YAR GƏLiR GÖRüŞƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
51894 | 2011-11-26 08:48
Bakıya qar yağdı. Əslində Azərbaycanın bölgələrini, lap elə mənim doğulduğum Tuğ kəndini göz önünə gətirəndə, bu yağıntıya qar deməyə adamın o qədər də dili gəlmir. Çünki biz qarı başqa cür görmüşük. Qar dizdən olub, qar ağacların budağını yorğan kimi elə bürüyüb ki, silkələyəndə də tökülməyib. Amma Bakıya 2-3 santimetr hündürlüyündə qar yağmağı ilə şəhər əməlli-başlı "dondu", həyat sanki dayandı, maşınlar, adamlar sürüşməyə başladı. Bu məqamda yadıma məşhur bir mahnının məşhur misraları düşdü:
   
   
   
   Yar gəlir görüşə
   
   Gözün aydıng
   
   Sürüşə-sürüşə.
   
   Gözün aydın yarg
   
   
   
   Əslində Bakının durumu gözaydınlığına heç iynə boyda yer qoymamışdı. Adamlar sürüşür, maşınlar sürüşür, ancaq sərt sözlər, acıqlı fikirlər eşidilirdi. Elə bil ki, bütün ətraf bu sürüşmənin, bu soyuğun içində bir kədərə, bir ağrı-acıya bürünmüşdü. Və bu kədər də, bu ağrı-acı da adamın sümüklərinə işləyir, iliyini göynədirdig
   
   Nəşriyyatdan çıxıb sürüşə-sürüşə üzü Motodroma gedirəm. Doğrusu, buna getmək, yerimək demək olmaz. Gözümün qabağına buz üzərinə ilk dəfə çıxıb rəqs etmək istəyən insanlar gəlir. Ona görə də bütün diqqətimi ayaqlarıma yönəltmişəm. Çalışıram ki, tarazlığı saxlayım. Doğrudur, indiki vəziyyətdə qəbahət deyil. Yəqin ki, yıxılsam da gülən olmayacaq. Çünki hamı mənim günümdədi. Qorxduğum sadəcə yıxılıb şil-şikəst olmaqdı. Amma vaxt var idi kig
   
   Kəndimizə qar yağanda uşaqlı-böyüklü hamı bir bayram ovqatı yaşayırdı. Çünki qışın od-ocağı vaxtında tədarük edilir, azuqələr anbarlara yığılır, mal-davarın ot-alafı tayalara vurulur. Bircə qalır odun sobasının ətrafına yığışıb qışın qayğısız günlərini, uzun gecələrini müxtəlif yığıncaqlarla, mərasimlərlə, bir-birinin evinə qonaq getməklə yaşamaq. Hətta bu fikirləri bilgisayara diktə edəndə bu günlərdə qızımın dediyi (təbii ki, o da yaşlılardan eşitmişdi bu sözü - Ə.M) ata, kənddə qış gecələri qonşular-qohumlar bir-birinin evinə qonaq gedib, yaxşı söhbətlər edirdilər. Amma burda hamı qapısını çəkib oturub şam işığında, ya da axşamdan yorğana bürünüb yerin içində o yana-bu yana aşırg
   
   Neyləmək olar. Bakımız heç vaxt qışa hazır olmadığından göy üzünü bulud alan kimi, yerə bir qarış qar düşən kimi, sərt külək əsən kimi işıqlar da, qızdırıcı sistemlər də, qaz da, su da əlçatmaz, ünyetməz bir şeyə çevrilir. Ona görə hamı dörd divar arasında gileylənə-gileylənə səhəri birtəhər açır. Ən özəl xüsusiyyətlərindən biridi Bakımızı bu qəribəlik, bu hazırlıqsızlıq. Biz də artıq ona adət etmişik. Bir də özgə Bakımız yoxdur axı. Olanla kifayətlənməyə məcburuq, bəlkə də məhkumuq. Nə bilim, hər halda bu məcburluq, bu məhkumluq alın yazımıza çevrildikcə onun dərdi də adiləşir. Və mən də az qala gözdən düşən, unudulan dərdin halına acıya-acıya deyirəm:
   
   
   
   cəhd etmədim
   
   heç vaxt
   
   çəkilib uzaq durum-
   
   kədər ortada qalsın,
   
   sıxılsıng
   
   hamı ondan
   
   yan keçsin
   
   kimsə dönüb baxmasın
   
   halını soruşmasın
   
   biganəlikdən
   
   canı boğaza yığılsıng
   
   cəhd etmədim
   
   mən buna
   
   hətta
   
   dilxor da oldum
   
   kədərin unudulduğuna
   
   odur ki,
   
   könüllü olaraq
   
   hərdən tələsirəm
   
   kədərin qulluğuna
   
   onu inandırmaq üçün
   
   sevincin
   
   tərs üzü olduğunag
   
   
   
