqlı jurnalistsiniz, amma bu qədər də "səmimilik" olmaz ey...
   
   Müəyyən qədər məlumatımız var, hər gün canlı efirə çıxmaq, kadrarxası hədsiz, gərgin işiniz var, işlədiyiniz kontingent də çox rahat kontingent deyil, hərə bir eldən, bir evdən gəlib və hərənin öz davranışı, xasiyyəti var, hamının zövqünü təmin etmək olmaz. Əvvəlcə, müəllifi və aparıcısı olduğunuz "Onun yarısı" layihəsi baxdığımız türk və rus kanallarında olanlardan yaxşı mənada fərqlənir. Sizin layihədə evlənməyə gələn cütlərə nəyinki tanışlıq, görüşmək imkanı yaradırsınız, həm də onların nişan, xına, toy məclislərini də təşkil edirsiniz, onlara sahiblik edirsiniz, sponsorları təşkil edirsiniz ki, cütlüklərin cehizini, hətta nişan üzüklərini də versinlər. Allah razı olsun, onların alxışları (alxış bizim öyrəşdiyimiz "alqış", çəpik çalmaq deyil- O.S.) qəbul olunarsa savabı sizə bəsdir. Amma...
   
   Bəlkə də bu "amma"dan sonra qanınız qaralacaq, sözlərimdə qərəz axtaracaqsınız. Özünüz bilərsiniz, ən azından bir tamaşaçı kimi iradlarımı söyləməyə ixtiyarım var. Türk və rus kanallarında sizdən istedad və bacarıq mənasında zəif olmayan, yaşı və təcrübəsi daha çox olan aparıcılar və komandalar var. Elə bilirsiniz onlar sizin elədiklərinizi eləyə bilməzlər? Bəs niyə etmirlər? Bax, dünən baş verənlər və ümumiyyətlə, olanlar olmasın deyən eləmirlər. Özü də bizim mentalitetimiz, tarixi ənənələrimiz, dünyabaxışımızın mürəkkəbliklərini qəbul edərək (bunları dəfələrlə özünüz elan eləmisiniz) bu qədər məsuliyyətin altına girmək optimal çıxış yolu deyil. Siz bilərəkdən və ya bilməyərəkdən valideynlik missiyasını boynunuza götürməklə hansı məsuliyyətin altına girdiyinizi ya bilmirsiniz, ya da, üzr istəyirəm, dərk etmirsiniz.
   
   Hər dəfə gəlini çırağın başına dolandıranda az qalır bu adətimizə nifrət eləyim. Əzizim, bu şou xatirinə edilən hərəkət deyil, gah yanmayan çırağın ətrafına fırladırsınız, gah sönən çırağın başına dolandırırsınız, sonra da deyirsiniz bu simvolikdir. Nə danışırsınız, bu adətin nədən qaynaqlandığını, mənasını bilirsinizmi ki, bunu simvolik adlandırırsınız?
   
    Fikir vermisinizmi ki, xına mərasimlərini keçirməyə dəvət etdikləriniz xanımlar ən azından ailə sarıdan çox da uğurlu tale yaşamayanlardı? Elə xeyir-dua verən müğənnilərin də 70 faizi ən azından evsiz və ya boşanmış adamlardır? Deyə bilərsiniz ki, mən neyləyim, olanımız budur. Razıyam, amma danışanda daha yüksək amallardan danışırıq axı...
   
   Bəzən zarafat, şirinlik eləmək adı ilə iştirakçıları ələ saldığınızın fərqinə varırsınızmı?Sənur adlı iştirakçının başına nə oyun açdınız, nə günə qoydunuz, bundan sonra ona hansı qız ərə gedər, hə? Adamın telefonuna mesaj yazdırıb sonra da bundan şou düzəltməyi heç sizə yaraşdırmadım. Elə bilirsiniz o Namiqdi, Qaradı, Uğurdu (görürsünüz, sadiq tamaşaçıyam a- O.S.) ... sizin şounun personajları olduğunu tamaşaçı görmür? Xanımların adlarını çəkmək kişilikdən olmadığı üçün susuram.
   
