KƏLBƏCƏRİN SAZ VƏ SÖZ QALASI

VAQİF YUSİFLİ
42734 | 2015-06-13 01:24
Şair-publisist Cəmilə Çiçək çox savab və saz-söz sənəti üçün önəmli bir iş görüb. O, XX əsr Azərbaycan aşıq sənətinin sonuncu korifeyi Dədə Şəmşirlə, onun həyatı və yaradıcılığı, şəxsiyyəti ilə bağlı bir kitab tərtib edib: "Kəlbəcərin saz qalası". Kitabda Cəmilə xanımın həm Dədə Şəmşirlə bağlı yazıları, həm onunla bağlı xatirələr, həm bu böyük sənətkar haqqında elmi, publisistik məqalələr, həm də ona həsr edilən şeirlər toplanmışdır. Çox nəfis tərtibatla nəşr olunan bu kitabı Dədə Şəmşirin anadan olmasının 120 illiyinə və ümumən Azərbaycan aşıq sənətinə qiymətli bir töhfə hesab etmək olar.
Qırx il öncə, 1973-cü ildə, Dədə Şəmşirin anadan olmasının səksən illiyi münasibətilə bizim böyük şairimiz Məmməd Arazın hansı qəzetdəsə "Sözün yaşı, sazın yaşı" adlı bir məqaləsini oxumuşdum (təəssüf ki, o məqalə təqdir etdiyim bu kitabda yoxdur). Məmməd Araz yazırdı: "Aşıq Şəmşirin səksən yaşı tamam olur. Ömrünü saza-sözə həsr eləmiş bir sənətkar qocalır. Qocalır, dedim. Mənə elə gəlir ki, əsl sənətkarın qocalığı ucalığa doğru gedən yoldur. Bu yol dərələr, dağlar adlayır, özünü qayalara həkk eləyə-eləyə dağlara-dünyanın çox yerindən görünən dağlara yol alır. ...Orada işıqlara qarışır, təzədən üzüaşağı axıb gələn çaylarına dönür; dərələrin qulağında əbədi səslənən əks-sədaya dönürg Bizim dağlardan nərildəyib axan, qulaqla görünən, ürəklə görünən söz çayları var. Aşıq Şəmşir bu çayların birinin sahilində-Aşıq Qurban çayının Ələsgər dağından baş götürdüyü yerdə dünyaya göz açıb. Bu, Aşıq Şəmşirin birinci xoşbəxtliyidir".
Dədə Şəmşir çoxəsrlik tarixi olan saz və söz sənətimizin sonuncu korifeyidir, - dedim. Və onun sənət yolu doğrudan da, ucalığa doğru gedən yol idi. Cəmilə xanımın müəllifi və tərtibçisi olduğu kitabda da məhz bu yolu izləyə bilirik. Təbii ki, onun ucalığa gedən yolu doğulduğu ocaqdan başlayıb. Bu ocağın kökü, mənşəyi Miskin Abdala gedib çıxır. O nəsil sənəti əbədi bir estafet kimi vərəsələrinə ötürüblər. Məşədi Məmmədalının oğlu Qurban Aşıq Ələsgərdən çox şey öyrənmiş. Onunla dostluq etmişdi. Deməli, Aşıq Şəmşirin Dədə Şəmşir səviyyəsinə ucalması təsadüfi deyil. Görünür, bu nəslin genində sənətə alovlu məhəbbət yaşayırmış ki, atadan oğula keçir, sonrakı nəsillər də o genə sadiq qalırlar. Amma hər bir sənətkarın taleyində mühüm rol oynayan hadisələr və insanlar olur. Aşıq Şəmşir onsuz da öz dövrəsində, öz mühitində tanınırdı, sevilirdi, el şənlikləri onsuz ötmürdü. Ancaq onu bütün Azərbaycanda məşhurlaşdıran, şöhrətini birə beş artıran böyük şairimiz Səməd Vurğun oldu. 1955-ci ildə Səməd Vurğunun yolu Kəlbəcərə düşdü, "İstisu"ya gəldi, burada Aşıq Şəmşirlə görüşdü, iki sənətkarın deyişməsi oldu. Sonralar Vaqif Səmədoğlu yazacaq ki: "Xeyli müddət Kəlbəcərdə qaldıq. Atamın Aşıq Şəmşirin sənətinə, şəxsiyyətinə necə valeh olduğunun şahidi oldum. O yay - 1955-ci ildə Səməd Vurğun Azərbaycanla vidalaşmağa çıxmışdı. On aydan sonra bu dünyadan köçdü. Və hər hansı bir lirikadan, yalançı pafosdan uzaq qalaraq deyirəm: Səməd Vurğunu o dünyaya Aşıq Şəmşir yola saldı. Sazını sinəsinə basıb, başını sağa çevirib, səsinə Kəlbəcər dağlarından xeyir-dua alıb atamın "Dağlar" qoşmasını "Dübeyti" havası üstündə oxudu".
