Kinonun içindəki Əliqulu Səmədov

ETİBAR CƏBRAYILOĞLU
35797 | 2011-11-05 05:29
Kino işçiləri arasında əməkdar artist Əliqulu Səmədovu tanımayan yoxdu. Elə o da bu sahədə çalışanları yaxşı tanıyır. Saçını "Azərbaycanfilm"in pavilyonlarında, çəkiliş meydançalarında ağardıb. SSRİ xalq artisti Yevgeni Matveyevin tələbəsi olan Əliqulu Səmədov 1979-cu ildə kinostudiyanın aktyor şöbəsinə qəbul olunub. Arxada qalan 30 ildən çox müddət ərzində "Nizami", "Qara gölün cəngavərləri", "Sarıköynəyin dastanı", "Atları yəhərləyin", "Yol əhvalatı", "Bağlı qapı arxasında", "Papaq", "Birisi gün gecəyarısı", "Bəyin oğurlanması", "Həm ziyarət, həm ticarət", "Biz qayıdacağıq", "Cavid ömrü", "Cavad xan", "İstanbul reysi" və başqa filmlərdə irili-xırdalı müxtəlif rollara çəkilib. Baş rollardan birinə çəkildiyi "Alfa layihəsi" bədii filmi Ukraynanın Lenin Komsomolu Mükafatına layiq görülüb. Ukrayna kinematoqrafçıları onun aktyorluq istedadından "Sıçrayış" filmində də istifadə ediblər.
   
   Əliqulu Səmədov Rusiyada çəkilən "Dronqo", Türkiyədə istehsal olunan "Onlar da insandır", "57 saylı qatar" bədii teleseriallarında da rol alıb. Əcnəbi rejissorlar bu gün Azərbaycan aktyorları arasında kastinq keçirərkən onun məsləhətlərindən yararlanırlar. Bu da təsadüfi deyil, çünki Əliqulu Səmədov onlarla bədii filmin ikinci rejissoru olub. Müsahibim dublyaj rejissoru kimi də çalışır, sinxron səs effektlərinin yazılışında da əvəzolunmaz mütəxəssislərdəndi. Bütün bu sadaladıqlarım onun kinodakı fəaliyyətini tam əhatə etmir.
   
   Tamaşaçılar əməkdar artist Əliqulu Səmədovu "Dolu" filmində də görə biləcəklər. Elxan Cəfərov yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkdiyi "Dolu" bədii filmində ona səhiyyə nazirinin müavini obrazını etibar edib. Çəkilişləri tamamlanmaq üzrə olan filmin ikinci rejissoru kimi isə Əliqulu Səmədov kadr arxasında qalıb.
   
   - Əliqulu müəllim, kinematoqrafçılar sizi yaxından tanıyırlar. Bəlkə oxucularımıza da bu imkanı yaradaq...
   
   - 1953-cü ildə Astara şəhərində anadan olmuşam. Uşaq vaxtlarından rəqsə böyük həvəs göstərir, tədbirlərdə, festivallarda iştirak edirdim. Amma kino aktyoru olmaq, filmlərə çəkilmək istəyini həmişə ürəyimdə gəzdirirdim. 1970-ci ildə Bakı Rabitə Texnikumuna daxil olanda da bu istək məni tərk etməmişdi. Bir dəfə xoş bir təsadüf nəticəsində "Azərbaycanfilm"də aktyor kursları açıldığını eşitdim. Dedilər ki, tanınmış aktyorlar kinostudiyadakı kurslarda gəncləri hazırlayırlar. Həmin dərslərdə iştirak etmək məqsədi ilə bir dəfə kinostudiyaya gəldim və qapıda asılmış elan diqqətimi cəlb etdi.
   
   - İşçi axtarırdılar?
   
   - Yox, elanda yazmışdılar ki, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ilk dəfə olaraq Azərbaycanlı tələbələrdən ibarət aktyorluq kursu yaradılacaq və Moskvadan gələn müəllimlər həmin qrupa qəbul olunmaq istəyənlər arasında seçim aparacaqlar. Seçimdə iştirak üçün tələb olunan sənədləri hazırlayıb kinostudiyanın aktyor şöbəsinə təqdim etdim. O zaman şöbənin bədii rəhbəri Ziyafət Abbasov dedi ki, Bakıda İncəsənət İnstitutu var, teatrlar üçün aktyor hazırlayır. Bəlkə sənədləri həmin İnstituta verəsən. Mən Ziyafət müəllimə o zaman üçün maraqlı səslənən cavab verdim. Dedim ki, mən kino aktyor olmaq üçün doğulmuşam.
   
