adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

MAZQi

RZA RZAYEV
55274 | 2011-11-12 07:42
Uşaq olanda tez-tez bu ifadəni eşidərdim - filankəs mazqimi xarab etdi.
   
   Bakıdayam, iki ay olar, facebookda demək olar ki, olmuram, gecə facebooka girirəm - çoxdandır status yazmıram. Yazmağa başlayıram, bilmirəm, necə oldusa bu statusu yazdım - "Bir çox məmurun qulağını çəkmək yox, kəsmək lazımdır"! Hələ sabah nələrin baş verəcəyindən xəbərsizəm.
   
   Naxçıvanın sadə camaatı mənim üçün həmişə maraqlı olub, onlarla oturub söhbət etmək, dərdləşmək başqa aləmdir.
   
   Son ayları İsmayıllıda keçirmişdim, çox müşahidələr aparmışdım, bir çox hallar məni təəccübləndirmişdi. Sadə insanların düşüncəsi və söhbət mövzusu mənə təəccüblü gəlirdi, heç Naxçıvandakı sadə insanların söhbətlərinə oxşamırdı.
   
   İsmayıllıdan dönüb bir gün Bakıda qaldım, səhər işə çıxdım və məcburən Naxçıvana getməliyəm. Gedişim ürək açan olmasa da, doğulduğu bölgəyə getmək insanda fərqli hislər yaradır.
   
   Həmişə xanımlara qarşı diqqətli və dözümlü olmuşam. Bilet almaq üçün bron götürdüm və aviakassaya yollandım. Çox az zamanım var, cəmi dörd saat. İçəri daxil oldum və növbə tutmaq üçün aparatdan kağız aldım, mühafizəçi başı ilə salam verdi, mən də, az da olsa, başımla salamı aldım.
   
   Səkkizinci kassaya yaxınlaşmalıyam, yaxınlaşdım. Aviakassada basa-basdır. Gözaltı səkkizinci kassanı axtara-axtara sondan ikinci kassanın qarşısına çatdım. Sonuncu, yəni doqquzuncu və sondan ikinci, yəni səkkizinci kassanın qarşısındakı stulların hər ikisində vətəndaş əyləşib, doqquzuncu kassanın satıcısı yoxdur. Səkkizinci kassadan vətəndaş biletin aldı və stuldan qalxdı, ətrafdakılardan kimsənin növbədə olmadığını soruşdum - yox, cavabını eşitdim. Tez stulda əyləşdim. Pasaportu stolun üstü ilə xanıma tərəf itələdim, xanım güzgüyə baxa-baxa, gözlərini süzdürə-süzdürə, məni süzdü. Qız çox əsəbi və ədalı - növbəni gözlə - deyə üstümə çəmkirdi. Bir anlığa duruxdum, nə deyəcəyimi kəsdirə bilmədim:
   
   - Məndən başqa kimsə yoxdur.
   
   - Növbəni gözlə.
   
   Yan-yörəmə baxdım, kimsəni görmədim. Xanıma yenidən ən azı xidməti pasaportla olduğumu xatırlatdım.
   
   - Yox, mən doqquzuncu stulda oturan vətəndaşı yola salacam - deyə yenidən üstümə çəmkirdi.
   
   Doqquzuncu kassanın qarşısındakı stulda əyləşən vətəndaş:
   
   - Mən doqquzuncu kassanın satıcısını gözləyirəm, xanım dedi, birazdan gəlirəm, siz bu vətəndaşı yola salın.
   
   - Yox, mən buna bilet yazmayacam.
   
   Səbrim daşır, beynimdən nələr keçir bir Allah bilir.
   
   - Sizin rəis kimdir, harada əyləşir?
   
   Xanım mənim pasaportumu da götürüb getdi, bir ədayla yeriyir ki, qalib qayıdacağına öncədən əmin kimi. 45-50 yaşlarında olan bir kişi ilə qayıdır:
   
   - Növbəni pozan şəxs sizsiniz?
   
   - Növbədə məndən və bu vətəndaşdan başqa kimsə yoxdur.
   
   - Yox, siz növbənizi gözləyin.
   
   - Yox, mən növbəni pozmamışam, siz kimsiniz?
   
   - Mən buranın rəisiyəm.
   
   - Birdə mən xidməti pasaportlayam, sizin borcunuzdur mənə hər cürə köməklik göstərmək, oxuya bilirsinizsə pasaportun birinci səhifəsində yazılanları oxuyun.
   
   - Oxumuşam, nə olsun, boş şeydir.
   
