YUSİF NƏĞMƏKARIN 60 YAŞI

VAQİF YUSİFLİ
45432 | 2015-06-17 09:05
Ona şeir aləmində ilk xeyir-duanı böyük şairimiz Rəsul Rza verib. "Ədəbiyyat və incəsənət" qəzetində şeirlərinə "Uğurlu yol" yazıb. Sonra Xalq şairi-unudulmaz Bəxtiyar Vahabzadə-heç bir istedadlı şairə biganə qalmayan, hər bir gənc şairin özünəməxsus fərdi aləmini irəlicədən duyan poeziya müəllimi şeirlərindən məhəbbətlə söz açıb. Və təbii ki, tənqidçilər də onun yaradıcılığı haqqında məqalələr yazıblar-bu Əsəd Cahangirin "Brendə çevrilən sözlər"i, bu Nizaməddin Şəmsizadənin "Poetik sözün sehri", bu da bizim "Ucalıq yolunda" yazılarımız. Başqa yazılar da çoxdu və bu gün böyük poeziya meydanında onun da səsini eşidirik və heç bir şairin səsinə oxşamır o səs. Elə yazılan məqalələrdə də bu fikir incələnib ki, o, heç kimə oxşamır.
Onun səsi qardaş Türkiyədən, şeir müsabiqələrindən, təntənəli poeziya-musiqi məclislərindən gəlir. Lap bu yaxınlarda "Çanaqqala" poemasına görə keçirilən poeziya yarışmasında birinci mükafata layiq görülüb. Amma Azərbaycanda-öz vətənində ona və şeirlərinə olan sayğılar daha çoxdu. Şeirlərinə mahnılar bəstələnir və bu gün onlarla bəsit mahnı mətnlərini utandıra biləcək qədər urvatlıdı o mahnılara yazılan şeirlər.
Şeirə könül verdiyi gündən dərk edib ki, dünyanın ən zərif, ən incə sənəti məhz poeziyadır. Burada - bu aləmdə əbədi sakin olmaq üçün İSTEDAD lazımdır və bu istedadı qoruya bilmək, onu daim cilalamaq bacırığı və o, iyirmi yaşından altmış yaşına qədər bu mənəvi yükün əzabına, əziyyətinə qatılaşmağı bacarıb.
Ötənlərdə yazılan bir məqalədə oxumuşam ki, şeirin bir qanunu var: fikir ifadə ilə birdən gəlməlidir. Əvvəl fikir, sonra ifadə gəlirsə şeir yaranmaz. Şairin başında bir fikir doğursa, o kağıza köçürülmək üçün ürəkdən keçməli, özünə məxsus ifadə şəklini tapmalıdır. Marks da cavanlığında şeir yazırmış, lakin o, şeirlərinin bədii olmadığını anlamış, onları inkar etmişdir. Öz şeirlərinin əsas nöqsanlarından birisini Marks bunda görürdü ki, hisslər dağınıq, formasız bir şəkildə ifadə edilmişdir. Fikir o qədər pis ifadə edilmişdir ki, mənası başqalaşmışdır, deyilməsi, ifadə olunması lazım olan şeylə deyilmiş arasında heç bir uyarlıq yaranmamışdır, buna görə də şeir təbii deyil, süni çıxmışdır, poetik obrazlar əvəzinə ritorik mühakimələr yaranmışdır.
Onun əksər şeirlərində fikir, məna öz poetik ifadəsilə diqqəti cəlb edir və bu cəhəti onun şeirlərindən söz açan müəlliflər də qeyd eləmişlər. Yalnız bircə misal göstərəcəyəm. Bəxtiyar Vahabzadə yazır: "Məsələn, "Qanun" adlı bir şeiri var, mənim çox xoşuma gəldi. Balaca bir şeirdi, deyir:

Qızılgülün budağında
tikan bitib,
Qaratikan kolunda
yaşıl, sığallı yarpaq.
Zərifliyi qoruyan sərtliyə,
Sərtliyi gizlədən
zərifliyə bax!..

