adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

BiZi iZLƏYƏNLƏR - 2

SEYFƏDDİN ALTAYLI
53489 | 2011-11-12 07:42
"Tarihi təkərrür diyə tarif ediyorlar,Hiç ibrət alınsaydı təkərrür mü ədərdi?"
   
   
   
   M. Akif Ərsoy
   
   
   
   Məhmət Akif Ərsoy, Osmanlı dövlətinin tənəzzülə uğradığı son illərdə yaranan hadisələrin şahidi olmuş, Hicazda ingilisləri aldadıb beynini doldurması ilə üsyan edən Şərif Hüseyn ilə görüşmək, onun gözünü açmasını təminlə ingilislərin oyuncağına çevrilməməsinə nail olmaq məqsədilə padşahın xüsusi tapşırığıyla ərəbistana getmiş, orda ingilis casuslarının, başda da Lawrensin çıxardığı oyunları görmüş, məmmədçiklərin göydən od yağan Ərəbistan çöllərində hər cürə imkansızlığa dözərək müqəddəs torpaqları qoruduqlarının və vəhşi çöl ərəblərinin ingilislərin onlara təmin etdiyi güllələrlə nə cür qırılıb getdiklərinin şahidi olmuş bir şairimizdir. O, "Çanaqqala Şəhidlərinə" adlı şeirini də, çölün düz ortasında olan "əl müəzzəm" deyilən və bir neçə məmmədçiyin qoruduğu, adıyla düz gəlmiyən tənha bir qatar stansiyasında qaldığı vaxt yazmışdır. Türkiyə Cümhuriyyətinin yarandığı illərin bütün ağırlığını da mənliyində duyan və əlindən gələn hər şeyi edən bir ziyalımızdır, məkanı cənnət olsun.
   
   Bundan əvvəlki yazımda yaranan böyük dövlətlərimizin yaranışına və tənəzzülünə səbəb olan amilləri və tarix boyu bizə qarşı həyata keçirilən oyunlara işarə edəcəyimi vurğulamışdım.
   
   Xüsusilə Hun İmperiyasından başlamaq istəyirəm. Asiya Türklüyü böyük bir qüvvə idi, lakin hərəsi bir yerə səpələnmişdi, aralarında siyasi və sosial yöndən hər hansı birlik yoxdu. Qismi olaraq indiki Türk dünyasında olduğu kimi.
   
   Metənin, girov kimi verildiyi digər Türk tayfası Quratların (Yüəçilər) əlindən xilas olub yurduna qayıtdıqdan sonra başına yığdığı gəncələri təşkilatlandırdığı məlumdur. Onlara təlim keçərkən müəyyən etdiyi qaydalara uymayanları və başa keçdiyi vaxt da intriqaların oyuncağı olan atasını və onu ovcuna alıb oynadan analığını aradan götürmüşdür. Yalnızca bunlar da deyil, Juan-Juanların ondan atını, həyat yoldaşını istədikdə istənən gücə çatmadığına görə hərbə üz tutmayaraq vaxt qazanıb güclənməsini başa düşməyərək onun siyasətindən müxalifət edən şəxsləri, Juan-Juanların daha sonra ucqar bir küncdə olan şoranlıq sahəni tələb etdiklərində də gənəşmə məclisində, "Metəyə qarşı, verək getsin, ora sənin atından və həyat yoldaşından daha qiymətlidir ki?" deyənləri də o andaca aradan götürmüş və ordusunu yığıb Juan-Juanlara elə bir dərs vermişdir ki, düz üç yüz il özlərinə gələ bilməmişdir.
   
