adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

TARİXİ GÜN - GÜNÜN TARİXİ

FƏRİDƏ RƏHİMLİ
56322 | 2015-06-13 01:18
"...Gecələr Bakı Şərq nağıllarını xatırladır. Minlərlə projektorla işıqlandırılan və kosmosdan gələcək oyunların mayakını xatırladan idman obyektlərini görəndə aydın olur ki, Azərbaycanın Olimpiya Oyunlarını keçirmək iddiası əsassız deyil. Birinci olmaq nə qədər çətindirsə, bir o qədər də şərəflidir" - bu sözləri "Vesti" kanalının müxbiri süjetini yekunlaşdırarkən deyib.
Tarixdə müxtəlif adda çox idman yarışları olub.

Dünyanın ən mütərəqqi ölkələri, ən qabaqcıl, inkişaf etmiş, iqtisadi, sosial durumu kifayət qədər əlverişli olan dövlətlər bu yarışların təşkilatçıları olublar. Sevindirici haldır ki, Azərbaycan kiçik əraziyə malik olsa da o qabaqcıllar sırasındadır və dünya ölkələri bizim ölkəylə hesablaşmağa məcburdular. Bədhaxların oyunları baykot çağırışları cavabsız qaldı.

Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəklədi. Bu tarixi qərarın qəbul edilməsində əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Baxmayaraq ki, biz cəmi 24 ildir müstəqil dövlət kimi yaşayırıq, bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Bunu ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməyi də təsdiqləyir. Əlbəttə ki, beynəlxalq mövqelərimizin möhkəmlənməsi və təsir imkanlarımızın genişləndirilməsi sayəsində ölkəmizin gələcək maraqları daha dolğun şəkildə təmin ediləcək. Şübhəsiz ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında verilmiş qərarın əsasında məhz bu amil dayanır. Azərbaycanda iqtisadi inkişafın genişləndirilməsi üçün çox gözəl imkanlar var. Eyni zamanda, əlbəttə ki, maliyyə resurslarımız da kifayət qədər böyükdür, çoxdur və bu amil də oyunların Bakıda keçirilməsini şərtləndirdi. Ölkəmizdə son illər ərzində yaradılmış idman infrastrukturu dünya səviyyəsinə, dünya standartlarına cavab verir. 

Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranıb və ondan sonra Avropa qitəsində də bərpa edilib. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməyib. İlk oyunların Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur və biz buna yalnız sevinməliyik. Bu oyunların keçirilməsi üçün Azərbaycanın namizədliyi təsadüfən seçilməyib. Bizim artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsində gözəl təcrübəmiz var. Azərbaycanda mütəmadi qaydada dünya, Avropa çempionatları keçirilir. Keçən il ilk dəfə olaraq futbol üzrə qızlar arasında dünya çempionatı yüksək səviyyədə keçirildi. FİFA və UEFA rəhbərliyi tərəfindən bu çempionatın keçirilməsinə və bizim təşkilatçılıq qabiliyyətimizə çox yüksək qiymət verilir.

2012-ci ildə burada "Eurovision" mahnı müsabiqəsi uğurla keçirildi. Avropa Oyunları üçün də onlarca obyekt tikilib və yenidən qurulub, nəqliyyat və mehmanxana infrastrukturu hazırlanıb. "Olimpiya kəndi"nin tikintisi uğurla başa çatıb. 

Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "Rosiya 1" telekanalının "Vesti nedeli" analitik proqramına verdiyi müsahibədən: Biz ölkəmizin zəngin mədəni irsini nümayiş etdirmək istəyirik. Bildiyiniz kimi, Azərbaycan qədim diyardır və multikulturalizm, dözümlülük, tolerantlıq kimi anlayışlar bizim xalqımıza məxsus keyfiyyətlərdir. Ümid edirəm ki, ilk Oyunların başlıca fərqli cəhəti qonaqpərvərlik, xeyirxahlıq, bayram ab-havası olacaq. Əminəm ki, bunu bütün qonaqlar hiss edəcəklər. Oyunlara hazırlıq üçün bizə cəmi iki il yarım vaxt ayrılmışdı. Bu vaxtın çox dar məqam olduğuna baxmayaraq, biz idmançılar, rəsmi şəxslər, paytaxtımızın qonaqları üçün maksimum rahat şərait yaratmağa çalışmışıq ki, bu bayram əsl birlik, dostluq və idman bayramına çevrilsin".

