BiR CüT FIRçANIN RƏNGLƏRi

ƏBÜLFƏT MƏDƏTOĞLU
36310 | 2011-11-05 05:42
Həyatın qəribə dönəmləri var. Bilmirsən harda, nə vaxt, nə ilə, kim ilə qarşılaşacaqsan, ağlından, ürəyindən nələr gəlib keçəcək, səni özünə çəkəcək duyğular, istəklər gerçəkləşəcəkmi? Və yaxud həyata elə beləcə nəzər salıb ötüb çıxıb gedəcəksən?! Bir sözlə, bu qəribəliklərin içərisində məni həmişə sevindirən bir nöqtə də, bu duyğu da olub. Əslində həmin nöqtə, həmin duyğu Allahın töhfəsidi, Tanrı payıdı. Və bu insanlar, özü də torpağa, xalqa, millətə bağlı olan insanların vasitəsi ilə mənim qarşıma çıxır...
   
   Həmin gün ağrılardan başımı götürüb dənizin sahilinə enmişdim. Dənizlə danışıb bir az yüngülləşmək istəyirdim. Elə o duyğular da mənim yadıma canlı dənizin pıçıltıları altında müxtəlf tabloları saldı. Görkəmli rəssamlarımızın Xəzər sahilində çəkdikləri, Xəzərə ünvanladıqları va yaxud da Xəzəri kətana köçürdükləri möhtəşəm rəsm əsərləri gözümün önünə gəldi. Və bu arada sanki həmin o rəsm əsərləri mənim əlimdən tutub Xəzəri də bu əsərlərdə yeni görkəmdə, yeni ampulada tamaşaçıya, oxucuya çatdırmaq üçün həvəsləndirdi. Həmin həvəsin gerçəkləşməsi nə isə artıq bir neçə dəfə öz xeyirxah xidməti ilə Azərbaycan ədəbi ictimaiyyətini sevindirən, ruhları şad edən Xalq Bank səbəb oldu.
   
   Öncədən onu xatırladım ki, həyata keçirilən bu möhtəşəm layihə, yəni "Xalq əmanəti" Azərbaycanın çox dəyərli söz, sənət adamlarını yenidən yaşadır, yenidən həyata qaytarır, yenidən tamaşaçı ilə, oxucu ilə üz-üzə qoyur, həmsöhbət edir. Bax, elə həmin layihə çərçivəsində xalq şairi Məmməd Arazın, Hüseyn Arifin, görkəmli fırça ustaları Böyükağa Mirzəzadə və Maral Rəhmanzadənin nəfis şəkildə nəşr olunmuş kitablarını, əsərlərindən ibarət albomu, ən müasir tələblərə cavab verən nəşriyyat-poliqrafiya xidmətlərindən istifadə etməklə geniş ictimaiyyətə təqdim etmişdi. Şəxsən bir tamaşaçı, bir oxucu kimi qatıldığım həmin təqdimat mərasimlərində yaşadığım dəyərli anları və bu layihənin təşkilatçılarının əbədiyyata, mədəniyyətə böyük diqqət, sevgi, qayğı aurasını heç vaxt unutmayacam. Xalqdan qaynaqlanan, xalq adı ilə yaşadılan və xalqa əmanət olan bu möhtəşəm əsərlərin məhz "Xalq əmanəti" vasitəsilə yenidən həyata qaytarılması, onların ikinci ömrünün başlanması deməkdir. Məhz bu mənada Azərbaycanın iki böyük rəssamının ömürləri bir dam altında, ürəkləri bir sinədə, uğurları qoşa qanad olan və təkcə ailə kimi yox, həm də sənət dostu və fədaisi kimi maraqlı bir ömür yaşamış Mahmud Tağıyev və Xalidə Səfərovanın əsərlərinin sərgisi, eləcə də onların əsərlərindən ibarət albomun təqdimatı ictimai həyatımıza bir bayram ovqatı qatdı.
   
   Mən yazımın əvvəlində dənizi, Xəzər sahilini təsadüfən xatırlatmadım. İllər öncə Rəssamlar İttifaqının sərgi salonunda mən Mahmud Tağıyev və Xalidə Səfərovanın birgə sərgisini seyr edərkən bu fırça ustalarının təbiət lövhələrinə, xüsusilə Xəzərə olan sevgilərini yaddaşıma hopdurmuşdum. Onların çəkdiyi rəsmlərdə Xəzər müxtəlif ampulalardan, müxtəlif baxışlardan tamaşaçıya sanki qollarını açır, onu öz gözəlliyini seyr etməyə çağırır. Ömürlərinin 56 ilini birgə yaşamış Mahmud Tağıyev və Xalidə Səfərova öz fırçalarının və istedadlarının işığında müxtəlif mükafatlara, fəxri adlara, ən əsası isə xalqın sevgisinə layiq görülüblər. Elə onların əsərlərinin təqdimatında iştirak edən tanınmış söz adamları, fırça ustaları, ümumiyyətlə, yaradıcılığı dəyərləndirən şəxslər də öz fikirlərini bu iki rəssamın sevgisi, yaradıcılıq yolu və nailiyyətləri üzərində qurdular.
   
