ADAM CiBiNDƏN üŞüYƏR...

FAİQ QİSMƏTOĞLU
30583 | 2011-11-05 05:29
Bu fikir heç də mənə aid deyil. Çox istedadlı və olduğu kimi görünən böyük şair Əlisəmid Kürün şeirlərindən götürülüb. Nə qədər qəribə olsa da, hara getsək də həmişə içimizdə bir hiss baş qaldırır: elə ki, cibimizdə pulumuz olur, onda rahat nəfəs alır, özümüzü yaxşı hiss eləyir və eyni zamanda getdiyimiz yerdə darıxmırıq. Çünki cibimiz istidir (bax bu sözlər mənə məxsusdur - F.Q). Cibimiz də isti olanda ürəkli oluruq, dost-tanış görəndə qabağına çıxırıq, çörək yeməyə dəvət edirik və onun yanında özümüzü çox yaxşı və nikbin hiss eləyirik. Ən azından ona görə ki, cibimizdə pulumuz var...
   
   Vay o günə ki, cibimizdə pulumuz olmaya, bizi toya çığıralar, yaxud da yaxınlarımızdan birinin başqa bir xeyir işi ola. Bax onda büzüşə-büzüşə, sıxıla-sıxıla toya necə getdiyimizi hiss eləmirik. Bir onu hiss eləyirik ki, cibimizlə yanaşı, ürəyimiz, içimiz, qəlbimiz və bütün varlığımız üşüyür. Soyuqdan qızınmağa nə var ki?! Əsas məsələ odur ki, cibində pul olmayanda qızınasan. Qar yağır, şaxta düşür, boran olur, əyin-başını isti geyinirsən, qutardı getdi. Əyin-başın isti olandan sonra qar yağmasın, lap tufan olsun, sənə heç bir şey eləyən deyil. Amma elə ki, cibində pulun olmadı, yaxud da imkanın azaldı, bax onda üşütmə və titrətmə adamın yaxasından qəfil yapışmağa başlayır...
   
   Bilmirəm, siz cibinizdən üşüyürsünüz, yoxsa üşümürsünüz?! Amma mən bu gün cibindən üşüyən yüz minlərlə adam tanıyıram. Bayaq dediyim kimi toya çağırırlar gedə bilmir, yas düşür başsağlığına dostunun yanına getməkdən utanır, biri xəstələnir, xəstəxanaya düşür ona baş çəkmək istəyirsən cibindən bir şey tapa bilmirsən, yaxud da ürəyin istədiyi dostun sənin qarşına çıxır onunla adicə çay süfrəsi arxasında əyləşməyə imkanın olmur. Ona görə imkanın olmur ki, axı sənin cibin üşüyür.
   
   Düzdür, ürəyi isti, cibi dolu imkanlı adamlar da var. Onlar heç vaxt üşümürlər. Onlar başqa cür üşyürlər. Ən azından ona görə ki, milyonu olub, başqasına 10 manat pul xərcləməyən adamın ürəyi yoxdur, içi yoxdur və qəlbi bumbuzdur. Bunlar da belə bədbəxtdir. Amma cibindən üşüyən adamın cibi qızışanda ürəyi açılır. Qarşısına çıxana kömək göstərir və hətta bir qədər əli yuxarı olsa ona qonaqlıq da verir. Pul xərcləyib və xərcləməmək heç də kasıblıqdan və ya varlılıqdan asılı deyil. Sadəcə olaraq əliaçıqlıq, səxavətlilik gərək adamın kökündən, qanından və nəsli-nəcabətindən gəlsin. Adam var ki, milyonu var, bayaq dediyimiz kimi qardaşı acından ölür, ona əl tutmur, kömək olmur, 10 manat pul vermir. Adam da var ki, cibində 10 manatı olur, onu nəinki yaxınlarından, hətta tanımadığı adamlardan belə əsirgəmir. Kimsə ona əl açırsa, imkanı daxilində əl açana, əl tutur. Əl açana əl tutanı Allah da çox istəyir.
   
