adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

GüNƏŞLi TORPAğIN MÖHKƏM QALASI

VƏSİLƏ USUBOVA
28365 | 2011-11-12 07:41
Tanımasına illər gərək olacaqdı...
   
   Bir gün haqqında yazmaq fikrinə düşdüm. Xəbər göndərdim ki, bir şəkil çəkdirsin və... könlünün xoş çağında iş yerimə buyursun. Burda daha rahat söhbət edərik...
   
   Gəldi. "Daş"la işləyən radiodan səsini eşidib heyran olduğum, cəmi bircə dəfə canlı oxumasını dinlədiyim xanəndə sözümü yerə salmadı. İlk hal-əhvaldan sonra o "Mavi işıq" gecəsini yadına saldım, həmin gecədə ona gül bağışlayan qızı xatırlayıb-xatırlamadığını soruşdum.
   
   -Bəlkə inanmazsan, qızım. Həmin vaxtdan gözüm axtarır. Onda evdəkilərə də demişdim. Demişdim ki, bir qız mənə gül verdi, ancaq tanımadım. Bu yerlərin adamına oxşamırdı...
   
   Ondan da əvvəlki çağlardan danışdıq. Hiss edirdim ki, ötən günlərə baş vurmaq onun da ürəyindəndi. Toy-düyünlü günləri arxada qalmış, sənət dostlarının çoxunu itirmişdi. Ömrünün bu günlə deyil, dünənin xatirələriynən nəfəs alan çağıydı. Evimizdəki "sehrli qutu"dan tutmuş "Mavi işıq" gecəsinədək baş verənləri xatırladıqca söhbətimiz bir az da genişlənir, dərinləşirdi. Ona bir xatirə də danışmalı oldum... SSRİ-nin Çita vilayətində əsgərlik edən qardaşım gecəyarısı radionu qurdalayanda "Araz"ı tutur. Konsert verilirmiş. Oxuyan da kim olsa yaxşıdı?! Həmyerlimiz Mirələm Cəfərov... Bu söhbətdən o qədər təsirləndi ki, özüm də qorxdum. Ömrünün bu kövrək çağında kişiyə bir şey olar deyə, tez söhbəti dəyişdim:
   
   -Mirələm dayı, bilirsiz, "Ay qəşəng ceyran" xalq mahnısını bir də kimin ifasında çox xoşlayıram?! Canəli Əkbərovun...Arada bir parça muğamat da deyir ey...Görürsüz, nə gözəl oxuyur?!...
   
   Yenə həyəcanlandı. Başını bulayıb sağ əlini şappıltıynan dizinə çırpdı. Rəngi qızardı...
   
   -Heç məni demirsən. Gündə on dəfə verələr, qulaq asaram, doydum demərəm. Kişi oxuyur day...
   
   Boynuma alım ki, bir az təəccüblənmişdim. İlk dəfəydi ki, öz sənət dostu haqqında belə ürəknən, sevgi və heyranlıqnan danışan sənətkar görürdüm. Deyəsən, həm də axırıncı dəfə...
   
   Bir az da dirçəldim. Əlimə fürsət düşmüşdü. Üz-gözündən söhbətcil adama oxşamasa da, xalq musiqisindən danışan kimi tamam ayrı birisi olmuşdu. Ürəyimi boşaltmağın yeriydi...
   
   -Balacalığımdan xalq mahnılarımızdan ötrü ürəyim gedir. Hər qulaq asanda elə bil ayaqlarım yerdən üzülür, hələ mənasını anlamadığım sirli, cazibədar xəyalların qanadlarında uçurdum. İnanmıram ki, Yer üzündə ikinci bir xalqın belə möhtəşəm xalq sənəti olsun. Boynumuza alaq ki, bəstəkar mahnıları nə qədər gözəl olsa da, bunların yerini verə bilmir. Ömrümüzün elə bir anı, çağı, könlümüzün elə bir duyğusu yoxdu ki, xalq mahnılarımız ondan xəbər verməsin, səsləşməsin, tərənnüm eləməsin. Adam heyrətə gəlir. Kim yaradıb bunları, kim yaşadıb bu günümüzəcən?! Heyran olmalıdı, vallah. Həm də səcdə qılmalıdı. Bu mahnılar həm də sirlidi, möcüzəlidi. Həm ruhunu oxşayır, həm də düşündürür. Üstəlik, əyləndirir də. Ancaq açması çox dərindədi. Məsələn, götürək elə həmin "Ay qəşəng ceyran"da belə bir bənd var:
   
   
   
   Əzizinəm, yonqarı
   
   Dülgər yonar yonqarı.
   
