QORXMA, OĞUL!

FAİQ QİSMƏTOĞLU
38084 | 2015-06-13 01:16
Yuxular çox vaxt çin çıxır. Çox qəribədir, bəzən yuxuda elə şey görürsən ki, ağlına gəlməyən yuxuna girir. Düşünürsən ki, bunlar bir yuxudur və heç bir şey baş verməyəcək. Ümumiyyətlə, yuxularla bağlı çox dahi insanların bir-birindən fərqli və maraqlı fikirləri var. Elm də sübut edib ki, yuxu heç də elə-belə baş vermir. Yəni onun yaranma səbəbləri mövcuddur. Təbii ki, bu barədə biz bir o qədər dərinliyə gedə bilmərik. Amma sadəcə olaraq bəzən gördüyümüz yuxuların həyatda gerçəkləşdiyini biləndə bax onda təəccüblənirik.
Yaxın dostlarımızdan biri deyir ki, yuxumda iki gün əvvəl atamın rəhmətə getdiyini görmüşdüm. Amma atam buz baltası kimi insan idi, heç vaxt nə xəstələnmişdi, nə də dava-dərman qəbul eləmişdi. Yeyib-içirdi, gəzirdi və təsərrüfatla məşğul olurdu. Bu yuxuya heç bir bir əhəmiyyət vermədən çıxıb getdim işə. Bir-iki saatdan sonra iş yerimə evdən zəng elədilər ki, geri qayıt, atan xəstələnib. O dəqiqə barmağımı dişlədim və ürəyimə damdı ki, kişiyə nəsə bir şey olub. Evə gələndə gördüm ki, həyət-bacamızda çoxlu insan yığışıb və kimlərsə bərkdən ağlayır. Artıq hər şey bəlli idi. Atam dünyasını dəyişmişdi. Elə o vaxtdan yuxulara inanmağa başladım, amma hər yuxu da heç vaxt çin çıxmır.
Bir onu bilirəm ki, yuxu elə bir şeydir ki, ordakı hadisələr bəzən çox maraqlı filmlərə və kinolara bənzəyir. Bu filmlər sadəcə olaraq heç kim tərəfindən ssenariləşdirilmir və lentə alınmır. Hər şey Allah-təalanın iradəsi ilə idarə olunur. Çox maraqlıdır ki, biz qəribə yuxuları yoza bilmirik. Amma yuxuları da yozanlar və o ilməni açan insanlar var. Məsələn, Allah-təala bir çox peyğəmbərlərə möcüzələr bəxş edib. Onlardan biri də Yusif peyğəmbər olub ki, ona Allah-təala tərəfindən yuxu yozma elmi öyrədilib. Və Yusif peyğəmbər ən mürəkkəb yuxuları çox gözəl, incəliyinə qədər yoza bilirmiş və açmağı bacarırmış. Məhz bu cür öncəgörməyi və elmliyi də Misir padşahı tərəfindən yüksək qiymətləndirilib və saraya aparılıb.
Biz İstanbulda olanda çox sıxıntılı anlar yaşayırdıq. Yəni qardaşımın durumu o qədər mürəkkəb idi ki, ölümlə yaşam arasında qalmışdıq. Bu sıxıntılı anlarda birinci Allahdan kömək istəyirdik və Allah da bir-bir bağlı qapıları üzümüzə açırdı. Qardaşım analiz verdiyi axşam anam yuxuma girdi. Çox narahat və qayğılı halda yanımızda dolaşdı. Əvvəlcə qardaşımı bərk-bərk bağrına basıb öpdü, sonra da dedi ki, qorxub eləməyin, hər şey gözəl olacaq. Sonra anam məni qucaqladı və dedi ki, elə bilmə təksən, Allah sizin kürəyinizin arxasındadı, bir az səbrli olun, inşallah, salamatlıq olar.
Anam yuxuma o qədər də tez-tez girmir və girəndə də yuxuların məzmunu yadımdan çıxır, amma bu dəfəki yuxu çox qəribə idi. Özü də rəhmətlik anam bu dəfəki qədər gözəl və nurlu deyildi. Elə bil ki, bütün dünyanın gözəlliyini Allah ona vermişdig
Səhər açılanda qardaşıma dedim ki, yaxşı yuxu görmüşəm. Qardaşım da dilləndi ki, heç nə danışıb-eləmə, qoy gedək Yedditəpəyə, görək Müzəffər bəy bizə nə deyir. "Dəniz" otelindən Yedditəpəyə taksi ilə getdik. 15 dəqiqəlik yol sanki mənim üçün bir ilə bənzəyirdi. Axır ki, xəstəxanaya çatdıq, professor-doktor Müzəffər bəylə görüşdük. Müzəffər bəy analizlərin nəticələrini vərəqləyə-vərəqləyə dedi:
- Hər şey gözəl və möhtəşəmdi. Heç mən belə nəticə gözləmirdim. Elə bil ki, Allah da qardaşınızı çox istəyir. Bu analizdən sonra Elxan bəyi əməliyyat edə bilərik. Bəri başdan deyirəm ki, əməliyyat da uğurlu alınacaq.

Müzəffər bəyin çöhrəsindəki təbəssüm sanki günəşə bənzəyirdi. Bu təbəssüm deyildi, Allahın göydən göndərdiyi nur idi. Bu nur da qardaşıma yeni bir həyat, yeni bir ömür, yeni bir işıqlı aləm bəxş edirdi.
Sevinə-sevinə xəstəxanadan çıxdıq, taksiyə əyləşdikdən sonra qardaşım soruşdu ki, o nə yuxuydu elə görmüşdün. Dedim ki, anamı yuxumda görmüşdüm, əvvəl səni bağrına basdı və sonra da məni sinəsinə sıxıb dedi ki, qorxmayın, hər şey yaxşı olacaq. Yuxumu danışanda qardaşımın gözləri doldu və kövrəldig
Deyirlər ki, ruhlar yaşayır. Bu barədə "Qurani-Kərim"də də buyrulur ki, ya peyğəmbər, səndən ruh haqqında soruşanda de ki, Allahım bu barədə mənə az elm öyrədib. "Quran"da da işarə var ki, ruh elə bir sirdir ki, ancaq bunun barəsində Ulu Yaradan hər şeyi bilir və insanlara çox az məlumat verilib.
Çətin gündə, ağır anlarımızda və sıxıntılı məqamlarımızda həmişə rəhmətə gedən atam və anam yuxumuza girib. Görünür, onlara da hər şey bəlli olur. Ruhlar evləri, mənzilləri dolaşır. O ruhlar ki, onlar çətin vəziyyətdə olan övladlarına həyan dururlar və sıxıntılı məqamlarda düz yol göstərirlərg
Yuxularla və ruhla bağlı çox müxtəlif fikirlər səslənib. Bunun özü də bir sirr olaraq qalır və qalacaq da. Amma bir onu bilirəm ki, yuxularda çox şey insanlara bəlli olur və bu bəlli məqamları isə müəyyən zamandan sonra biz hiss edirik. Təki yuxularda yaxşı şeylər görək və yaxşı şeylər də bizim həyatımıza gözəl anlar, gözəl dəqiqələr gətirsin...

TƏQVİM / ARXİV