   İndiki çağda olsa Metəyə ata qatili, qardaş qatili, həyat yoldaşının qatili möhürünü vurardılar; ancaq Metə böyük dövlət qurmaq üçün lazim gəlsə hər şeyin fəda edilə biləcəyini göstərərək dağınıq vəziyyətdəki türk tayfalarını birləşdirmiş və üç yüz əlli il davam edən böyük bir imperiyanın özülünü qoymuşdur. Ancaq bu imperiya, qanunların, digər adıyla desək törələrin tələb etdiyi şəkildə yaranmış və inkişaf edərək böyümüşdür. Çinli dövlət xadimi Liu Kingin də işarə etdiyi kimi, dövlətdəki "pozulmaz qaydalar" isə hamı üçün qüvvədə idi. Xaqan belə qanunlar qarşısında adi bir vətəndaşın hüququndan artıq hüquqa malik deyildi. Dədə Qorqudda, Qazan xanın hər il evini qarət etdirməsi və evində öz vətəndaşlarından daha üstün ya da luks hərhansı şeyin olmasına icazə verməməsi, onun da digər insanlar kimi adi bir həyat sürməsi, hunlardakı bu fikrin yüzillər sonraya kimi gəlib çıxmış bir dövlətçilik mirasından savayı heç nə deyildi. Metə xan, öz şəxsi cəhdi və dirayətiylə dağınıq Türk tayfalarını bir bayraq altında cəmləşdirdiyində, "Yay çəkən xalqları birləşdirdim, hamısı Hun oldular" deyərək tarixdəki ilk Türk siyasi birliyinin qurulduğunu elan etmişdi.
   
   Çinlilər yüzillər boyu hunlara qələbə çalmaq istəsələr də hərb meydanlarında daim məğlub olmuşdular. Çinlilər, hun hissələri qarşısında hər döyüşdə zəlil olmuşdular. Çin salnaməçisi Şi-Kinin (Şi-Ci) qeyd etdiyinə görə hər dəfəsində Hun ordusundan azı iki-üç qat artıq olmalarına baxmayaraq yenə də məğlub olub qayıtdıqlarında bu məğlubiyyətin səbəbini tapmaq üçün illər boyu müzakirələr keçirmişdilər, tədbirlər görmüşdülər, ancaq xeyri olmamışdı. Yenə Şi-Kiyə görə Liu King adlı Çinli dövlət xadimi Çin xaqanına bu tövsiyyələri eləmişdi; "Döyüş meydanlarında hunları heç vaxt diz çökdürə bilməyəcəyik. Öz atasını öldürən və ölkəsini bu qədər qatı qanunlarla idarə edən bir xaqan şirin dillə yola gəlməz, onu aldatmaq gərəkdir, həm de elə aldadılmalıdır ki, onun oğulları və nəvələri uzun müddət sonra Çinə qul olmaqdan xilas ola bilməsinlər. Demək istəyirəm ki, ey imperator, sən böyük qızını Hun Tanrıqutuna hədiyyə etməli və həmçinin ona hər il gözəl hədiyyələr yollamalısan. Tanrıqut bir dəfə sənin kürəkənin olandan sonra Hun taxtının varisləri sənin nəvələrin olacaq və onlar yaltaqçılığın təbii qanunlarını pozmağa cəsarət edə bilməyəcəklər".
   
   Metə xan zamanında hunlara tabe olan Türk xalqlarının əhali sayı Çin salnamələrinə, xüsusilə də Şi-Kiyə görə 2-3 milyon qədərdi; ancaq çinlilərin sayı isə əlli milyon idi. Aradakı bu boydakı əhali sayı fərqinə baxmayaraq Çin, hunlarla başa çıxa bilmirdi. Bunun əsas amili, Hun dövlətində törələrin, yəni qanunların saat kimi işləməsi idi. Səlahiyyət və məsuliyyət, rütbə, yerlibazlıq, rüşvətxorluq və digər qeyri-qanuni yollarla paylanmırdı. Hər kəs tutduğu məqamı ancaq dövlətə və xalqa etdiyi xidmətə görə ala bilirdi. Həmin anlayış Dədə Qorqud Dastanlarında da öz əksini tapıb. Uşun Qoca Oğlu Səyrək Boyunda, əyrək bəyləri, aşına-aşına çıxdı ocaq başına ifadəsindəki anlayışla basıb yuxarıda oturmaq istədikdə Tərsuzamış ona; -Uşun qoca oğlu, bu oturan bəylərin hər biri yerini öz qılıncı və çörəyi ilə qazanıbdır. Sən başımı kəsdin, qanımı tökdün, acmı doyurdun, çıplaqmı geyindirdin? - deyərək onun yerinin yuxarısı olmadığını başa salmışdır. Sonra hər il təşkil olunan qurultaylarda boy bəyləri iştirak edirdi, qadınları təmsil edən nümayəndə də onlarla birlikdə. Bu qurultaylarda dövlətin güclənməsi, xalqın firavan yaşaması məsələləri müzakirəyə çıxarılır, dərdlər dilə gətirilir və çarələri də əlbirliyi ilə tapılırdı. Qadın nümayəndə qurultayda ayağa durub xaqanı belə əgər səhvə yol veribsə digər nümayəndələr kimi tənqid edə bilirdi. Bir sözlə, çağdaş demokratiya dövlətin hər sahəsində hökmrandı.
   
