adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Misir və İran şahzadəsi adını qazanmış Fevziyyənin həyat hekayəsi...

SAMİRƏ ƏŞRƏF
37812 | 2015-06-12 10:19
Misirin ilk kralı Fuad ilə şahzadə Nazlının dörd qızlarından böyüyü olan Fevziyyə 1921-ci il noyabrın 5-də İskəndəriyyə şəhərində anadan olub. Əcnəbi mürəbbiyələrin əhatəsində böyüyən Fevziyyə yaxşı təhsil alır, bir neçə dili mükəmməl formada mənimsəyir. Ailədə üç bacıyla yanaşı həm də özündən yaşca byük qardaşı olan Fevziyyə evdə çox mehriban və sözəbaxan qız olur.
Ataları Misir kralı Fuad 1936-cı ildə dünyasını dəyişdikdən sonra taxta hələ o zaman 16 yaşı yenicə tamam olan vəliəhd Fərrux çıxır. Ataların ölümündən sonra hakimiyyətə sahib olan Fərrux həm də ailədə, bacılarının üzərində geniş söz haqqına sahib olur. Qızların ən böyüyü Fevziyyə artıq ərə getmək yaşına çatmışdı. Gözəlliyi ilə Misirdə ad qazanmış olan Fevziyyənin elçiləri çox olsa da onun anası Nazlı xanım qızının ərə getməsinə bir o qədər də tələsmirdi. Lakin bir müddət sonr kral Fərrux bacısının tezliklə İran şahı Rza Pəhləvinin oğlu vəliəhd Məhəmmd Rza ilə ailə qurmasının üstünükləri barədə götür-qoy etməyə başladı. Fərrux yaxşı bilirdi ki, Fevziyyənin İran şahının oğlu Məhəmməd Rza ilə ailə qurması Misir hakimiyyətinə çox xeyir verəcək. Bu səbəbdən də Rza və Fevziyyənin qarşılaşması üçün bir sıra tədbirlər gördü. Rza Pəhləvi Fevziyyəni görən andan ona vuruldu. Və bu nə Fevziyyənin anası Nazlının, nə də qardaşı Fərruxun nəzərindən yayınmır. Qısa müddətdən sonra Rza Pəhləvi Misir şahzadəsinə bənd olduğunu valideynlərinə açıqlayır. Onun bu niyyəti Pəhləvilər xanədanında yaxşı qarşılanır. Çünki hər iki müsəlman ölkəsinin birləşməsi, geniş əlaqələri Yaxın Şərqdəki qüdrətlərinin artmasına kömək edəcək. Bu məsələdə Fərrux daha da iddialı idi. Onun fikrincə İranın gələcək şahı ilə qohumluq onun islam ölkələri üzərində vahid rəhbərliyin həyata keçirməsinə daha da kömək edəcək.