   Təqdimat mərasimini idarə edən sənətşünas Ziyadxan Əliyev rəssamları qoşa qanad adlandırdı: "Onlar həyatda da qoşa idilər, sənətdə də. Hətta özlərinin fırçalarını da bir-birlərinin rəsmlərini çəkməyə hazırlayanda da ürəkləri bir döyünür, duyğuları bir çalarda birləşirdi". Təbii ki, qoşa qanad olan Xalidə və Mahmud öz ömürlərini rənglərin içərisində daha gözəl görür, daha mənalı keçirirdilər.
   
   Çox məharətlə nümayiş etdirilən əsərlərin önündən keçdikcə dayanmamaq, onlarla təmas qurmamaq qeyri-mümkündü. Bax, elə həmin təmas zamanı Azərbaycanın musiqi həyatında öz dəsti-xətti olan xalq artisti, görkəmli bəstəkarımız Xəyyam Mirzəzadə ilə qarşılaşıram. Onun şəkillərə necə heyranlıqla baxdığını və bu heyranlığın içərisində bir musiqi yaşadığını duyuram. Sanki nə soruşacağımı əvvəlcədən hiss edən Xəyyam müəllim bir az kövrək səslə deyir:
   
   Xalidəni də, Mahmudu da çox gözəl tanıyırdım. Hətta Mahmudla bir az qohumluq əlaqələrimiz də var idi. Dəfələrlə emalatxanalarında olmuşdum, sevincli-kədərli anlarını bölüşmüşdüm, sərgilərində iştirak etmişdim. Ölkəmizin hüdudlarından kənarda olan dostlarımı, eləcə də xaricdən gələn qonaqlarımı həmişə onların emalatxanalarına aparmışam. İndi bu xeyirxah işi - bu sərgini təşkil edənlərin savab əməllərini görüb kövrəlirəm. İnanıram ki, onların ruhu bu anlar bizimlədi. Özləri də kənardan durub bu sərgini seyr edirlər. Çünki onların işləri yaşayır. Əgər işlər yaşayırsa, deməli, özləri də yaşayırlar.
   
   Maraqlıdır ki, xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə mərasimdə çıxış edərkən hər iki rəssamın ruhunu salamlamaq üçün iştirakçılardan əl çalmağı xahiş etdi və bildirdi ki, biz əl çalanda bizim alqışlarımız onların ruhunu sevindirəcək. Necə ki, bu ruhları "Xalq əmanəti"nin təşəbbüsçüləri sevindirib. Tanrı onları həmişə sevindirsin, xeyirxah əməlləri davamlı olsun.
   
   Bəli, həmin təqdimat mərasiminin qonaqlarından biri də xalq şairi, söz adamlarının böyük məhəbbətlə "əmi" deyə müraciət etdiyi Söhrab Tahir idi. Söhrab əmi söhbət zamanı söylədi ki, hər iki rəssamı çox yaxından tanıyırdı, onların əl işlərini dəfələrlə seyr etmişdi, "Artıq beşinci dəfə bizim ziyarətçisi olduğumuz bu layihə mənim ürəyimcədi. Mən bu rəsm əsərlərini ziyarət edərkən 60-cı, 70-ci, 80-ci illərə qayıdıram. Ötən əsrin maraqlı məqamlarını təkrar yaşayıram. Bundan öncəki mərasimlər də məni gənclik illərinə çəkib apardı. Ümumiyyətlə, bu layihə son dərəcə böyük bir alqışa layiqdi. Mən öz adımdan bu işdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, xalq əmanətinə bu cür qiymət verirlər".
   
   Xalqbankın əzəmətli binasının 16-cı mərtəbəsində təşkil olunmuş sərgiyə qatılan xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov öz çıxışında xüsusi olaraq bildirdi ki, həyata keçirilən bu layihə ilə Azərbaycanın görkəmli fırça ustalarına yeni bir ömür bağışlanır, onları tamaşaçı ilə yenidən görüşdürürlər. Bu xeyirxah işdə və Azərbaycan rəssamlarına göstərdikləri diqqətə görə, layihənin gerçəkləşməsində xidməti olan hər kəsə öz adımdan, Rəssamlar İttifaqı adından dərin təşəkkürümü bildirirəm.
   
   Ümumiyyətlə, bu tədbirə qatılan hər kəs, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Fərid Qasımov, xalq rəssamı Tağı Tağıyevin oğlu Əkrəm Tağıyev sərgiyə görə, "Xalq əmanəti" layihəsinin uğurlarına görə ürəkdən sevindiklərini və yaşadıqları xoş anlar üçün öz minnətdarlıqlarını bildirdilər.
   
   ... Mən sərginin keçirildiyi zalın gur işıqları altında seyr etdiyim rəsmlərin içərisində yaddaşımı təzələyən bir çox lövhələrlə qarşılaşdım. İstər "Şuşa mənzərələri", istər "Gül dükanı", istər "Lalələr", istər portretlər, istər Azərbaycanın xalq şairi Səməd Vurğunun, xalq qəhrəmanı Babəkin önündə dayanıb Xalidə Səfərova və Mahmud Tağıyevin fırçasının gücü ilə canlanan bu qəhrəmanlarla, bu lövhələrlə həmsöhbət oldum. İnanın ki, bu söhbətin də bir çaları, bir ucu layihənin müəlliflərinə minnətdarlıqdan keçirdi.

TƏQVİM / ARXİV