adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

GüRCü GÖZƏLiNiN YANINDA

VƏSİLƏ USUBOVA
31615 | 2011-12-03 07:19
Ən dəqiq, ən etibarlı xəritə yaddaşın cızdıqlarıdı. Nə zamanın dağıdıcı fəlakətləri, nə insanların minbir hoqqaları, nə də dünya müharibələri onun çəkib saxladıqlarını bir millimetr də o yan-bu yan eləyə bilməz. Bax, indicə, lap elə bu dəqiqələrdə, qıçlarım titrəyə-titrəyə yeridiyim bu dar dalanda buna bir daha əmin oluram.
   
   Bu dar dalanda heç nəyin dəyişmədiyinə, otuz il əvvəl necə görmüşəmsə, o cür də qalmasına məəttələm. Azı hər həftədə nəyinsə sökülüb-tikildiyi, nəyinsə tikilib-söküldüyü şəhərciyimizdə deyəsən, elə bu gördüklərim- soldakı taxta çəpərlə əyilmədən keçmək mümkün olmayan taxta həyət qapısı əvvəlki kimi qalıb. Bircə sağ tərəfdə bu mənzərə ilə qətiyyən uyuşmayan market var. Görəsən, adama boy verməyən bu taxta qapıdan içəri girəndə ilk gördüyüm kim olacaq, nə olacaq?! Məni necə, tanıya biləcəklərmi?! Yox, deyəsən, bu zövqdən məhrum oldum. Evin böyük qızı Gültəkin qabağıma çıxır. Təsadüfən. Qəribədir, gəlişim onu qətiyyən təəccübləndirmir. Deməli, bu dar dalan da, bu köhnə evin sakinləri də mənim yolumu həmişə gözləyiblər. Amma görüşümüzdə sevincin payı çox azdı. İkimiz də ürəkdən şadlanmağı çoxdan unutmuşuq...
   
   Bu da həmin ev. Daha yaddaşım mən görəni demir. İki-üç il əvvəl evin əsas hissəsi və damı yanıbmış. Qabaq tərəfi isə tamam köhnəlib, əvvəlki evə qətiyyən oxşamır. Yağışın, qarın döyəclədiyi taxtalar çürüyüb, qaralıb. Küləklər dəlik-deşikdən sivişib at oynadır. Amma nə doğma bir hava var bu həyətdə. Dörd bir yanında ucalan daş binaların heç birində tapa bilməzsən bu havanı, bu istiliyi. Evin sahibəsi, 94 yaşlı Şura xala kandarda oturub. O xırda-mırda, zərif cizgili qadın bir az da balacalaşıb. Kövrəlirəm. Elə bilirəm, mən bu evdən ayaq kəsəndən Şura xala kandarda oturub gözünü taxta qapıdan çəkmir, yolumu gözləyə-gözləyə qalıb...
   
   Gözləri pis görmür, amma qulaqları xeyli ağır eşidir. Gültəkin sanki qışqıra-qışqıra soruşur:
   
   -Mama, tanıyırsan bunu?
   
   Əllərimdən tutub diqqətlə üzümə baxır. Birdən gözləri parıldayır.
   
   -Tanıdı, tanıdı... Sana qurban olaram,- bir də başdan-ayağa süzür,- san da qocaldı, amma gözəlliyi itirmədi. Man sani çox istayirdım...
   
   Yetmiş ildən çoxdu Azərbaycanda yaşayır, hələ dilimizdə təmiz danışa bilmir. Amma məni çox istədiyini düz deyir. Uşaqlıqda hər üzümüzə gülənin, başımızı sığallayanın bizi çox istədiyinə inanırıq. İllər ötdükcə anlayırıq ki, bu sevgi, istək deyilən şey bəlkə də dünyamızda ən qıt olanlardı, ən az tapılanlardandı. Bu evdə isə hamı məni çox istəyirdi. Həqiqətən, təmənnasız...mən də buna həmişə inanmışam. Uzun illər görüşməsək də...
   
