Səhnədə böyük "saxtakarlığa" hazırlıq

ETİBAR CƏBRAYILOĞLU
35326 | 2011-11-19 07:54
Azərbaycan teatrında növbəti dəfə saxtakarlara, dolandırıcılara geniş meydan veriləcək. Artıq xeyli vaxtdır ki, buna ciddi hazırlıq gedir. Özü də düz şəhərin mərkəzində. Bu planın üstünü açmaq, işdə əli olanları "ifşa" etmək üçün olay yerinə yollanırıq.
   
   
   
   "Kimyagər" planı və ya "suç üstündə yaxalanan" Bəhram Osmanov
   
   
   
   "Sahil bağı" ilə üzbəüz yerləşən Dənizçilərin Mədəniyyət Sarayına yaxınlaşırıq. İçəridəkiləri duyuq salmamaq üçün Bülbül prospektinə açılan əsas girişdən yox, Xəqani küçəsindəki arxa qapıdan binaya daxil oluruq. Yarıqaranlıq zalda bir neçə nəfər oturub astadan nəsə müzakirə edirlər. Onlardan birinin kim olduğunu dərhal müəyyən edirik-əməkdar incəsənət xadimi Bəhram Osmanov. Qısa sorğu-sualdan sonra tanınmış rejissor "Kimyagər" kodu altında həyata keçirmək istədikləri işin detallarını bizə anladır:
   
   "2012-ci ildə milli dramaturgiyamızın banisi, görkəmli maarifçi Mirzə Fətəli Axundzadənin 200 illiyi geniş şəkildə qeyd olunacaq. Ölkə başçısının sərəncamı ilə qeyd ediləcək yubiley tədbirlərinə artıq start verilib. Dövlət Musiqili Komediya Teatrı da bu əlamətdar hadisəyə öz töhfəsini vermək istəyir. Teatrın kollektivi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə dramaturqun "Hekayəti-Molla İbrahimxəlil kimyagər" əsərinə müraciət edib. Bu əsər Mirzə Fətəli Axundzadənin qələmə aldığı 6 komediyadan birincisidi. Yəni milli dramaturgiyamızın tarixi məhz bu əsərlə başlayır. Lakin çoxdan idi ki, teatrlarımız bu komediyaya müraciət etmirdilər. Mənim araşdırmalarıma görə "Hekayəti-Molla İbrahimxəlil kimyagər" sonuncu dəfə ötən əsrin 50-ci illərində səhnəyə qoyulub".
   
   Bayaq biz qəfil içəri daxil olanda gözümüzə dəyən şəxslərdən biri-əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov sakitcə çıxıb gedir. Deyəsən bu işə heç bir qarışacağı olmadığını sübut etmək istəyir. Bəhram Osmanov isə niyə məhz "Kimyagər" planına əl atdıqlarının izahatını verir: "Çünki bu əsər günümüzlə, dünyada, ətrafımızda baş verən hadisələrlə çox səsləşir. Söhbət təkcə kimya düzəltmək bacardığını deyib camaatı inandırmağa çalışan bir fırıldaqçıdan getmir. Düzdü, pyesdə bu günün prizmasından baxanda bəzi yarımçıq xarakterlər də var. Üstəlik "Hekayəti-Molla İbrahimxəlil kimyagər" müəllifin digər pyesləri kimi həcmcə kiçikdi. Bütün bunları nəzərə alıb musiqili buf-komediya janrında bir tamaşa hazırlamaq istəyirik. Tamaşada dramatik elementlər də, komediya da, gülmək də, düşündürmək də olacaq. Tamaşaçı səhnədə bütün bunların kollajını görə biləcək. Pyesin özündə deyilməyən fikirləri biz şeirin, musiqinin dili ilə ifadə etməyə çalışacağıq. Əslində Mirzə Fətəli Axundzadənin pyeslərini oxuyanda və ya səhnədə tamaşa edəndə heç vaxt qəhqəhə çəkib gülmürük. Çünki onun əsərlərində maarifçilik xətti öndə olduğundan oxucunu, tamaşaçını düşündürməyə hesablanıb. Bu baxımdan Mirzə Fətəli mənə Çexovu xatırladır. Onların əsərlərindəki gülüş də göz yaşları içərisindəki gülüşdü".
   