   ***
   
   
   
   Yağan qarın altında sürüşə-sürüşə getdiyim anda xatirələr məni sanki Bakıdan - bu şaxtanın qoynunda sürüşən şəhərdən çəkib uzaqlara aparır. Uzaqlarda isə bir uşaqlıq, bir gənclik elə gülümsəyir ki, az qalıram qanad taxam, yerdən qopub ayrılam. Və mənə doğru qol açan o illərə daha tez çatam, daha tez qovuşam. Ammag
   
   Amma xatirələr bir-birinə az qala hörümçək toru kimi sarmaşıb, sarılıb. Hardan çözəcəyimi, hardan başlayacağımı ayırd edə bilmirəm. Çünki illərin o üzündə qalanlar hamısı bir-birindən doğma, hamısı bir-birindən əziz, bir-birindən dəyərlidir. Heç birini o birindən önə keçirmək olmur. Ona görə də bir ipucu axtarıram. Hansısa bir işartı gözləyirəm ki, təbii olaraq ondan yapışıb həmin o xatirələrin hər hansı birinin əlindən-ətəyindən tutmaq imkanı qazanım, üzümə bir nəfəslik açılsın. O nəfəslikdən baxım irəliyə, daha doğrusu, xatirələrə. Baxım və ən doğma bildiklərim üçün mənim də xatirə olub-olmadığımı, xatırlanıb-xatırlanmadığımı fəhm edə bilim. Mənə təxmini də olsa aşkarlansın, bəlli olsun kimin yadında, kimin yaddaşında qaldığım. Bax, onu biləndən sonra bir vaxtlar yazdığım misralar yəqin ki, gerçəkliyə çevriləcək. Həmin misraları oxuyub kövrələn kəslərin yaddaşının işığı düşəcək üstümə. Mən də o işıqdan yaxşı axtardığım, soraqladığım ipucunu tapdığım üçün sevinəcəm, daxilən rahatlanacam. Və biləcəm ki, mənim həsrətim, mənim xatirələrim ölüb-itməyib, şaxtada-qarda donmayıb, canlı-qanlı bir diridi. Və həmin misralar bu xatirənin bir parçası, bir əlboydasıdı.
   
   
   
   kədər güc gələndə, dərd təkləyəndə
   
   enəndə üstünə dağların çəni
   
   qayğılar yaxamdan əl çəkməyəndə
   
   sərçə dimdiyində daşınan dəni.
   
   xatırla əzizim, dözümün artsın.
   
   
   
   
   
   yollar ayağını qabar edəndə
   
   taqətin əsəbə çəkəndə səni
   
   həsrətin sinəmdə qübar edəndə
   
   bir anlıq keçmişdən çağırıb məni
   
   xatırla əzizim, dözümün artsın.
   
   
   
   olmuşlar içində olacaqlar var
   
   dünya nə köhnədi, nə də ki, təzə
   
   həyatın hər cürə quran adamlar
   
   sonda möhtac olur quru bir sözə
   
   xatırla əzizim, dözümün artsın.
   
   
   
   ***
   
   Mən həmişə nostalji hisslərə söykənə-söykənə, onlardan dözüm, taqət, hətta nəfəs ala-ala yaşamaq yolunu tutmuşam. Daha doğrusu, bu seçimə, bu həyat tərzinə üstünlük vermişəm. Məni buna görə qınayanlar kifayət qədərdi. Amma neyləyə bilərəm ki, mən keçmişimi bugünümlə müqayisə edəndə işığın orda daha gur yandığını, od-alovun orda daha çox olduğunu görürəm. Bu da istər-istəməz mənə keçmişə bağlanıb qalmaq, ondan qopub ayrılmamaq haqqını, hökmünü verir. Təbii ki, insanın günü harda xoş keçirsə, işi harda uğurlu alınırsa, ora daha çox üz tutur, daha çox bağlanır. Bu mənada "ötən günlərə gün çatmasa da", amma xatirələrin əli çatırg
   
