adalet.az header logo
  • Bakı 19°C

DüNYANI BüRüMƏKDƏ OLAN DALğA...

BABƏK YUSİFOĞLU
40124 | 2011-11-19 07:54
Bütün dünya ölkələrinə özünü demokratiya örnəyi kimi təqdim edən Birləşmiş Ştatların dünya ictimaiyyətini aldatdığını hər kəs öyrənib. Məlum olub ki, illərlə insan azadlıqlarının, azad sözün müdafiəçisi kimi yaxasını çıran "Dünya jandarmı" əsl həqiqətdə bunların əksi imiş. Elə son dövrlər Amerikada gedən qəribə proseslərin mahiyyəti də hər şeyi daha çılpaq şəkildə ortaya qoyur.
   
   Məlumdur ki, Birləşmiş Ştatlar son zamanlar özünün iqtisadi cəhətdən ən ağır dövrlərindən birini yaşayır. Vəziyyəti qısa təsvir etməli olsaq onu demək kifayətdir ki, ölkə büdcəsindəki defolt artıq katostrafik həddə - 15 trilyon dollara çatmaqdadır. Və hakimiyyət vəziyyətdən çıxmaq üçün bütün vasitələrə əl atsa da nəticə görünmür. Təsəvvür edin ki, Vaşinqton o həddə qədər enib ki, YUNESKO-ya maliyyə yardımı görstərməkdən belə imtina edib. Və ya dövlət məmurlarının maaşlarını müəyyən dövrlər üçün aşağı endirib... İki il öncə başlamış qlobal maliyyə böhranı Birləşmiş Ştatlarda vəziyyəti daha da mürəkkəbləşdirdi.
   
   İndi isə bunların ardınca sosial narazılıqlar ölkəni başına götürməkdədir. Maraqlıdır, əvvəldə qeyd etdiyim kimi, azad sözün, demokratiyanın müdafiəçisi kmi imici özünə pərçimləmiş Ağ Ev ölkədə baş verən olayları basqı ilə gizlətməyə çalışır. Bir sıra iri media quruluşları amerikalıların etiraz mitinqləri keçirdiyini bildirsələr də sonradan bütün proseslər müxtəlif boyalarla rəngləndi. Və bütün bunlara son qoyulması üçün küçələrə axışan etirazçılar Nyu-Yorkda "Uoll-striti ələ keçir" şüarı ilə 17 sentyabrda kütləvi aksiyalara başlamış, ardınca Bruklin körpüsünü bağlamağa cəhd etmişdilər. Hətta körpü üzərindəki hərəkət 3-4 saat kəsilmişdi.
   
   Hakimiyyət Nyu-Yorkdakı məsələləri qaydasına salmamış ölkənin digər şəhərlərindən etiraz dalğalarının sədası gəldi. Jurnalistlər bu dəfə Vaşinqtondan, Çikaqodan, Bostondan, Hyustondan, San-Frasiskodan, Filodelfiyadan, Soltt-Leyk-Sitidən, Los-Ancelesdən... etirazçıların aksiyalarından reportajlar verməyə başlamışdılar. Və etirazçıların "itaətsizlik yubileyi"ndə kütləvi aksiyalara start verməsi hakimiyyətə olduqca gərgin vəziyyətlər yaşatdı. Səhər tezdən Nyu-Yorkda başlayan mitinqlər axşamadək davam edib və Amerikanın bir sıra digər şəhərlərindən də fəal dəstək qazanıb. Şahidlərin sözlərinə görə, Nyu-Yorkdakı aksiyada 30 mindən artıq amerikalı iştirak edib. Nümayişdə hökumətin iqtisadi siyasətinə qarşı şüarlar səsləndirilb. Yürüş iştirakçıları Nyu-York Fond Birjasının binasını ələ keçirməyə də cəhd ediblər. Amma hakimiyyət güclərinin təzyiqi nəticəsində onların bu istəyinin qarşısı alınıb.
   
   Amma çox maraqlıdır ki, nümayişəçilər Amerika üçün qəti uyğun olmayan şüarlar səsləndiriblər. Aksiya liderləri səsgücləndiricilərlə hökumətə sərt şüar-messajlar göndəriblər: "Kommunist inqilabının vaxtı çatıb", "Milyarderlərsiz dünya istəyirik", "Demokratiya devrilməlidir", "Biz sosialzm qurmaq istəyirik"... Ehtiraslar qızışıb və polis-mülki əhali qarşıdurması yaranıb. Polislər ilk növbədə hərəkətin sərbəstliyinə əngəl yaradan etirazçıları aradan götürməyə çalışıb. Və qarışıqlıq ətrafı bürüyüb, tezliklə əlbəyaxa döyüşə çevrilib.
   
