adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Sinəsi açılan qadınlar

SAMİRƏ ƏŞRƏF
24301 | 2015-06-13 01:14
Virtual həyat bəlkə də bugünkü qədər heç vaxt mənasız çoxluq yaşamayıb. Kimliyi bilinməyən milyonlarla insan bu dəqiqə öz sevinclərini virtual məkanlarda kəşf etmək istəyirlər. Əvvəllər tinbaşı dayanıb onun-bunun qızına, gəlininə söz atanlar, işsizlikdən əziyyət çəkib küçələrdə vaxt öldürənlər indi əllərinə düşən ilk fürsətdə internet məkanlarına üz tuturlar. Bu gün sosial şəbəkələrdə vaxt itirərək xoşbəxt olmaq istəyən milyonlarla insan var. Üstəlik yavaş-yavaş bu cür insanların yaş məhdudiyyəti də aradan qalxır. Bəzən 60 yaşlı qadın elə statuslar yazıb, elə şəkillər paylaşır ki adam məəttəl qalır. Altmış yaş isə az yaş deyil. Ömrün ən çılğın illərinin yaşandığı zamanları çoxdan yaşayan həmin xanım necə olursa ahıl yaşında on altı yaşlı gənc qıza çevrilir. Əslində həmin adamları qınamaq da olmur. Əgər birinin içərisindən olduğu kimi davranmaq keçirsə, o zaman niyə də olmasın? Vay o gündən ki, belə adamlar özlərini gizlədib başqası olmağa çalışalar. Namusdan, qeyrətdən, bakirəlik və qeyri bakirəlikdən dərs keçələr. Cavan qızları, oğlanları, sevgili olub qol-boyun dolaşanları qınaya, onlara itin sözünü deyələr. Bəli məhz belə etməyib gündə on dəfə status yazan, elə on dəfə də şəkil paylaşan ağbirçək qadını hardasa səmimiyyətinə görə alqışlamaq lazımdır.
Ümumiyyətlə qaraguruhçu adamlardan həmişə ehtiyat etmişəm. Kənar gəzib dolanmışam. Çünki belə adamların tərəfkeşləri həmişə çox olub. Və lazım gələn məqamda birləşməyi bacarıblar. Şeytan dəstəsi kimi.
Bir də görürsən ki, bığlı, saqqallı bir oğlan gecə-gündüz vətən, qeyrət, namus deyib sinə cırır, baş yarır. Dindən, qurandan bəhs edir. Ancaq qəfildən bir naqolay vəziyyət yarananda həmin gəncin də əsl siması açılır. Başlayır heç tanımadığı adamlara şəbədə qoşmağa.
Necə ki ötən günlərin birində bir qadın müğənni verilişdə şən, şaqraq mahnı ifa etdiyi yerdə qəfildən sinəsi açıldı. Pis vəziyyətə düşdü.
Canlı yayım olduğundan müğənni məcbur idi ki, nə yolla olur olsun həmin vəziyyətdən çıxsın. Və bunu qismən də etməyə nail oldu.
Ancaq sonradan sosial şəbəkələrdə, saytlarda yayılan xəbərlər müğənninin arxasına deyilən sözlər sadəcə ürək bulandırırdı. İnsanfnan deyək ki, heç kim istəməz ki, milyonlarla insanın gözünün qarşısında çarəsiz vəziyyətə düşsün. Ancaq işdir də, olanda olur və heç kim heç nədən sığortalanmayıb.
Baş verən bu cür həngamələrin cəmiyyətin müəyyən kütləsi tərəfindən belə acgözlüklə qarşılanması adamda təəssüf hissi doğurur. Üstəlik ardınca min söz qoşduqları həmin müğənniləri də elə bu qaraguruhçu dəstə gətirib efirlərə çıxardıblar. Elə isə insanlar niyə bu qədər qeyri- səmimidirlər? Niyə başqalarının üzərinə belə tez hücuma keçib onları mühakimə etməyə çalışırlar?
Ötən həftə Rusiya saytlarının birində qəribə fleşmob gördüm. Müxtəlif universitetlərdə oxuyan gənc qızlar qurşaqdan yuxarı soyunaraq şəhər parklarının birində kitab oxumağa başlayıblar. El dili ilə desək çəmənliyin üzərinə sərilən lüt qızlara ətrafdan gəlib keçənlər əhəmiyyət vermirdi. Yaxınlaşanlar isə sadəcə olaraq qızların hansı kitabı oxumaları ilə maraqlanırdılar. Qoca qarılar, uşaqları ilə gəzintiyə çıxmış valideynlər, cavan, yaraşıqlı oğlanlar xanımların yanından tolerant və qayğısız şəkildə ötüb keçirdilər.
İndi mən demirəm ki, bizdə də hamı soyunub küçələrə çıxsın. Allah eləməmiş dilim quruyar. Amma dediyim odur ki, biz cəmiyyət olaraq hələ çox şeylərə hazır deyilik. Hətta qəfildən sinəsi açılan qadınların pis vəziyyətə düşmələrinə də.

TƏQVİM / ARXİV