Nə qədər gözəl! Çox qəribədir. Niyə qızılgüldə, bu qədər zərif olan qızılgüldə tikan bitir, amma qaratikan kolunda isə yaşıl, sığallı yarpaq?!
İlahi, bu, təbiətin möcüzəsidi?! Bu təzadda nə qədər fəlsəfi məna gizlənir. Bax, bu fəlsəfi mənanı tapmaq və onu şeirləşdirmək hər şairin işi deyil. Bu şairliyin birinci əlamətidir".
Onun bir şair kimi formalaşmasında, şeirin çətin yollarında cürətlə addımlamasında Bəxtiyar Vahabzadənin böyük rolu olub. Söyləyir ki, Bəxtiyar poeziyası onun üçün məktəb olub, bu məktəbdə şeiri necə yazmaqdan tutmuq nədən yazmağa, mətləbi hansı bədii formalarla ifadə etməyə, sözü şeirə, şeiri poeziyaya çevirməyə qədər çox şeylər öyrənib. Söyləyir ki, Bəxtiyar Vahabzadə - o nadir şəxsiyyət həm də canlı ünsiyyət simvolu idi, dəfələrlə zəngləşirdik, məni evinə çağırırdı, şeirlərimi dinləyirdi, dəyərli məsləhətlərini verirdi, bir neçə dəfə bizim ailənin də qonağı olub.
Bəxtiyar müəllimin vəfatından sonra o, təxminən iki min beş yüz misralıq "Bəxtiyar" poemasını yazdı. Bu poema Azərbaycanın XX əsrdə yetirdiyi bir poeziya nəhənginə həsr olunan ilk və hələlik sonuncu poemadır. Lirik-epik səpgidə olan bu poema təkcə Bəxtiyar poeziyasına və onun şəxsiyyətinə böyük məhəbbətin ifadəsi deyil, həm də həyatı təzadlar içində keçən bir millət fədaisinin bizə nisbətən az məlum olan tərcümeyi-halının bəzi məqamlarını da açıqlayır.
Belə bir ifadə var: "Nikbin faciə". "Bəxtiyar" poemasının qayəsini əslində, bu ifadə daha dolğun əks etdirir. Altmış il idi biz o böyük insanı - o poeziya ustadını - o millət fədaisini qarşımızda görürdük, o, qəlbimizə girib ruhumuza hakim idi. Xalqın ən ağır günlərində beş adamdan biri idi ki, ona üz tuturduq. Amma indi cismən mövcud deyil. Təbii ki, "Dünyaya gəlmək getmək üçündür, bu, nə qəmdir" (Seyid Əzim Şirvani). Amma böyük insanların gedişiylə mənəvi dünyamızda bir sarsıntı, bir kədər ümmanı yaranmırmı? Amma Bəxtiyar Vahabzadə ölümü yalnız fiziki itkidir və o itkidən "Bəxtiyarsızlıq" yaransa da:

Dil naminə cürət dedi,
Keçmişinə hörmət dedi...
Bəxtiyara rəhmət dedi
Bu Ana dil Bəxtiyarsız.

Becərib idrak zəmini,
Yaşat hikmət aləmini,
Ürəyin sarı simini
Ürəkdə çal Bəxtiyarsız...

Bulud kimi dolan xalqım,
Hər haqqa yar olan xalqım.
Bəxtiyarsız qalan xalqım,
Bəxtiyar ol, Bəxtiyarsız!...