   Bir ağbirçəklə verilişinizin növbəti birinə baxırdım. Birdən aparıcı bəy situasiya uyğun məsəl çəkməklə atalar sözlərindən də xəbərdar olduğunu göstərdi: "El durdu köçməyə, gəlin oturdu ...". Gördü ki, deyəsən ağ eləyib, qəhqəhə ilə güldü. Ağbirçək elə pörtdü ki, sanki bu söz onun ağzından çıxmışdı.
   
   Və sonuncu insident- Anna məsələsi. Allah özü bilən məsləhətdi, amma məncə bu qədər qazandığınız savab qədər də qarğış qazandınız. Elə o tərəfdən də, bu tərəfdən də. Məsələ hamının gözü qarşısında olduğu üçün təzədən danışmağa lüzum yoxdur. Qayınanası Anna ilə studiyaya(əslində gəlinini qeydiyyatda olduğu psixatr, üstəlik də gələndən sonra öyrəndi ki, nervopotoloq müayinəsinə gətirəndə) gələndə gəlininn epilepsiya xəstə olduğunu və bunu onlardan gizlətdiyini söylədi. Min dəfə üzr istəyirəm, qarğa- quzğun bazarı düşdü. Bilən də, bilməyən də, qanan da, qanmayan da ağbirçək qadının başına ağıl qoymağa ona həyat dərsi keçməyə başladı. Hamısı sizin dirijorluğunuz və solistliyinizlə. Başqa bir ağbirçək durub dedi ki, mən Annanı öz adıma keçirirəm, amma qaynanasına, ərinə ar olsun. O biri dedi ki, Annanı arxasız bilməyin, biz onun arxasındayıq, biz onun ailəsiyik...
   
   Gəlin-qayınana gedəndən sonra "diqqətli" olub qeybətləri davam elədilər. Ana və oğlunu artistlikdə günahkarlandırdılar, Gəncədə onların qonşularından "öyrəndikləri" sitatları çəkdilər, az qala əmr elədilər ki, durun gəlin buraya. Gəldilər. Gəldilər və məlum oldu ki... məlum oldu ki, gəlin yalançı yetim imiş, qardaşı, ətrafə da var, möhkəm xəstədir və qayınanası da, əri də əllərindən gələnləri edirlər ki, Annanı müalicə etdirsinlər. Gəlin deyəsən stutiyada da bir "xəstəlik" şousu (Allah keçsin günahımdan, mənə belə gəldi) da yaratdı.
   
   Pah, studiya başqa üzünü çevirdi: nə ağbirçək bir gün qabaq Annanı qızlığa götürmək istədiyini, nə növbətçi "fitilqoyanlar", nə də siz, Zaur Baxşəliyev dediyiniz sözləri, patriotik şüarları ana və oğulu hansı günahlarda suçlamağını xatırlamadınız, indi bu məsuliyyəti boynunuza göturmədiyinizi, aldandığınızı iddia etdiniz. Zaur bəy, siz Annanın barmağına taxdığınız üzüyü qayınananın sizə qaytardığı anda çox səmimi peşiman olduğunuzu ən azından göstərə bildiniz. Kaş o ana-oğulu olmayan günahlarda ittiham etməyə tələsəndə peşiman olaydınız...
   
   Yuxarıda verilişə birgə baxdığımız ağbirçək irad tutdu ki, adət-ənənədən, müsəlmançılıqdan danışan oğulun sevdiyi qızın (Allah xoşbəxt eləsin, gözəl qızdı, gözəl də seçimdi) qoluna- çiyninə " Onun yarısı" yazdırıb sevgi kimi hissi şouya çevirməməliydi. Dedim ki, bu onun öz işidi, ona qarışa bilmərəm, amma yazıma bu istəyi də qeyd edərəm.
   
   İnanmaq istəyirəm ki, iradlarımı səmimi qəbul edəsiniz və lazım bilsəniz nəticə də çıxaracaqsınız. Səmimiyyətlə: Oqtay Salamov.

TƏQVİM / ARXİV