adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

BƏLKƏ BİR QƏDƏR DÜŞÜNƏYDİNİZ?..

BABƏK YUSİFOĞLU
43771 | 2015-06-17 08:10
BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com


Bu gün Azərbaycanın Türkiyə sevgisini nə ölçüb-biçəməyə, nə də təhlil etməyə heç bir ehtiyac yoxdur. Çünki insanların duyğularındakı bütün incəlikləri müdrikcəsinə söylənən - Bir millət iki dövlət - kəlamı özündə uğurla ehtiva edir. Azərbaycanın acıları, sevincləri Türkiyənin, Türkiyənin acıları sevincləri Azərbaycanındı. Və bu daim belə də olacaq.
Amma günümüzdə elə hadisələr olur, onunla barışa bilmirsən, yaxud ürəkləri göynədən sözlər danışan elələri tapılır ki, susub üstündən keçməyi bacarmırsan. Əlbəttə, bu cür təsadüfləri ciddiyə almağın, hansısa maraqlar üzündən qərəzlə deyilmiş kəlmələrə diqqət verməyin tərəfadarı olmasam da bu günlərdə Türkiyə ana müxalifət partiyası - CHP-nin baş katibi Gürsel Təkinin verdiyi açıqlamalarda Azərbaycanın adının hallandırmasına laqeyid qala bilmədim.
Məlum olduğu kimi Türkiyədə iyunun 7-də parlament seçkiləri keçirildi və bu zaman AKP yenidən hökumət qurmaq yetkisini qazanmaq üçün hədəflədiyi 276 millət vəkili toplaya bilmədi. Və bu gün partiya olaraq Böyük Millət Məclisində təmsil olunan AKP-ylə bərabər CHP, MHP və HDP-nin də təklikdə belə bir imkanı yoxdur. Siyasi ekspertlərin fikrincə bu, yalnız koalision hökumət qurmaq razılığından sonra mümkün ola bilər. Amma bu da çox kolay görünmür. Hətta AKP-ni, xüsusiylə də Ərdoğanı hakimiyyətdən kənarlaşdırmağı çox istəyən müxalif qüvvələr üçün də.
Türkiyədə diktatura rejimini bərqərar etmək yolunu seçmiş Rəcəb Tayyib Ərdoğanın planlarını alt-üst edərək ölkəyə barışı, hüququn üstünlüyünü, insan haqlarını, əmin-amanlığı gətirmək naminə olsa da birləşə bilməyən müxalif partiyaların sırasında indi elələri var ki, günahı başqa yerlərdə aramağa cəhd edirlər.
Əvvəldə qeyd etdiyim kimi, AKP-nin yenidən təkbaşına iqtidar olması üçün bütün mümkün və qeyri-mümkün vasitələrdən yararlanmağa çalışan Ərdoğan hakimiyyətinin hər şeyə əl atacacağını söyləyən Gürsel Tekin deyib: "Bizim üçün namus anlayışı çox əhəmiyyətlidir. Heç kimin millət iradəsi ilə aldığı mandatı, millətin iradəsini, öz namusunu bazara çıxarıb satacaq qədər alçaq düşüncə içində olmasını düşünə bilmirəm. CHP-də belələri qətiyyən ola bilməz.
Ancaq MHP və HDP-də olacağına da milyonda bir ehtimal verə bilmərəm. AKP iqtidarda qalmaq üçün insanları sadəcə pulla deyil, başqa şeylərlə də sıxışdıra bilər. Hər cür çirkin yollara əl ata bilərlər. Ancaq AKP üçün 30-40 milyon dollar heç nədir. Haram iş adamlarının gələcəyi ortaya qoyulub. Haram iş adamları bu işə hazırdır. Pullar Qətərdə, Azərbaycanda hazırdır". (qaynar.info)
Çox qəribədir, görəsən CHP-nin baş katibi haram iş adamlarının Azərbaycanda hazır olduğunu haradan bilir? Bu cür məlumatı belə kəsinliklə bəyan etmək üçün o, hansı qaynaqlara əsaslanmışdır? Və nədən bunların anonim variantını seçmişdir? Gürsel bəy Azərbaycanda haram pullar barədə belə dəqiq informasiyalara malikdirsə onları niyə aidiyyəti hüquq-mühafizə orqanlarına yox, jurnalistlər verir?
Bu reaksiyamdan heç də elə çıxmasın ki, mən sadəlövhcəsinə Azərbaycanda haram pulların olduğuna, haram işlərin görüldüyünə inanmıram, bunları ümumiyyətlə inkar edirəm. Xeyr. Dünyanın hər yerində, bütün ölkələrdə əliəyrilərin, haram qazanc əldə edənlərin olduğunu məndə bilirəm. Və belələri Azərbaycanda da var. Və biz zaman-zaman o cür adamların cəzalandıqlarını da görmüşük.
Amma Türkiyədki haram pulları, iş adamlarını deyil, Azərbaycanda olan haram pulların qardaş ölkənin siyasi hakimiyyətinin quruluşuna təsir üçün istifadə edilməsini vurğulamaq, buna diqqət çəkmək - özü də əsassız yerə - sıradan bir suçlama deyildir. Bu, dolayısıyla Azərbaycanın Türkiyədəki hakimiyyət mübarizəsinə təsir göstərmək iddiasında bulunmaqdır. Özü də namussuz pullar vasitəsiylə. Bu tam yalan, özü də ağ yalandan başqa bir şey deyildir. Və Azərbaycanı bu sayaq suçlamağın özü namussuzluqdur.
Gürsel Təkin CHP-nin baş katibi kimi yaxşı olar ki, əvvəlkindən daha az səs topladıqlarının səbəblərini araşdırsın. Kimlərin seçki kompaniyasında yalandan "çalışdığını", partiyanın lideri Kemal Kılıcdaroğlunun yalandan arxayın edildiyini, hətta sədrlik kürsüsündə gözü olanların - az səs toplansın və Kemal Kılıcdaroğlu istefa versin - deyibən xəlvət iş gördüklərini aşkara çıxarsın. İstanbulda oturub Azərbaycandakı haram pulların Türkiyə siyasətinin "düzəni" üçün hazır gözlədiyi yalanları ilə oynamasın.
CHP 25 faiz oy toplayıb. Gürsel bəy, bir düşünün, Ulu öndər, Böyük Qazi Mustafa Kamal Atatürkün partiyasını kimlər bu günə qoyub? Siz nədən Türkiyənin başına min cür bəlalar açan AKP hakimiyyətindən az səs qazanırsız? Əmin olun ki, Türkiyənin bu hala gəlməsində siyasət adamı kimi həpiniz sorunlusunuz. Oturun bunların haqqında düşünün. Mənasız sözlər konuşub Canınız qədər sizə yaxın və doğma Azərbaycanı incidəcək sözlər kullanmayın! Ölkəmiz əleyhinə aparılan qərəzli kampaniyaya qoşulmayın. Axı ən azı Sizin də cibinizdə Böyük Atatürkün yaratdığı partiyanın vəsiqəsi var. O Atatürkün ki, Azərbaycanı da Türkiyə qədər sevib...
Heç nəyə baxmadan Azərbaycan həmişə Türkiyənin yanındadı, yanında da olacaq!

TƏQVİM / ARXİV