Nəhayət, mən sizi səbirsizlikdən xilas edib o şairin adını çəkirəm: Yusif Nəğməkar. 60 yaşı tamamdır. Mübarək olsun!
Yusif Nəğməkar (Yusif Məhəmməd oğlu Mədətov) Beyləqanın I Aşıqlı kəndində, dindar bir ailədə dünyaya göz açıb.
Beyləqan deyəndə geniş bir çöllük, Aran torpağı, böyük düzənlik yada düşür və bəziləri deyir ki, sənət adamları əsasən dağlıq rayonlarda, ya da təbiəti göz oxşayan bölgələrdə yetişir. Amma təbii ki, bu fikir kökündən yanlışdır. Heç olmasa XII yüzillikdə yaşayan Mücirəddin Beyləqanini xatırlayın (1130-1194). Onu da xatırlayın ki, həmin əsrdə Beyləqan şəhəri yalnız Azərbaycanın deyil, bütün Yaxın və Orta Şərqin siyasi, iqtisadi baxımdan inkişaf etmiş elm, mədəniyyət və ticarət mərkəzlərindən biri idi. Elə Mücirəddin Beyləqani qəsidələrinin birində yazmışdı ki: "Bu söz (şeir) Xorasan torpağına tənə edirsə, Yeri var, baxmayaraq ki, Misirin torpağı Beyləqandan zühura gəlmişdir". Azərbaycanın hər bir bölgəsindən, rayon və kəndindən şair də, rəssam da, musiqiçi də yetişib və Beyləqan da istisna olunmur. O çöllükdən, o düzənlikdən, təbiəti bir az xəsis olan o məkandan da tanınmış şairlər, bəstəçilər, incəsənət adamları, elm və maarif xadimləri yetişib və Yusif Nəbməkar da belə bir torpağın yetirməsidir. APİ-nin filologiya fakültəsini bitirəndəen sonra altı il o rayonda müəllimlik edib. Və sonra Bakı həyatı. Üz tutub Azərbaycan Radio və Televiziya Şirkətinə, ştatdankənar müxbirdən böyük redaktorluğa qədər bir yol keçib. İlk kitabı 1984-cü ildə çapdan çıxıb: "Sazın işığında". Mən bilmirəm, məlumatım yoxdu, onun doğulduğu kənd-Aşıqlı-doğrudanmı aşıq məskəni olub? Mən Beyləqandan tanınmış bir aşıq çıxdığını eşitməmişəm, amma onu bilirəm ki, Yusif özünə bica yerə "Nəğməkar" təxəllüsü seçməyib.
Əvvəla, onun şeirlərinin əksəriyyəti nəğmə ahəngindədir, yəni şeirləri ritm və melodiya ilə nəfəs alır, ikincisi Yusif xeyli mahnı mətnlərinin müəllifidir, üçüncüsü, o, Azərbaycanın və qardaş Türkiyənin ən məşhur müğənniləri ilə dostluq edir (misal üçün İbrahim Tatlısəslə, Niyaməddin Musayevlə), dördüncüsü, özü, heç bir ustada-müəllimə ehtiyac duymadan saz çalmağı öyrənib və insafən, onun sazda ifa elədiyi havalar neçə konsert salonlarında səslənib və alqışlarla qarşılanıb. Deməli, qismən də olsa, "Nəğməkar" təxəllüsüni niyə seçməyi aydınlaşır. Amma bu yazıda mən Yusif Nəğməkarın gözəl ifaçılığından yox, qısaca da olsa, şair kimi özünəməxsusluğundan söz açmaq istəyirəm.
Onun belə bir şeiri var: "Mən Vətənə oxşayıram".

Gözlərimdən həsrət baxır,
Mən Vətənə oxşayıram.
İçimdən qara qan axır,
Mən Vətənə oxşayıram.

Ağ günüm qara bağlanıb,
Gümanım hara bağlanıb?!
Vücudum Qarabağlanıb,
Mən Vətənə oxşayıram.

Qızıl hikkəm, göy cəngim var,
Yaşıl məslək ahəngim var-
Bayrağımtək üç rəngim var,
Mən Vətənə oxşayıram.