   Aha, Bəhram bəy bu işdə ona ortaq olanların adlarını açıqlamağa məcbur olur: "Tanınmış şair Əjdər Ol libretto müəllifi, xalq artisti Səyavuş Kərimi bəstəkar, Sevinc Həsənova isə tamaşanın quruluşçu rəssamı kimi bu planın həyata keçməsində mənə yaxından kömək edəcəklər. Bu istedadlı insanların hər üçü ilə əvvəllər də yaradıcılıq əlaqələrim olub. Bir-birimizi yaxşı başa düşürük.
   
   Hazırlamağa başladığımız birgə planın yaxşı mənada avantürası ondan ibarətdi ki, tamaşada Molla İbrahimxəlil yoxdu, Kimyagər obrazı var. Bu rolu da xalq artisti, "Qızıl Dərviş" mükafatı laureatı Afaq Bəşirqızı oynayacaq".
   
   Bəhram Osmanov, lütfən, dayanın. Bu nə plandı? Axı hamı bilir ki, Mirzə Fətəli Axundzadənin yazdığı Molla İbrahimxəlil kimyagər real şəxsiyyətdi. Maarifçi dramaturq Rəşid bəy Əfəndiyev Mirzə Fətəli haqqında qələmə aldığı xatirələrində də bu barədə yazıb. Görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyev hətta Molla İbrahimxəlil kimyagərin nəvəsi ilə Tiflisdə görüşdüyünü və onun həvəskar aktyor kimi fəaliyyət göstərdiyini qeyd edib.
   
   Bəhram Osmanov klassik əsərə müdaxiləsini və "avantürasını" belə əsaslandırmağa cəhd edir: "Libretto müəllifi Əjdər Ol və mən belə qərara gəldik ki, Mirzə Fətəlinin demək istədiklərini Kimyagərin vasitəsi ilə çatdıraq. Bizim Kimyagəri Afaq xanımın oynamasına gəlincə... Afaq xanımın yaradacağı Kimyagər qəribə məxluqatdı- nə kişidi, nə də qadın. Bu Kimyagər insanların onun yalanlarına, dolandırıcılığına inandığını görüb dəhşətə gəlir və sonda qaçmağa üz tutur.
   
   Tamaşada Əkbər Əlizadə, Novruz Qartal, Ramil Qasımov, Məhərrəm Qurbanov, Əzizağa Əzizov, Ziyadxan Cəbrayılov, Əliməmməd Əliyev, Ağaxan Şərifov kimi həm təcrübəli, həm də gənc aktyorlar rol alıblar".
   
   
   
   "Kimyagər"in məşqi və ya Qartal sənə kömək olsun!
   
   
   
   Arxa sıralarda oturub Bəhram Osmanovun sorğu-suala tutulmasını maraqla izləyən aktyorlar səhnəyə çıxırlar. Quruluşçu rejissor deməsə də, başa düşürük ki, məşq başlayır.
   
   Tamaşanın kostyumları hələ hazır olmadığından aktyorlar öz geyimlərindədirlər. Səhnənin ortasında qoyulan oturacaq da yəqin ki, "Kimyagər"də dəyişəcək.
   
   İfaçılar səhnədə yerlərini alan kimi Bəhram bəy onlara durumu izah edir: "Müxtəlif qiyafələrdə olacaqsız. Biriniz ispan, biriniz ingilis, biriniz özbək paltarında. Ola bilsin ki, hansınızsa kloun eynəyi taxsın, saqqalınız da kağızdan olacaq. Siz özünüz tipaj kimi tamaşaçıya maraqlısınız.
   
   Ağaxan, sən hələ tələsmə, sən hələ yoxsan. Əzizağa, sən də hələ səhnədə yoxsan.
   
   Əliməmməd, hardasan? Gəl səhnəyə. Sən səhnəyə çıxanda yuxarıdan kağız parçaları töküləcək. Arxan tamaşaçılara tərəfdi. Yox, heç nə oynamaq lazım deyil".
   
   Əliməmməd Əliyev (Hacı Nuru) əlindəki mətni güclə oxuyur:
   
   - ...Bu zaman Nuxa qəzasında Molla İbrahimxəlil adında birisi peyda olub. O, bir qədər gümüşü qumla, torpaqla...
   
