adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

AVRONUN SONUNA NEçƏ GüN QALIB?

BABƏK YUSİFOĞLU
33753 | 2011-11-11 07:44
Artiq Avropa Birliyi ölkələrini başına götürmüş iqtisadi böhran get-gedə daha böyük sürətlə dərinləşir. Yunanıstanda vəziyyəti düzəltmək üçün qəzəblənmiş əhalidən möhlət almaq naminə baş naziri dəyişdilər. Amma nüfuzlu ekspertlərin dediyinə görə, heç bu addım da problemin çözümü deyil. Hökumətlərin dəyişdirilməsi hələ iqtisadiyyatın normal hərəkə gəlməsi üçün şərt ola bilməz. İndi belə hesab edilir ki, bu böhran dalğası "növbədə" olan ölkələri də ağzına almağa hazırlaşır. İtaliya, Portuqaliya... hakimiyyətləri əndişə işərisindədirlər. Çünki, hələlik bir reallıq ortalıqdadır: Avropa iqtisadiyyatı qətiyyətlə ümidsizliyə doğru hərəkət edir.
   
   Srağagün İtaliyada onillik dövlət istiqrazlarının vəziyyəti kritik həddə qədər gəlib çatdı: 7, 12 faiz. Bu qədər borcu ödəmək iqtisadi çətinliklər içərisində çabalayan ölkə üçün heç də asan məsələ deyil. Eyni situasiya Almaniyada da özünü göstərməkdədir ki, ekspertlər bunu artıq "sos" kimi dəyərləndirirlər. Çünki həm İtaliya, həm də Almaniya Avropa Birliyinin ən nəhəng iqtisadi potensiala malik ölkələrindən hesab olunur.
   
   Hazırda İtaliyanın dövlət borcu 1,9 trilyon avro təşkil edir. Bu borcun həcmi Yunanıstanın, İrlandiyanın, İspaniyanın və Portuqaliyanın birgə borcundan da çoxdur. Situasiyanı stabilləşdirmək üçün hökumət yeni maliyyə mənbələri tapmalı, 25 milyard proqnozlaşdırılan büdcə defiçitini qapatmalıdır. Ardınca isə iqtisadi mühiti intensivləşdirməlidir. Amma bütün bunlar da indiki situasiya üçün o qədər real görünmür. Çünki onu qarşıda yeni problemlər gözləməkdədir. Belə ki, İtaliyanın borcları ilə bağlı situasiya dünya fond bazarlarında yeni pessemist dalğanın yaranmasına səbəb olub. Yunanıstanın ardınca böhranın cənginə düşən Portuqaliyadakı böhran İtaliyada da təkrarlanarsa bu, sözün əsl mənasında Avro üçün ölüm hökmünə bərabər bir akt olacaqdır.
   
   Məhz bu təhlükə üzündəndir ki, bir sıra ölkələr avrozonadan çıxmaq üçün yollar arayırlar. Hazırda Niderland və Almaniya hökumətləri bununla bağlı müzakirələrə də başlayıblar. İtaliya mətbuatı İsveçrənin Kredit Suisse İnvestisiya Bankının ekspertlərinin rəylərinə istanədən yazırlar ki, dövlət istiqrazlarının gəliri 6 faizlik səviyyəni ötəndən sonra ölkənin rəsmən defolta çatması üçün 100 günlük bir zaman qalır. Xatırladaq ki, 9 noyabrda xarici borc kağızlarının gəlir səviyyəsi 7,12 faiz təşkil edib.
   
   Özünün iqtisadi həcminə görə, Avrozonada üçüncü ölkə olan İtaliyanın müflisləşməsi Avropa İttifaqı üçün qlobal böhranının yeni başlanğıc dalğası olacaq. Unutmayaq ki, Italiyanın nəhəng dölət istiqrazlarının sahibləri Avropanın aparıcı banklarıdır. Belə olan halda hətta borcların yarısının vəziyyətdən çıxarılması belə bütövlükdə Avropa bank sistemini iflic vəziyyətə sala bilər. Mütəxəssislərin fikrincə İtaliyanın nəhng borc məbləği nəzərə alınarsa böhranı "Yunanıstan senarisi üzrə" bank, borc yardımları ilə də xilas etmək mümkün olmayacaq. Çünki bankların özləri də çiçəklənmə dövrünü yaşamır.
   
   Əslində həmişə Avropa valyutasının Axilles dabanı həm iqtisadi, həm siyasi, həm də sosial aspektlər də daxil olmaqla Avropazonanın xüsusi şəkildə formalaşması hesab edilib. Təhlükənin də məhz oradan yaranacağı deyilirdi. Xatırladaq ki, hələ 2000-ci ildə dünyanın ən məşhur iqtisadçılarından biri, Nobel mükafatçısı Milton Fridman bildirmişdi ki, avro bir valyuta kimi məhvə məhkumdur. Avropada bir valyutalıq sistemin 10-15 il ömrü qalıb. "Almaniya, Fransa və İtaliya kimi nəhəng dövlətlər tezliklə anlayacaqlar ki, avrozonanın yaradılması səhv addım olub. Çünki bu ölkələrin daxilində böyük siyasi fərqlər mövcuddur. Gec-tez bu sistem iflasa uğrayacaqdır. Onu yalnız bir yol xilas edə bilər: tək dövlətin - bir Avropa Birləşmiş Ştatlarının yaradılması".
   
   Amma bu planın da indi həyatda reallaşa bilməsindən danışmaq mümkün görünmür. Üzvlər arasında ciddi maliyyə, siyasi və digər disbalans mövcuddur və bu layihənin reallaşması üçün uzun zamana ehtiyac var. Belə olan halda Avrozonanın xilası üçün ikinci yeganə yol sürətlə defolta tərəf gedən İtaliyanı düşdüyü vəziyyətdən xilas etməkdir.
   
   Amma bunu bacaracaqlarına inananların da sayı günbəgün azalır. Artıq avronun, bütövlükdə Avropa Birliyinin mövcudluğu sual altına düşməkdədir. Mütəxəssislərin dediyinə görə, 100 gündən sonra avronun sonu çatacaq. Birliyin özünün aqibətinin isə bundan sonra yaxşı olacağını söyləyənlər də azdır. Məhz bu reallığı hiss edən ölkələr "batan gəmini" tərk etməyə çalışırlar. Yəqin ki, daim öz iqtisadi gücü ilə öyünən Avropa Birliyini növbəti ildə sözün əsl mənasında neqativ sürprizlər gözləyir.

TƏQVİM / ARXİV