Onun "Alın yazım", "Bəsirət gözəli", "Qələm səsi" kitablarında həmin nidanın müxtəlif variasiyalarda səsləndiyini eşidirik. O, ustadı Bəxtiyar Vahabzadə kimi azərbaycançıdır və azərbaycançı şairin ruhunda nə varsa, onu poeziyanın ruhuna çevirməyə can atır.
Poeziya ilə tarixin, bunların hər birinin funksiyası bir-birindən fərqlidir və o şey ki, tarixçi izah edir, şairdə o izah yoxdur. Qədim dövrün yazıçısı Lukan deyirdi ki: "Şeirin və poetik əsərlərin vəzifələri bir başqadır, tarixininki isə, bir başqa. Orada (şeirdə) tam azadlıqdır və yeganə bir qanun vardır: şairin iradəsi. Çünki o, ilahi bir qüdrətə malikdir və ilham pərisinin hakimiyyətinə tabedir". Məsələn, Babək hərəkatından söz açanda tarixçi heç zaman deməz ki, "Onun (Babəkin haqq yürüşündə Əsrlər tapdalanıb, Gələcək yanğısıyla Keçmiş oda qalanıb. Azadlıq deyənlərin, Beyinləri qan olub, Yüz illər bir an olub. O, Babək sürətiydi. O müqəddəs sürətə Biz əl qata bilmərik. İgidliyin, ərliyin Babək zirvəsinə hələ çata bilmirik". Bunu ancaq şair deyər. Poeziya məhz igidliyin, qəhrəmanlığın obrazını yaradır və Yusif Nəğməkarın da şeir və poemalarında bu xətt aparıcıdır.
Yusif Nəğməkar çox məhsuldar işləyir. Bu "məhsuldar" sözü Sovet dönəmində çox işlənirdi. Amma sözə, poeziyaya bağlı olan, həyatını onsuz təsəvvür etməyən bir şair üçün bu söz heç də yasaq deyil. Təki ortada özünü, indiyə qədər yazdıqlarını geriləməyən, aşağılamayan nümunələr olsun. O, hər şeydən yazır, amma təsirlənib yazır. Övladları olmayan ər və arvad bir oyuncaq mağazasının qarşısında "yandılar için-için. Axı nə alaydılar Körpəsiz bir ev üçün?!". Atasızlığın, anasızlığın qəmli anlarını yaşayır:

Ata, göz yaşlarım soyuduğundan
Bu soyuq yağmurdan solubdu torpaq.
Torpaqda anamla uyuduğundan
Anamız, atamız olubdu torpaq.

Palıd dözümündən yazır. Həmin o palıd ki, "Tufan əsərdi başında İldırımlar ona xoşdu". Amma o palıd "Dözsə də şimşək qılınca; Dəli gurşada, yağışa Palıd tablaya bilməyib Tək bircə soyuq baxışa". Uşaq qəbirlərinə baxır və kövrək bir şeir yaranır: "Qəbirlərin ən böyüyü uşaq qəbridir-Uşaqlar böyümədən öldüyü üçün". Parçalanmış Azərbaycanın bir olacağı günü gözləyir: "Araz xalı-ulduzlu Ay,Qoşa Nura arama tay, Birləşməsə o tay-bu tay, Ondan Azərbaycan olmaz". "Yedək" şeirində bu sözü yozmağa çalışır: "Gözü çıxarmadan qaşı qayıran Yedəksiz ağıl da min deyil, təkdi. İnsanı özündən çəkib ayıran Bir şeytan əli var-o da yedəkdi". "Koroğlu parkında kaman çalınır" şeirini onun ən uğurlu şeirlərindən biri sayıram. Bir soyuq havada bir kasıb adam kaman çalır. Qəpik-quruş qazanır. Koroğlunun ruhu oda qalanır. İgidlik, qəhrəmanlıq simvolu və ehtiyacın möhtaca döndərdiyi bir fəqir. Paradoks deyilmi? Yusif Nəğməkarın şeirlərinidə bir motiv də bax elə, dünyanın bu zalım təzadlarıdır.
Onun poemaları da ayrıca söhbətin mövzusu ola bilər. "Vəslin edamı" keçmiş və gələcək zamanları birləşdirən bir məhəbbət tarixçəsidir. "Sizli" poema-anımı ustad Rəsul Rzaya həsr edilib.
"Şər Şənbə" poemasını 20 yanvar şəhidlərinə həsr edib. Təsirli poemadır. Poetik ruh etibarilə B.Vahabzadənin "Şəhidlər"i ilə səsləşir.
Yusif Nəğməkar hər vəzndə yazır. Amma heca onun ilhamına daha uyalıdır.
Mən onun şeirlərindəki orijinal təşbehlərdən, metaforalardan söz açmadım. Şeir sənətinin texnologiyasını, şairin şairliyini açıqlayan onlarla təzə bədii təsvir vasitələri ilə qarşılaşarsınız onun şeirlərində.
Bir sözlə, qırx illik poeziya yolunda o, bu şirin əzaba qatlaşıb və bu yazıda da o əzabları yada saldıq.
 

TƏQVİM / ARXİV