   O qıza qurban olsun
   
   Doqquz qoca, on qarı.
   
   
   
   Niyə məhz on qarı? Qocaların sayı niyə qarılardan bir tək əskikdi? Bəlkə qafiyə xatirinə belədi, ya başqa səbəbi var?!...
   
   İmtahan verirmiş kimi birnəfəsə sözümü deyib gözümü ağzına dikdim.
   
   -Bəlkə elədi, bəlkə də yox. Əksər xalq mahnılarımızın kiçik də olsa, bir tarixçəsi var. "Apardı sellər Saranı", "İrəvanda xal qalmadı", "Qarabağın maralı", "Sudan gələn sürməli qız", neçə-neçə başqaları. Elə öz dövrümüzdə yaranan "Muğana ceyran"ın da yaranma tarixçəsini eşitməmiş olmazsan. O rəhmətliyin bizim Muğan düzündə başına gələn bir ov əhvalatından yaranıb... Sən deyən o say, rəqəm söhbəti də çoxunda var. "Bir cüt sona", "Üç telli durna", "Ağ gül, qırmızı gül, bir də sarı gül"...Eh, nə bilim, ay qızım, bu xalqın sinəsi dəryadı-nədi, bilmək olmur. Ha üzürsən, ha dərinə gedirsən, bitib-tükənmək bilmir. Yığıb-yığışdıra bilmirsən...
   
   Bizimsə söhbətimizi yığıb-yığışdırmağın vaxtı yetişirdi. Axırda soruşdum ki, bizim kənddə toyda olub, ya yox? Dedi ki, yox, olmamışam. Sizin camaatın toylarını həmişə aşıqlar aparıblar. Şirvan ellərində ta qədimdən belə olub...
   
   Düz deyirdi...
   
   Qavalla çəkdirdiyi şəkli verib sağollaşdı...
   
   Bu yerlərdə səs-söz adamları bir az qıtdı. Səsi də, sözü də olanlar çoxdu. Ancaq üzə çıxarmağa bilmirsən imkan yoxdu, yoxsa şərait. Daima kənd təsərrüfatından, sənayedən gedən yazıları oxumaqdan gözləri yağır olan oxucularımızın ruhunu oxşayacaq bir yazı hazırladığıma görə yaman sevinirdim. Amma sevincim yazı redaktorun əlinə çatanacan sürdü. Dedi ki, bu xanəndə indi dəbdə deyil. Özü də daha oxumur. Vaxtıynan oxuyurdu, bir-iki mahnısı qalıb orada, radioda. Hərdən fırladırlar gedir. Bir də ki,... o, ikiarvadlıdı. Oxucular bizə nə deyər?!...
   
   Neynək! Gözləyərik, uzaqları demirəm, elə bu kiçik rayonda bir nəfər birarvadlı kişi tapsaq, elə həmin gün dərc edərik bu yazını. Siyirməni çəkib yazını da, şəkli də ora qoydum...
   
   Bu ümidsiz gözləntimiz nə az, nə çox, düz iki il çəkdi. Bilmirəm, axtardığımız o əfsanəvi kişini tapmaqdan ümidimiz üzüldü, yoxsa, nə möcüzə baş verdisə, bir gün yazının bəxti açıldı...
   
   
   
   ***
   
   Düz on səkkiz ildi ki, Mirələm kişi haqq dünyasına qovuşub. Neçə ildi mən də "Araz" radiosunu dinləyə bilmirəm. Mirələm Cəfərovun ifasında Qızıl fondda saxlanılan "Qarabağ şikəstəsi" və "Muğana ceyran"ın da efirə verilib-verilməməsindən xəbərsizəm. Ancaq o şirin, ürəyəyatımlı səsin Kainatın hansı bir guşəsindəsə qalmasına və qalacağına həmişə inanmışam...
   