   Ağ Ev başqa ölkələrdə nümayişçilərə polisin müdaxiləsini azad sözə, demokratiyaya yönəlik hərəkətlər kimi qiymətləndirsə də özü nümayişçilərə divan tutmaqdan, onların daha fəallarını həbs etməkdən çəkinməyib. Məlumatlarda bildirilir ki, qarşıdurma zamanı, həm mülki əhalidən, həm də polislərdən yaralananlar olmuşdur. Etiraz hərəkatının liderlərindən biri bildirib ki, sinfi müharibə artıq başlayıb və biz ümid edirik ki, o, qansız başa çatacaq.
   
   Nyu-Yorkun meri Maykl Blumberq vəziyyəti düzəltmək məqsədi ilə nümayişçilərin dağılısmasına, ətrafdakı parklarda səliqə-sahmanın bərpa olunmasına əmr verib. Amma bu dəfə qarşıdurmanın daha da böyüyəcəyini görüb tərəflər müəyyən məsələlərdə razılığa gələrək nisbətən sakitləşiblər. Ağ Evə yaxın ekspertlərin şərhlərinə görə, Vaşinqton bu ərəfələrdə son dərəcə ehtiyatlı olmalıdır. İqtisadi problemlərdən başlayan bütün hərəkatlar sonradan siyasi proseslərlə müşahidə olunur. Əlbəttə, bü mülahizələrə yetərincə haqq qazandırmaq olar. Çünki tarixdəki bütün çevrilişlərin, inqilabların ilkin nədəni həmişə iqtisadi məsələlər olub. Və bu gün Amerikanın düşdüyü borc burulğanı ciddi hadisələrin baş verməsi üçün yetərli səbəb rolunda çıxış edə bilər.
   
   Ameriklı politoloqlar son aksiyalarda sosializmlə bağlı səslənən şüarların çox təhlükəli tendensiyanın başlandığını da vurğulayıblar. Onlara görə, etirazçıların nümayişlərində artıq bu istəklərin açıq-aşkar səsləndirilməsi Amerikanı çox təhlükəli vəziyyətə gətirib çıxarar. Çünki olaylar artıq siniflər arasında qarşıdurmaya çevriləcək, bu da inqilabı proseslərin yaranması deməkdir. Əlbəttə, ölkədə nəhəng borc burulğanının tüğyan etdiyi dövrdə Ağ Evin Liviya müharibəsinə, Əfqanıstanda, İraqda iri hərbi kontingentin saxlanmasına böyük vəsait sərf etməsi xalqın gözündən yayına bilməzdi. Müstəqil politoloqların şərhlərinə görə, indi situasiya fərqli çalar qazanmaqdadır.
   
   Onlara görə, hakimiyyət tezliklə ölkədə müsbət mənada iqtisadi dəyişikliklər yaratmaldır. Əks halda başlanan etiraz prosesləri davamlı olacaq. Onların fikrincə amerikalıların indi istədiklər sosializm heç də keçmiş Sovetlər ölkəsindəki sosializm deyil. Amma bu proseslərdə qan tökülərsə onun nəticələri keçmiş Rusiyadakı kimi ola bilər. Qəribədir, məşhur - "xalq əvvəlki qaydada yaşamaq istəmir, hakimiyyətlər isə əvvəlki qayda ilə idarə edə bilmir", "sosialist inqilabı dünya proletariatı tərəfindən birgə həyata keçiriləcək" - inqilabi nəzəriyyə ötən əsrin əvvəllərində özünü doğrultmasa da, inqilab yalnız çar Rusiyasında baş versə də bu dəfəki proseslər xeyli fərqli görünür. Çünki Nyu-Yorkda "Uoll-striti ələ keçir" şüarı ilə başlayan hərakat indi dünya ölkələri tərəfindən də dəstəklənir. Belə ki, dünyanın 82 ölkəsinin 950 şəhərində etiraz nümayişləri keçirilib. Bunların ən təsirliləri Avropa ölkələrində baş verib. Almaniyanın Münhen, Hannover, Berlin, Frankfurt... İtaliyanın Roma, Napoli... Böyük Britaniyanın London, eləcə də Argentina, Çili, Fransa şəhərlərində böyük nümayişlər keçirilib.
   
   Artıq bütün qitələri bürüyən etiraz dalğaları get-gedə artmaqda, yeni-yeni şəhərləri bürüməkdədir. Bu onu göstərir ki, uzun əsrlər boyu iqtisadi-siyasi münasibətlərin dəyişmə zərurəti yaranıb və bunun qarşısını almaq mümkün olmayacaq. "Ərəb baharı"nın başda Vaşinqton olmaqla Qərb tərəfindən hazırlandığı nəzəriyyəsi artıq bu yeni dalğalarla iflasa uğradı və sübut olundu ki, proses dünyəvi xarakter daşıyır. Adını yadımda saxlamadığım əcnəbi politoloqların birinin dediyi indi daha aktual və doğru görünür: xalqlar ədalətsiz olaraq varlıanıb onların gözü qarşısnda gözəl həyat yaşayanları daha qəbul etmir. Elə inqilabi nəzəriyyələr də bunu sübut etmirmi?!..

TƏQVİM / ARXİV