adalet.az header logo
  • Bakı 18°C

Köpük kölgəsi

YUSİF GÜNAYDIN
22568 | 2011-11-19 07:54
1. Nur damlası
   
   
   
   Yağış yığışandan az sonra göy üzü açılır, yarpaqları yuyulmuş ağacların ucları payız günəşinin şəfəqlərinə bürünməyə başlayır. Qəsəbə kənarında, üstüörtülü avtobus dayanacağının qarşısındakı qoca küknarın dayanacağın az qala damına qədər uzanan köndələn budağından damcılar süzülür, səki qırağındakı gölməçəyə dəyib, yuxarı sıçrayır, sonradan yenə aşağı enir, üzərində şüalar oynayan gölməçənin sularına qarışır. Bir müddət sonra yuxarıdan suya düşən damla səsləri arasındakı pauza böyüyür, daha sonra bu səslər tamam itir. Yel əsməyə başlayır, səhər yağmuru altında bol-bol çimib təmizlənən ağacın iynə yarpaqarından, budaqlarından, gövdəsindən axışan damcılar yenə üzüaşağı sürüşüb, onu tərk edir. Çox çəkmir ki, su üzərinə düşən damla səsləri yenidən eşidilir. Nəzərlərimi yuxarı qaldırıb, başım üstündəki kələkötür budağın gah tünd yaşıl, gah da açıq qonur rəngə çalan iynə yarpaqlarına baxıram, bu budağın ucu torpağa tərəf əyilmiş son iynələrindən əvvəl-əvvəl sırğa kimi kiçik bir damla asılır, sonra şişib, böyüyür, ağırlığı lazımi həddə çatanda, yarpağın ucundan qopub, aşağı uçur, gölməçəyə çataraq, onun səthinə düşəndə az əvvəl tez-tez eşidilən bir səs yenidən qulağa dəyir-kapp...
   
   Diqqət yetirib görürəm ki dolub, böyüyən damla, yarpaqdan üzülüşən saniyədə ani olaraq göz oxşayan bir parıltı ilə bərq vurub, üzü aşağı uçur. Mənə elə gəlir ki bu işıq daşıyan damla budaqdan ayrılan kimi, hansı bir ilahi qüvvə isə onu bir anlıq, yox, daha qısa bir məqam havada saxlayır, işığa bələyib, aşağı göndərir. Damlanın dola-dola ağırlaşması, sonra işıldayaraq, aşağı axıb səslənməsi səhər çağı insanın qəlbində xoş bir əks-səda verib, bu tənha dayanacaqda onu çuğlamış neqativ təsirləri damcı-damcı çıxarır. Avtobusdan hələ də əsər-əlamət yoxdur...
   
   Bir neçə gündən sonra yenə də o dayanacaqda nəqliyyat gözləməli oldum. Yağış yenicə kəsmişdi, dayanacaqda məndən başqa yenə də heç kəs yox idi. Durğun suyun səthinə düşən damlaların qaldırdığı xəfif dalğalarının sədası altında başımı yuxarı qaldırdım, dayanacağın yarımdairəvi plastik damına doğru uzanan küknar budağına baxdım.
   
   Bu dəfə heç nə görə bilmədim. Qəribədir, səs effektləri var, amma onu doğuran görüntü yoxdur. Müəyyən səylərdən sonra damlanın görünməməsinin səbəbini anladım-damla işıqlanmırdı. Yerimi dəyişdim, gah azca sağdan, gah da bir qədər soldan köndələn budağa nəzər saldım, yox, göy üzü işıqlı olsa da, damla parıldamır, buna görə də güclə sezilirdi.
   
   Dünyanın işığı bir damla da azalmışdı...
   
   Təəssüratlarımı bir çoxbilmiş dostumla bölüşəndən sonra, o mənə izah etdi ki, nur daşıyan damlanı hər dəfə görmək mümkün deyil, bunun üçün bir neçə mühüm amilin harmonik şəkildə biri-birinə ilmələnməsi vacibdir-yağışın intensivliyinin, küləyin səmtinin və gücünün, çəpəki şüaların kəsişmə bucağının, zaman kəsiyinin, uyğun rakurs seçiminin və sairə, və ilaxır.
   
    Bir damlanın bircə anlıq parlayıb, gözə görünməsi üçün çox şərtləri lazım imiş!
   
   
   
   2. Günah
   
   
   
