adalet.az header logo
  • Bakı 17°C

ƏBüLFƏZ üLViNiN ŞEiRLƏRi

VAQİF YUSİFLİ
44332 | 2011-11-12 07:42
Azərbaycan ədəbiyyatının çox zəngin qollarından biri də Naxçıvan ədəbi mühitidir və əgər tarixə nəzər yetirsək, bunun şahidi olarıq ki, Naxçıvan torpağı təkcə təbii-maddi deyil, mənəvi sərvətləri ilə də həmişə ön sıralarda olmuşdur. Mirzə Cəlili, Qəmküsarı, Əziz Şərifi, Abbas Zamanovu, Məmməd Arazı yetirən bir diyar bu gün də ədəbiyyatımıza yeni istedadlar bəxş etməkdədir. Bu gün də Naxçıvanda ədəbi mühit qaynardır, Muxtar respublikada müstəqil Yazıçılar Birliyinin fəaliyyəti, burada nəşr olunan ədəbi dərgilər; qəzet və jurnallar Azərbaycan ədəbiyyatına yeni töhfələr verməkdədir.
   
   Naxçıvanda yaşayıb-yaradan istedadlı yazarlardan çoxunu tanıyıram. Hüseyn Bağırlının, Qafar Qəribin, Rəhilə Elçinin, Asim Yadigarın, Vaqif Məmmədovun, Nafilənin, Rasim Gənzəlinin, Əbülfəz Muxtaroğlunun şeirlərini oxumuşam, uğurlarına sevinmişəm. Vaxtilə Naxçıvan ədəbi mühitinin canlı klassikləri sayılan Əliyar Yusiflinin, Hüseyn Razinin (ruhları şad olsun!) yoxluğu da hiss olunur.
   
   Naxçıvanda yaşayıb-yaradan şairlərdən biri də Əbülfəz Ülvidir. Bu ay Əbülfəz müəllimin 60 yaşı tamam olur. Bəri başdan onu təbrik edirik. Oxuculara bəlkə də çox da tanış olmayan bu şairin şeirlərindən söz açmaq istəyirəm.
   
   Əbülfəz Ülvi ilk növbədə,tərənnümçü şairdir.Vəsf, tərənnüm, alqış çalarları onun şeirlərinin əksəriyyətinə xasdır. Nəyi tərənnüm edir?-ilk nöabədə, doğulub boya-başa çatdığı-zəngin tarixə və mədəniyyətə malik olan, maddi və mədəni sərvətlərilə bütün dünyada tanınan Naxçıvana. Şairlərimiz bu gözəl diyara aid yüzlərlə, minlərlə şeirlər həsr etmişlər. Əbülfəz Ülvinin öz Naxçıvanı var, daha doğrusu, onun şeirlərində Naxçıvan, bu yurdun təbii gözəllikləri özünəməxsus şəkildə tərənnüm obyektinə çevrilir.
   
   
   
   Bu diyar qəlbimdə dövr edən qanım,
   
   Bülbülü hər zaman ötən olubdu.
   
   Heçdən yaratmayıb Azərbaycanım,
   
   Ona sevgimizdən vətən olubdu.
   
   
   
   Arzusu, əməli daim bar atıb,
   
   Bu diyar ayırır ağı qaradan.
   
   Mənə elə gəlir burda yaradıb
   
   Adəmlə Həvvanı Ulu Yaradan.
   
   
   
   Bu yurd memarıtək ölməzdi, ölməz,
   
   Dünyaya yayıbdı şan kəlməsini.
   
   Amma bircə an da yaşaya bilməz
   
   Sonunda deməsən can kəlməsini.
   
   
   
   Bəzən düşünürəm, çoxalır güman,
   
   Gör necə mehrini salıbdı Tanrı.
   
   Deyərdim, bu yurdu yaratdığından
   
   Tanrı rütbəsini alıbdı Tanrı.
   
