adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

KABUS, YOXSA NƏ?..

BABƏK YUSİFOĞLU
35217 | 2011-11-18 07:53
Kim nə istəyir, qoy fikirləşsin. Sovet dönəmlərini arzulayanlara, rüşvət yolu ilə milyardlar qazananların harınlığına dözməyənlərə, özlərini balaca padşah hesab edənlərin zülmündən zara gələnlərə, puldan basıb hansısa vəzifəni satın alanların özbaşınalıqlarından təngə gələnlərə, demokratiya şüarı altında bir qrup "maxinator"u belindən düşürə bilməyənlərə... bir muştuluq vermək istəyirəm. Eşidin və agah olun, sizin bütün bu müsibətlərinizə son qoyulacaq günə az qalıb.
   
   Xalqın malını talayıb kef eləyənlərə, rüşvət yolu ilə özlərinə "imperiya" yaradanlara... da bəd xəbər. Başınıza çarə qılın, proletariatın dahi rəhbəri, kapitalizmin bir nömrəli düşməni gayıdır. İndi kim istəyir inansın, kim istəmir inanmasın. Hər kəs özü bilsin. Amma insanlara onu demək istəyirəm ki, ürəklərini buz kimi saxlasınlar. Lenin yatdığı yerdə, yəni Mavzoleydə əməlli-başlı tərpənib. Hətta gecələr onun durub gəzdiyinin şahidi olanlar da var. Elə bilməyin ki, bunlar bir jurnalist fantaziyasıdı. Bunu mən demirəm, dünya mətbuatı palaz-palaz yazılarla söyləyirlər. Bunu Birləşmiş Ştatların Filodelfiya Universitetinin paranormal təzahürlərin tədqiqatçısı, professor Con Kapri (kiçik) bəyan edib. İnanmayanlar zəhmət çəkib oxusunlar.
   
   Məsələ ondadır ki, iki il əvvəl Mavzoleydən çəkilən çox sirli bir videoyazı İnternetdə yayıldı. Bu videoda Vladimir İliç Leninin cəsədi nümayiş etdirilirdi. Xatırladaq ki, videoyazı gecə yarısı müşahidə kamerası ilə çəkilmişdi. Və hər yerdə səssizlik hökm sürürdü. Həmin videoyazıdakı təsvirlər hər kəsdə şok yaradıb. Görüntünün 23-cü saniyəsində sarkofaqda uzanmış rəhbər qəfildən sol əlini qaldırır, sonra isə bütün bədəni ilə irəli dartınır, ardınca isə geri düşür.
   
   Əvvəl bu cür görüntülər kimsədə ciddi reaksiya yaratmadı. Hər kəs belə hesab etdi ki, burada real heç nə yoxdur, bu adi videomontajdan başqa bir şey deyil. Və bunula da bu məsələ uzun müddət unuduldu. Amma bu videoyazı amerikalı alimin əlinə düşəndən sonra təhqiqatlara başladı. Çünki alimin əlində bəzi məlumatlar da vardı ki, Kremldə Leninin xəyalı, kabusu dolaşır. Professor Kapri bütün faktların bütövlükdə təhqiqatından, videoyazının analizindən sonra həqiqətən də sensasiyalı nəticəyə gəldi: lentdə heç bir montaj yoxdur və heç bir xüsusi effektlərdən istifadə olunmayıb. Bütün görüntülər kamera ilə adi lentə çəkilib. Con Kapri bununla bağlı məqaləsində yazır: "Biz alınan nəticələrdən heyrət içərisindəyik. Bizimlə çalışan mütəxəssislərimiz həmin lentdə fotomontaja aid ən kiçik işarə, əlavə rənglər, sonradan hansısa elementin yerləşdirilməsinə rast gəlməyiblər. Bundan başqa, Mavzoleydəki kadrların hərəkət və vaxt rəqəmləri Mavzoleydə istifadə edilən kameraların normalarına 100 faiz uyğundur". Professor daha sonra məqaləsində ona da toxunur ki, nə onu, nə də onun həmkarlarını Lenin bədənini yoxlamaq üçün Mavzoleyə buraxmayıblar.
   
   Lakin buna baxmayaraq Kaprinin bu açıqlamalarını Kremlin ən qocaman "sakinləri"ndən təsdiqləyənlər də tapılıb. Hakimiyyət dairələrindən qorxduğuna görə, adının açıqlanmasını istəməyən şəxs etraf edib ki, Lenin cəsədinin hərəkəti Kremldəkilər üçün heç də sensasiya deyil. Sadəcə olaraq bu haqda kimsə danışmır. Bütün faktlar tutuşdurulandan sonra belə nəticəyə gəlinib ki, Lenin cəsədi son bir neçə ildə beləcə "aktivləşib".
   
   Əslində sovet dönəmi bitdikdən sonra Kremlin sahibləri Leninin Mazoleydən götürülərək dəfn edilməsi məsələsini gündəmə gətirmişdilər. Yəqin professor Kaprinin indi bildiklərini həqiqətən də Kremldəkilər çoxdan öyrəniblərmiş. Və istəyirmişlər ki, "dirilmək" istəyən proletariatın rəhbərini basdırsınlar torpağın altına ki, daha tərpənib kimsəni narahat eləməsin. Amma sonralar nə üçünsə buna getməyiblər. Ya Vladimir İliçin nəfəsini çoxdan kəsiblər, ya da ortada nəsə var. Mənə elə gəlir ki, professor da bu haqda danışmaqda, məsələnin bu şəkildə böyütməkdə xeyli tələsib. O, düşünməyib ki, yazıq Leninin "dirilməyə" başladığını bu şəkildə sübut edəndən sonra onu elə sarkofaqdaca boğacaqlar, cəmdəyini də aparıb hörəcəklər Kremlin divarına. Qoy görüm ondan sonra Lenin necə tərpənə bilir.
   
   Amma öz aramızdı, Lenin də Lenindi ha. 100 ildən sonra risq eləyib hərəkətə gəlibsə, demək bir bildiyi var... Rusiyada kommunistlər elə bilirsiniz günü-gündən çoxalmır?!..

TƏQVİM / ARXİV