Kitabda ən təsirli səhifələr Dədə şəmşirlə bağlı xatirələrdir. Çünki xatirələrdə ustad aşığın şəxsiyyəti. Onun sənətinin böyüklüyü ilə bir araya gələn insani keyfiyyətləri ön plana çəkilir. Və bu xatirələrdə hər bir təhkiyəçinin (xatirə söyləyənin) özünün Dədə Şəmşiri ilə görüşürük. Ünlü şairimiz Məmməd İsmayıl yazır: "Adi duruşunda-oturuşunda bir ağırlıq, bir müdriklik vardı. Yaşının yetmişi çoxdan adlamış bir dönəmində gərək oğlunun evində, gərəksə də Bakıda ağırladığı yerlərdə elə mübarək bir ab-hava yaradıb ki, ağzını açmasa belə, uzaqdan-uzağa bu böyük ustadın ilham haləsindən adamın canına bir övliya sevgisi dolurdu".
Şəxsən mən Dədə Şəmşiri görməmişəm. Amma bu sətirləri oxuyanda onu təsəvvür edə bilirəm. Və ağlıma belə bir fikir gəlir ki, ustadlar ustadı Aşıq Ələsgər də məhz belə bir insan olub. O da insanlara övliya sevgisi bəxş edirmiş. Sən inanırsan ki, Kəlbəcərdə qız qaçıran bir oğlanın hərəkətinə görə ortaya qan düşməsin deyə, Dədə Şəmşir "dərhal işə qarışır, iki topaya ayrılıb qarşı-qarşıya dayanan, davaya hazırlaşan cavanların arasına girir, sazı köynəkdən çıxarıb bir hava çalır, saza bir divan tutur ki, axırda hər iki tərəfin gözü qızmış cavanlarının əl-qolu sustalıb yanlarına düşür. Beləcə, iki nəsil, iki kənd arasında düşmənçiliyin qarşısı alınır, barışıq baş tutur" (Eldar Həsənovun xatirəsindən). Bax, bu məqamda Dədə Şəmşirlə ulu ozan Dədə Qorqud bir sırada dayanır. Əzəldən el aşığı xalqın xeyrinin-şərinin ağsaqqalı olmamışmı?
Xalq şairi Nəriman Həsənzadənin yazısında isə incə, kövrək notlarla qarşılaşırıq. Yazır ki, Dədə Şəmşir insanlar içində insanlığı ilə seçilən kişilərdən olub. Onu görəndə "görməyə" də bilərdin. O da səma kimi tutular, bulaq suyu kimi tez bulanardı. Üzə vurmazdı, çalışardı ki, hiss etdirməsin, tarazlığını pozmasın. Amma həssas adam olsan, hiss edərdin, görərdin ki, tarazlığı pozulub. Jurnalist-naşir Əlövsət Ağalarovun xatirəsində isə ustadın apardığı toylar təsvir olunur: "Mən Dədə Şəmşiri bir neçə dəfə görmüşəm. Apardığı iki toy məclisində dinləmişəm. İlahi, toy nə toy? Aşıq Şəmşir sazı əlinə götürüb bircə hava çalmamış bütün toy əhli elə səfərbər olmuşdu, ona elə maraqla qulaq asmışdı ki, indinin özündə də o möcüzəni dərk eləmək çətindir". Yazıçı-publisist Vəliyəddin İsmayılovun yazısında isə Dədə Şəmşir obrazını daha dolğun, tam görürük. Öyrənirik ki, Aşıq Şəmşir təkcə öz elində-obasında deyil, aranlı-dağlı, Cənublu-Şimallı Azərbaycanın bütün bölgələrində, hətta Dağıstanda, Borçalıda, Tiflisdə, İrəvan mahalında, ulu Göyçədə tanınan, məşhur olan aşıq-şairdi. Tanınmış yazıçı-publisist İntiqam Mehdizadənin "Dədə Şəmşirlə üç görüş" yazısında da maraqlı informasiyalarla qarşılaşırıq.
Dədə Şəmşiri ustad hesab edirik və heç şübhəsiz ki, onun yaradıcılığı müasir aşıq sənətinə, həm də şairlərimizin yaradıcılığına təsirsiz ötməmişdir. Bu şairlərdən biri də bu günün görkəmli şairi Zəlimxan Yaqubdur. Zəlimxan Yaqub poeziyası klassik aşıq sənəti ilə müasir poeziya arasında bir körpüdür desək, yanılmarıq. Budur, onun bir şeiri:

