adalet.az header logo
  • Bakı 21°C

OVQATIMIN ŞEiR VAXTI

VƏSİLƏ USUBOVA
29238 | 2011-11-26 08:48

   
   Başlığı oxuyub düşünəcəklər: bəxtəvər, yəqin beş-altı şeir kitabının, şou-biznes ulduzlarının dilindən düşməyən neçə-neçə hit mahnının müəllifidi. Hardan ağıllarına gəlsin ki, yazısına belə qeyri-təvazökar ad seçən müəllifi üç, üç gecə dayanmadan döysələr belə bir misra da şeir yaza bilməz. Təəccüblənməyin. Bəzən şair xalqın da naxələf övladı olur. Deyirlər, hər şairin arxasında bir gözəl qadın dayanır. Deməli, mənim də şeir yaza bilməməyimin səbəbini, daha doğrusu, günahını bir gözəl olmayan kişidə axtarmaq lazımdı. (Gördünüz, bacarıqsızlığımı necə ustalıqla başqasının üstünə atdım?! Öz aramızdı, bu heç də şeir yazmaqdan az məharət tələb eləmir ha!).
   
   Sadəcə ovqatımın öz şıltaqlıqları var. Bir də görürsən ki, balaca uşaq kimi nağıla qulaq asmaq istəyirəm. Başımı nurani bir qarının dizlərinə qoyub gözlərimi yummaq, onun dərindən köks ötürərək gözləri yol çəkə-çəkə, qəhərli səslə başladığı nağılın qoynunda uyumaq istəyirəm. Bu qarının kimliyi-yadlığı, doğmalığı önəmli deyil. Elə yumşaq, həlim qarı olsun ki, gözlərimin ucundan gicgahıma, oradan da dizlərinə axıb on iki taxtalıq tumanını isladan göz yaşlarımı görməzliyə vura bilsin. Bu qarı elə dünyanın özü olsun! Şirin yalanarıynan başımızı qatan, sonra da boş əllə o biri adaşına ötürən dünyanın özü. İpək qarı cildində qılığımıza girən riyakar, hiyləgər, min üzlü, min dilli dünyanın özü. Yalanlarından bezməmişəm hələ. Daha böyümüşəm. Nağıl kitablarını oxuya bilmirəm. Darıxdırır. Ancaq qulaq asmaqdan hələ doymamışam. Və mən bu gün də o nağıllara inanmaq istəyirəm...
   
   Başqasının oxuduğunu da dinləməyə səbrim çatır. Ancaq alınmır. Fikir məni aparırg və hər şey alt-üst olur...
   
   ***
   
   Hərdən elə bil bütün oxuduqlarını, dinlədiklərini unudursan. Zehnin də, qəlbin də bomboş qalır. Təkcə evdən-eşikdən deyil, sakini olduğun şəhərdən, ölkədən çıxmaq istəyin az deyilmiş kimi, Vaqif Səmədoğlu demişkən, Yer kürəsini saxlatdırıb düşmək, sonra dalınca baxıb "indi mənsiz nə qədər fırlanırsan, fırlan" deməyin gəlir. Bax, onda ovqatımın şeir vaxtı başlanır. Üfüqündə bir qaralıt belə görunməyən bomboş ürəyimin çarəsini tapmışam. Zehninin işığını bu dünyada qoyub gedənlərin yeri cənnətlik olsun! Ağıllı, təskinlik gətirən sözləri, bir də seçmə şeir parçalarını dəftərçəmə, oxuduğum qəzetlərin qırağına yazmışam. Sağ əlimin altındakı siyirmədə yığılıblar. Bu kağız parçalarında kimlərin sözü yoxdu?! Homerdən, Nizamidən tutmuş günümüzün şairlərinədək ürəyimi ovudanların hamısı ovqatımın şeir dəmlərini süsləməkdə dadıma yetirlər.
   
   Yer kürəsinə kosmosdan baxmaq istəyəndə, insanın bu dünyaya dönə-dönə gəldiyinə və yenə də gələcəyinə inananda, öləndən sonra da bu dünyadakılardan hali olmağı arzulayanda Ramiz Rövşənin "Nəfəs. Kitablar kitabı"nı açıram. İlahi, bu adam sanki bu boyda Kainatı ovcunda tutub. Allahdan yuxarını da, torpağın altını da görə bilir. Hansı misrasını, hansı bəndini istəsən, götürə bilərsən. Səni yazıb, səndən ötrü yazıb. Sənin və içində yaşadığın dünyanın anlaşılan və anlaşılmayan sirlərinin, suallarının cavabını tapa bilərsən. Tapmasan da, ən azından izinə düşərsən. Mən də özümə gərəkənləri-qəlbimə, ruhuma biçilənləri gözlərimə sıxıram. Səsimə səs, harayıma hay verənlərimi bir-bir itirdikcə, göz dolandırıb doğmaların seyrəldiyini gördükcə dünya dolusu ağlamaq, dəvə kimi bozlamaq istəyirəm...
   
   
   
   Mən öləndə ağlamağa
   
   Bütün dostlar sağ ola, kaş.
   
   Gözlərimi bağlamağa
   
   Neçə cüt barmaq ola, kaş.
   
   
   
   İndi anladım. Anladım ki, insan niyə yaxınlarını itirməkdən belə qorxurmuş. Son yolçuluğunda belə dostların, doğmaların ondan ötrü ağlamasını, üzülməsini istəyirmiş...Dönə-dönə son mənzilə yola saldıqlarımı yada salıb göz yaşlarından doymayanda, axıtdıqca axıdıb iki metrlik torpaq qalağını isladanda bir təlaşlı pıçıltıdan özümə gəlib kiriyirəm...
   
