SEVGİLİLƏR QOVUŞDUĞU AN...

FAİQ QİSMƏTOĞLU
64237 | 2015-06-11 01:53


O günü, o saatı, o dəqiqəni çoxları böyük səbirsizliklə gözləyir. Əlbəttə, həsrət, kədər insanın iç dünyasında tüfan eyləyirsə və onun varlığını, dünyasını silkələyirsə, bundan qurtulmağın yeganə yolu vüsaldır. Sevginin qovuşduğu yerin anını çoxları yaxşı bilir. Çoxları onu da yaxşı bilir ki, bu anda, bu məqamda, bu dəqiqlərdə hər iki gəncin sevincindən ürəyi kökslərinə sığmır...g
Hələ onların valideynlərini, qohum-əqrəbalarını demirik. Çünki hər bir insanın arzusudur ki, oğlunu evləndirsin və qızını gəlin köçürsün. Belə bir xoşbəxtlik uzun illər dostluq elədiyim, çörək kəsdiyim, gözəl insan, gözəl ziyalı, şair Vahid Əlioğluya da qismət oldu. Hələ bir neçə gün öncə mənə telefon açdı və dedi ki, qanın qara deyil ki?! Çünki o mənə telefon açanda səhər saatları idi. Adətən səhər saatlarında çoxumuzun qanı qara olur, ovqatı o qədər də normal olmur.
Dostumuz hal-əhval tutandan sonra dedi ki, iyunun 9-da oğluma "Ağ saray"da toy eləyirm. Düşündüm ki, səni ora dəvət eləməsəm inciyərsən. Axı sən mənim sədaqətli dostlarımdansan. Həmişə ağır günlərimdə məni axtarmısan, dərdimə, kədərimə şərik çıxmısan.
Əlbəttə, Vahid müəllim oğlu Rəfaelin toyuna məni çağırmasaydı ondan inciyərdim. Ən azından ona görə ki, o kişiylə nə az, nə çox, düz 25 ildir ki, çörək kəsirik, dostluq eləyirik və bir-birimizlə hal-əhval tuturuq. Vahid müəllimin ipək kimi yumuşaq ürəyi, çox incə bir qəlbi var. O, uzun müddət Azərbaycan polisinin şərəfini qoruyub və polis polkovniki olaraq təqaüdə çıxıb. Təqaüdə çıxandan sonra onunla dostluğumuz daha da möhkəmlənib. Çünki vəzifədə olanda onu çoxları axtarırdı və ondan kömək istəyirdi. Vahid müəllim də təmənnasız olaraq bütün dostlarına, xüsusən də yazıçılara və jurnalistlərə yaxşılıqlar eyləyib və onun əvəzini heç vaxt gözləməyib. Ümumiyyətlə, Vahid Əliyev bulaq suyu kimi təmiz, polad kimi möhkəm iradə sahibidi. Ən çətin anında, ən ağır məqamlarında belə özünə qapanmaz və həmin sıxıntılardan tezliklə çıxmağı bacarardı. 2013-cü ildə ömür-gün yoldaşını itirəndə onun nələr çəkdiyinin şahidi oldum. Onda da mənə yaxın dost kimi telefon açdı və həyat yoldaşını itirdiyini bildirdi. Mən də "başıalovlu" yaxın dostlarla özümü onların həyətinə çatdırdım. Sözümün canı odur ki, Vahid müəllim çox sədaqətli ailə başçısı olub... Çox etibarlı, çox səmimi ata, əmi, dayı, qardaş və dostdur. Vahid müəllim son tikəsini hamı ilə bölməyə hazır olan bir ziyalıdır.
Elə bil mətləbdən bir qədər uzaq düşdüm. Axı toydan danışırdım. Adətən indiki toylarda musiqinin səsindən və bir də şablon görüntülərdən adam tıncıxır, darıxır. Amma Vahid müəllimin oğlunun toyunda nəinki mən, o məclisdə iştirak edən çoxlu sayda insanların heç biri darıxmadı. Və məclisdə də iştirak edənlərin böyük əksəriyyəti tanınmış insanlar, ziyalılar idi. Qəribədir ki, bu toyda başqa toylarda olduğu kimi sayı-hesabı olmayan, şöhrət üçün müğənnilər dəvət olunmamışdı. Toyu istedadlı estrada müğənnisi Zamiq bəy aparırdı. O həm tamadalıq edirdi, həm də camaatın ürəyi istədiyi mahnıları oxuyurdu. Bəstəkar, xalq mahnılarını o qədər gözə ifa edirdi ki, adam məclisdə darıxmırdı. Sözün açığı, mən Zamiqin belə toy apardığını görməmişdim və birinci dəfə idi ki, onun apardığı toyda olurdum. Son dərəcə mədəni və səviyyəli hərəkətləriylə hamının hörmətini qazanırdı.
