adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Türklər "Ata"larını Unutmadı!

FƏRHAD ŞABANOV
28428 | 2011-11-19 07:54
Ötən həftə imtahanlarımla əlaqədar köşəmə vaxt ayıra bilməmişdim. Ancaq elə həmin həftə yaşadığım önəmli bir olayı sizinlə paylaşmaq istəyirəm. Bilirsiniz Atatürkün Türklər və Türkiyə üçün dəyərini. Bugünkü yazım Atatürklə əlaqədar olacaq.
   
   Keçən həftə noyabrın 10-u Mustafa Kamal Atatürkün vəfat günü idi. Bütün Türkiyə ilə yanaşı Ankarada da bu hadisə hər il olduğu kimi yaşandı. Səhər saat 9:05-i göstərəndə, o səs, hansı ki, harda olursunuzsa olun eşidəcəyiniz səs gəlməyə başladı. Bu uğultunun eşidilməsi ilə birgə yolda gedən qocadan tutmuş cavana, uşaqdan böyüyə hamı olduğu yerdə dayandı. Hərəkətli olan hər vasitə dayandı. Şossedəki maşınlar dayandı. Sürücülər qapını açıb düşdülər və yolun ortasında ayaq üstə anma duruşuna keçdilər. Təxminən bir dəqiqə heç kim hərəkət etmədi. Doğurdan da bu görülməyə dəyər bir hadisədir. Bəzən filmə baxarkan "pause" düyməsini basırsan və hərəkətli olan hər şey dayanır. Sanki kimsə Ankaranın "pause" düyməsini basmışdı. Bəlkə mən də olduğum yerdə dayansam, bu hadisənin həzzini yaşaya bilməzdim. Bəli, mən dayanmadım və yoluma davam etdim. Baxmayaraq ki, dayanan insanların çox sərt baxışları mənə tərəf yönəlmişdi, mən yenə də heç nəyi vecimə almadan yoluma davam edirdim. Çünki Atatürkə qarşı mənim düşüncələrim türkiyəli qardaşlarımız kimi deyil. Atatürk dünya tarixinin çox önəmli isimlərindən birisidir. Bunu inkar etmək əlbəttə ağılsızlıq olar. Atatürkün dünya tarixinə keçməsində ən böyük amil məncə onun realist olmasındadır. Realist olmasa indi nə Türkiyə varıydı, nə də Atatürkü tanıyırdıq. Çünki Türkiyəyə müstəqilliyini qazandırdığı dövrün nə qədər çətin və keşməkeşli olduğunu bilirik. Elə bu çətinliklər də onu realist olmağa yönəltmişdi.
   
   Azərbaycanın ilk müstəqillik həyatı 20 ay çəkdi. SSRİ-nin təcavüzünə məruz qalarkən Türkiyədən yardım istəmişdi. Əlbəttə ki, həmin dövr Türkiyə üçün çox kritik idi və həyatda qalma mübarizəsi verirdi. Azərbaycanı düşünmək ağılsızlıq olardı. Realist Atatürk də öz ölkəsini düşündü və Leninlə Azərbaycan mövzusunu "həll etdi". SSRİ Türkiyəyə avropalılarla mübarizədə həm iqtisadi, həm silah yardımı edəcəkdi, Türkiyə isə şərqdəki türk xalqlarından uzaq duracaqdı. Ölüm-qalım məsələsində Atatürk Türkiyəni seçdi. Əlbəttə ki, hər siyasətçi üçün ilk növbədə öz dövləti gəlməlidir. Mən Atatürkü günahlandırmıram. Və heç kim də məni anma duruşunda durmadığım üçün günahlandıra bilməz.
   
   Atatürk doğurdan da dahi insanıydı. Lenin, Ruzvelt və Çörçil kimi dünya tarixinə adlarını silinməyəcək şəkildə yazdırmış insanlar Atatürk haqda fikirlərini belə izah edirdi:
   
   Vladimir İliç Lenin: Mustafa Kamal sosialist deyildi. Ancaq etdiklərindən görünür ki, çox yaxşı bir təşkilatçı, yüksək qavraya bilmə potensialına malik, modern, xoş düşüncəli və ağıllı bir liderdir. O soyğunçulara qarşı (burada imperialist Avropanı nəzərdə tutur) qurtuluş mübarizəsi verir. Avropalı imperiyapərəstlərin qürurunu qıracağına və Sultana da (Osmanlı dövlətinin son Sultanı ilə mübarizəni nəzərdə tutur) qalib gələcəyinə inanıram.
   
   Franklin Ruzvelt: Mustafa Kamal haqqında ilk təəssüratlarımı onu çox yaxından tanıyan bir insan yaratdı. SSRİ-nin Xarici İşlər Naziri Litvinovla görüşərkən, onun fikrincə bütün Avropanın ən dəyərli və diqqət çəkən dövlət adamı bu gün Avropada deyil, Ankarada yaşayır və bu insan Türkiyə Cümhuriyyəti Cümhurbaşqanı Qazi Mustafa Kamal Atatürkdür. Ağ Evdəki vəzifəm bitdikdən sonra ilk etmək istədiyim dövrümüzün ən diqqətə layiq şəxsiyyətini öz ölkəsində ziyarət etmək idi, ancaq tale buna imkan vermədi. Belə insanlar dünyaya tez-tez gəlmir.
   
   Vinston Çörçil: Müharibədə Türkiyənin qurtarıcısı, müharibədən sonra da Türk Xalqını yenidən dirçəldən Atatürk olmuşdur. Onun ölümü yalnız Türkiyə üçün deyil, Avropa üçün də böyük itkidir. Xalqın bütün təbəqələrinin onun üçün içdən axıtdığı göz yaşı bu böyük qəhrəman və müasir Türkiyənin Atasına layiq təzahürdən başqa bir şey deyildir.
   
   Bu fikirlər Atatürk haqqında heç təsəvvürü olmayan insanda belə müsbət düşüncə yaradır. Ankaraya gələndə mütləq ziyarət edəcəyiniz ikinci yer Atatürkün məzarının olduğu Anıtkabir olsun. Çox ecazkar bir görüntüsü var. Ankaranın ən yüksək təpəsindədir və demək olar ki, Ankaranın hər yerindən görsənir. İkinci yer dedim, çünki birinci yer Əsri Qəbirstanlığı olmalıdır. Məmməd Əmin Rəsulzadə sizin yolunuzu gözləyir.

TƏQVİM / ARXİV