   Mən heç cür başa düşə bilmirəm, halal yolla 5-6 villa, çoxlu sayda ticarət obyektləri, dəbdəbəli maşınlar almaq olar? Bəzən Bakıda elə avtomobil görürsən ki, onun qiyməti yarım milyon dollardır. Heç də yarım milyon dolları halal və asan yolla qazanmaq mümkün deyil. Bizim imkanlı adamların çoxu bu var-dövləti ya dələduzluq, ya rüşvətxorluq, ya da başqa əyri yollarla qazınab. İnanmaq olmur ki, ağzından süd iyi gələn bir uşaq 500 min dollara maşın alsın. Əlbəttə o maşını da, o bahalı villanı da və digər sərvətləri də o uşağa gözünü qan örtmüş və pula görə hər şeyə gedən atası bağışlayıb. O uşaq da dünyanın hər üzünü görür, bütün keyfini çəkir və günlərin birində də avtomobili elə sürətlə idarə edir ki, ya onu aşırır, ya da aparıb harasa çırpır. Bax, budur harın yolla qazanılmış milyonun sonu...
   
   Başqaları isə bir qarın çörəyə, 5 manat pula və ən nəhayət balasını dolandırmaq üçün ən ağır əzablara qatlaşmalıdır. Adam var ki, bir evdən 3-ü, bəzən də 4-ü səhərdən axşama qədər tər tökür, çalışır, vuruşur, işləyir, güc bəla ilə özlərini dolandırırlar. Ən yaxşı halda isə onlar ortabab bir xarici avtomobil ala bilirlər. Yəni halal yolla heç vaxt 100 minlik, 200 minlik avtomobili almaq mümkün deyil. Nə isə...
   
   Biz heç kəsin işinə qarışası deyilik. Ən azından ona görə ki, Allah-Təala hər şeyi görür və bilir. Kim hansı yolla və neçə milyon toplayırsa, bu onların öz işləridir. Həmin milyonların kefi də var, cəzası da... Demək istəyiri ki, hər şeyin öz zamanı mövcuddur. Bu mövcud zamanda kimsə cızığından çıxırsa, kimsə yolun azırsa və kimsə də başqasını ayaq altında qoyub tapdalayırsa, zaman da günlərin birində onu ayaq altına salır.
   
   ... Gör hardan gəlib, hara çıxdıq. Axı biz Əlisəmid Kürün "Adam cibindən üşüyür" şeirini yada saldıq. Yada saldıq ki, bu gün də çoxumuz cibimizdən üşüyürük. Təki heç kim cibindən üşüməsin, əli aşağı olmasın və kiminsə yanında utanmasın. Cibindən üşümək çox pis şeydi. O qədər pis şeydir ki, adamın tez-tez cibi üşüyəndə fikir, xəyal onu götürür, içində rahatlıq tapmır və günlərin birində də bu cibindən üşümək ona ağır dərd kimi ürəyinin içində sallanıb qalır. Ürəyinin içində sallanıb qalan bu yük dəyirman daşından ağırdır. Ona görə dəyirman daşı deyirik ki, Azərbaycan nağıllarında divlər belə dəyirman daşını boğazlarına keçirəndə suda batıb ölüblər. Onda görün dəyirman daşı boyda dərd insanın ürəyini nə günə qoyar. Hər halda, biz heç kimə cibindən üşüməyi arzulamazdıq. Hamıya arzulayardıq ki, cibi isti olsun, kefi kök olsun, üstəlik də başqasına əl ata bilsin. Amma halal yolla. Halal yolla qazanılan min manat deyilənlərə görə, haram yolla əldə edilən 100 min manatdan daha bərəkətli olur...
   
   
   
   ***
   
   
   
   İstedadlı şair Əlisəmid Kürü tələbəlik illərindən tanıyıram. Elə o illərdə necə tanımışdımsa da, eləcə də qalıb. Yəni başdan ayağa Əlisəmid Kür səmimi, bütöv və göründüyü kimi qalan insandır. O başqaları kimi dondan-dona, sifətdən-sifətə girməyi bacarmaz. Həmişə necə görünübsə, elə də olub. Bir dəfə bir neçə yazarla Atatürk parkında görüşdük. Orda şairlərdən biri Əlisəmidə yalan demişdi. Əlisəmid isə sakit və təmkinli halda həmin şairə üzünü tutub dedi: "bax, səninlə mənim fərqim budur, sən yalan danışırsan, mən isə sənə deyirəm sifətdən-sifətə girmə, yalan danışma. Buna görə məndən incimə və bu sözləri sənə hər adam deməyəcək. Xətrinə dəysə də, dəyməsə də mən bunu sənə deməliydim".
   