   Çinlilər, Liu Kingin də dilə gətirdiyi üsulla hunları məğlub etməyin yolunu uzun bir zamandan sonra tapmışdı və uzun müddətdə öz arzularına nail olmuşdular. Tarixdə döyüş sənətini ilk olaraq qələmə alan şəxsin Çinli Sun Tzu olması adi və öz-özlüyündən yaranmış bir hadisə deyildir. O, daimi olaraq məğlub olan bir millətin, strateji yaratma və inkişaf etdirmə cəhdinin təbii nəticəsindən savayı heç nə deyildir. Rus çarı I Pyotrun (Dəli Petro), "Məğlub ola-ola məğlub etməsini öyrənəcəyik" ifadəsi də həmin fikirdən bəhrələnmişdir.
   
   Tarixdə bizi ən yaxşı izləyənlərin bəlkə də birincisi Çinli Çanq Kiendir. Çin imperatoru hunlara qarşı müttəfiq axtarmaq üçün Toxar bölgəsinə casusları Çanq Kieni yollayır, ancaq Çanq Kien hunların əlinə keçib əsir düşür və illərlə onların arasında yaşamaq məcburiyyətində qalır. Çanq Kien, bir sosioloq gözüylə hunları tədqiq edir və vaxtı çatıb Çinə qayıtdığında da türklərin həyat tərzindən əsgərlik sənətinə, inamlarından törələrinə kimi təfərruatlı bir arayış hazırlayıb Çin imperatoruna təqdim edir. Bu arayış istiqamətində hazırlanan stratejilər aramsız və uzun çəkən bir fasilədə həyata keçirilir, sonrası da məlumdur.
   
   İyirmi iki milyon kvadrat kilometrlik torpağa malik olan bu imperiyanın tənəzzülü, şübhəsiz ki, yalnızca Çinin amil olduğu bir səbəb deyildi. Hunlar və onlardan sonra yaranan dövlətlərimizin süqutunun xarici amilləri olduğu kimi, bir də özümüzdən bəhrələnən daxili səbəbləri vardır. Daxili səbəbləri isə ən gözəl dilə gətirən tarixi mənbə də Orxun-Yenisey abidələridir. Orda, Kül Tigin abidəsində bunlar dilə gətirilib;
   
   "Ondan sonra gələn qardaşlar, böyük qardaşları kimi, oğulları da ataları kimi yaradılmamış. Ağılsız xaqanlar taxtda əyləşmiş, komandirlər səriştəsiz imiş, şəksiz ki, ağılsız imişlər".
   
   Bundandır ki, ağılsız xaqanların və komandirlərin hakimiyyətdə söz yiyəsi olması münasibətiylə törələr pozulmuş, qanun-nizam öz yolundan yayınmış, başlar ayaq, ayaqlar da baş olmuş. Bu da dövlətin daxildən başlayaraq gücünü itirməsinə səbəb olmuşdur. Xarici amillərə gəldikdə isə yenə Kül Tigin abidəsi bu barədə əvəzsiz bir mənbə kimi qarşımıza çıxır;
   
   "Bəyləri və xalqı itaətkar olmadığı üçün, Çin xalqı hiyləgər və saxtakar, bic olduğu üçün bəylərlə xalqı üzbəüz qoyduğu, bir-birinin canına daraşdırdığı üçün, Türk xalqı, yaratdığı dövlətini əldən verib, taxtda əyləşdirdiyi xaqanını itirib. Bu üzdən, bəy olacaq oğulları Çinə qul, xanım olacaq qızları cariyə olub".
   