   Zalda ayaq üstə duran rejissor köməkçisi Elməddin Dadaşov onun sözünü kəsib düzəliş edir: "Qumlu torpaqla..."
   
   Əliməmməd Əliyev:
   
   - ...Bir ərizə ilə sərdar dəftərxanasına müraciət edib Xaçmaz dağlarında... Bəhram müəllim, üzr istəyirəm.
   
   Quruluşçu rejissor "Sən niyə üzr istəyirsən ki? Üzr istəmə, sözləri axşam oxusaydın, bu gün məşqə hazır gələrdin"- deyib məşqi davam etdirir.
   
   Digər iştirakçılar səhnədə yerlərini alırlar. Ziyadxan Cəbrayılov (Molla Həmid) səhnəyə çıxır. Rejissor vəziyyəti izah edir: "Ziyadxan müəllim, Molla Həmidi gecənin bir yarısı çağırıblar, o da elə bilir ki, yenə ölən var. Ona görə də qaça-qaça gəlir.
   
   Əzizağa Əzizov (Hacı Kərim zərgər):
   
   - Həzərat, bilirsiniz ki, mən sizi nə işdən ötrü çağırmışam?
   
   Novruz Qartal (Məşədi Cabbar tacir):
   
   - Biz bir zad bilmirik.
   
   Əzizağa Əzizov:
   
   - Sizə qəribə xəbərim var. Kəldəkli Molla İbrahimxəlil, deyirlər ki, Tiflisə gedib, rüsxət alıb, gəlib Xaçmazın dağlarında çadır qurub, kimya qayırır. Məsələn, bir zad dürüst edibdir ki, adına iksir deyirlər. Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur.
   
   Məhərrəm Qurbanov (Ağa Zaman həkim):
   
   - Mən dəxi eşitmişəm.
   
   Bu arada Bəhram bəyin mobil telefonunun işığı yanın-sönür. Rejissor aktyorlardan üzr istəyir: "Bağışlayın. Direktorun zənginə cavab verməliyəm".
   
   Musiqili Komediya Teatrının direktoru əməkdar incəsənət xadimi Əliqismət Lalayev zəng edərək məşqin gedişi barədə rejissorun fikirlərini alır.
   
   Növbəti epizodun məşqi gedir. Əliməmməd Əliyev:
   
   - Ondan ötrü ki, xalqın arasında etibardan düşübsən. Heç kəs sənə iş tutdurmur. Əvaildə yanına əsbab qayırmaq üçün hər nə qədər qızıl və gümüş gətirdilər, nisfindən artıq oğurladın, mis və bürünc qatıb sahiblərinə rədd etdin. Bundan ağdam...
   
   Rejissor onun sözünü kəsir: "Ağdam, yox bir Füzuli. Əqdəm. Sən bilmirsən əqdəm nə deməkdir?"
   
   Əliməmməd Əliyev:
   
   - Çətin sözlərdi. Atam ərəb, fars sözlərini yaxşı bilir. Gərək gedəm onun yanına.
   
   Rejissor ona məsləhət verir: "Məşqdən sonra qal, Elməddin çətin sözləri izah etsin. Novruz Qartal da yardım edər. Truppa müdiri vəzifəsindən də çıxıb, azad sənətkardı".
   
   Növbəti epizodun məşqindən sonra rejissor fasilə elan edir. Aktyorlar siqaret çəkmək fürsəti qazanırlar. Biz də bu fasilədən yararlanıb zalı tərk edirik. "Kimyagər"in gizli işini faş etmək üçün onsuz da əlimizdə çoxlu material var.
   
   "Kimyagər"i səhnədə görmək istəyənlər hələ bir müddət gözləməli olacaqlar. Musiqili Komediya Teatrının kollektivi tamaşanı gələn il fevral-mart aylarında təhvil verməyi planlaşdırır. Mirzə Fətəlinin qəhrəmanı olan dolandırıcı kimyagər öz fırıldaqları ilə insanları inandıra bilir. Görən bu "Kimyagər"in saxtakarlıqlarına uyan olacaqmı?

TƏQVİM / ARXİV