adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

DüNYANI NƏ XiLAS EDƏCƏK?

OQTAY SALAMOV
26071 | 2011-11-26 08:48
Köhnə sualdı hə? Cavabını da bilirsiniz,hə? Əlbəttə, Dostoyevskini oxumusunuz, çoxlarınız onun "Dünyanı gözəllik xilas edəcək" aforizmini də əzbərləmisiniz, hə? Mən də bu fikirlə razılaşırdım. Son vaxtlar nə qədər özümdən çıxmışam ki, klassikin sözü ilə də razılaşmıram. Fikrim boş yerdə yaranmayıb, boş vaxtınız varsa fikirlərimlə tanış olsanız bəlkə mənimlə razılaşarsınız da. Əgər adam dediyimiz məxluq özünü təbiətdə ən Yüksəkdə duran varlıq sayır, ən şüurlu özünü sayırsa, digər canlılardan fərqləniriksə, onda biz də dünyanı xilas etməliyik və edəcəyik də. Razılaşın ki, bizi ümümilikdə gözəllik adlandırmaq çox çətindig
   
   Biz özümüzü fəxrlə Homo sapiens- şüurlu insan adlandırmışıq. Amma deyəsən bir az rəngləri qarışdırmışıq. Dik gəzən- düzdü, klaviaturanı basan- yenə də düzdür. Amma şüurlü?.. Şüurlu odur ki, öz hərəkətlərinin nəticəsini əvvəlcədən bilsin, hesablaya bilsin. Amma adamlar bunu bilmirlər, ya da bilmək istəmirlər. Biz bütün ixtiralarım ızı, hamısını özümüzü və bizə oxşayanları məhv etməyə yönəldirik. Bütün qazandıqlarımızı, öyrəndiklərimizi özümüzə bənzəyənlərin ağlı və bədəni üzərində sahib olmağa, şəhvani (əvvəl " heyvani hisslərimizi" yazmaq istədim, sonra düşündüm ki, heyvanların günahı nədir və heyvanlardan üzr istədim) hisslərimizin müxtəlifliyinə yönəldirik. Deməli, şüur sahəsində heyvanlardan çox da fərqlənmirik...
   
   Digər tərəfdən yaxınlaşaq. Bəlkə obrazlı düşünə bildiyimizi güman edirik? Gəlin aydınlaşdırmağa çalışaq. Özümüzə bənzəyən alimlərimiz deyirlər ki, obrazlı düşüncə əsasən adamların yuxu görməsi ilə özünü ifadə edir. Məcbur deyil ki, yuxunu rəngli görsün (belə bir nəzəriyyə var ki, rəngli yuxuları ancaq şizofreniklər görür- sizdə belə şeylər olmayıb ki?), ağ-qara da işə yarayar. Sizi inandırmağa çalışıram ki, heyvanlar da yuxu görürlər. Kimin evində heyvan varsa, bunu təsdiq edə bilər, təbiətdə, ekranlarda gördüyünüzə də inana bilərsiniz...
   
   Sonra nəyi deyirsiniz ki, biz bacarırıq, heyvarlar yox? Sevməyi? Elə deyil, heyvanlar sevməyi insanlardan yaxşı, özü də çox dəfələrlə yaxşı bacarırlar Baxmayaraq ki, onlara ancaq qısqanclıq və , "paltara görə qarşılamaq" hissləri məlumdur. Üstə gəl (əlbəttə heyvanların xeyirinə) sadiqlik hissi. Bunu insanlar haqda deməyə çətinlik çəkirsən axı.. Deyir, cütünü itirən leylək göydən daş kimi özünü yerə vuraraq intihar edir...
   
   Bəlkə balalarına qayğısına görə fərqlənir insan? Ata pinqvin anna qayğısı olmadan öz balasını soyuqda, buzun üstündə acqarına öz ayaqları üzərində bəsləyir. Dəqiq məlumdur ki, heyvanlar balalarını zibil yeşiyinə atmırlar, azyaşlıları zorlamırlar, dəmlik havasına öldürmürlər...
   
   İnsanların öz işlərinə məsuliyyəti haqda artıq dedim. İtlər lazım olmayan yerdə zibilləyirsə, utancaqlıqla gözlərini gizləyir, sahibinin hirsi soyumayınca onun gözünə görünmürlər. Maraqlıdır, atom bombası düzəldənlərin utancaqlıq hisslərinə itin utancaqlığını pevənd etmək olar?..
   
   İnsanların təlimi, öyrənmək bacarığı? Yenə yan keçdi. Uşaqlar tanıyıram ki, rəngli jural oxumaqdan başqa bir şey bilmirlər, amma heyvan var ki, bircə günlük təlimdən sonra öyrəndiklərini tətbiq eləməyə başlayırlar. İnsanın körpəsini heyvan sürüsünün içərisinə salsan, o ancaq sürünün içərisində olan qaydalarla yaşayacaq və bütün bəşər tarixində evolyusiyanın nailiyyətlərini öz beyinindən siləcək...
   