Xorvatiyanın "Pedalinac" velosiped klubunun rəhbəri Mladen Qaçeşa ölkəmizdə gördüyü qonaqpərvərliyə heyran olduğunu deyib: "Belə qarşılanmanı heç gözləmirdim. Çox səyahətə çıxmışam, çox ölkədə olmuşam, amma bu cür qonaqpərvərliyi heç yerdə görməmişəm. İnsanların bizə göstərdiyi münasibəti görəndə, göz yaşlarımı saxlaya bilmədim. Hamı bizə yaxınlaşır, səyahətimiz haqda maraqlanır. Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən bizim üçün təşkil olunmuş qarşılanma, yolboyu müşaiyət və ölkənizdə yaşadığımız xoşbəxt dəqiqələrə görə sizə dərin minnətdarlığımızı bildiririk".

Doğrudan ölkəmizdə bir bayram əhval-ruhiyyəsi hökm sürməkdədir. Gözəllikdən, təmizlikdən, insanların davranışından, şəhərin hər tərəfində asılmış lövhələrdən bir bayram ovqatı hiss edilməkdədir. Bakı 2015 I Avropa Oyunlarına aid jurnallar, məlumat bukletləri, üzərinə "Bakı 2015" yazılan köynəklər, eləcə də Azərbaycan bayraqları ilə oyunların loqosu əks olunmuş bayraqlar paylanıb.

Birinci Avropa Oyunlarının başlıca arenası - Olimpiya stadionu, Heydər Əliyev adına İdman Kompleksi, "Crystal Hall", Xəzərin sahilində çimərlik və su idman növlərinin keçirilməsi üçün inşa edilmiş Su İdmanı Sarayı və sair Bakıya möhtəşəmlik verir.

Bu gündən (red; dünən) dünyanın gözü Azərbaycanda olacaq. Bədhaxların, bu oyunu baykot etmək istəyənlərin arzusu puça çıxdı. Gələn hər bir qonaq ölkəmizdəki inkişafa, tərəqqiyə, gözəlliyə heyranlıqlarını ifadə edirlər. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Həm gözəlliyi, həm tarixi siması, həm də müasirliyi ilə fərqlənir. 

Bəli, 2015-ci il 12 iyun günü Azərbaycanın və dünyanın tarixinə bir şərəfli səhifə kimi əlavə olundu. Bu, bizim sevimli Vətənimizin bir uğuru, daha doğru tanınma fürsəti, dünya ölkələri arasında bədhax düşmənlərimizin yaratdığl yanlış fikirlərin param-parça olması imkanıdır. 

Bu oyunun əhəmiyyətini içimizdə hələ dəyərincə anlamayan, qiymətləndirməyənlər var. Heç olmasa dünyada nə qədər bədhaxlarımız, ölkəmizin paxıllığını çəkənlər, gözü götürməyənlər olduğunu görərkən bu oyunun dövlətimiz üçün nə qədər dəyərli olduğunu dərk etmək çətin deyil. Bu gün hər bir Azərbaycan vətəndaşının qəlbində böyük həyəcan var. Dünyanın 50 ölkəsindən 6000 idmançıya, köməkçilərinə, azarkeşlərə və turistlərə ev sahibliyi edəcəyik. Onların maksimum rahatlıqları üçün dövlətimiz tərəfindən hər bir şərait yaradılsa da, vətəndaş olaraq biz də əlimizdən gələnləri etməliyik. Xarici ölkələrdən gələn jurnalistlərin heç də hamısı Azərbaycanın yaxşılığını istəyənlər deyil yəqin ki. Milçəkdən fil düzəldənlər də olacaq. Ölkəmizi qarayaxma kampaniyası ilə gözdən salmağa çalışanlar bu yolda kifayət qədər maliyyə sərf edəcəklər. Ona görə də onlara bu imkanı verməmək lazımdır. Necə deyərlər, adətlərimizə uyğun olaraq, evimizin sirri evimizdə qalsın. Aramızdakı incikliklər varsa, qonaqlar gedəndən sonra həll edərik. İndi vətənpərvərlik, təəssübkeşlik anıdır. Düşmənin əlinə fürsət verməyək! 

Bizə nəsib olan bu gözəl imkandan maksimum istifadə edərək ölkəmizin dünya arenasında daha yaxşı tanınması - tariximizin, adət-ənənələrimizin, qonaqpərvərliyimizin, tolerantlığımızın .... daha başqa gözəl keyfiyyətlərimizin sübutu üçün əlmizdən gələni etməliyik. 
Bu gün (dünən - red.)qürurlu, gözəl, tarixi bir gündür - həm də imtahan günümüzdür. 
Bu günün başlaması münasibətiylə hər bir Azərbaycan vətəndaşını təbrik edirəm!!! 

TƏQVİM / ARXİV