Dəbdəbəli toy və qudaların qarşıdurması

Beləliklə bir müddət sonra hər iki ailənin razılığı ilə İranın vəliəhdi Məhmməd Rza ilə Fevziyyə nişanlanır. Onların nişanı həddindən artıq dəbdəbəli və izdihamlı olur. Bir çox ölkələrin rəsmi nümayəndələrinin iştirak etdiyi nişan məclisi Misirdə baş tutur. Fevziyyənin anası Məhəmməd Rzadan öz qızı üçün inanılmaz toy və nişan xərcləri tələb edir. Həmin dövr II Dünya Müharibısinin başlanması ərəfəsinə təsadüf etdiyi üçün Məhmməd Rza artıq israf və xərcdən çəkinməyi tərcih edir. Lakin hikkəli və göstəriş həvəsli Nazlı xanım onunla razılaşmır və istəklərinin hər birini yerinə yetirdir. Ümumiyyətlə, şahzadə Nazlı tarixdə də o qədər sevilən fiqur olmur. Həddindən atıq israfçı, ərköyün və xudbin olan bu qadın təşkil etdiyi qumar və içki gecələrinə küllü miqdarda pul xərcləyən yüngül xasiyyətli qadın kimi tarixin yaddaşına düşüb.
Nişandan bir müddət sonra toyun vaxtı qərarlaşdırılır. Fevziyyənin cehizi Məhəmməd Rzanın ailə üzvləri ilə birgə yaşadığı saraya aparılır. Rza şah gəlini Fevziyyə üçün xeyli sayda bahalı hədiyyələr, zinət əşyaları göndərir.
1939-cu il mart ayının 16-da Məhəmməd Rza və Fevziyyə ailə həyatı qururlar. İranda baş tutan toy bir neçə gün davam edir. Fevziyyəni onun ailə üzvləri - qardaşı, qardaşının arvadı Fəridə, anası və bacıları müşayiət edir. Toydan sonra Nazlı bir neçə həftə qızının yanında qalır. Lakin bu müddət ərzində onunla qızının qayınanası arasında ciddi qarşıdurmalar yaranır. Nazlı qızının bir çox işinə müdaxilə edir. Qudası ilə çox kobud öcəşmələr aparır. Hər iki xanım bir-birindən yüksək olduqlarını sübuta yetirmək üçün xeyli mübarizə aparırlar. Nəhayət iş o yerə gəlib çatır ki, Məhəmməd Rzanın anası Nazlı xanımı tezliklə İrandan uzaqlaşdırmaq tələbini irəli sürür. Nazlı qızının evində istənilməyən qonaq olduğunu dərhal başa düşür və İranı tərk edir. O gündən sonra o bir neçə dəfə çalışsa da, Məhəmməd Rza qayınanasının İrana gəlmək istəklərinə razılıq vermir.
Misirdə çox rahat həyata alışmış Fevziyyə müasirlik baxımından nisbətən geri qalmış İranın şəraitinə çox çətinliklə öyrəşir. Növbəti il onların Şahnaz adlı qızları dünyaya gəlir.
İkinci Dünya müharibəsi zamanı İran öz "neytrallığını" elan etsə də, ölkədə çox güclü faşist kəşfiyyatı qurulmuşdu. 1941-ci ilin avqust ayında Sovet və İngilis qoşunları İranın ərazisinə yeridildikdən sonra oğlu Rza şah oğlunun xeyrinə taxtdan əl çəkməyə məcbur olmuşdur. Atasından sonra Məhəmməd Rza İranın şahı, Fevziyyə Pəhləvi isə şahzadəsi olur. Dünya mətbuatı gözəlliyinə görə Fevziyyəni "Asiya Venerası" adlandırır. Hər kəsə xoşbəxt görünən şah ailəsinə kənardan olan müdaxilələr nəzərə alınmasa, onlar mehriban formada yaşayırlar. Lakin Misir kralı Fərrux hələ Rza şahın zamanından ürəyində gəzdirdiyi arzuya çata bilmir. O, islam ölkələrinə vahid rəhbərlik etmək arzusunu Rza şaha eyhamla açıqladığı zaman Rza şah buna çox kəskin etiraz etmişdir. Çünki Rza şah bu haqqın İran şahına layiq olduğunu düşünürdü. Elə bu məsələ də Rza şahla, Fərruxun münasibətlərini korlayır. Fərrux bacısının izdivacı üzərindən qazanacağı qələbələrin bir xəyal olduğunu anlayır. Lakin Məhəmməd Rzanın taxta çıxmasındn sonra o, yenidən ümidlənir. Əfsus ki, Məhəmməd Rza da atasının apardığı siyasəti yürüdür. Və Fərruxa heç bir üstünlük verməyəcəyini qərara alır.

Fevziyyə dəli olub?!