Aşıq el oğludu, el anasıdı,
Qəlbindən fərəhlə qəm şirə çəkər.
Bağban da özüdü, bağ da özüdü,
Həm çiçək bitirər, həm şirə çəkər.

"Yanıq Kərəmi"ni gətirsən dilə,
Əriyər odunda dağ gilə-gilə.
İncə barmaqların dad verər zilə,
Ustad əllərindən həm şirə çəkər.

Zəlimxan yollarda min köhlən yora,
Qəlbi düşən deyil heç zaman tora.
Çəkməz nanəcibə, çəkməz nankora,
Çəksə, Ələsgərə, Şəmşirə çəkər.

Zəlimxanın qələmə aldığı onlarla, yüzlərlə qoşma və gəraylılarda ustadlardan, o cümlədən, Dədə Şəmşirdən gələn incə, zərif xalları hiss edirsən. Zəlimxan bu mənada bizə aşıq sənətinin gözəlliyini daddıran bir sənətkardır. O yazır: "Məni tanıyanlar yaxşı bilirlər ki, yaradıcılığımda bir Dədə Şəmşir damarı var. Və bu gün fəxr edirəm ki, mən bu gözəl insanı tanımışam, onunla dost olmuşam, bir süfrədə çörək kəsmişəm. Onun əli mənim əlimi sıxıb, kürəyimdə gəzibg Bir də onu vurğulayım ki, bəlkə də Aşıq Şəmşir olmasaydı, - Allah günahımdan keçsin, - mən heç Kəlbəcəri görməzdim. Məni Kəlbəcərə aparan qüvvənin adı Aşıq Şəmşir idi söyləsəm, yanılmaram". Zəlimxanın bir dəqiq, Şəmşir ucalığını səciyyələndirən bu fikirləri ilə də tanış olun: "Mən Aşıq Şəmşirdə bir şəxsiyyət kimi nəyi gördüm? Birinci növbədə ilahi səviyyədə tərbiyə, əxlaq, ədəb-ərkan, mədəniyyət, ailə tərbiyəsi. Güllü nənəylə aralarında olan səmimi münasibəti görən hər kəs bu insanın böyüklüyünə heyrət etməyə bilməzdi. gTəkcə şeirlərinə görə yox, özünün çox yüksək ali davranışına görə də Aşıq Şəmşir yüksəklikdə dayanır.
Təbii ki, mən kitabda olan bütün xatirə-yazılardan söz aça bilmərəm. Sabir Rüstəmxanlının, Məmməd Aslanın, İlyas Tapdığın, Hüseyn Abbaszadənin, Vaqif Nəsibin, Nəsib Nəbioğlunun, Hidayət Elvüsalının yazılarında da Dədə Şəmşiri bir şəxsiyyət kimi, ustad aşıq kimi səciyyələndirən notlar çoxdur.
Dədə Şəmşirin ölümü hamını sarsıtdı. Aşıq sənətinin sonuncu korifeyi dünyadan köçdü. Bu gedişlə bağlı çoxlu şeirlər yazıldı. Cəmilə xanım Ənvər Rzanın "Dədə Şəmşirsiz" şeirini təqdim edir. O Ənvər Rzanın ki, o, cavan ikən bizi tərk etdi. Gözəl şair və tərcüməçi idi. Görün nə yazır:

Bu sinə dağlarda sinəmin dağı,
Dünyaya sığmayan bir dağ kimidir.
Əcəl girələdi Dədə Şəmşiri,
Ölümün caynağı qarmaq kimidir.