   Çin dövlət gələnəyi, Şi-Kiyə görə daim bu strategiyanı həyata keçirib;
   
   "Güclü bir dövlətə yaranmaq üçün özünü kiçiltmək qüdrətsiz bir dövlətin işidir. Böyük bir dövlətə hücum çəkmək üçün kiçik dövlətləri təşkilatlandırmaq həris dövlətlərin işidir. Barbarları məhv etmək üçün barbarlardan istifadə etmək, mərkəzi imperiyanın, yəni Çinin işidir".
   
   İndi gəlin papağımızı qabağımıza qoyaq və fikirləşək; hal-hazırda dünya səhnəsində bu yandan o yana at çapan imperialistlər hansı taktikadan istifadə edir görən?!
   
   "Ərəb Baharı" deyilən və Yəhudi Sorosun pulları ilə küçələrə tökülüb öz dövlət rəhbərlərini ayağından dartıb aşağı salanların, məxməri inqilab üçün canını verənlərin, məzhəb uğrunda bir-birinə qənim kəsilən eyni qandan və dindən olanların, öz vətənlərində guya ki, azadlıq adına bir-birini xirtdəkləyənlərin qazancı nə olur görəsən və onları kim qurub araya salır?!
   
   Yaxşı, "Wikileaks" rüsvayçılığı bəsit bir hadisədir, yoxsa aysberqin zahirdəki təpəsində görünən avstraliyalı Julian Assange o rüsvayçılığı öz yanından yaradıb?! Bu hadisənin olduqca dərində olan imperialist yönü də var görən, ya da bu yön onun vasitəsiylə həm gözlərdən kənarlaşdırılır, həm də dünyaya, bəzi dövlətlərə və dövlət rəhbərlərinə əba altından dəyənək göstərilir?!
   
   Qaradəniz bölgəsində söylənən bir lətifə vardır. Həmin lətifələrdə baş rolda adı çəkilən şəxsin adı Təməldir. Təməl bir gün kinoya gedir və bir amerikalı naxırçı (kovboy) filminə tamaşa edir. Filmdə bir Hindu (Qızıldərili) dalına düşən amerikalı qatil hərbçilərdən qaçıb canını xilas etmək üçün atını çapır və bir kolun üstündən ötərkən at bu yerdə qurulan tələyə düşür və ikisi də yerə gəlir. Qızıldərili birtəhər qaçıb canını xilas edir. Ertəsi gün Təməl, dostu Dursun adlı şəxsi götürüb həmin filmə baxmağa aparır və ona deyir ki; "Ula Tursun, dun bir Qizildərili atuyla gidərkən bir tuzağa tüşti, bakalum o akillanib yoluni dəyüşəcəkmi, yoksa ahmakluk edüp yinə o tuzağa tüşəcəkmi!" Təbii ki, filmin həmin yerində qızıldərili o duzağa yenə düşür.
   
   Təəssüflər olsun ki, imperialistlər, inkişaf etməmiş ölkələrin cahil xalqı daxilində yaratdıqları kütlə psixologiyasından çox gözəl istifadə edirlər və hər dəfəsində qızıldərili kimi onları duzağa salırlar.
   
   Yazılı tarixdə qeyd olunan hadisələr, dövlətlərarası əlaqələr, hərblər, sülhlər, məğlubiyyətlər, qalibiyyətlər və s. təcrübələr toplusudur. Tarixi düzgün oxumayanların və başa düşməyənlərin axırı daim kədərli olub və olmaqdadır.
   
   Məmməd Akif Ərsoyun dediyi kimi, tarixdən dərs götürülərsə tarix təkrar olunardımı!..

TƏQVİM / ARXİV