adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

YAXINLAŞMAQDA OLAN FƏLAKƏT

BABƏK YUSİFOĞLU
52106 | 2011-11-12 07:42
Qərb dünyaya ağalıq etmək planlarında heç dəyişiklik etmək üçün özünü əziyyətə salmaq belə istəmir. Müsəlman dövlətlərinə qarşı başlamış yeni səlib yürüşü elə eyni ssenari üzrə davam etdirilir. Əfqanıstanda islam fundamentalizmi, İraqda Səddam diktaturası və kütləvi qırğın silahlarının "istehsalı", Liviyada Qəddafi diktaturası... kimi dünya ictimaiyyətini aldadan şüarlar. İndi də növbəti qurbanlar sırasını gözləyir. Yəni İran və Suriya.
   
   Əslində İranın vurulması məsələsi çoxdandır ki, Qərbin planındadır. Amma Şimali Afrika dövlətlərində siyasi qarşıdurmalar və qardaş qırğınları başlayandan bəri həmin mövzu nisbətən arxa sıraya keçərək "unudulmuş" kimi görünürdü. Lakin Liviyadakı müsəlmanların qətliamı sona çatdırıldıqdan sonra İran məsələsi yenidən ön cərgəyə keçib. Və dünyanın ən nüfuzlu media və informasiya quruluşları yaxın vaxtlarda İrana hücumun başlayacağı haqqında məlumatlar yaymağa başlayıblar. Hücumu reallaşdıracaq dövlətlər sırasında həmişə olduğu kimi ən çox adı çəkilən ABŞ-la, İsraildi. Lakin cox maraqlıdır ki, son dövrlərin xəbərlərində Böyük Britaniya daha çox öndə görünür. Hətta ingilislərin hücum əməliyyatlarına başlayacaqları da istisna edilmir.
   
   Bildirilir ki, Britaniya hökuməti Tehranın nüvə proqramlarından çox narahatdır. Və ABŞ da Londonu İslam Respublikasına qarşı hərbi əməliyyatlara çağırır. Görünür ingilislər də öz "dabro"larını artıq veriblər. İrana hücumun həm havadan, həm də sudan reallaşdırılacağı söylənir. Böyük Britaniya müdafiə nazirliyi İranın dəniz sularına "Tomahawk" qanadlı raketləri ilə təchiz edilmiş hərbi gəmilərini və sualtı qayıqlarını göndərməyi planlaşdırır. Quru əməliyyatları hələlik nəzərdə tutulmasa da gələcəkdə xüsusi təyinatlıların istənilən bölgəyə endirilməsi istisna edilmir.
   
   Britaniya rəhbərliyinin həyəcanı əslində İranın yeraltı bunkerlərində uranın zənginləşdirilməsi işlərinin yekunlaşmaq mərhələsində olduğu ilə bağlı Qərb xüsusi xidmət orqanlarının verdikləri məlumatlardan sonra başlayıb. Bu məlumatlarda bildirilir ki, həmin bunkerlər son bir il müddətində Qum şəhəri yaxınlığında yerləşən hərbi bazalara köçürüləcəklər. Britaniya hökumət rəsmisinin sözlərinə görə, sonra iş daha da mürəkkəbləşəcək. "12 aydan sonra əmin ola bilmərik ki, bizim raketlər bu obyektlərə gedib çata biləcəklər".
   
   Hazırda İsrailin də İrana qarşı hərbi əməliyyatlara başlayacağı haqqında konkret faktlar söylənir. Hətta bu hərbi əməliyyatların yeni il ərəfəsinədək keçiriləcəyi bildirilib. İsrailin prezidenti Şimon Peres açıqlamalarında deyib ki, onun dövləti İran probleminin həllində diplomatik səylərdən daha çox hərbi variantlara üstünlük verir. Beynəlxalq ekspertlərin dediyinə görə, Təl-Əvivin İrana hücumu zamanı Vaşinqton ola bilər ki, ilk mərhələdə bu qarşıdurmada birbaşa iştirak etməsin. Amma müharibənin nəzərdə tutulandan çox sürəcəyi təqdirdə Birləşmiş Ştatlar aktiv şəkildə qarşıdurmaya qoşulacaq.
   
   İranla bağlı məsələlərin müharibə vasitəsi ilə çözüm variantı başqa ölkələri demirəm, Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Əvvəla, bu zaman Tehran son dərəcə aqressivləşəcək və intiqam aktlarını gerçəkləşdirmək üçün hədəf arayacaq. Və İran Bakının Qərblə, eləcə də İsraillə yaxın münasibətlərini bəhanə edib bizə yönəlik hər hansı addımda buluna bilər. İkincisi, unutmaq olmaz ki, qonşudakı fəlakət digər qonşuya bütün hallarda baş ağrıları gətirir. Ən böyük təhlükə isə bizim Cənubda yaşayan 30 milyonluq soydaşımızla bağlıdır ki, müharibə reallaşsa onlara da böyük bəlalar gətirəcək. Bundan başqa, müharibə zamanı güneyli qardaşlarımızın kütləvi şəkildə bu taya köçü yaranacaq ki, bu da həqiqətən humanitar fəlakətə gətirib çıxara bilər. Təsəvvür etmək belə çətindir ki, 100 minlərlə insan qısa zaman içərisində respublikaya axın edərsə burada hansı problemlər yaşanacaq.
   
   Rusiyanın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviçə görə, İrana qarşı hərbi gücün tətbiq edilməsi çox ciddi səhv olardı. "Hətta nəzəri cəhətdən bunu təsəvvürümüzdə canlandıra bilmərik ki, müharibə regiona necə qorxunc ssenarini yaşada bilər. Bu əsl fəlakət olacaq. ...Bütün bunlar çox böyük müharibə ilə nəticələnə bilər ki, bu da bütövlükdə Yaxın Şərq üçün fəlakət deməkdir".
   
   İranın ali dini rəhbəri Ayətullah Xamneyi də İranı müharibə ilə hədələyənlərə çox sərt cavab verib. O bəyan edib ki, İrana qarşı hər hansı hərbi addım atılarsa İran ABŞ-a, İsrailə və onların müttəfiqlərinə sarsıdıcı zərbələr endirməyə hazırıdr. Bunlar onu göstərir ki, tərəflər addım-addım müharibə variantına yaxınlaşmaqdadırlar. Və bu, Liviyadakı müharibəyə bənzəməyəcək, daha çox çəkəcək. Onun nəticələri daha ağır və sarsıdıcı olacaq. Bir sözlə, müharibə baş verərsə, region dövlətlərinə, xalqlarına bir fəlakət yaşadacaq. Okeanın o tayında qalan Qərb dövlətləri isə Şərqdən çox uzaqdadırlar. Yəhudilərin yaşayacağı problemlərin isə məsuliyyəti Qərbin üzərində qalmayacaq. Çünki müharibəni ən çox istəyən İsrailin özdür.

TƏQVİM / ARXİV