Qocalmaq bilmədi eşqi, həvəsi,
Qaldı qartallara zil zənguləsi,
Getməz bu dağlardan aşığın səsi,
O, coşub çağlayan irmaq kimidir.

Həsrətdən dağların zirvəsi bəyaz,
Üşüdür gül üstdə arını ayaz,
O Dədə Şəmşirsiz Kəlbəcər bu yaz
Bülbülü gəlməyən bir bağ kimidir.

Getməsin dumanı Murovun, dursun,
Ay ovçu, bəri gəl, qoy ovun dursun.
Ənvəri Şəmşirsiz kim ovundursun? -
Şairdir, ürəyi yarpaq kimidir.

Bu kitabda çox sevdiyim şairlərdən biri - Hüseyn Kürdoğlunun ustada həsr etdiyi altı şeiri verilib. Hüseyn Kürdoğlu son dərəcə orijinal şair idi. Müasir Azərbaycan ədəbiyyatında xalq şeirinin yeni üslubi çalarlarının, forma və məzmun zənginliyinin kifayət qədər önəm qazanmasında bir şair kimi onun xidmətlərini unutmaq olmaz. O. qoşmaya, gəraylıya, bayatıya yeni hava, yeni nəfəs gətirdi. Heç şübhəsiz, Dədə Şəmşirin Hüseyn Kürdoğlu poeziyasına təsiri olmamış deyil. Bu iki sənətkar Kəlbəcərin Azərbaycan poeziyasına bəxş etdiyi nadir sənətkarlardır. Hüseyn Kürdoğlunun "Məzarın başında" şeirini həyəcansız oxumaq olmur:

Məzarın başında fikrə dalmışam,
Durub karvan kimi düzülü dağlar.
Çağırır elləri ziyarətinə,
Sözünlə sinəsi yazılı dağlar.

Bilirəm, gəlişim əyandır sana,
Bir qətrə göz yaşım ümmandır sana,
Burda tək deyilsən, həyandır sana
Nəsimi qayalar, Füzuli dağlar.

Kəlbəcər yolunu bağlayıb yağı,
Ot bitən cığırlar sinəmin dağı.
İgid haraylayır dilində ağı,
Sevdiyim qoyunlu, quzulu dağlar.

Göynər həsrətinlə sinəmdə ürək,
Sazın da geyinib qara bir köynək.
Saxlamış bir Dədə yadigarı tək
Qoyduğun gövhəri, qızılı dağlar.

Aşıq Şəmşir sənəti heç şübhəsiz ciddi elmi tədqiqatlar tələb edir və bu sahədə mənzərə heç də ürək açan deyil. Yəni ustad aşığın poeziyasını elmi şəkildə tədqiq obyektinə çevirən monoqrafiya ortada yoxdur. Amma bəzi məqalələr ərsəyə gəlib və bu yazılar sırasında tanınmış alimlərdən Qəzənfər Paşayevin, Məhərrəm Qasımlının, Elxan Məmmədlinin, Hüseyn İsmayılovun məqalələri xüsusi qeyd edilməlidir.
Kitabın tərtibçisi və müəllifi Cəmilə Çiçəyin fədakarlığı isə xüsusi qeyd olunmalıdır. O, hətta Dədə Şəmşirlə bağlı zarafatlardan da yan keçməyib. Doğrudan da nəfis çap olunan bu kitab Dədə Şəmşir dünyasına gedən yolu incələdi bizim üçün. Dədə Şəmşiri bir daha sevdik, Kəlbəcərin saz və söz qalası gözlərimiz qarşısında göylərə ucaldı.

TƏQVİM / ARXİV