   
   
   Bütün mənə ağlayanlar kiridi,
   
   Sən də kiri, qəbrim damır, ağlama!...
   
   
   
   Göz yaşlarını heyrət qurudub həmişə. Heyrətlənmək istəyəndə, kirimək istəyəndə Salamın qəzet-jurnal səhifələrindən yığıb topladığım şeirləri dadıma çatır...
   
   
   
   Bu qara günləri qara qır kimi
   
   Üstümə tökənnən dammıram daha.
   
   
   
   Qəbri olmayanların da üstünə nəsə damırmış. Qara günlər də səni qoruya bilərmiş, sən demə. Başdan-ayağa qaralara büründüyünü görəndə bir az toxdayıb dincələr, üstünə çamur atmaqdan usanarlar bəlkə.
   
   
   
   O ağ gün günlərin lap altındadı,
   
   Kömək et, boşaldaq çölə bu ömrü...
   
   
   
   Doğrudanmı, ömrü eşim-eşim eşib ağ günləri altdan üzə çıxarmaq olar?! Bəlkə də mümkündü. Köməyin olsa...
   
   
   
   ***
   
   Bayırdakı səsləri qulaqlarımdan qovub dünyanın özü boyda sükutuna qərq olmaq istəyirəm. Bayaqdan külək əsirdi. Deyəsən, yağış başlayıb indi. Tanrım, səxavətini niyə məndən əsirgədin? Gözəlliklərini gözlərimə təpdiyim dünyaya iki sətir şeir qoşa bilmirəm. Bu gecədən qar yağacaq, şaxta düşəcək. Çöllər, dağlar, çaylar, dənizlər üşüyəcək. Keşkə, Əlizadə Nuri istedadının bir qırığı məndə olaydı. Heç olmasa, bir gecəliyə. Onun dənizə qoşduqlarını mən də Kürün bulanıq sularına pıçıldayardım...
   
   
   
   Dənizə qar yağır, üşüyür dəniz,
   
   Durmuşam bir sahil daşının üstə.
   
   Bəlkə əllərimi çətir eləyim,
   
   Saxlayım dənizin başının üstə.
   
   
   
   Dost, həmdəm tapmayanda dərdlərimizi neştər kimi ürəyimizə sancırıq. Bu qəmtutanı qorumak, ovundurmaq əvəzinə, dərddən qurğuşun kimi ağırlaşmış bədənimizi də onun incə, tükdən nazik damarlarından asırıq...
   
   
   
   Özünü asmağa ip tapa bilməz,
   
   Asar ürəyinin damarlarından!
   
   
   
   Bu sətirləri oxuyanda elə bildim indicə ürəyimin damarları qırılacaq, guppultuynan yerə dəyəcəyəm...
   
   Bu şeirlər mənimlə olmayanda, cismimlə, ruhumla yerə-göyə sığmayanda "səbrim tutsaydı bir məktub yazardım" deyirəm özüm-özümə. Səbir də tapmaq olar, yazmaq da. Yazıb hara, kimə göndərəcəm o məktubu?! Amma şair hər gün məktub yazır. Özü də bilirsiniz hara? Birbaşa göy üzünə...
   
   
   
   Hər gün göy üzünə məktub yazıram,
   
   Ancaq ki, atmağa bir qutu yoxdu.
   
   Mənim bu dərdimə ad qoyulmayıb,
   
   Mən olan dünyanın Qorqudu yoxdu.
   
   
   
   Haqsız da dünyada haqdan ölərdi,
   
   Dağ çayı yıxılıb dağdan ölərdi.
   
   Dünya istəsəydi çoxdan ölərdi,
   
   Ancaq özü boyda tabutu yoxdu.
   
   
   
   Görəsən, hər gün göy üzünə nə qədər adam məktub yazır?!
   
   O məktubları oxuyan varmı, İlahi?!
   
   Axır bir gün öz məktublarımız yağacaq başımıza . Ünvanına yetməyən, oxunmayan məktublarımız...
   
   Allah bilir, neçənci dəfə götürüb-qoyduğum, oxuduqca düşünüb, düşündükcə oxuduğum şeirləri bir də oxuyandan sonra ürəyimə yığılanlara səni şərik eləmək istədim, oxucum. Sənə məktub yazmaq istədim...Ancaq, deyəsən, hələ nöqtəni qoya bilməyəcəyəm. Bir bayırı dinləyim. Hə, demişdilər, axı, bu gecədən qar yağacaq. Başlayıb, deyəsən. Yox, Musa Yaqubdan da bir şeir deməsəm, sənə yazdığım məktub ürəyimcə tamamlanmaz...
   
   
   
   Ulduztək üstümə
   
   səpələn, ey qar!
   
   Geydirdin əynimə
   
   soyuq bir donu.
   
   Sənin ki, bu qədər
   
   təmizliyin var,
   
   Bağışlamaq olar
   
   soyuqluğunu.
   
   Ulduztək üstümə
   
   səpələn, ey qar,
   
   Elə təmizliklə
   
   isinmək olar.
   
   Hə, bax, otağım da isindi...
   
   
   
   Sözümün axırında yenə Salamın şeirinə üz tuturam...
   
   
   
   Bağışla, başladım şeir yazmağa.
   
   Bağışla, İlahi, sözünü kəsdim!
   
   
   
   Bəlkə elə bu qar dənəcikləri göylərə ünvanladığımız məktubların cavablarıdı...
   
   Onda gəlin bu qarlı gecədə susaq və...Tanrını dinləyək!...

TƏQVİM / ARXİV