Belə olan təqdirdə Fərrux Fevziyyənin vasitəsi ilə bu məsələyə müdaxilə etmək istəyir. 1946-cı ildə qısa müddətliyə Misirə gedən Fevziyyəni öz sarayında saxlayıb müxtəlif bəhanələrlə İrana getməyə qoymur. Misirə gəlməklə böyük səhv etmiş, Fevziyyə qızı Şahnazla ayrılığına dərindən məyus olur. Yazılanlara görə, şah ilk öncə qızının Fevziyyə ilə Misirə getməsinə razılıq versə də, sonradan bu fikrindən daşınıb. Belə ki, Fevziyyə qızı Şahnazla birlikdə təyyarəyə mindikdən sonra onların gedişinə rəhbərlik edən şəxs təyyarənin salonuna gələrək şahın son dəfə qızını görmək istədiyini bildirir. Fevziyyə bundan heç bir şübhə duymur və Şahnazın bir neçə dəqiqəlik təyyarədən enməsinə razılıq verir. Şahnaz salondan enən kimi təyyarə havaya qalxır. Beləliklə, şah qızını öz anasından qaçırır və sağ olduğu müddətcə onların görüşməsinə icazə vermir. Və Fevziyyəyə aid olan bütün zinət əşyalarını geri qaytarmır. Hətta sonradan Fevziyyədə olan bir neçə bahalı əşyaların da protokollaşdırılaraq geri qaytarmasına müəssər olur.
Məhmməd Rza şahla bütün əlaqələrini pozan və bundan bərk əsəbləşən Fərrux Fevziyyənin İrana getməməsi üçün bir çox vasitələrdən - bacısının ağır xəstəliyə tutulduğundan və İranın havasının ona düşməməsini mətbuata sızdırır. Daha sonra isə o, Fevziyyənin dəli olması barədə xəbərlər yayır. Fevziyyə isə tez bir zamanda qızına və ərinə qovuşmaq istəyir. Lakin tezliklə qardaşının əlaltıları tərəfindən təşkil olunmuş söz-söhbətlər və fotoşəkillər ortalığa çıxır. Fevziyyəyə poçt vasitəsi ilə göndərilən zərflərin içərisində Məhəmməd Rza şahn dövlət tədbirlərində görüşdüyü bir neçə qadınla olan şəkilləri göndərilir. Qısqanclıq hissi Fevziyyəni dəli edir. Və o, 1948-ci il noyabrın 17-də şahla boşanmaq üçün hazırlanmış sənədə imza atır.

İnqilab və məyusedici
sonluq...

Şahla ayrıldıqdan bir il sonra Fevziyyə uzaq qohumlarından hesab olunan İsmayıl Şirin ilə ailə həyatı qurur. Onların birgə izdivacından bir oğlan, bir qız doğulur. İsmayıl Şirin hakimiyyətə çox yaxın olduğundan Fərrux bu evliliyi dəstəkləyir. Onların toylarından bir müddət sonra bütün Misiri silkələyəcək hadisə baş verir. Belə ki, 1952-ci ildə Cəmil Əbdülnəsirin rəhbərliyi ilə başlanan inqilabın nəticəsi olaraq Misir kralı Fərruq taxdan endirilib sürgün edilir. Kralın bütün ailə üzvləri Misiri tərk etsələr də, Fevziyyə vətənini tərk etmir. İnqilabdan sonra Fevziyyə Misir kraliçəsi yox, sadəcə Fevziyyə Fuad Şirin adlanır.
Məhəmməd Rza şah Fevziyyədən sonra iki dəfə ailə həyatı qurur. Birinci evliliyi atası iranlı, anası isə alman əsilli olan Sürəyya olur. Təəssüf ki, saray və xanədan əhli Sürəyyanı da qəbul etmir. Sürəyyanın övladının olmaması vəziyyəti daha da çətinləşdirir. Sürəyya ilə şah ayrılmalı olurlar. Şahın son və üçüncü evliliyi isə əslən azərbaycanlı olan sadə ailənin qızı Fərəh Diba olur.
1994-cü ildə Fevziyyənin əri İsmayıl Şirin dünyasını dəyişir. Fevziyyə isə 2013-cü ilin iyul ayında dünyasını dəyişdi. Gözəl olduğu qədər də faciəli həyat yaşayan şahzadə çox sakit və bir neçə yaxın insanın müşayiəti ilə Misirdə dəfn olundu.
Tərcümə etdi: Samirə Əşrəf


TƏQVİM / ARXİV