   O həmişə göründüyü kimi olub, ya da olduğu kimi görünüb. Bir neçə həftə bundan əvvəl səhər saatlarında bizim redaksiyaya gəlmişdi. Mən də işə gələndə çay qaynadır və sonra da dəmləyirəm. Elə təkcə oturmuşdum, bir də gördüm ki, Əlisəmid otağa boylanıb məni axtarır. Çünki o otaqda mən əyləşmirdim. Məni görən kimi qucaqlaşıb öpüşdük və dərdləşməyə başladıq. Əvvəl Aqil Abbasdan, İradə Tuncaydan danışdı. Dedi ki, Aqil heç vaxt dəyişməyən adamdı. Tələbə vaxtı necə görmüşəm, eləcə də qalıb. Harda görsə ya mənə qonaqlıq verir, ya da cibimə pul qoyur. Bundan da böyük sadəlik olarmı?! Amma Aqildən də imkanlı adamlar var, dostlarımız olub, əli çörəyə çatıb tələbə yoldaşlarını görəndə bir salamı da bizə çox görüb, bir stakan çay içməyin dərdindən adamı görməməzliyə vurub çıxıb gedir. Ona görə də Aqil Abbasın əvəzi yoxdur. Düzdür, onun kimsə başmağını geyə bilər, ancaq yerişini yeriyə bilməz.
   
   ... Yeni yazdığı bir şeiri səhər-səhər mənə oxudu. Düzdür, mən şair deyiləm və bir o qədər də şeirdən başım çıxmır. Amma onun oxuduğu şeir düz mənim içimə, ürəyimə və varlığıma hopdu. Bu şeirdən sonra içimdə elə bir aura yarandı ki, özümü göyün yeddinci qatında hiss elədim. Nə dərdim oldu, nə də kədərim. Göyün yeddinci qatında olan insan özünü Allahın yanında hiss edir. Və bu şirin misralar da məni göyün yeddinci qatına qaldırmışdı. Göydən yerə düşəndə yenə Əlisəmidin nurlu sifətini gördüm. Məndən xahiş elədi ki, Musa Yaqubun "Bu dünyanın qara daşı göyərməz" kitabının arxa üzündə bir bənd şeir var, onu deyərsənmi? Sözün düzü həmin şeiri mən əzbər bildiyimə görə, yenidən dedim və bu şeir, bu misra Əlisəmidin özünü göyün yeddinci qatına qaldırdı. O şeirdən sonra Əlisəmidin nurlu çöhrəsi, bir az da nurlandı, ürəyi bir az da açıldı və bir siqaret çıxarıb yenidən yandırdı. Dedi ki, bax belə şeirlər adamı yaşadır.
   
   Çox qəribədir, bəzən şairlərin özləri də o misraların qanadlarında Allahın yanına qalxır, orda özlərini çox rahat hiss eləyirlər. Eyni zamanda Əlisəmid Kür həmişə Allahın yanına üz tutan böyük şair Ramiz Rövşəni, Vaqif Bayatlı Ödəri yada saldı. Və onların bir neçə misrasını səsləndirdi. Sonra da dedi ki, Vaqif heç kimin sözünü eşitməsə də, həmişə mənim sözümü axıra qədər dinləyib. Bilib ki, mən düz söz deyirəm, düz sözü isə həmişə seviblər. Düzdür, heç də həqiqətdən və düz sözdən hər adamın xoşu gəlmir. Axı düz söz acı olur.
   
   Yenidən Əlisəmid bir siqaret yandırdı, soruşdu ki, Aqil gələcək, gəlməyəcək? Sözün düzü, mən heç bir şey deyə bilmədim. Desəm gələcək, gözləyərdi gəlməzdi, desəm, gəlməyəcək bəlkə yenə məndən inciyərdi. Dedi ki, bir siqaret də çəkim, sonra çıxıb gedim, bəlkə ona qədər qardaşımız gəldi. Bir siqaret də çəkdi, sonra birini də çəkdi, gördü ki, Aqil Abbas gəlib çıxmadı, bir az dilxor oldu, qanı qaraldı. Sonra isə sifətində bir nur yarandı. Dedi ki, heç nə olmaz, Allah qoysa, gələn dəfə görüşərəm. Gəlsə deyərsən ki, Əlisəmid gəlmişdi. Başqa bir kəlmə də söz demə. Ürəyim darıxanda, hər yerdən əlin üzüləndə Aqil kimi dostlarımı axtarıram. Heç nə olmaz, elə bura gəlib onun ətrini, qoxusunu hiss elədim, bəsimdi. Sağlıq olsa, başqa vaxt gələcəm...

TƏQVİM / ARXİV