   Evin kiçik qızı Sevil iş yoldaşım idi. Redaksiyada makinaçı işləyirdi. Yarı gürcü, yarı azərbaycanlı qanından yaranmış qeyri-adi gözəl bir qız idi. Ucaboylu, nərmənazik, uzun qara saçlı bu gözəlin xasiyyəti də görkəmi ilə çox uyuşurdu. Saf, səmimi, nazlı-qəmzəli, hər cür hiylə və riyadan uzaq...Bu saydıqlarım onu makinaçıdan çox pianoçuya bənzədirdi... ( İndi bu sətirləri yaza-yaza fikirləşirəm ki, uzun illər müxtəlif peşə sahibləri, sənət adamları haqqında tərif yazılarını Sevilə diktə eləmişəm. Arada dayanıb mövzudan uzaqlaşır, ordan-burdan danışıb- gülərdik. İndi isə növbə onun özünündü. Hardasan, ay cavanlıq?!)
   
   Sevilə qoşulub bu qapıdan çox girmişəm. Həmişə də yerim halal çörəkli süfrənin yuxarı başında olub. O zamanlar ailələrimiz eyni taleyi, ağrı-acıları yaşayırdı. Təfərrüata varıb mövzudan uzaqlaşmaq istəmirəm. Bircə onu demək istəyirəm ki, o günlərdə yaşadıqlarımız, çəkdiklərimiz cavan ömrümüzdən çox şeyləri kəsib apardı... Bir də geri dönməyəcək, yeri dolmayacaq çox qiymətli, dəyərli ola biləcək anları...
   
   İndi maydı. Nə qədər gül-çiçəklə bəzəsək, şəninə şeirlər qoşsaq da, on iki ayın ən ağırı, uğursuzudu may. Yəqin ki, bu yerdə Şura xala mənimlə razılaşmaz. Nə olur-olsun, bu ayı çox sevir Şura xala. Çünki dünyanın az qala yarısını qana boyayan faşizm məhz bu ayda öz yuvasında susdurulub, məhv edilib. Yəqin hiss elədiniz. Bəli, bəli, mənim zərif, sevimli Şura xalam İkinci Dünya savaşının iştirakçısı olub...
   
   Məni isə hələlik onun Gürcüstandakı həyatı maraqlandırır. Bilmək istəyirəm, on yeddi yaşlı qızı o cənnətməkan yerlərdən günəşin yandırıb- yaxdığı Muğana gətirən hansı qüvvə, hansı istək olub?! Vallah, mənim bir insan kimi qəribəliklərim çoxdu. Nədənsə, adamı Vətəndən, torpaqdan, doğmalardan ayıra biləcək heç bir hissə, duyğuya inanmağım gəlmir. Amma nə olsun ki,... Görə-görə gəlirik...
   
   
   
   ***
   
   1916-cı ildə Batumidə anadan olub. Anası Valenti knyaz nəslindənmiş. Ana babası Simona Qamxrelidzenin adını hələ də iftixarla xatırlayır. (Bir də Sevil Tbilisiyə, Eteri xalasıgilə getmələrindən danışardı...) Vəssəlam. Qoyub gəldiyi doğmaları barədə ancaq bunları öyrənə bilirəm.
   
   Rəqs dərnəyinə gedirmiş. Bir dəfə Tbilisiyə konsertə gəlirlər. Bakının Gənc Tamaşaçılar Teatrı da orada qastroldaymış. Aktyorların arasında mavi gözlü bir oğlan baxışlarını ondan çəkmirmiş...
   
   - Mənə çox baxırdı. Mən də çox gözəl idim...
   
   İlahi, görəsən, qadınlar öz cavanlıqlarını xatırlayıb gözəl olduqlarını dilə gətirəndə niyə bu qədər işıq saçırlar?! Nə hikmət, nə sirr var qadın gözəlliyində?! Üstəlik, hər qadın özünün daha bənzərsiz, təkrarsız olduğuna nədən bu qədər əmindi?! Yəqin ki, hər qadının balasından sonra ikinci sevgisi, heyranlığı öz gözəlliyidi. Bunun özü də açılmamış bir sirr, kəşf olunmamış bir aləmdi...
   
   -Ona qoşulub gəldim. Və Azərbaycanı sevdim...
   
   Bu sözləri çox təmiz dedi...
   