   Bəli, indi dağlar ağ örpəyə bürünüb, yollarda qoşalaşmış izlər öz-özlüyündə bir sevgi nağılı danışır. O cığıra, yəni o qoşa izə baxa-baxa bir ömrün məqamlarını, işıqlı anlarını ilmə kimi sökməyə çalışıram. Hər naxış özü özülüyündə bir xoşbəxt andı. Və mən o xoşbəxt anın qolunu qolumda, nəfəsini nəfəsimdə duyuram. Mənə elə gəlir ki, dizdən yuxarı olan bu qarı yarıb getmək, o qoşa izi sona kimi davam etdirmək gücüm heç vaxt tükənməyəcək, yorulmayacam. Heç o da "yoruldum!" deməyəcək, "dayanaq", "dincələk" söyləməyəcək. Biz elə beləcə addımlayacağıq. Saçlarımız ağaracaq, amma ruhumuz əvvəlki həvəsində, əvvəlki təravətində olacaqdır, yanaqlarımızı qovuran şaxta, kirpiklərimizdə yuva quran qırov bizim həyatımızı bir az da mənalı edəcək.
   
   Təəssüf ki, bu xatirədir. Bəlkə də heç kimin inanmaq istəmədiyi, təsəvvür etmək arzusunda olmadığı xatirədir. Amma bu mənim üçün gerçəklik, özü də yaşanmış gerçəklikdi. İndi o gerçəkliklə aramızda uzun illər, saysız-hesabsız aylar, günlər var. O ayların, günlərin içərisində əriyən ömür var. Və mən də o ömrün dolanbac yollarında tanıyıb sözünün işığına ərklə, istəklə üz tutduğum insanların çevrəsində peşmançılıq duyğularımı özümə yaxın buraxmıram. Sadəcə, haqsızlığın, daha doğrusu, gerçəkliyin əleyhinə olan məqamların məni haldan, özümdən çıxaran anlarıyla üz-üzə qalanda bir ümidsizlik baş qaldırır içimdə. Mən özümdən asılı olmadan həmin an hər şeyin bitib qurtardığını, sona çatdığını, lap elə dünyanın sonunun gəlib yetişdiyini düşünməli oluram. Elə bu düşüncəylə də qələm dostum, şair Vəli Xramçaylıya üz tuturam:
   
   
   
   azalıb işıqar, artıb it hürən
   
   kürsü qazanıbdı hər cələ hörən
   
   dünya nə biz deyən, nə də biz görən-
   
   dur gedək, dur gedək, ay dərviş Vəlig
   
   
   
   çamura tuş gəlib işıq olanlar
   
   namusa, torpağa aşiq olanlar
   
   çömçəlik eləyir qaşıq olanlar
   
   dur gedək, dur gedək, ay dərviş Vəlig
   
   
   
   tozanaq qoparır sözün bazarı
   
   düz sözün qazılıb çoxdan məzarı
   
   de nəylə çıxaraq candan azarı-
   
   süz yüzü, vur gedək, ay dərviş Vəlig
   
   
   
   sən ki, tanıyırsan bəlli həyatı
   
   büdrəyən, gah yorğa gedən bu atı
   
   zəmanə andıra uyğun saatı-
   
   qur gedək, qur gedək, ay dərviş Vəlig
   
   
   
   
   
   mən öz meydanımda, öz havamdayam
   
   özümlə vuruşda öz davamdayam
   
   sənlə eyni gündə, eyni haldayam
   
   gəl vuraq, dur gedək, ay dərviş Vəlig
   
   
   
   
   
   ***
   
   
   
   Doğrudan da indiki durum, indiki hava adamı harasa baş götürüb getməyə səsləyir. Elə bir yerə ki, orda nə siyasət olsun, nə siyasətbazlar, nə dedi-qodular, nə umu-küsülər. Sadəcə orda biz olaq - sən və mən. Eləcə də bir-birini tamamlayan insanlar. Həmin insanların qurduqları dünya, arzuladıqları, düşündükləri istəklər onları isindirsin, onları yaşamağa həvəsləndirsin, onlara qol-qanad versin. Elə bizə də - yəni sənə də, mənə də.
   
   Düşünürəm ki, bu arzunun gerçəkləşməsi üçün o qədər də böyük pul-para, o qədər də böyük imkan lazım deyil. Yalnız istək və sevgi kifayət edər. Həmin o istəklə də, sevgiylə də Bakının bu şaxtalı, sürüşkən həyatından ayrılmaq üçün əlimi sənə doğru uzadıram. Görürsənmi əlimi, tutmağa hazırsanmı əlimdən?..
   
   Cavab gözləmirəm. Cavabını sadəcə hiss etmək istəyirəm...

TƏQVİM / ARXİV