   Artıq beynim xarab olub. Daxili orqanlarım əsim-əsim əsir, Bakı küləyi kimi, gah Gilavarı, gah da Xəzri. Adrenalin vəzi artıq öz işini görüb. Rəis mühafizəçini cağırır.
   
   Mühafizəçi gələnə kimi bir anlıq bir yumruğun qiymətini hesabladım - çənənin və dişlərin qiyməti, həkim pulu - ən azı 3000 manat, ziyan çəkənin pulu, əgər durarsa - ən azı 3000 manat və digər xərclər - ən azı 10000 manat - cəmi 16000 manat. Çünki mən xuliqan sayılacam və xuliqanlıq maddəsinə görə üç ildən yeddi ilə qədər içəridə yata bilərəm. Çöldə yata bilməyən insanın içəridə necə yatacağını bir anlıq düşündüm. Tez cibimi yoxladım, yox - cibimlə uyğun gəlmir. Əks fikir, yox - olmaz, içəriyə getmək zamanı deyil. Heç zaman bu düşüncə məndə olmayıb. Son beş ildə baş verən hadisələr məni bu cür düşünməyə vadar edir və səbəbi söyləyə bilməyəcəm. Amma son dəfə dalaşanda naxçıvanlı polislər və müstəntiqlər mənə müştəri gözü ilə baxdıqları halda, bakılı prokuror - belə gənci qorumaq lazımdır, dedi və bütün məsuliyyəti öz üzərinə götürdü
   
   Mühafizəçi yaxınlaşır, sifətimdən zəhrimar yağır. Şikarını gözləyən şirə bənzəyirəm, hiss edirəm ki, saçımın buruqları açılmağa başlayır. Rəis pasaportumu mühafizəçiyə uzadır:
   
   - Bu vətəndaşı başa sal. - Kabinetinə doğru gedir.
   
   Mühafizəçi əlini kürəyimə vurur - Dəmirlə düşmən kimi vurduğu yerə indi "dost" kimi əli ilə vurur! Sonra yazıq sifətlə, xahiş edirəm, biraz sakit olun, mən sizi tanıyıram.
   
   ***
   
   1991-ci ildi, hər yerdə "ONU" müdafiə edirəm - nəqliyyatda, auditoriyada və s. Psixologiya müəllimim qatı mövcud hakimiyyət tərəfdarıdır. Qrupun qarşısında məni imtahandan kəsəcəyini elan edir:
   
   - "ONU" müdafiə edən kimsəyə qiymət yazmıyacam. Mən sənə necə qiymət yaza bilərəm ki, sənin psixikan yerində deyil - onu müdafiə və təbliğ edirsən.
   
   - Mən "ONU" müdafiə və təbliğ etdiyim üçün psixologiyadan əla qiymət alacam, mənə xox gəlmə.
   
   İmtahanı yazılı verirəm və əla qiymət alıram.
   
   O zamanlar "ONUN" adını çəkmək ölümə bərabər idi. Mənsə onun rəsmini yaxamda gəzdirirdim. Rəsmini Naxçıvandan gətirmişdim, Naxçıvanda "Lalə" foto atelyesində "ONUN" rəsmini çoxaltmışdılar və hər kəsə pulsuz olaraq paylamışdılar. Artıq mənə bir neçə dəfə xəbərdarlıq olunmuşdu - şəhəri tərk et.
   
   İdman zalındayam, artıq üç aydır dostumla birlikdə məşq edirəm. Müəllim məndən yaxşı idmançı olacağını deyir, mənimlə fərdi məşğul olur. Zala bir həftə olar, fiziki cəhətdən güclü beş-altı idmançı gəlib-gedir. Müəllim məndən artıq aralı gəzir.
   
   Dostum fiziki cəhətdən güclü olsa da, "ürəy"i yoxdur. Uşaqlar dostuma "ilişirlər". Dostum qabağından yeyir, beş-altı idmançı ilə tək üz-üzə qalıram, zal qan gölünə dönür, beş-altı idmançını al qana bulayıram, özüm də ciddi zədələr alıram, bu gün də bu zədələri bədənimdə daşıyıram. Dostum bu gündə, bu hadisəni əfsanə kimi hər kəsə danışır. Bu zal - bu gün "ONUN" adını daşıyır: "ONUN" adına İdman-Konsert Kompleksi.
   
