adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

"Azərbaycan bələdiyyəsinin fəaliyyəti heç bir sistemə uyuzmur"

İNTİQAM VALEHOĞLU
21842 | 2011-11-26 08:48
Noyabrın 30-da bəzi bələdiyyələrə təkrar seçkilər keçiriləcək. Amma yəqin siz də razılaşarsınız ki, nə əhali arasında, nə mediada, nə də mətbuatda bu mövzuya istənilən səviyyədə maraq yoxdur. Hətta belə demək mümkünsə, bələdiyyə seçkiləri prezident və parlament seçkilərindən sonra "üçüncü dərəcəli seçki" statusu daşıyır. Amma müsahibimiz, bələdiyyələr üzrə tanınmış ekspert Vüqar Tofiqliylə söhbətimiz bununla bağlı yox, bələdiyyələrin fəaliyyəti, bələdiyyə qanunvericiliyi, bu qurumdakı boşluqlar və digər məsələlər barədədir.
   
   
   
   "Bunlar elə boşluqlardır ki, bələdiyyələrin fəaliyyət göstərməsi üçün böyük məhdudiyyət yaradır"
   
   
   
   -Vüqar müəllim qarşıdan bir sıra bələdiyyələrə təkrar seçkilər gəlir. Sizcə hazırda bələdiyyənin qanunvericilik bazası nə vəziyyətdədir?
   
   - İndiyə kimi bələdiyyələrlə bağlı 20-dən artıq qanun, 200-dək normativ hüquqi sənədlər toplusu qəbul olunub. Yəni mövcud qanunvericilik bazası bələdiyyələrin fəaliyyətinə bu və ya digər formada şərait yaradır ki, onlar işləsinlər, üzərlərinə düşən vəzifələri yerinə yetirsinlər. 1995-ci ildən bu günə kimi qanunvericiliklə bağlı olan məqamlar təsdiq edilib, öz təsdiqini tapıb. Amma bəzi qanunlarda elə məqamlar var ki, onlar təkmilləşdirilir, dəyişdirilir. Ümumən bələdiyyələrin 12 illik fəaliyyətinə nəzər yetirdikdə görmək olur ki, qanunvericilikdə müəyyən boşluqlar həqiqətən mövcuddur. Bunlar elə boşluqlardır ki, bələdiyyələrin fəaliyyət göstərməsi üçün böyük məhdudiyyət yaradır.
   
   - Məsələn?
   
   - Bələdiyə Haqqında Qanunda əmlak dəyərinin hesablanmasıyla bağlı qanun var. Bələdiyyə Maliyyəsinin Əsasları Haqqında , o cümlədən Yerli Vergilər və Ödənişlər Haqqında Qanunda bələdiyyənin əsas maliyyə istiqaməti kimi fiziki şəxslərdən yığılan əmlak vergisi nəzərdə tutulur. Yəni fiziki şəxslərdən alınan əmlak vergisi yerli büdcəyə aid edilir. Amma orda hesablama qaydasında inventar dəyəri əsas götürülür. Həmin qanunvericilikdən irəli gələn məqamlar Vergi Məcəlləsində də öz əksini tapır.
   
   -Burda problem nədədir?
   
