adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"Ayıbdır..."

İNTİQAM VALEHOĞLU
20497 | 2011-11-12 07:42
Bizi görən kimi üstümüzə cumurlar, sənədlərimizi alırlar, sonra da onu geri qaytarmaq üçün azı 50 manat pul istəyirlər. Nə edəcəyimizi bilmirik. Əlimizdən gələn bircə odur ki, onların əlindən qaçıb gizlənirik...
   
   Düz oxudunuz. Amma düşünməyin ki, söhbət hansısa müharibə gedən ölkədən, yaxud da kiminsə 1993-cü il xatirələrindən gedir.
   
   Xeyr, bütün bunlar 2011-ci ildə, Azərbaycan müstəqillik qazandıqdan düüüüz 20 il sonra şəhərin mərkəzində baş verir...
   
   
   
   Antiqəhrəman
   
   
   
   Necə deyərlər, bu barədə az sonra.
   
   Amma gəlin, əvvəlcə necə deyərlər əsərin, əsər olmasa da, reportajın cansız, amma cansız olmasına rəğmən canlı insanların canlarını boğazına yığdıran "qəhrəmanı" haqda danışaq.
   
   Deməli, bu taksilər ötən il Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə paytaxtımıza gətirildi. Həmin vaxt nəqliyyat naziri Ziya Məmmədov ölkə başçısı İlham Əliyevə məlumat vermişdir ki, Avropa standartlarına cavab verən müasir avtomobillərdən 12-si tanınmış "London Taksi" şirkəti tərəfindən istehsal olunmuş TX 4 modeli yalnız taksi məqsədləri üçün nəzərdə tutulur və Avro-4 standartlarına tam uyğundur. Şəhər daxilində yüksək manevr etmək imkanlarına malik avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf arakəsmə ilə ayrılması sərnişinlər üçün rahat mühit yaradır. Avtomobilin arxa hissəsində nəzərdə tutulmuş üzbəüz oturacaqlarda 5 sərnişin əyləşə bilər. Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilib. Taksidən istifadə edən hər bir sərnişinin qəza zamanı 3 min manat sığortalı olması və maşınlarda "itmiş əşyaların tapılma" xidmətinin fəaliyyət göstərməsi də müasir xidmət növlərindəndir. Avtomobillərlə yaxından tanış olan dövlət başçısı "London Taksi" şirkəti tərəfindən istehsal olunmuş TX 4 modelli avtomobili idarə edib.
   
   Çox gözəl. Bəyənilsin. Daha sonra isə bu ilin avqustunda Bakıya daha 100 ədəd "London taksi"si gətirildi. TX4 və ya "London Taksi" adlanan bu taksilər müasir kommunikasiya texnologiyaları əsasında işləyən, gecə-gündüz fəaliyyət göstərən dispetçer mərkəzi sifarişləri online rejimində qəbul edən bu taksilər şəhərə gələn qonaqların yanında üzümüzü əməlli-başlı ağartasa da, çörəyi taksilikdən çıxan çox kişilərin üzünü evdə arvad-uşaq yanında qara eləməyə başlayıb. Elə bu haqda da bir qədər sonra...
   
   
   
   Endirim
   
   
   
   Hələ bir müddət öncə hər kilometri 70 qəpiyə olan qiymətlər də "Bakı Taksi" MMC tərəfindən aşağı salınıb. Belə ki, Bakıda istismar olunan yeni taksilərdə 1 km məsafə üçün gediş tarifləri aşağı salınıb. Qiymətlərdə əsas dəyişiklik 10 km-dən sonra başlayır. Nəticədə, hazırda 10 km məsafəyə kimi 1 km üçün gediş tarifi 70 qəpik, 10-20 km məsafədə hər 1 km üçün 40 qəpik, 20 km-dən artıq məsafənin 1 km-i üçün isə 20 qəpik müəyyənləşdirilib. "Bu qiymətlərlə müştərilərə həm yaxın, həm də uzaq məsafələrə bu taksilərdən istifadə etmək daha sərfəli olacaq", - deyə şirkətdən bildirilib. Qeyd edək ki, hətta qiymət endirimindən sonra yeni taksilərlə respublikanın digər şəhər və rayonlarına getmək mümkün olmayacaq. Çünki bu avtomobillər yalnız Bakı hüdudlarında xidmət göstərmək üçün nəzərdə tutulub.
   
   
   
   "Xalturşiklər" qan ağlayır
   
   
   
   İndi də keçək əvvəldə sizə söz verdiyim "az sonralar"a.
   
   Deməli, bayaqdan haqqında sizə danışdığım bu taksilərin ucbatından dədə-babadan pulu bu işdən çıxan "xalturşik"lərin günü göy əskiyə bükülüb.
   
   Doğrusu, bu haqda çox eşitmişdim. Amma sürücülərin özüylə söhbətdən sonra vəziyyətin hansı həddə olduğunu bir daha aydınlaşdırdım.
   