   "ONU" səmimi sevmək həm də güclü olmaq demək idi - tək beş-altı nəfərə qalib gəlmək idi. İndi dövran və zaman dəyişib, "ONSUZ" çox şey dəyişib, dost və düşmən yeri də, amma nə dost, nə düşmən dəyişməzdi. Hər şey dəyişik düşəndə - dəyişənlər də dəyişə bilər. "O" sevməzdi belə şeyləri. İndi mənə "ONA" görə dubinka vuranlar, dubinka vurduranlar millət vəkilidir, idarə rəisidir, şöbə müdiridir və mühafizəçidir və bunun adı - siyasətdir.
   
   
   
   ***
   
   Mühafizəçi pasportumu doqquzuncu kassadakı xanıma uzadır, qardaşımı biraz tez yola salın. Xanım mənə baxır, xoş sifətlə:
   
   - Bu dəqiqə.
   
   - Yox, mənə səkkizinci kassadakı xanım bilet yazacaq.
   
   - Mən yazmayacam, mən yeməyə gedirəm.
   
   Bütün başverənlərin mahiyyəti artıq aydındır, xanım mədəsini doldurmalıymış. Hiss edirəm ki, gözlərim bərəlib və az qalır hədəqəsindən çıxa. Uşaqlıqdan öyrəndiyim bütün söyüşləri söyməyə başladım, amma ürəyimdə, ürəyim də elə döyünür ki, biraz diqqət etsələr, ürəyimin döyüntülərinin söyüş olduğunu eşidəcəklər.
   
   Doqquzuncu kassadakı xanım:
   
   - Əyləşin, ayaqüstə durmayın.
   
   Artıq beynim tamam dönüb, özümü idarə edə bilmirəm, amma qarşımdakı qadındır.
   
   Xanımın əli göydə qalıb:
   
   - Buyurun, sizin biletlər hazırdır.
   
   Tez aviakassadan uzaqlaşmaq istəyirəm, qapıya çata-çatda səkkizinci kassadakı xanımla üz-üzə gəlirəm, xanım məni görəndə diksinən kimi oldu, baxışlarım onu diksindirdi, ayılan kimi oldu, çöldən kiminsə gəldiyini gördü, arxaya baxmadan qaçdı. Qapıdan çıxanda əli döş cibində olan bir yaşlı kişi ilə üz-üzə gəlirəm, kiməsə söyür.
   
   Hiss edirəm, küçədən keçən hər kəs mənə baxır. Halıma bax, başıma döyə-döyə, ürəyimi didə-didə gedirəm ee, addımlarımın biri bir metr, göznən görünən hər şeyi ani olaraq qaraltı kimi görürəm, gözlərim qaralır!
   
   Bir də ayaqlarıma su dəyəndə ayılan kimi oldum - Xəzər.
   
   Başımı yuxarı qaldırdım, istədim Xəzərə şikayət edəm - hansı üzlə! Xəzərin üzünü üzümə çevirdim, su tapmadım Xəzərin üzündə, Xəzərin də üzündə su qalmayıb. Gecə televiziyada gördüklərin, səhər Milli parkda sınaqdan çıxaran "gənclər" Xəzərdə üz qoymayıb. Xəzərin üzünü çeviriblər.
   
   - Bilmirəm, kimin nəyidi, gör nə günə qalmışıq, bilmirəm, kim bunun dalını tutub, kim bunun dalında durub, gecə başı yastıqdan düşənlər, gecə arxasını çevirə bilməyənlər, dizi üstə oturanlar, səhərdən-axşamacan yeyənlər, gecə də ağzı işləyənlər, ağzını qərb sayağı işlədənlər, avropa standartları ilə yatanlar, üstümüzə ayaq alıblar!
   
   Xəzərdən elə səs çıxdı ki, diksindim:
   
   - Sus, danışma, eşidən olar.
   
   - Sənə deməyək dərdimizi, Xəzər. Sən də satqınsan, sən da su..san?!
   
   - Get, oğlum, get, sən də qanını mənim üstümə tökmə.
   
   Üzümə elə bil su çiləndi, gözlərimə işıq gəldi, gözlərimə inanmadım.
   
   - Əlini döş cibində gördüyüm yaşlı kişi qanlı bıçağı Xəzərin suyunda yuyur.
   
   Üzümü Xəzərin suyu ilə yudum, üzümün suyu Xəzərin suyuna qatışdı, qatışıq üzlə taksiyə yaxınlaşdım.
   
   Taksi şoferi:
   
   - Hara gedirsiniz?
   
   - Səkkizinci kilometrə.
   
   - İyirmi manat ver aparım.
   
   Öz-özümə:
   
   - Başımın tükü həqiqətən çoxalıb, görən yolmaq istəyir.
   