   Kinematoqrafiya İnstitutuna qəbul olunmaq üçün 2 minə yaxın gənc sənəd vermişdi. İlkin mərhələlərdən sonra 80-ə yaxın namizəd qaldı. Mən də onların arasında idim. Bizə dedilər ki, cəmi 15 nəfər qəbul olunmalıdı. Mən seçimə səylə hazırlaşırdım. Bilirdim ki, 15 nəfərlik heyətə düşmək çox çətin olacaq. Rəhmətlik Kamil Rüstəmbəyov mənə bütün incəlikləri, belə deyək də biclikləri öyrədirdi. Rəhmətlik istedadlı rejissor olmaqla yanaşı həm də gözəl insan idi. Həmişə onu minnətdarlıq hissi ilə yad edirəm.
   
   Nə isə, sonuncu mərhələ gəldi. SSRİ xalq artisti Yevgeni Matveyevin rəhbərlik etdiyi professor-müəllim heyətinin qarşısında imtahan verdik. İki gün çəkən imtahanlardan sonra 22 nəfər qaldıq. Kinostudiyanın pavilyonlarında sınaq çəkilişlərində də iştirak etdik. Dedilər ki, həmin lentlərə Moskvada baxılandan sonra sonuncu mərhələnin cavabları açıqlanacaq.
   
   Bir müddətdən sonra Kamil müəllim dedi ki, təbrik edirəm, Moskvaya qəbul olunmusan. Bu gün də həmin anı xatırlayanda sevincimdən qanad açıb uça bilmədiyimə görə təəccüblənirəm...
   
   - Mən başqa məsələyə görə təəccüblənirəm. Kinoda epizodik rola belə çəkilməyən, aktyorluq təhsili görməyən bir gənc necə oldu ki, nüfuzlu sənət ocağına qəbul edildi?
   
   - Ya bəxtim gətirdi, ya da görünür həqiqətən də istedadım imiş. Eşidən-bilən hamı təəccüblənirdi. Atam tələbə biletimi görəndən sonra qurban kəsdi. Doğrudan da inanılası məsələ deyildi. Qəbul olunan 15 nəfərin arasında elə gənclər var idi ki...
   
   - Məsələn?
   
   - Götürək elə Fərhad İsrafilovu. "Yeddi oğul istərəm" filmindəki Qəqəni rolundan sonra populyar idi. Ötkəm İsgəndərov İncəsənət İnstitutunun tələbəsi idi və artıq "Tütək səsi"ndə çəkilmişdi. Azər Qurbanov "Sehrli xalat"da Rəşid roluna çəkildiyindən məşhur idi. Ömür Nağıyev Moskvaya qəbul olunana qədər bir neçə filmdə rol almışdı. Vəlihəd Vəliyev Gəncə Dram Teatrında çalışmışdı. Həmidə Ömərova, Sonaxanım İbrahimova kimi istedadlı gənclər bizim qrupda təhsil alırdı. Bu da məsuliyyətimi artırırdı. Bilirdim ki, bir də belə fürsət ələ düşməyəcək. Günüm kitabxanada, teatr və muzeylərdə keçirdi. İdmanla məşğul olurdum, institutun voleybol komandasının kapitanı idim, maşın sürməyi, at çapmağı öyrənirdim. Dərslərimi də yaxşı oxuyurdum. Bir dəfə də olsun "3" almadım. Özümü bu günlərə hazırlayırdım. Bilirdim ki, sevdiyim bir sənətlə məşğul olacam. 1979-cu il iyunun 10-dan "Azərbaycanfilm"də çalışıram. Ən ağır günlərində də kinostudiyanı tərk etmədim. Özümü başqa bir sənətdə təsəvvür edə bilmirəm.
   
   - Bəzən deyirlər ki, bizdə tanışlıqla baş rola çəkilirlər. Sizin yaradıcılığınıza baxanda bu fikrin yanlış olduğunu görməmək mümkün deyil. Bütün kinorejissorlarla xoş münasibətləriniz olsa da yalnız epizodik rollara çəkilmisiz...
   
