adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

GERçƏK HARADADIR?..

BABƏK YUSİFOĞLU
38377 | 2011-11-16 10:39
Son dövrlər ölkənin əmtəə bazarındakı qiymətlərlə bağlı çox qəribə bir situasiya yaranıb. Vəziyyəti ona görə qəribə adlandırıram ki, əhalini məlumatlandıran qurumların, təşkilatların yaydığı informasiyalar biri-birilə daban-dabana ziddiyyət təşkil edir. Yəni, hökumətin rəsmi açıqlamalarında əmtəə bazarında ucuzlaşma prosesinin getdiyi söylənir, qeyri-hökumət və ya digər araşdırma mərkəzlərinin hesabatında isə faktlar deyilənlərin əksini sübut edir.
   
   İqtisadi Təhqiqatlar Mərkəzi tərəfindən ölkənin bir sıra regionlarında əmtəə bazarındakı qiymətlərin statistik müşahidələri aparılıb və məlum olub ki, yalnız oktyabr ayı ərzində ərzaq məhsullarının qiymətləri artıb. İTM-nin məlumatına görə, ay ərzində paytaxtda qiymətlər 0,84 faiz, regionlarda 0,12 faiz yüksəlib. ("Yeni müsavat"). Bahalaşma daha çox ərzaq məhsullarında müşahidə olunub. Lakin bahalaşma heç də ifadə olunan rəqəmlərlə məhdudlaşmır. Belə ki proses həm də qeyri-ərzaq məhsullarında da, xidmət sahələrində də müşahidə edilir.
   
   Hər dəfə olduğu kimi yenə də bahalanma əhalinin ən çox istifadə etdiyi ərzaq növlərində, qida məhsullarında baş verir. Soğanın, kartofun, bitki yağlarının, çayın, toyuq ətinin, bir sıra şirniyyat məhsullarının qiymətlərində əvvəlki illə müqayisədə 7-10 faiz artım müşahidə olunur. İri və xırdabuynuzlu mal ətinin bahalaşması ilə bağlı hər hansı təhlil, müqayisələr aparmağa isə heç lüzum belə yoxdur. Çünki ət və ət məhsulları iki ay öncə sürətlə yüksəlməyə başladı və qısa zaman ərzində bir neçə manat bahalaşdı. Bəzi ekspertlər bunu heyvan yeminin də qiymətlərindəki artımla əlaqələndirdilər. Əslində elə bunun özü də sübut edir ki, həmin sahədə də kəskin bahalaşma gedib.
   
   Yeri gəlmişkən, o vaxt əhali gözləyirdi ki, yüksək çinli hökumət məmurları bu anormal bahalşmanın nədən qaynaqlandığını öyrənəcək və tezliklə bunun qarşısını alacaqlar. Çünki belə söhbətlər də səsləndirilmişdi ki, belə qiymət artımı bəzi inhisarçıların süni şəkildə bahalaşma yaratması ilə əlaqədardır. Amma heç nə dəyişmədi. Ət və ət məhsulları bu gün də 8-10 manat civarında satılmaqdadır. Və məlum olmadı ki, haqqında söhbət gedən inhisarçılar insafa gəlmədilər, ya da ortada başqa məsələlər varmış. Burada ən qəribə cəhətlərdən biri isə odur ki, bu günlərdə ölkəmizdə müqəddəs Qurban bayramı keçirildi və həmin günlərdə bütün respublika boyu insanlar Qurbanlar kəsdilər. Yəni bayram günləri ərəfəsində təbii olaraq ət qəfildən inanılmaz həddə çoxaldı. Təkliflə tələb arasında olan əvvəlki fərq kəskin dəyişdi. Lakin buna baxmayaraq ətin satışında ucuzlaşma qəti baş vermədi. Və əslində bu inanılmaz bir haldı.
   
   Ona görə inanılmazdı ki, normal iqtisadi münasibətlər, normal bazar münasibətləri mövcud olan bütün ölkələrdə hansısa məhsulda təklifin səviyyəsi artıqca və ya tələbat azaldıqca həmin malın qiymətində mütləq enmə baş verməlidir. Amma bizdə bu baş vermədi. Özü də heç kim elə güman etməsin ki, bu proses yalnız bu il müşahidə edilib. Xeyr. Məlumatlı adamlar təsdiq edə bilər ki, belə vəziyyət hər il təkrarlanır.
   
   İTM-nin təhlillərinə görə, 2011-ci ilin ötən on ayı ərzində ümumiyyətlə, istehlak qiymətləri 9,05 faiz, o cümlədən ərzaq məhsulları 13,85 faiz, qeyri-ərzaq məhsulları 3,16 faiz, xidmətlər isə 4,30 faiz artıb. Hətta digər araşdırma mərkəzlərinin məlumatlarında bu rəqəmlərin daha yüksək olduğu göstərilir.
   
   Belə bir situasiyada rəsmi qurumlar bahalaşmanın əksini bildirən rəqəmlər açıqlamaqdan çəkinmirlər. Dövlət Statistika Komitəsinin bildirdiyinə görə, ötən ay ölkədə deflyasiya qeydə alınıb. Yəni, əmtəə bazarında mövcud qiymətlər 0,5 faiz aşağı enib. Ucuzlaşmanın əsasən ərzaq məhsullarından unun, çovdar və qarışıq undan bişirilən çörəyin, yumurtanın, limonun, portoğal və naringinin, almanın, armudun, narın, qozun, kələmin, göyərtinin, çuğundurun, kökün, soğanın, kartofun...(?!) qiymətində qeydə alındığı göstərilir.
   
   Əlbəttə, etiraf etmək lazımdır ki, ölkə ərazisində satılan çörəyin qiyməti beş qəpik endirilib. Amma bu o demək deyil ki, sadalanan onlarla ərzaq növündə də qiymətlər aşağı düşüb və əmtəə bazarında deflyasiya gedir. Xeyr. Ona görə xeyr ki, adi müşahidələr, gündəlik həyatımız, evimizə-eşiyimizə etdiyimiz bazarlıqlar da sübut edir ki, ucuzlaşma ilə bağlı söylənən (bir həftə əvvəl beş qəpik ucuzlaşan çörəkdən başqa) bütün söhbətlər həqiqətə uyğun deyil. Çünki bahalaşan qiymətləri əhali araşdırmasız, təhlilsiz, statistika komitəsiz də özü öz cibində hiss edir.
   
   Müstəqil iqtisadi ekspertlərin verdiyi şərhlərdə hələ o da bildirilir ki, bahalaşma prosesi 2012-ci ilin ilk aylarında daha ciddi şəkildə özünü göstərəcəkdir. Ona görə də reallığı əks etdirməyən informasiyaları dövriyyəyə buraxmaqla bazardakı reallığı tənzimləmək mümkün deyil. Bundan ötrü ciddi tədbirlər görülməli, hər bir məmur prezidentin ona etibar etdiyi vəzifəni və vəzifədən gələn tələbləri düzgün yerinə yetirməlidir. Çünki bu cür yanlış məlumatlar həyatda özünün əks təsirini göstərəcək, faktlar ondan real çözüm tələb edəcəkdir. Əsl təhlil, əsl rəqəmlər onda boz üzünü göstərəcəkdir...

TƏQVİM / ARXİV