   
   
    ***
   
   Uçağa minirəm, son illər uçaq sindromu var məndə. Əvəllər heç qorxum yox idi, 5 il olar ki, uçaqdan qorxuram, sərnişinləri və pilotu görəndən sonra qorxum azalır. Sərnişin təsəllisi - pilot özü də uçaqdadır, bir də tək uçmuram, gör, nə qədər sərnişin var - ölsək hamımız bir yerdə öləcəyik - bu da insan xisləti.
   
   Uçaq qalxar-qalxmaz həyəcanım artır, gözlərimi yumuram, uçağı göydə görməyim. Beynim sürətlə işləyir, beynimdən çıxara bilmirəm, nə qədər istəsəmdə başqa şey düşünüm, mümkün olmur. Hər səs, hər hərəkət məni sinirləndirir, yay kimi dartılmışam. Birdən daxilən rahatlayıram, pəncərədən aşağı baxıram, uçaq Naxçıvanın sərhəddini keçir, hər tərəf dağlardır. Həyəcandan əsər-əlamət qalmır, "ilham pərisi"Tanrıya yaxınlığı duyur, ürəyimdən qaçan sözləri tuta bilmirəm.
   
   Naxçıvan dəyişib, dəyişən Naxçıvanı görmək istəyirəm. Taksi saxladıram, Naxçıvanda şəhəriçi hər tərəfə gediş 1 manatdır. Taksi şoferinə 10 manat uzadıram - nə qədər edirsə şəhəri gəzdir. Şəhəri gəzirəm, Fransaya oxşayır, kimlərdənsə eşitmişəm, amma Fransanı görməmişəm. Düşünürəm, bu çox axmaq fikirdir.
   
   Naxçıvanlı olasan, Naxçıvana gedəsən, çay içməyəsən - çox şey itirmiş olarsan. Naxçıvanda deyirlər - "iki çay bir obeddir". Naxçıvanlılar bir neçə gün çörəksiz qala bilərlər, amma bircə gün də olsun çaysız qala bilməzlər. Çay Naxçıvanda "milli yeməkdir".
   
   Çayxanaya girirəm, tanıdığım və tanımadığım çoxlu uşaq var. Stollara yaxınlaşıb görüşürəm, hər kəs öz stoluna oturmaq üçün dəvət edir. Vəzifə tutanlardan üzr istəyirəm, məni gözləyirlər, keçib uşaqlıqdan tanıdığım "bratvaların"stolunda əyləşirəm. Söhbətin şirin yerinə gəlib çatmışam, şirin söhbət gedir - "Mazqi"dən danışırlar.
   
   "Mazqi" halına hal qatan cavanlardandır. Halsız olanda özünə bir neçə dəfə qəsd edib. Bir dəfə qəməlti (uzun bıçaq) ilə özünü vurub, qəməlti sınıb, bir dəfə də dördüncü mərtəbədən özünü aşağı atıb, aşağıda dayanan maşının lukuna düşüb, yenə də sağ qalıb.
   
   Cavanlar yenə hallarına hal qatmışlar, hallı-hallı üzlərini tuturlar Tanrıya - niyət edirlər. "Mazqi" dinmir, başını aşağı dikib, sakitcə dayanıb. Uşaqlardan biri soruşub:
   
    - Ə, bə, sən niyə niyət etmirsən, sənin niyətin, arzu-istəyin yoxdur ?!
   
    - Ə, bə, ta mənim "ONUN" yanında üzüm qalmayıb eee !!!
   
   Uçağa qalxıram, istəyirəm üzümü tutam Allaha - "Mazqi"nin sözləri düşür yadıma - "Ta mənim "ONUN" yanında üzüm qalmayıb eee !!!"
   
   Keçirəm salona, sərnişinlərə baxıram, üzü qalan sərnişin axtarıram, görmürəm, əgər varsa, üzü qalanın üzünə bağışla bizi, Allah!!!
   
   Qorxumun səbəbini bilmək istəyirəm, axı mən heç zaman qorxmamışam, məndə qorxu hissi olmayıb. Fikirləşirəm, gözlərimi yumuram - keçmişə qaranlıqda baxıram - Aaa, heç demə, mənim qorxum, bu üzlə Tanrının hüzuruna getməkdi!
   
   Uçaq Bakıda yerə enir, qabaq təkərləri yerə möhkəm dəyir, uçaq ləngər vurur, sərnişinlərin çoxu qışqırır. Gözlərimi açıram - heç demə, ən az qorxan sərnişin məniymişəm.

TƏQVİM / ARXİV