   Qalxıb əlləri titrəyə-titrəyə çox-çox uzaqlarda qalmış o gözəlliyin nişanələrini axtarır. Şkafları, tumboçkaları töküb-töküşdürür, bir şey tapa bilmir. Əllərini üzüb oturur. Əlinə keçən rəhmətlik Yəhya müəllimin şəkilləridi. Bir zamanlar mən bu evə tez-tez gələndə Yəhya müəllim özü də bu şəkilləri qürur və həsrətlə dönə-dönə mənə göstərmişdi. Cəfər Cabbarlının "Aydın"ında, "Od gəlini"ndə, "Oqtay Eloğlu"sunda oynadığı rolların şəkillərini həmişə döş cibində gəzdirərdi Yəhya müəllim. Çox böyük sənət fədaisi idi. Amma bu yerlərdə kimsə onu başa düşüb qiymətləndirmədi...
   
   Düz yetmiş səkkiz il bundan qabaq mavi gözlü aktyora qoşulub Bakıya gəlir. Bir il paytaxtda yaşayırlar. Cəfər Cabbarlıgillə qonşu olurlar. Yəhya Rzayev böyük dramaturqun əsərlərində oynayırdı. Şura xala dramaturqun oğlu Aydını xatırlayır. Deyir, sonralar da xəstələnəndə həmişə Aydınla həkimin yanına gedirdik...
   
   Sonra Yəhya müəllimi Ağdam Xalq Teatrına işləməyə göndərirlər. Şura da uşaq bağçasında işə girir. 1942-ci ildə müharibəyə göndərirlər. Deyir, əslində mən getməli deyildim. Bir qız vardı, onu aparacaqdılar. Nişanlısı milisdə işlədiyinə görə, onun əvəzinə məni göndərdilər cəbhəyə. İyirmi yeddi yaşlı gəlin zenit artilleriyasında xidmətə başlayır. Yaponiyada olub. Cəbhə həyatı dörd il çəkir...
   
   Artıq köhnəlmiş, paslanıb qaralmış medalları ortaya tökür. "Almaniya üzərində qələbəyə görə", "Yaponiya üzərində qələbəyə görə", "Qafqazın müdafiəsinə görə" və s. medallar, döş nişanları. İndi adama mənasız, əhəmiyyətsiz görünən bu dəmir parçaları Şura xalanın ömrünün ən gözəl çağlarının bu gün heç nəyə yaramayan qiyməti, əvəzidi...
   
   
   
   ***
   
   Mən Şura xalanın ömrünü gürcü xoruna bənzədirəm. Buynuzda şərab içib keflənən gürcü kişilərinin ağız-ağıza verib oxuduqları bənzərsiz, təkrarsız gürcü xoruna. Əvvəl biri başlayır, sonra ikincisi ona qoşulur, ardınca üçüncüsü, dördüncüsü, nə bilim, neçəncisi... Səslər gah uzanır, gah kəsilir. Gah kədərli, gah şux olur, gah da həzin, mülayim, hərdən də acıqlı, qürurlu. Bir sözlə, bütün Qafqaz öz əzəmətiynən ehtiva olunur bu xorda, bu səslərdə...
   
   Bir də düşünürəm ki, Şura xala Gürcüstanda yaşasaydı, ömrü başqa cür olacaqdı. Deyə bilmərəm, necə olacaqdı, amma ən azından belə qocalmayacaqdı. Taleyin qələmi sürətlə şütüyəndə cızıqdan çox qırağa çıxır. Cəzasını da tale sahibi çəkir. Ömür yelkənini sellər, sular çox səmtlərə yönəldir...
   
   O, tənha deyil. Yaxşı oğlanları, qızları var. Tez-tez baş çəkir, qayğısına qalırlar. Hansımızın yanında yaşasa, göz üstündə yeri var, deyirlər. Ancaq Şura xala bu evdən qırağa çıxmaq istəmir. Son mənzilinə də buradan getmək istəyir.
   
   Çünki bu evdə onu hər şeyindən-torpağından, doğmalarından keçərək yuxusuna belə girməyən yerlərə gətirən o cavan, mavi gözlü aktyorun ruhu dolaşır...

TƏQVİM / ARXİV