   
   
   Ə.Ülvinin "Bir ondan qorxuram" adlı (Şirvannəşr, 2011) yeni kitabında belə səmimi hisslərdən yoğrulan şeirlər az deyil. Kitaba ön söz yazan tanınmış ədəbiyyatşünas Hüseyn Həşimli qeyd edir ki, müəllif müxtəlif şeir formalarına müraciət edir, amma nədən yazır-yazsın, yeni söz deməyə, fikrini poetik və obrazlı şəkildə ifadə etməyə çalışır.
   
   Şair üçün mövzu məhdudiyyəti yoxdur. Xüsusilə, bizim yaşadığımız dövr hər hansı şair üçün bitib-tükənməyən mövzular mənbəyidir. Ancaq sözü şair kimi demək, daha doğrusu, sözü poeziyaya çevirmək istedad tələb edir. Gərək elə yazasan ki, hətta ənənəvi mövzuda da təzə söz deməyi bacarasan. Şairlik elə budur!
   
   Ana-bala məhəbbətindən çox yazıblar. Mərhum şairimiz Cabir Novruzun "Ana" şeirinin sonuncu misrası yadıma düşür: "Dayan, indi anan mən olum, ana!". Məmməd Arazın da bu misrası yaddaşıma əbədi həkk olunub: "Ana itirmişəm ana yaşında". Əbülfəz Ülvinin "Bala mehri" şeirini oxuyuram. Deyərdim ki, bu, onun ən yaxşı şeirlərindən biridir:
   
   
   
    Bir xəstə ananın tutub əlindən,
   
    Təsəlli verirdi ona qızcığaz.
   
    Məlhəm tək çıxdıqca sözlər dilindən,
   
    Sanki qan verirdi, cana qızcığaz.
   
   
   
    Asta, öz-özümə deyirdim birdən,
   
    Anasız dünyanın mənası olmur.
   
    Bəlkə ana qədri bilmədiyindən,
   
    Dərdin dərdi olur, anası olmur.
   
   
   
    Yaxşı ki, heç yoxdur, söyləndim həzin,
   
    Olsaydı qəlbinə dağlar qoyardım.
   
    Belə bir anaya qıyan mərəzin,
   
    Mən öz anasını ağlar qoyardım.
   
   
   
   Ümumiyyətlə, Ə.Ülvinin şeirlərinin içindən bir sevgi xətti keçir. O, iki insanın qarşılıqlı ünsiyyətindən bəhs edəndə də, torpağa, təbiətə məhəbbətini izhar edəndə də sevgi hisslərini gizlətmir. Nədən yazırsansa yaz, sevgini bildirməlisən. Bu-torpaq sevgisi:
   
   
   
   Xisləti həlimdir başdan-binadan,
   
   Elə bil mehrini alıb anadan,
   
   Nə yağış, qar töksə bulud səmadan,
   
   Tərlə suvarmasan küsər torpağım.
   
   
   
   Bu isə ən ali duyğu-insan sevgisi:
   
   Tək mənim deyildir bu ürək, bu can,
   
   Yarı mənimkidir, yarı sənindir.
   
   Eşqini məhəbbət ağacı sansan,
   
   Nə qədər bar versəm, barım sənindir.
   
   
   
   Sonet bizim poeziyada gəlmə şeir forması olsa da, artıq Azərbaycan şairlərini bu formaya tez-tez müraciət edirlər. Mərhum şair Adil Babayevin sonetləri ilə digər şairlərimiz də (Şəkər Aslan, Vaqif Hüseynov, Balayar Sadiq, Elşad Səfərli və b.) bu şeir formasını bizim üçün doğmalaşdıra bildilər. Sonetlər çələngi yaratmaq isə daha çətindir. On beş sonetdən ibarət bu çələng şairdən həm məzmun, həm də formal baxımdan hünər tələb edir. Əbülfəz Ülvi bu çətinliyi aradan qaldıra bilib. Bu sonet çələngində müəllif Sona adlı bir qızın talesiz ömründən söz açır. O, bir insanın məhəbbətini kor qoyub. Ancaq özü də xoşbəxt ola bilmir.
   
   
   
   Fəqət söz açmağın vaxtı çatıbdı,
   
   Necə sona verdi Sona ömrünü.
   
   Bilmədi yox olub, yoxsa yatıbdı,
   
   Bir daha gülmədi ona taleyi.
   
