adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

SiRLi ŞiFRƏLƏR

BABƏK YUSİFOĞLU
55224 | 2011-11-29 08:16
Söhbət şifrələrdən, açar sözlərdən, özü aşkar, mənası, mahiyyəti naməlum mətnlərdən... düşərkən heç də elə zənn etmək lazım deyil ki, onun tarixi cavandır. Xeyr. Bunların tarixi çox qədim zamanlaradək gedib çıxır. Hətta bir qədər də konkretləşdirsək, mənası gizli, müasir dillə ifadə etsək, şifrələrin başlanğıcı bizim eradan da əvvəllərə aid edilir. Elə tapmacaları, qıfılbəndləri, bilməcələri, atributlarla, əşyalarla göndərilən sözsüz, mənası məxfi saxlanması vacib olan məktubları... şifrələrin ulu əcdadları hesab etmək olar. Azərbaycan ədəbiyyatında da lap ibtidai dövrlərdən başlayaraq poetik şəkildə bunlardan geniş istifadə edilib. Və bunların nümunələrini saymaqla qurtarmaq mümkün deyil.
   
   Düşünmək olar ki, bu gün dünyanın yeddi möcüzəsi adını almış qeyri-adi abidələr - Misir ehramları, Semiramidanın asma bağları, Efesdə Artemida məbədi, Olimpiya Zevsin heykəli, Qalikarnas mavzoleyi, İskəndəriyyə mayakı, Koloss Rodssk abidəsi də, yaxud dünyanın digər yerlərində insanlığın zəkasına sığmayan nümunələr də hansısa sivilizasiyanın qoyub getdiyi önəmli şifrələrdir ki, bu günədək onların sirrini açmaq, gerçəklərini bilmək kimsələrə müəssər olmamışdır. Əlbəttə, bu haqda söz açarkən biz Allahın yaratdığı saysız-hesabsız möcüzələri nəzərdə tutmuruq.
   
   Hazırda insanlıq kompüterin, internetin yaradılmasından sonra şifrələrin açılması sahəsində ən müasir texnologiyalara, sistemlərə malik olsa da hələ də haqqında söz açacağımız sirli şifrələrin açılması üçün baş sındırmaqdadır. Yəni onlar üzərində işdən indiyədək heç bir sonuc alınmamışdır. Baxmayaraq ki, həmən sirli şifrələrin müəllifləri insanlar olmuşdur.
   
   Böyük Britaniyada nəşr olan "The Daily Telegraph" qəzeti mütəxəssislərin, alimlərin rəylərindən çıxış edərək indiyədək heç bir üsulla açılması mümkün olmayan belə şifrələrdən bəhs edən maraqlı məlumatlar dərc edib. Materialda açılmayan ən sirli 10 şifrənin siyahısı verilib. Və onlar haqqında verilən məlum bilgilərin özü də çox diqqət çəkən, çox maraq kəsb edən faktlardı. Burada ən maraqlı cəhətlərdən biri də odur ki, bu şifrələrin heç də hamısı, hətta belə demək mümkünsə, əksəriyyəti insanlığın qədim dövrlərinə aid deyil. Və ötən böyük zaman kəsiyi tədqiqatın işində əsas maneə rolunu oynamır. Sirli şifrələrin ən yaxın keçmişimizdə olanları da mövcuddur.
   
   
   
   I. Krit adasında tapılan Fest diski
   
   
   
   Aralıq dənizinin şimalında yerləşən və ən böyük adalardan biri Krit adasıdır. Və bu ada ən qədim mədəni abidələrlə zəngin olan insan məskənlərindən biri sayilir. Bir sıra alimlərin fərziyyələrinə görə, Kritdəki mədəniyyət, tarixi abidələrin yaşı hətta eramızdan əvvəlki dövrlərə də gedib çıxır. XX əsrin insanları Kritə məxsus Fest şəhərində qədim dövrlərə aid olan və xüsusi gildən düzəldilmiş, sonralar şəhərin adı ilə adlandırılmış Fest diskini tapdılar. Belə ki, 1908-ci ildə məşhur italiyan arxeoloqu Luidci Perne Fest çar sarayı qalıqlarının üzərində iş apararkən diametri 15,8-16,5 santimetr, qalınlığı isə 1,6-2,1 santimetr olan məşhur tapıntını üzə çıxardı. Diskin hər iki üzü heroqliflərlə, müxtəlif cür işarələrlə örtülü vəziyyətdədir. Maraqlıdır ki, bu heroqliflər speralvari quruluşda diskin üzərində yerləşdirilmişdir.
   
   Mütəxəssislər bu heroqliflərin sırasında 45 növ işarəni təyin edə bilsələr də bu, orada "gizlənmiş" sirrin üzə çıxması üçün kifayət etməmişdir. İndi biz onlara heroqlif adı versək də bu işarələrin yalnız bir neçəsi Kritdə padşahlıq dövründən də əvvəlki vaxtlarda istifadə olunan heroqlif kimi özünü təsdiq etmişdir. Bu sirr dolu əşyanın quruluşu da çox qəribədir. Fest diskindəki şifrələrin üzərində uzun illərdir aparılan təhqiqatlar hələ ki, bir nəticə verməmişdir. Öyrənilən odur ki, Fest diskinin yaşı bizim eradan əvvəlki 1700-1550 illərə aiddir.
   