   Çox baş sındırdım ki, insanda nə heyvandan artıqdır ki, bu dünyanı xilas eləməyi ona həvalə etmək olar! (Mən başa düşmürəm ki, Məşədi İbadın nəyi və harası bizdən artıqdır ki...). Dərdə qalmaq-alınmadı, oyun oynamaq ehtiyacı-yox, əmək alətləri yaratmaq- boş sözdü, bəlkə yaradıcılıq? Yaradıcılıq!... Sonra quşların oxumasını, delfinilərin şəkil çəkməsini xatırladım. Ha arandan-dağa, dağdan-arana daşıdımsa, insanların xeyirinə bir cəhət tapmadım. Hər məqamda heyvanların üstünlüyü gözə girir, adamlar uduzur. Biz həsədliyik, acgözük, qayğısızıq, ağılsızıq, məsuliyyətsizik, özümüzü məhv etməyə qadirik. Biz yaxınımıza xəyanət edə bilirik, arxadan zərbə vura bilirik, özümüzün artıqlarımızla yaşadıcımız planeti zibilliyə döndərə bilirik. Biz kütləvi qırğın silahlarından ancaq ona görə istifadə etmirik ki, məsuliyyətdən qorxuruq, yox, biz öz ağılsızlığımızdan qorxmuruq, cavab zərbəsi almaqdan qorxuruq! Ondan qorxuruq ki, bizi də məhv edə bilərlər...
   
   Biz özümüz üçün dinlər yaradır və fanatcasına bir dinin o biri dindən üstün olduğunu (kim deyirsə ateizim din deyil, özünü aldatmasın, ateizm də bir dindir) sübut eləməyə çalışırıq. Bir zürafənin, nə bilim, canavarın əyninə sutana, ləbbadə, ryasa, fəs... geyinib özünə bənzəyənləri "xilas elədiyi"ni görmüsünüz?
   
   Bəs onda bu adamların nəyi və harası fərqlənir ki, dünyanı xilas etmək kimi bir qlobal missiya onların üzərinə düşür? Çox axtardım və nəhayət başa düşdüm ki, bizi h eyvanlardan ayıran və dünyanı xilas etmək missiyamız bilirsiniz nədədir? Gəlin özümüzə kənardan baxaq! Baxaq , düşünək və ...gülək! Gəlin özümüzün çatışmazlıqlarımıza, fobiyalarımıza, öz düşüncəsizliymizə, acgözlüyümüzə, xırdaçılığımıza, ambisialarımıza gülək. Hirssiz, zəhərsiz, sarkazmsız- sadəcə gülək! Özümüzə gülək,səmimi, təmiz, möcüzələr yarada biləcək gülüşlə. Gülə bildiyiniz şeydən və adamdan qorxa bilməzsən! Düyanı bax bu, yumor hissi xilas edəcək. Əlbəttə, axırıncı gülənin ən yaxşı gülən olduğunu da unutmayaq. Amma lap milyon il sonra gələcək adamın sonuncu gülən olması bizim əlimizdədir. Bax, bu yumor hissi bizi yaxşı mənada heyvandan fərqləndirir. Deməli, hələ bizim şansımız var.
   
   P.S. Bu yazı ancaq yumor hissi olanlara həsr olunur.
   
   P.P.S. The Daily Telegraph qəzeti 15 ölkədən 30 min adam arasında sorğu aparıb və yumor hissi zəif olan 10 ölkənin siyahısını açıqlayıb.
   
   Siyahıda Almaniya özünün yumor hissinin küt olması, yad replikalara hazırcavablıq göstərmədən, quruluğu ilə ilk yeri tutur. İknci yeri Rusiya, üçüncünü Türkiyə tutur. Bizim adımız "quru və yumorsuz" siyahısında yoxdur, çox şükr!
   
   Almaniya
   
   Rusiya,
   
   Türkiyə
   
    Böyük Britaniya
   
   ABŞ
   
   Fransa
   
   Polşa
   
    Belçika
   
   Niderland
   
   Kanada
   
   Hələ 2007-ci ildə almanlar ən çox zarafatcıl və köntöy adamlar sayılırdılar. İndi isə aparılan sorğularda hətta almanların özləri də, on adamdan doqquzu özlərinin yumorlarından xoşu gəlmir. Amma o vaxt avropalılar arasında qəribə də olsa ingilislər ən şən adamlar sayılırdı. Yəqin ki, bu da bir zarafat imiş...

TƏQVİM / ARXİV