adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Hər Türk Əsgər Doğular?!

FƏRHAD ŞABANOV
23795 | 2011-11-26 08:48
Belə bir söz var ki, itin adamı dişləməsi yox, adamın iti dişləməsi böyük xəbər olar. Türkiyədə bu həftə heç kim heç nəyi dişləmədi, amma baş verənlər həqiqətən də cümlənin ikinci hissəsinə uyğun düşür. Belə də ki, təşbehdə xəta olmaz.Bilirsiniz, Türkiyədə əsgərlik necə müqəddəs sayılır. Türk deyəndə milliyyətçilik, milliyyətçilik deyəndə Türk əsgəri gəlir adamın gözü önünə. Bundan başqa Türkiyənin qurucusu Atatürk özü əsgər olub. Bu tabular bir qanunla yıxıldı.
   
   İlk olaraq bədəlli əsgərlik xidmətindən başalamaq istəyirəm. Baş nazir Ərdoğan çıxışında bildirdi ki, hökümət olaraq 9 ildir bunun üzərində çalışırdıq və nəhayət qərar etapına gəldik. 30 yaşından gün alanlar və 30 min Türk lirası olanlar əsgərlik xidmətindən azaddır. Pulun varsa, həyat sənə gözəldir. Əsgərliyə gedib nə illərini itirəcəksən, nə də psixologiyanı. Bəs pulun yoxdursa? Bankalar yeni imkanlar yaratdı, bədəlli əsgərlikdən yararlanmaq istəyənlər üçün. Ancaq bu krediti ala bilmək üçün müəyyən gəlirə sahib olmaq lazımdır. Ödənməsi isə, Allah göstərməsin. Yəni ki, kasıbsansa get əsgərliyə kredit götürüb başını bəlaya soxma. Ya pkk ilə müharibədə şəhid, ya da psixologiyan pozulmuş vəziyyətdə qayıdıb bədbəxt olarsan. Beləliklə, burdan bu nəticəni çıxartmaq mümkündür: qanundakı bu dəyişiklik varlılara yaradı. Türkiyə Konstitusiyasının 10-cu maddəsində deyilir ki; "hər kəs, dil, irq, rəng, cinsiyyət, siyasi düşüncə, fəlsəfi inam, din və bənzər səbəblərlə ayrımdan uzaq tutularaq qanun qarşısında bərabər hüquqa malikdir, ..., heç bir vətəndaşa, ailəyə, sinifə və zümrəyə imtiyaz(!) verilə bilməz. Dövlət orqanları və idarə qürumları bütün işlərində qanun qarşısında bərabər hüquq normasına uyğun davranmaq məcburiyyətindədir."
   
   Qanunda yeni əsgərlik xidməti dəyişikliyi ilə bu bərabərlik pozulur. Əsgərlik xidməti Türkiyə vətəndaşı olan kişilərin yerinə gətirməsi məcburi olan xidmətlərdən biridir. Maddi imkanı yaxşı olan bir vətəndaş isti evində oturacaq, ancaq 30 min Türk lirasını tapa bilməyən kasıb gedib qarlı buzlu havada pkk ilə döyüşəcək. Burada hansı bərabərlikdən, hansı qanundan söhbət gedə bilər?
   
   Beləliklə, Türkiyədə əsgərlik müqəddəsdir, əsgərliyə getməyənə qız yoxdur, hər Türk əsgər doğulan kimi düşüncələr bir də heç vaxt açılmayacaq, sandığa qoyulub ağzı qıfıllanır.
   
   Əgər bu qərar doğurdan da səmimi olsaydı, onda bədəlli əsgərlik ilə birgə "vicdani rədd" qanununu da Türkiyə höküməti qəbul etməliydi. Avropa Şurasına üzv ölkələr arasında vicdani rəddi qəbul etməyən iki ölkə var: Azərbaycan və Türkiyə. Əslində Avropa Şurasına üzv olan ölkələrin vətəndaşlarına tanımaq məcburiyyətində olduğu insan haqqları arasında vicdani rədd də yer alır. Ancaq Azərbaycan və Türkiyə buna əməl etmir. Bəs "vicdani rədd" nə deməkdir?
   
   Vicdani rəd, vətəndaşın siyasi fikirləri, əxlaqi dəyərləri və dini inanclarını səbəb göstərərək məcburi əsgərlik xidmətini rədd etməsidir. Ümumi olaraq bu insanlara antimilitarist gözü ilə baxmaq mümkündür. Vicdani rədçilər, heç bir səbəblə insan öldürməyi (düşmən olsa belə) və əlinə silah almağı qəbul etmirlər. Bu haqqı qəbul edən ölkələrdə tətbiq olunma forması fərqlilik göstərir. Elə ölkə var ki, 12 aylıq əsgərlik əvəzinə 24 aylıq başqa bir xidmətlə əvəz olunur. Eləsi də var ki, 12 ay əvəzinə elə 12 ay başqa xidmətlə kifayətlənir. Bu başqa xidmət nədir? Yəni ki, dövlət qurumlarında (məsələn dövlət xəstəxanasında yer süpürmək) məcburi xidmətə tabe olursan. Bunun qarşılığında isə sənə simvolik bir məbləğ ödənir. Əsgər olmağı rədd edən vicdan da beləliklə, gecələr rahat yatır.
   
   Bədəlli əsgərliklə birgə "vicdani rədd"in də qəbulu gündəmə gəldi ancaq nədənsə qəbul olunmadı. Türkiyədə məcburi əsgərlik xidmətindən boyun qaçıran 3-4 vicdani rəddçi var və hal-hazırda həbsdədirlər. Cəza müddəti bitir, azadlığa buraxılırlar, əsgərliyə getməkdən bir daha imtina edir və yenə həbsə atılırlar. Səbəb isə vətəndaşları əsgərlik xidmətinə qarşı soyutmaq və əmrə itaət etməmək. Çox gözəl! Bəs bədəlli əsgərlik qanunu kasıbları əsgərliyə qarşı soyudacaq yoxsa necə? Əvvəlində məntiqsizlik və bənzərsizlik olsa da, dərininə getdikdə görürük ki, vicdani rədd və bədəlli əsgərlik toqquşur. İnsan haqqlarını təməl alan bir dövlətdə bədəlli əsgərlik bu səbəbdən tanınırsa, vicdani rədd də tanınmalıdır.
   
   Məhəmməd Əlini yaxşı tanıyırıq. Boks sözünü eşitmisinizsə, bu adı mütləq eşitmisiniz. Onun vaxtında belə bir haqq olmasa da o, öz vicdanına qulaq asır və əsgərliyə getməyi rədd edir. Bu səbəbdə həbsə atılır, "Dünya Ağır Çəki Boks Çempionu" ünvanı və medalı əlindən alınır. Əslində Məhəmmədin rədd etdiyi əsgərlik deyildi, Vietnam müharibəsiydi, Amerikanın Vietnama qarşı girişdiyi haqsız təcavüz idi. Hətta dediyi bu söz çox məşhurdur: "Mənim vietnamlılarla problemim yoxdur, onlar heç vaxt mənə "nigger" demədilər."
   
   Daha sonra əlindən alınan medalı geri verildi, ancaq Məhəmməd o medalı Missisipi çayına atdı. Bəlkə də dünyanın ilk vicdani rədçisi o idi. Səbəbi isə sadəcə Amerikanın işğalçı siyasətini protest etmək idi.

TƏQVİM / ARXİV