   Onların söylədiyinə görə, indi Bakıda oğurluq eləmək taksi sürücüsü olmaqdan daha asan işdir. Özünü Fəxrəddin kimi təqdim edən həmsöhbətimin dediyinə görə, hətta bir neçə dəfə onun sənədlərini əlindən alıblar. Kim? Yaxşısı budur, özü desin: "Mənim 45 yaşım var. Hardasa 25 ilə yaxındır ki, sürücülüklə məşğulam. Yəni lap cavanlıqdan əsas məşğuliyyətim budur. Yaxşı qazanmasaq da, gündəlik 10-12 manat qazanıb ailəmizi dolandıra bilirdik. Amma təzə gətirilən taksilərə görə, hər gün nəqliyyat müfəttişləri, yol polisləri bizi neçə dəfə saxlayır. Hətta indi təzə metod da tapıblar. Adi geyimdə yolda durub əl eləyirlər. Saxlayandan sonra başa düşürsən ki, ya müfəttişdir, ya da yol polisi. Ona görə də yolda gedəndə qorxumuzdan müştəri əl sallayanda da saxlamırıq. Onsuz da bu taksilər şəhərdən kənara çıxa bilmir, çox kaprizlidirlər, hər yerə gedə bilmirlər. Yəni bu boyda şəhərin taksiyə olan tələbatını tək onlarla ödəmək mümkün deyil".
   
   
   
   "Adam ailə yanında üzüqara olur"
   
   
   
   Digər həmsöhbətim Əli dayı isə daha təcrübəli sürücüdür. Dediyinə görə 77-ci ildən, yəni köhnə "taksimatornu"ların vaxtından ailəsini sürücülüklə dolandırıb, sürücülüklə oğul evləndirib, qız köçürüb. Bir sözlə, əvvəllər bu işin həm yaxşı hörməti, həm də qazancı olub. Amma: "İndi hərə bir "şahmat"ı atır maşının üstünə, taksilik eləyir. Ona görə də həm yaxşı iş yoxdur, həm də əvvəlki hörmət. Bolluq yaxşı şeydir. Amma bu qədər də yox. Onsuz da cavan uşaqların əlindən az çəkmirdik. Gündüzlər "xalturşik", gecələr isə "avtoş"luq eləyən uşaqlar benzinpuluna işlədikdərinə görə, qiyməti öldürmüşdülər. Bu "London taksiləri" gələndən sonra vəziyyət daha da pisləşib. Dərd təkcə bu olsaydı, nə vardi ki?! Yarım saat burda durun, özünüz görəcəksiniz. Ya bir "QAİ" işçisi, ya da müfəttiş yaxınlaşacaq ki, burda saxlamayın".
   
   Təcrübəli sürücü deyir ki, vəziyyət o qədər çətinləşib ki, evdə arvad-uşaq yanında da... "Oğurluq-doğurluq bir-iki müştəri aparıram. O da ancaq siqaretimə, konturuma, yeməyimə çatır. Axşam evə gedəndə düz-əməlli bazarlıq da eləmək olmur. Adam ailə yanında üzüqara olur".
   
   
   
   Müştəri nə deyir?
   
   
   
   Sözsüz ki, bu vurhavur müştəri üstündədir. Yəni bütün olanların bir səbəbi var-müştəri qazanmaq. Elə sürücülərlə söhbət etmişkən, şəhər sakinlərinin də fikrini öyrəndik. Mətbuat işçisi olan Tünzalə Xəlilova bizimlə söhbətində bildirdi ki, təzə taksilərin şəhərə gətirilməsini təqdir edir: "Ola bilsin ki, bu taksilər daha keyfiyyətlidir, xoşagələndir. Amma qiymət məsələsi də var axı... Camaatda da belə bir fikir var ki, yeni taksilərdə gediş haqqı çox bahadır. Məncə, nə qədər rahat olsa da, köhnə taksilərin sürücülərini də başa düşmək lazımdır. Sürücülərin sənədlərini alan, işləməyə imkan verməyən müfəttişlər başa düşməlidirlər ki, onların övladları kimi taksi sürücülərinin də ailəsi, övladı evdə atasının gətirəcəyi bir tikə çörəyi gözləyir".
   
   Təqaüdçü Əmir kişi isə belə düşünür ki, yeni taksilərin paytaxta gətirilməsi heç nəyi dəyişməyib: "Əgər hansısa qonaq bizə taksimizə görə, qiymət verəcəksə, onun verdiyi qiymət mənə lazım deyil. İndi qonağa görə, camaatın çörəyinə bais olaq? Ayıbdır".
   
   Son olaraq. Bütün bunlarla bağlı nə demək olar? Qədimdə belə bir misal var idi. Deyərdilər ki, təzə ay çıxanda köhnəni doğrayıb ulduz edərlər. İş burasındadır ki, köhnə ayı yenə ulduz eləyirdilər, bu taksiləri isə heç ulduz da eləmək istəmirlər. Görünür, belə məsləhətdir...

TƏQVİM / ARXİV