   
   
   ***
   
   Orta məktəbdə tarix müəllimimiz Sovetlər ölkəsində yaşadığımız dövrü keçmişlə müqayisə eləməyi çox sevirdi. Çox sevdiyi, çox işlətdiyi bir ifadəsi vardı: "Kimin ağlına gələrdi ki,..." Məsələn, bir də görürdün mövzunu şirin-şirin izah elədiyi yerdə sözünü kəsib həmin sevimli ifadəsini işə salırdı: "Kimin ağlına gələrdi ki, çoban Filankəsin qızı Filankəs xanım döşündə Qızıl Ulduz Kremlin Qurultaylar sarayındı əyləşəcək?!..." Təbii ki, bizim də fərəhdən köksümüz qabarır, qəhər boğazımızı göynədirdi...
   
   İli yadımda qalmayıb, Moskvada Azərbaycan mədəniyyəti ongünlüyü keçirilirdi. Ədəbiyyat və incəsənət ustalarımızın paytaxtda keçirdiyi görüşlər, konsertlər hər gün televizorla verilirdi. Bir gün yenə o xoş ifadə qulaqlarımızı oxşadı: "Kimin ağlına gələrdi ki, "povar" Müslümün oğlu Moskvanın Böyük Teatrının səhnəsində çıxış edəcək, belə uzun alqışlarla qarşılanacaq?!..." Bu "povar" Müslümün oğlu da kim olsa yaxşıdı?! Lütviyar İmanov...
   
   Belə ölkəni necə sevməyəsən?! Yenə köksümüz qabarır, gələcək xoş, şöhrətli günlərimizə inamımız qat-qat artırdı. Əgər yaxşı oxusaq, əgər bacarığımız, istedadımız olsa, biz də düz Moskvaya-Qurultaylar Sarayına, lap elə Böyük Teatra qədər gedib çıxa biləcəyik...
   
   Deməli, hər şey özümüzdən asılıdı...
   
   Bu sözlərdən sonra Lütviyarın səsi də, sifəti də bizdən ötrü başqalaşmış, qibtəolunası , əlçatmaz bir varlığa çevrilmişdi...
   
   Əslində beləydi də...
   
    Biz birinci kursda oxuyanda İranın Təhsil naziri Azərbaycana gəlmişdi. Onun şərəfinə Opera və Balet Teatrında "Koroğlu" operasını oynayırdılar. Bizi də aparmışdılar. Baş rolda da Lütviyar İmanov... İlk dəfə opera görürdüm. İlk dəfə Lütviyarı canlı səhnədə görürdüm. Doğrudan da... "Kimin ağlına gələrdi ki?!..."
   
   
   
   ***
   
   Rayona gələndən sonra köhnə, şəraitsiz binadakı birotaqlı mənzilimdə düz on bir il bu böyük sənətkarın xalası oğluynan qapıbir qonşu oldum. Çox mehriban qonşular idik. Həmin on bir ilin xatirələri ömrümün sonunadək məni tərk etməyəcək...
   
   Hərdən yığışıb ailə albomuna baxardıq. Lütviyarın özünün, arvadının, oğlanlarının, gəlinlərinin şəkilləri vardı bu albomda. Baxardıq, özündən, görkəmindən, sənətindən danışardıq. Xalası oğlu xatirələrə dalardı, Sabirabadda yaşadığı illərdən danışardı. Dilimizə gətirməsək də, hamımızın ürəyindən bir istək keçərdi: "Niyə günlərin birində Lütviyar bu qapıdan girib xalaoğlunun, lap elə bizim hansı birimizinsə qonağı olmasın?!" Nə gözəl olardı?! Niyə bizim sənətkarlar belə sürprizlər etmirlər?! Onları tanıyanlara, sevənlərə, lap yaxından, canlı görmək istəyənlərə belə bir həyat romantikasını yaşatmırlar?! Əgər yaşatsaydılar...
   
   Bax, onda mənim də yazım belə bəsit, quru, cansıxıcı olmazdı...
   
   Özü isə ömrünün sonunadək maraqlı yaşadı, diqqətdə qaldı. Yetmiş yaşında Koroğlunu oynadı. Alqışlayanlar da oldu, qınayanlar da. Hər halda tarix beləsini az görüb... Bu onun səhnə taleyi, sənət tarixi idi.
   
   Əsl qiymətini hələ də gözləyən bənzərsizliyi idi...

TƏQVİM / ARXİV