   
   
   Ə.Ülvinin lirik qəhrəmanı bizim müasirimizdir. Düşünən, daşınan, dünyanın dərdlərini dar köksünə yığan, heç bir mənfiliyə biganə qalmayan, pisliyi, rəzaləti rədd edən, yalnız yaxşı əməllər üçün yaşayan bir insandır.Onu Laçının, Xocalının əsir düşməsi, yurddaşlarının qaçqın həyatı necə narahat edirsə,dünyanın ən uzaq bir küncündə yetim uşağın naləsi də bir o qədər həyəcanlandırır. "Uşaq" dedik, şairin "Arzu qızın arzusu" adlı bir şeir kitabından da söz açmaq istəyirəm.
   
   Uşaqlar üçün yazmaq ilk növbədə, uşaq psixologiyasına bələd olmağı tələb edir. Dünya uşaqların gözündə qovğasız, davasız-şavasız bir aləmdir. Dünyanın rəngləri, gözəllikləri də uşaq üçün sehirli bir aləmdir. Şair uşaq dilini, uşaq qəlbindən keçənləri həssaslıqla duymalıdır.Körpələri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün uşaq şeirlərinin rolu böyükdür. Təbiətə, ata-anaya sevgilər də uşaq şeirlərinin başlıca mövzularındandır. Əbülfəz Ülvinin uşaqlara həsr etdiyi şeirlərdə də biz bunun əyani ifadəsini görürük.
   
   
   
   Babası həyətdəki,
   
   Çinara su verirdi.
   
   Bu mənzərə İnciyə,
   
   Böyük duyğu verirdi.
   
   Deyirdi babasına:
   
   -Məni də ək, yekəlim.
   
   Günə, aya, ulduza,
   
   Torpağımdan dikəlim.
   
   O qədər sevirdi ki,
   
   Vətənini bu bala.
   
   Torpağa da dönməyə,
   
   Hazır idi az qala.
   
   
   
   Böyük şairmiz Səməd Vurğun hələ 65 il öncə yazırdı: "Uşaq üçün yazılmış hər bir əsərin əsasında məna gözəlliyi yaşamalıdır. Mənası dayaz, qayə və məqsədi aydın olmayan, ötərgi hisslər və təsirlər tərənnüm edən əsərlər uşağın hafizəsində ani bir qığılcım kimi parlayıb sönür. Məna gözəlliyinin əsas ruhu insana və təbiətə qarşı məhəbbətdir. Uşaq özü canlı olduğundan insan və təbiət aşiqidir. Şeir və nəğmələrimiz, hər şeydən əvvəl, təbiət və insan gözəlliyini tərənnüm edirsə, uşağın onlara qarşı meyl və həvəsi çiçəklənər, o özü də insan olmağı ilə fəxr edər".
   
   Ə.Ülvinin məna gözəlliyi ilə süslənən uşaq şeirləri çoxdur. "Bayraq" şeirini götürək:
   
   
   
    Bayraqdakı qırmızı,
   
    Rəng bozarmışdı bir az.
   
    Bunu görəndə Həzi,
   
    Dedi:-belə iş olmaz.
   
    Eşitmişəm bu al rəng,
   
    Babaların qanıdı.
   
    Bu qan hopan nə varsa,
   
    Millətimin canıdı.
   
    Babam şəhid olubdur,
   
    Çox görmüşəm dərd, ələm.
   
    -Bəs kimdən qan götürüb
   
    Bayrağı rəngləyəcəm?
   
   
   
   Ümumiyyətlə, kitaba toplanan şeirlərin əksəriyyəti belə bir fikri təsdiq edir ki, şair uşaq təbiətinin, uşaq xislətinin sirlərinə bələd olduqda, necə deyərlər, "uşaqlaşanda" həqiqi uşaq şeirləri meydana gəlir. Uşaqla uşaq dilində danışa bilir Əbülfəz Ülvi.
   
   Bu yazının sonunda bir daha Naxçıvan ədəbi mühitinin yetirməsi olan Əbülfəz Ülvini 60 yaşı münasibətilə təbrik edirəm.

TƏQVİM / ARXİV