adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

MUQABENiN BiZƏ DƏ DƏXLi VARMIŞ

BABƏK YUSİFOĞLU
29038 | 2011-11-17 06:55
Hazırda Rusiya-Azərbaycan münasibətləri ilk baxışdan çox normal görünür. Viza rejimində problemlər yoxdur, qaz sazişləri əngəlsiz fəaliyyət görtərir, diplomatik münasibətlər yüksək səviyyədə, bir sıra hallarda beynəlxalq tədbirlərdlə Moskva Bakıya dəstək verir... Hər şey normaldı. Əslində mövcud olanların hamısını sadalasaq önümüzdə çox gözəl dövlətlərarası mənzərə açılar. Amma siyasətçi olmayanlar da bilir ki, bütün bunlar Kremlin yalnız üzdə olan "davranışlarıdı". Uzaq tarixi keçmiş və Qarabağ müharibəsi onu sübut edir ki, Rusiya bütün dövrlərdə Qafqazda Azərbaycanın əleyhinə siyasət yürüdüb, onun güclənməsinin qarşısının alınması üçün əlindən gələni edib. Bu gün də belədir.
   
   Əlbəttə, bütün bunları söyləməklə mən heç də Amerika kəşf etmirəm. Və məqsədim fikirləri təkrarlamaq deyil. Sadəcə olaraq bu gün Şimal qonşuluğumuzda baş verən proseslərin təhlükəli fazaya qədəm qoymasından bəhs etmək istəyirəm. İndi Rusiya yeni prezident seçkilərinə hazırlaşır. Və bütün KİV-lər bar-bar bağırır ki, Vladimir Putin yenidən prezident postuna gəlir. Əslində onun prezidentlik dövrü Rusiyanın iqtisadi və siyasi cəhətdən çiçəkləndiyi dövr olmayıb. Əksinə ölkə müxtəlif problemlərlə qarşılaşmalı olub. Bir sıra analitiklərə görə, Putinin yenidən hakimiyyətə qayıtmasında məqsəd ölkənin yenidən dünya ağasına çevirməkdir. Birinci prezidentlik dövründə Putin bunun öhdəsindən gələ bilməsə də bu dəfə planı reallaşdıracaq. İndidən bir sıra dairələrdə Putinə "Velikiy Vladimir" - "böyük Vladimir" adını veriblər. Müasir "velikoruslar"ın qənaətinə görə, Rusiyanı da dünya jandarmına çevirmək üçün hazırda Putindən başqa real namizəd yoxdur. Sonuncu Rusiya-Gürcüstan müharibəsi sübut etdi ki, Putin lazım gəldikdə müharibə variantından da istifadə etməyə baş vuracaq. Həmin ərəfədə onun Saakaşvilini necə küçə söyüşü ilə söyüb hədələdiyi sözləri çoxları yaxşı xatırlayır.
   
   Amma bir sıra obyektiv müşahidəçilər bildirirlər ki, Putinin hakimiyyətə gəlməsi Rusiya üçün fəlakət ola bilər. Bununla bağlı ən maraqlı açıqlamaları Milli Ehtiyat Bankının yaradıcısı, milyarder Aleksandr Lebedev verib. Lebedevə görə, Putin hakimiyyətə gələrsə Rusiyanı Zimbabveyə çevirəcək. Bankirə görə, Rusiyanın baş nazirinə ən uzağı 20 il bəs edəcək ki, Rusiyanı Afrika ölkəsi Zimbabveyə, özünü isə Robert Muqabeyə çevirsin.
   
   "Ağıllı, kifayət qədər rasional düşünənə aydındır ki, Putinin kursu mütləq dəyişdirilməlidir. Amma Muqabe bunu edə bilməyəcək. Ona 20 il vaxt verin və hər şeyi olduğu kimi ona buraxın, nəticədə Zimbabveni alacaqsınız. İnanmırsınızsa Yekatrinburqda, Kuşevskidə son dövrlər nələrin baş verdiyinə baxın. Zimbabvedə baş verənlərə bənzəmirmi?" Xatırladaq ki, Biznesmen 2010-cu ilin yanvarında Milli Ehtiyat Bankının (MEB) prezidenti olub.
   
   Növbəti ayda isə Lebedev MEB-in idarə heyətinin rəhbəri vəzifəsinə keçdi. Və o zaman elan etdi ki, Rusiya iqtisadiyyatının modernləşməsində çox aktiv rol oynayacaqlar. Lakin proses başqa istiqamətə yönəldi. Belə ki, həmin ilin noyabrında "Rosiyski Kapital" Bankının veksellərlə bağlı axtarış və yoxlamaları başlandı. Hansı ki, 2008-ci ildə analoji yoxlamalar keçirilmişdi. Bu cür özbaşınalığa görə bankir Aleksandr Lebedev iş məlumatlarını yayaraq bankın reputasiyasına zərbə vurduğuna görə Federal Təhlükəsizlik Xidmətinin zabitinə qarşı məhkəmədə iddia qaldırıb.
   
   Bir qədər sonra isə Aleksandr Lebedev məcburiyyət qarşısında "Novoy qazete"də FTX-nun direktoru Aleksandr Bortnikova açıq məktub dərc etdirərək korrupsiyaya bulaşmış FTX-nin yüksək çinli əməkdaşının kim ollduğunu bildirib. Amma hələ də müəllifə bir cavab verilməyib. Aleksandr Lebedev: "Mən hələ bir qədər də gözləyəcəyəm, seçki kompaniyası başlayanda bir də müraciətimi təkrarlayacağam. Və güman edirəm ki, elə bununla da hərəkatıma son verəcəyəm". Lebedev bu açıqlamaları ilə kifayətlənməyib. O, sonda Vladimir Putinə öz məsləhətlərini də verib. Bankir bildirib ki, Putin Muqabenin səhvlərini təkrar ertməsin.
   
   Bankir Lebedevin açıqlamaları heç də yalnız bank sistemində baş verən vəziyyətdən xəbər vermir. Rusiya hökumətinin indiki prinsipləri dünənkindən fərqlənmir. Əksinə yeni "çalarlar" da qazanmaqdadır. Belə ki, Moskvanın "Böyük Vladimir"i artıq yeni, bir qədər modernləşmiş monarx simasında səhnəyə qayıtmaqdadır. Və bu göründüyündən də təhlükəli tendensiyadır. Yəni, Muqabenin muqabeliyi yalnız özünə, öz xalqına problemlər yaratsa da Putinlə bağlı məsələ yerlə-göy qədər fərqlidir. Rusiya kimi nəhəng ölkənin, nüvə dövlətinin diktator, monarx təfəkkürlü şəxs tərəfdən idarə olunması ətraf üçün də yaxşı heç nə vəd etmir.

TƏQVİM / ARXİV