   -Problem ondadır ki, bu prosesin icrasında müəyyən məhdudiyyət var. Beş min manatadək inventar dəyəri olan əmlakdan hər hansı vergi tutulmur. Hansı ki, bu məhdudiyyətdir. İkincisi, əgər həmin əmlakın dəyəri milyonlarla ölçülsə belə, ondan yalnız inventar dəyərinə görə vergi tutulur. Məlumat üçün qeyd edim ki, bu sistem artıq nə Qərb ölkələrində, nə də keçmiş SSRİ məkanına aid olan respublikalarda tətbiq edilmir. Həmçinin qanunda göstərilir ki, bələdiyyə iyul-avqust ayında əhaliyə bildirişləri paylamalı və sentyabr-oktyabr aylarında icrasını həyata keçirməlidir. Amma burda da bir məhdudiyyət də var. Çünki il başlayır və bələdiyyə cari illə bağlı rüsumu yığmaq iqtidarında deyil. Qanunun bir maddəsində 3 məhdudiyyətin olması, istənilən halda onların fəaliyyətinə, büdcəsinin artmasına mənfi təsir göstərir. Həmçinin göstərilir ki, bələdiyyə konkret layihənin icrasıyla bağlı vergi yığımı həyata keçirə bilər. Əgər maliyyə vəsaiti çatmırsa, öz ərazisindəki bütün əhaliyə bələdiyyə iclasının qərarıyla birdəfəlik könüllü vergi növü tətbiq edə bilər.
   
   
   
   "Azərbaycanın bələdiyyə qanunvericiliyi onların tam şəkildə inkişaf etməsi üçün standarta cavab vermir"
   
   
   
   - Həmin könüllü vegidə konkret məbləğ göstərilirmi?
   
   -İclasın qərarıyla müəyyən məbləğ göstərilir. Yəni həyata keçirilən layihəyə uyğun könüllü vergi tətbiq olunur. Burada şəffaflıq təmin edilməlidir, vətəndaş bilməlidir ki, onun verəcəyi on, yaxud iyirmi manat hara üçün xərclənəcək. Bunun üçün isə bələdiyyə əvvəlcə əhali arasında sorğu keçirməlidir ki, burda da yerli özünüidarəetmə orqanı böyük problemlə qarşılaşır.
   
   - Söhbət hansı problemdən gedir?
   
   - Məsələn, layihənin həcmi on min manatdırsa, bələdiyyə sorğu keçirmək üçün beş min manat da öz büdcəsindən xərcləməlidir. Təbii ki, hələ əhalinin cavabının mənfi, yaxud müsbət olacağı da sual altındadır. Deməli, əhalidən on min manat yığmaq üçün beş min manat xərc çəkməlidir. Demək istədiyim odur ki, hazırda Azərbaycanın bələdiyyə qanunvericiliyi onların tam şəkildə inkişaf etməsi üçün standarta cavab vermir. Ola bilsin ki, bu qanunlar 5-6, 10-12 il əvvəlki tələblərə cavab verib. Amma indi cavab vermir. Məsələn maddələrdən birində göstərilir ki, bələdiyyə öz hesabına vətəndaşın əmlakını qiymətləndirə bilər. Gərək bələdiyyənin vəsaiti olsun ki, qiymətləndirə bilsin. Qaz, işıq, su idarələrində belə bir səlahiyyət var ki, sanksiya tətbiq edilərsə, sadaladığım idarələr vətəndaşı sözügedən kommunal xidmətlərdən məhrum edə bilər. Bələdiyyənin isə belə bir təzyiq imkanı yoxdur.
   
   
   
   "Bələdiyyələrin kadr
   
   hazırlığı, maarifləndirmə işi
   
   zəif olduğuna görə, özlərinə aid olan səlahiyyəti də bilmirlər"
   
   
   
   - Vüqar müəllim, qanunvericilikdə kifayət qədər boşluqların olduğunu bildirdiniz. Amma, məncə əhali arasında torpaq satmaqdan başqa ayrı funksiyasının olmadığı fikrini formalaşdırmış qurumu çox müdafiə etdik. Fikrinizcə, bu gün bələdiyyələr qanunun onlardan tələb etdiyi hüquq və vəzifələri lazımınca yerinə yetirə bilirlərmi?
   
   - Bu qurumda çalışanlar mövcud qanunvericilikdən də istifadə edə bilmirlər. Ona görə yox ki, onların intellekti çatmır. İş ondadır ki, bələdiyyələrin fəaliyyətinə yerli icra strukturları tərəfindən müdaxilələr var və bu danılmaz faktdır. Bələdiyyələrin kadr hazırlığı, maarifləndirmə işi zəif olduğuna görə, özlərinə aid olan səlahiyyəti də bilmirlər. Belədə qanunvericilikdən istifadə məhdudlaşır. Amma əsas məsələ onların fəaliyyətinə yerli icra strukturları tərəfindən olunan müdaxilələrdir.
   