   - Birincisi, mənim ancaq baş rola çəkilmək kimi bir iddiam olmayıb. Neçə illərdir kinonun içindəyəm, bilirəm ki, süniliklə, tapşırıqla görülən işi ekranda tamaşaçı o dəqiqə görəcək. Ukrayna, Rusiya, Türkiyə kinematoqrafçılarının çəkdiyi bədii filmlərdə və seriallarda çəkilmişəm və bu gün də müxtəlif telekanallarda göstərilir. Amma bizdə bir jurnalist maraqlanmayıb ki, titrlərdə adı yazılan bu Azərbaycanlı aktyor kimdi?
   
   Bu illər ərzində təkcə aktyorluqla məşğul olmamışam. İkinci rejissor kimi çalışdığım filmlərin sayını-hesabını itirmişəm. Dublyaj rejissoru olmuşam, sinxron səs yazılmasını əla öyrənmişəm və bu sahə üzrə nadir mütəxəssislərdənəm. Aktyor və aktrisalarımızın kartotekasını yaratmışam. Bu gün kartotekamda 800-ə yaxın fotoşəkil var. Əcnəbi kinorejissorlar Azərbaycanlı aktyorlarla kastinq apararkən kartotekamdan istifadə edirlər.
   
   - Əcnəbi rejissorların seçimindən söz düşmüşkən, hansı aktyor və aktrisamızın istedadı xarici studiyalarda çəkilmək üçün yetərlidi?
   
   - Əvvəllər belə aktyor və aktrisalarımız çox idi. Xarici ölkələrdə çəkilirdilər və tanınırdılar. Son illər Fuad Poladov, Fəxrəddin Manafov tez-tez çəkilirlər. Bu gün yetişən gənc aktyorların istedadı və intellektual səviyyəsi ilə xarici rejissorların diqqətini cəlb etmək çox çətindi. Çünki əcnəbi rejissorlara kamera qarşısında nə istədiyini bilən aktyor lazımdı.
   
   - Bu il Mili Kino Günüdə fəxri ad alanlar arasında siz də var idiniz. Müşahidələrimə görə həmkarlarınız, iş yoldaşlarınız əməkdar artist fəxri adı almağınıza elə sizin qədər sevinirdilər...
   
   - Mən də bu illər ərzində çiyin-çiyinə çalışdığım insanların hər uğuruna sevinmişəm. Ölkə başçısı İlham Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdaram ki, əməyimi yüksək qiymətləndirdilər. "Azərbaycanfilm" kinostudiyasının direktoru Xamis Muradov, Kinematoqrafçılar İttifaqının rəhbərliyi həmişə mənə diqqət və qayğı göstəriblər. Fəxri adı adama yalnız ona görə vermirlər ki, sevinsin. Həm də ona görə təltif edirlər ki, işinə daha da məsuliyyətlə yanaşsın. Cənab nazirdən fəxri adın vəsiqəsini alanda dedim ki, Azərbaycan kinosuna xidmət edirəm.
   
   - Hələlik sonuncu işiniz "Dolu" filmi ilə bağlıdı. Bəlkə bu barədə bir qədər danışaq?
   
   - Aqil Abbasın "Dolu" romanı ədəbi mühitdə hadisəyə çevrilən və ədəbi dəyərini alan əsərdi. İnanıram ki, "Dolu" filmi də uğurlu alınacaq. Bütün yaradıcı qrup bu uğura köklənib. Son illər milli kinomuzda belə film çəkilməyib. İnşallah ekranlara çıxanda tamaşaçılar görəcək ki, bizim kinostudiyada necə filmlər çəkmək olar. Quruluşçu rejissor Elxan Cəfərov kinematoqrafiyanı dərindən bilən, işini səliqəli görən rejissordu. Onunla çalışmaq mənə ləzzət edir. Mən "Dolu"da səhiyyə nazirinin müavini obrazını oynayıram və filmin ikinci rejissoruyam.
   
   - Bütün əsgərlər general olmağı arzuladıqları kimi, yəqin ki, ikinci rejissorlar da nə vaxtsa quruluşçu rejissor olmağı xəyallarından keçirirlər...
   
   - Mənim belə xəyalım olmayıb. Birincisi, mən rejissor təhsili almamışam. İkincisi də hər kadra quruluş verməyi bacarmıram. Bacarmadığım işdən isə yapışmaq istəmirəm.

TƏQVİM / ARXİV