   
   
   
   
   II. Xətli məktub "A"
   
   
   
   Gil üzərində həkk edilmiş bu sirli məktub da məhz Krit adasında tapılmışdır. Və sonradan bu tapıntı məşhur britaniyalı arxeoloq Artur Evansın şərəfinə onun adı ilə adlandırılmışdır. Araşdırılmalar aparılsa da mətndəki şifrəli işarələrin mənası təyin olunmadı. Lakin 1952-ci ildə Maykl Ventris "A" Xətli məktubun ilkin mərhələsini açdı. O bundan ötrü yunan dilinin məlum olan ən qədim variantı - Miken dilinin sözlərindən istifadə etmişdi. Lakin bu açılışın özü də mahiyyətin nədən ibarət olduğunu ortaya çıxara bilmədi. Çünki buradakı yazılar elmə məlum olmayan hansısa dildə yazılmışdır. Hətta dünyada məlum dillərin heç biri ilə kiçicik əlaqəsi belə yoxdur. Belə ehtimal olunur ki, gil üzərində həkk edilmiş bu məktubun bu günlərədək gəlib çatması lövhənin yanğın nəticəsində "bişməsi"nə görə mümkün olmuşdur. Ya da o dövrün insanlarına gilin bişirilərək möhkəmlənməsi çoxdan məlum imiş.
   
   Bundan sonra alimlərin tapdıqları Xətli məktib "B" oldu. Bu məktubların ən maraqlı cəhəti odur ki, tapılan ikinci məktub birincinin köməyi ilə nəhayət deşifrə edilsə də Xətli məktub "A"-nın mətnini açmağa heç bir kömək etmədi.
   
   
   
   III. Kriptos-heykəltəraşlıq
   
   
   
   Həmin möcüzəli şifrə Amerika Birləşmiş Ştatlarında tapılmışdır. Özü də kimsənin ağlına belə gəlməyən məkanda. 1990-cı ildə amerikalı heykəltəraş Ceyms Senborn Birləşmiş Ştatların Virciniya ştatında - Lenqlidə Mərkəzi Kəşfiyyat İdarəsinin qərargah-mənzilinin ərazisində heykəlin açılışından başlayaraq qəribə müraciət müəyyən etdi. Şifrəli müraciət oraya ünvanlanmışdı.
   
   Lakin ən mürəkkəb şifrələri açmağa qadir olan sistemlər vasitəsi ilə MKİ-nin, FTB-nin ekspertləri, digər nüfuzlu mütəxəssislər yalnız ilk 3 seksiyanı qismən öyrənə bilsələr də sonrakı 97 simvolun şifrəsi iyirmi ildən çoxdur ki, sirr olaraq qalmaqdadır. Onunla bağlı yalnız müxtəlif ehtimallar, fərziyyillər vardır.
   
   
   
   IV. General Vanya verilən 7 qızıl külçə
   
   
   
   Bu şifrənin yaşı elə də tarixin dərin qatlarına, yaxud qeyri-adi mənbəyə gedib çıxmır. Onlar Çin qızıl külçələridir. 1933-cü ildə Şamxayda general Vanya verilən bu qızıl külçələrin üzərində qəribə şəkillər, işarələr vasitəsi ilə şifrəli məktub ünvanlanmışdır. Qərbəsi isə budur ki, həmin məlumatların şifrələnməsində həm də latın hərflərindən istifadə edilmişdir.
   
   Mütəxəssislərin fikrinə görə, bu latın hərfləri ABŞ-ın banklarından birinə aiddir və həmin qiymətli metalların əsl olduğunu təsdiqləyən işarətlərdir. Mətnin sirri açılmasa da onun qiyməti müəyyən edilmişdir. Yəni Çin heroqlifləri göstərir ki, bu qızıl külçələrin dəyəri 300 milyon dollardan çoxdur.
   
   
   
   V. Beylin Kriptoqramları
   
   
   
   Beylin Kriptoqramları üç şifrələnmiş məlumatlardan ibarətdir. Mətnin sirri hələ açılmasa da mütəxəssislər belə ehtimal edirlər ki, həmin məlumatlarda 1820-ci ildə ABŞ-ın Virciniya Ştatı, Bedford dairəsindəki Linçberq yaxınlığında qızıl axtaranlar tərəfindən yerdən çıxarılmış iki furqonluq qızıl, gümüş və qiymətli daş-qaşdan ibarət olan böyük bir xəzinənin yerləşdiyi məkan göstərilib. Hətta bununla bağlı müxtəlif cür versiyalar da uzun müddət dolaşmışdır. Bəzi adamların maraqlarına xidmət edən yalançı açılışlar da zaman-zaman üzə çıxmışdır.
   
   Əlbəttə, burada yeri sirli şifrə altında məxfi saxlanan xəzinənin dəyəri başlıca rol oynamışdır. Alimlərin hesablamalarına görə, gizli xəzinənin müasir pulla qiyməti 30 milyon dollardan çoxdur. Əvvəlkilər kimi bu şifrənin də açılışını kimsə bacarmadığından həmin xəzinəyə çatmaq xəyal olaraq qalmaqdadır. Lakin onu da qeyd edim ki, bəzi şəxslərin iddialarına görə, Beylin Kriptoqramlarının şifrəsi artıq açılıb, xəzinə ələ keçiriləndən sonra isə hər şey məxfi qalsın deyə şifrənin "açar"ı məhv edilmişdir. Lakin zaman-zaman belə versiyalar yaransa da sonralar əsaslı surətdə təkzib edilmişdir. Onu da qeyd etmək lazımdır ki, şifrə üzərində aparılan intensiv araşdırmalar bu gün də gedir.
   
   (Ardı qəzetin 6 dekabr sayında)

TƏQVİM / ARXİV