   - Bir daha qeyd etmək istəyirəm. Bələdiyyələr torpaqsatan qurum kimi ad çıxarmışdılar. Sadəcə indi satmağa torpaq qalmayıb. Bu onlara verilən hüquqdur, yoxsa?
   
   - Bələdiyyə Torpaqlarının İdarə Olunması Haqqında qanun var idi. Həmin qanuna əsasən bələdiyyənin öz fondunda olan torpaqlar ayrılmalı və əhalinin istifadəsinə verilməliydi. Bu qanunvericilikdə də öz əksini tapır. Məsələn, Yardımlının dağ kəndində yaşayan vətəndaş Ağdamln icra orqanlarına müraciət etməli deyil ki. Bələdiyyənin torpaqsatan qurum kimi tanınması, adının neqativ hallarda çəkilməsi ondan qaynaqlanır ki, bu işin arxasında müəyyən strukturlar dayanır vəsaiti də onlar alır. Faktiki olaraq, həmin neqativ hallar aradan qaldırılmaqdadır. Torpaq Komitəsinin və yerli icra orqanının iştirakıyla Hərrac Komissiyası 2009-cu ilin aprelindən hərrac həyata keçirir. Hər rayonda 5 nəfərdən ibarət komissiya var. Qanunda da göstərilir ki, əgər vətəndaş həmin ərazidə 5 il ardıcıl olaraq qeydiyyatdadırsa, ona torpaq sahəsinin verilməsi bələdiyyənin borcudur. Amma bir şərtlə ki, bələdiyyənin torpaq fondu olsun.
   
   - Ümumiyyətlə dünyada bələdiyyə strukturu olmayan ölkələr varmı?
   
   - Demokratik dövlətlərin hər birində bəələdiyyə dövlətin bir strukturu kimi mövcuddur. Bunun fəlsəfəsi ondan ibarətdir ki, hakimiyyət üzərinə düşən müəyyən vəzifələri yerli özünüidarəetmə orqanlarına verməklə yükünü yüngülləşdirir. Bununla da seçicilərin və ora seçilmiş şəxslərin məsuliyyətini artırır.
   
   - Məsələn, qardaş Türkiyədə bələdiyyə başkanları şəhər valiləri, rəhbərləri qədər önəmli və nüfuzlu şəxslər hesab olunur. Bizdə isə belə deyil. Səbəb nədir?
   
   - Birincisi, qanundakı boşluqlar, təcrübəsizlikləri onlara özlərini rahat şəkildə isbatlamağa imkan verməyib. İkinci tərəf də ondan ibarətdir ki, icra hakimiyyətləri bələdiyyənin üzərinə düşən yükü verməkdə qısqanclıq çəkirlər. Ona görə də bələdiyyə yerli idarəetmə orqanı olaraq özünü tam təsdiq edə bilməyib.
   
   - Son olaraq, bir sual da verim. On ballıq sistemdə Azərbaycan bələdiyyəsinin fəaliyyəti neçəyə layiqdir?
   
   - Azərbaycan bələdiyyəsinin fəaliyyəti heç bir sistemə girmir. Çünki fəaliyyət yoxdur. Bu gün bir bələdiyyənin aylıq büdcə gəliri 1500 manatdırsa, hansı fəaliyyətdən, reytinqdən söhbət gedə bilər? Bunlar o vaxt nüfuz qazanacaqlar ki, bələdiyyələr üçün kompleks inkişaf proqramı təsdiq ediləcək. Bunun çıxış yollarından biri də bələdiyyələrin sayının azaldılmasıdır.

TƏQVİM / ARXİV