Asteroidi evləndirməli

ETİBAR CƏBRAYILOĞLU
35615 | 2011-11-12 07:42
Telekanallarımızın planı niyə həyata keçmədi?
   
   
   
   Yenə bəxtimiz gətirmədi. Asteroid gələsi olmadı. Son anda nə oldusa fikrini dəyişib yan keçdi. Neçə gün idi ki, gözümüz yollarda idi. Məmə yeyəndən pəpə deyənəcən, rüşvət verəndən rüşvəti alanacan hamı göyə tərəf boylanırdı. Hamı alimlərin 2005 YU 55 nömrə altında kodlaşdırdığı asteroidi gözləyirdi.
   
   Uzun müddət nazir vəzifəsində işləmiş, 65 yaşı tamam olduğuna görə təntənəli şəkildə pensiyaya göndərilən Polad Qorxmazlı son günlər bütün ümidini "zerkalnı" nömrəli asteroidə bağlamışdı. Hər səhər nəvələrinin əlindən tutub Dənizkənarı Bulvara gedir, xaricdən gətirilmiş süni ağacların altındakı bahalı oturacaqlarda yerini möhkəmlədib göyə tərəf baxırdı. Yaxınlıqdan keçənlər sabiq nazirin zümzüməsini aydın eşidə bilirdilər:
   
   
   
    Piyalələrim rəfdədi,
   
    Hərəsi bir tərəfdədi.
   
    Görməmişəm N həftədi.
   
    Deyirlər asteroid gələcək.
   
    Söz verib sabah gələcək,
   
    Bilmirəm nə vaxt gələcək...
   
   
   
   Asteroidə bağlanan ümidi puça çıxdı. İndi çox adam sabiq nazir kimi həvəsdən düşüb. Heyf, əməlli-başlı hazırlıq görülmüşdü. Şadlıq evində məclis sifariş verən, xalq artisti Səməd Səmədova bir ətək beh göndərən kim... Ssenariyə görə 2005 YU 55 nömrəli asteroid şadlıq evinə yaxınlaşanda Səməd Səmədov əvvəlcə masanın üstünə çıxıb yaxşı bir fit çalmalı, sonra da urus dilində deməliymiş ki, işıqları söndürün, məclisimizə asteroid gəlir!
   
   Hələ mən telekanallarımızın hazırlığını demirəm. Biri asteroidin düşdüyü yerdən canlı reportaj hazırlayacaq, yerə düşdüyünə görə asteroidin kimə borclu olduğunu soruşacaq, biri onu yeməkbişirmə proqramına çıxaracaq, digər biri isə uzaq yol gələn asteroidi evlənmək tok-şousuna dəvət edəcəkdi. Proqramın aparıcısı Şitulla hörmətli qonağın şərəfinə söz yazdırıb mahnı da qoşdurmuşdu:
   
   
   
    Onun yarısı gəlsin,
   
    Bunun yarısı gəlsin.
   
    Asteroidin yarısı gəlsin,
   
    Meteorun yarısı gəlsin.
   
    Hamı burda evlənsin.
   
   
   
   Bəxt gətirməyəndə gətirmir də... ATƏT-in Minsk Qrupunun həmsədrləri az qalır hər ay bizim tərəflərə gəlirlər, Berti Foqts neçə ildi ki, gözlərimizi yağır edir. Amma gül kimi asteroid məsələsi ortaya çıxanda min yerdən pəl vururlar. Futbol üzrə milli komandamızın baş məşqçisi kimi Berti Foqtsa xərclədiyimiz pulun yarısını asteroidə versəydik çoxdan Ələt tərəfə düşmüşdü. Köhnə ətdən hazırladığımız dönərdən yeyib, rəng qatdığımız çaydan içib getmişdi işinin dalınca.
   
   Ermənilər bu dəfə də deyəsən bizi qabaqladılar. Asteroidə nə verdilər, nə dedilərsə son anda marşrutunu dəyişdi. Qəribə işdi də, hansı zibili qurdalayırsan, altından erməni çıxır. Ermənilər yaxşı bilirlər ki, gül kimi asteroid İrəvana düşsə biabır olacaqdılar. Asteroidi orda kim qarşılayacaqdı? Bizim qəzetlərin yazdığına görə İrəvanda 10-15 nəfər qalıb. Onlar da soyuqdan donur və acından ölürlər. Erməni köpəy uşaqları nə özləri asteroidi gördülər, nə də qoydular bizim tərəflərə gəlsin. Atalar yaxşı deyiblər ki, qonşu qonşu olsa, kor qızım maşın sürər. Eybi yox, onsuz da ermənilərin axırına az qalıb. Əsgərlikdəki qohumum Lazım gedib komandirin mobil telefonuna kontur yükləməyə. Qayıdıb gələndən sonra görün ermənilərin başına nə oyun açacağıq.
   
   Asteroidə gəlincə, biz tərəflərə düşmürsə, düşməsin. Gəlsəydi telekanallarımıza çıxarıb onu populyar edəcəkdik. Özü bilər, oturub-durub ona yalvarası deyilik ki? Əgər çox naz-qoz atırsa... Mən də ona telekanallarımızın birinin dili ilə cavab verəcəm. Həmin kanalda təzə klip göstərirlər. Adı da belədi- "Get hoppan". Üzümü naz edən, bizi bəyənməyən asteroidə tutub deyirəm-Get hoppan!

TƏQVİM / ARXİV