   İftara hələ bir xeyli qalsa da,cariyələr Sultanın sevimli hərəminin süfrəsini açıb, hələlik ora növbənöv meyvəcat düzmüşdülər. Sultan sarayının eyvanından öz füsünkarlığı, təravəti ilə cənnət güşəsini xatırladan bağ-bağatı, seyr edə-edə sakit-sakit dua edən gözəllər-gözəli baş hərəm son duasını zikr edərək, "amin" deyəndən sonra enli, mərmər eyvanı aramla tərk edib, otağına keçdi. Süfrənin bir qədər vaxtından əvvəl açıldığını görüb, təəccübləndi, amma incə naxışlı gümüş qablara düzülən dəymiş meyvələri görəndə gül dodaqlarına bir təbəssüm qondu. Doğrudan da bu qablarda müxtəlif rənglərə çalan səylə yuyulmuş nemətlər çox gözəl görünür, göz oxşayır, könül açırdı. Bu torpağın yetirdiyi hər bəhrədən bir-iki nümunə vardı süfrədə. Onların arasında kiçik siniyə uzunlamasına düzülmüş, iki-üç giləsi qabın qırağından sallanan böyük bir üzüm salxımı gənc hərəmin diqqətini dərhal özünə çəkdi. Salxımın böyük, dolu, azca uzunsov gilələri kəhrəba rənginə çalır, yarıdan yuxarı, yəqin ki, salxımın üzü günəşə düşən tərəfi xəfif çəhrayı çalara keçirdi. Gilələrin cəhrayı üzündə xınayı xallar da var idi. Salxım o qədər gözoxşayan, o qədər cazibədar idi ki, təbiətin yetirdiyi nemətə deyil, mahir bir zərgərin əli ilə illər uzunu qiymətli daşlardan yonulub, cilalanmış nadir sənət əsərinə bənzəyirdi. Bu gözəllik onu görənə olduqca xoş təsir bağışlayır, insanın qəlbində özünə yurd eləmiş qüssəni sıxışdırıb, çıxarır yaşamağın gözəl və şirin olduğunu təlqin edirdi!
   
   Mükəmməl qadın gözəlliyinin canlı mücəssəməsi olan gənc hərəm öz-özünü unutmuş kimi süfrədəki gözəlliyi qaldırıb, üzünə yaxınlaşdırdı. Üzümdən elə bir xoş, iştah oyadan rayihə gəlirdi ki, qadın xəfifcə başgicəllənməsi duydu. Qeyri-ixtiyarı o bir gilə qoparıb, ağzına apardı, inci kimi saf dişləri ilə giləni xəfifcə əzdi, gilə şaqqıldayıb şirəsini qadının dilinin üstünə yaydı. Onun ağzı dada gəldi, gözləri nurlandı sanki. O hələ ömründə belə nəfis meyvə dadmamışdı. Bu nemət bu yerlərin səxavətli torpağının dərin qatlarında gizlənən şəhdi, şirəni damla-damla canına çəkib, bol günəş şüaları altında səbrlə bəsləmişdi. İndi damcı-damcı yığdıqlarını səxavətlə paylayırdı. Bu dadın, bu zövqün qarşısında duruş gətirmək qeyri-mümkün idi. Gercəklik hissini itirmiş gənc gözəl daha bir gilə daddı, sonra bu zövqü itirməmək üçün daha bir gilə qoparıb dilinin üstünə qoydu və ... üzümün xoş şirinliyi hələ damağından getməmiş, acı-acı anladı ki, ağır günaha batıb! Axı hələ süfrə duası oxunmayıb, iftar açılmayıb, deməli o şeytana uyaraq, orucunu pozub, bir aya yaxın səbr və ehtiramla etdiklərinin hamısı batil olub. Elə bil onu ildırım vurdu, ayaq üstə davam gətirə bilməyib sofaya əyləşdi. Bütün əzaları həyəcandan əsir, damağına çökmuş ləziz tam ağuya dönürdü. Gecə namazına, allahın hüzuruna o necə gedəcək, axı indi o ulu yaradanın qarşısında üzü qaradır! Özünü güclə ələ aldı. "Allahın mərhəməti böyükdür, tövbə qapısı da həmişə açıq! Qorxma, namaza ürəklə get, rəbbimizin hüzurunda günahını səmimi etiraf elə, ona yalvar ki, səni əvf etsin".
   
   Bu fikirlər qəlbindən keçəndən sonra, azca sakitləşdi. Allah-Təalanın hüzurunda diz çöküb, ona yalvardı, dönə-dönə günahının bağışlanmasını dilədi. Amma bundan sonra da qəlbinə çökmüş ağırlıq onu tərk etmir, rahat buraxmırdı. Üç gün artıq oruc tutdu, fəqir-fuqəraya bir xeyli sədəqə payladı, yenədə ürəyi yüngülləşmədi. Birdən ağlına gözlənilməz bir fikir gəldi. Sarayın zərgərini yanına çağırıb, bütün qızıl-zinət əşyalarını ona verdi, tapşırdı ki, bu qızılları əridib, üç böyük kürə düzəltsin, onları inşaatı başa çatmaqda olan yeni, möhtəşəm məscidin uca minarəsinə düzsün. Zərgər əmrə riayət etdi. Məscid açılandan sonra hamı onun minarəsində üzüm gilələrinə bənzər üç qızıl kürəni heyrətlə seyr etdi...
   
   Bu əhvalat təxminən min il bundan əvvəl baş verib. Mərakeşdəki Əl-Kutubiyyə məscidinin minarəsində bu üç qızıl gilə indi də bərq vurmaqdadır. Belə deyirlər ki, ramazan bayramında orucdan üzü ağ çıxan hər bir kəs təzə ay görünən zaman minarənin altında üzü Şərqə tərəf dursa, ayın üzündə bu gilələrin əksini görür.
   
   Onu da deyirlər ki, bu müqəddəs gecə məscidin həndəvərindən aya baxaraq, salavat çevirib, niyyət edənlərin bütün diləkləri hasil olur...
   
   (ardı var)

TƏQVİM / ARXİV