Bəylə gəlinin qeyri-adi görünüşü var idi. Rəfael bəy və Nuray xanım Azərbaycan milli rəqsini o qədər gözəl ifa edirdilər ki, sanki onlar yox, rəqqasələr oynayırdılar. Üstəlik də hər iki gəncin çöhrəsindəki nur onları camaata daha da sevdirirdi. Toy başlayanda Vahid Əlioğlu xeyir-dua verdi və gözəl bir şeir oxudu. O şeirin məzmunu belə idi ki, ürək, yaşa və bu xoş günləri gör. Saçın ağarsa da, nahaq yerə ağarmayıb. Təbii ki, bu cür poetik misraların səslənməsi insanların qəlbini daha da kövrəltdi. Ən maraqlı anlar isə bəylə gəlinin uşaqlıq, yeniyetməlik və bugünkü həyatlarını əks etdirən fotoların monitorda göstərilməsi idi. İlk dəfə idi ki, belə bir görüntülərə baxırdıq.
Təsirli anlardan biri də Vahid müəllimin rəhmətlik xanımının şəklinin monitora gətirilməsi idi. Həmin şəkillər Vahid müəllimlə xanımının gənclik illərini əks etdirirdi. Uşaqlarının, nəvələrinin yanında maraqlı şəkillər çəkdiriblər. Şəkillər monitorda əks etdiriləndə, istedadlı müğənni Zamiq bəy ana haqqında çox möhtəşəm bir mahnı səsləndirdi. O mahnı səslənəndə mən çoxlarına fikir verirdim, adamların gözləri dolmuşdu. Amma hamıdan çox bu mahnıya qəhərlənən və kədərlənən Vahid müəllim, oğlu Rəfael və bir də qızı idi.
Həmin gün, həmin axşam sanki Vahid müəllimin rəhmətlik həyat yoldaşının ruhu "Ağ saray"a gəlmişdi. O ruh oğluna və gəlininə xeyir-dua verirdi və deyirdi: "Allah sizi xoşbəxt eləsin, balalarım!"
Yaxın dostum və gözəl ziyalı İlham Rəcəbov sevincini heç cürə gizlədə bilmirdi. O da mənim kimi araq içən olmasa da, Vahid müəllim gəlib stola yaxınlaşanda ayağa qalxdı və qucaqlayıb öpərək onu təbrik elədi. Vahid müəllim də əlində qədəh İlham müəllimin yanında əyləşən əvvəlki iş yoldaşları ilə görüşdü və dedi ki, bu gün mənim çox xoş günümdü, sevincimdən ürəyim parltayır. Əgər sevincimi bu insanlarla paylaşmasam, heç cürə rahat ola bilmərəm.
Həmin günü Vahid müəllim üçün ən gözəl, ən unudulmaz anlar idi... Həmin günü sanki mələklər də yerə enib ürəyi sevgiylə, məhəbbətlə və səmimiyyətlə dolu olan Vahid müəllimə göz aydınlığı verirdilər...
Gözəl alim və tanınmış ziyalı Rəşid müəllim də özünəməxsus bir səmimiyyətlə Vahid müəllimi təbrik eləyir. Hər ikisinin gözləri dolur və hər ikisinin musiqi sədaları altında çöhrəsinə yenidən nur hopur. Saat 11-nin yarısıdı. Adam məclisi tərk eləmək istəmir. Çünki toydakı xoş ovqat və qeyri-adi bir görüntü insanın qəlbində xoş ovqat yaradır. Vahid müəllim yenidən mənə yaxınlaşır və özünəməxsus bir səmimiyyətlə dillənir: Sən mənim dostlarımın arasında ən etibarlısı və sədaqətlisisən. Gör, Allah qoysa, sənin oğlunun toyunda bu qardaşın necə iştirak edəcək?!
Ona göz aydınlığı verirəm və deyirəm ki, Allah bu xoş günü sənə çox görməsin. Çünki sənin dünya boyda ürəyin var. Sən hamının sevincinə şərik olmusan, dərdinə də çiyin vermisən. Allah səni qorusun və bu balalarını xoşbəxt eləsin!
Vağzalı sədaları altında bəylə gəlin "Ağ saray"ı tərk eləyir. Onlar yeni bir kiçik dövlətin-ailənin təməlini qoyurlar. Həm Rəfael, həm də Nuray hər cür xoşbəxtliyə layiqdi. Çünki onların hər ikisi sayılıb-seçilən nəslin nümayəndələridi və gözəl ailədə böyüyüb tərbiyə alıblar. Bu yaz günün də hər iki növcavanın həyatının nurlu və işıqlı olmasını arzulayırıq. Həyatın enişli-yoxuşlu yollarında büdrəsələr də, yıxılmamaqlarını istəyirik. Qoy Allah-Təala bu gənclərin həyatını həmişə nurlu və işıqlı eləsin!..

TƏQVİM / ARXİV