adalet.az header logo
  • Bakı 19°C

MEY-KUN

OQTAY SALAMOV
25021 | 2011-11-05 05:29
Həftənin son günləri qəzetimizdə müəllif yazıları "Yazarlar" bölməsində dərc olunur. İnternet səhifəmizdə ancaq bu yazılır "Yazarın arxivi"nə daxil olur və onların qarşısında yazının neçə adam tərəfindən oxunması göstərilir. Fikir vermişəm ki, həftəsonu yazılar ciddi mövzulara həsr olunanda oxucu sayı azalır. Bəlkə də oxucunun həftə ərzində ciddi mövzulardan yorulması, onun həftə sonunda istirahət etməsi, yorğunluğunu çıxarmaq üçün oynaq mövzulara müraciət etməsinə səbəb olur. Beləcə, yenə başa düşmək olar. Amma orta statistik oxucunun zövqünün maqazin, zarafat mövzularına meyllənməsi tendesiyası varsa, vay bizim günümüzə... Deməli, publisistikamız getdi fələyin qəniminə...
   
   Keçən həftə Türkiyə-İraq sərhəddində bir olay baş vermişdi; mehmetciklər sahibsiz bir qatırın onların postlarına yaxınlaşdığını görürlər. Burada nə isə bir fırıldaq olduğunu başa düşürlər və qatırı güllələyirlər. Məlum olur ki, şələsində külli miqdarda partlayıcı var, üstəlik də iki qaz alonu bağlanıb. Məhmətcikləri Allah saxlayıb. Sən demə, bu hərbdə çoxdan məlum olan işdirmiş. Deyir, Keniya ordusunun mətbuat katibi xalqa müraciət edərək onları yaraqlılara eşşək satmamağa çağırıb: "Keniya - Somali sərhəddində eşşək ticarəti ilə məşğul olanlar heyvanlarını "Əş-Şəbab" (Gənclər - "Əl Qaidə" terror təşkilatının bölgədəki nümayəndəliyi) silahlılarına satmasınlar. "Əş-Şəbab"a eşşək satmaq Somalidəki səylərimizə mane olur".
   
   Ordu sözçüsü həmçinin sərhəddə eşşəklərin kütləvi hərəkətinin "Əş-Şəbab"ın fəaliyyəti kimi dəyərləndiriləcəyini deyib.
   
   Eşşəkdən söz düşmüşkən, Moskvanın aeroportlarının birində Bakıya uçan təyyarəyə bir erməninin buraxılmaması yekə bir hay-küy yaradıb. İş o yerə çatıb ki, Rusiya hökuməti "Azərbaycan Hava Yolları" QSC-nin erməni soyadlı Rusiya vətəndaşını təyyarə reysinə buraxmadığı üçün təəssüfləndiyini bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviçin sözlərinə görə, Rusiya Federasiyasının vətəndaşı olan Sergey Qürcianın AZAL-ın əməkdaşları tərəfindən Moskva-Bakı reysinə buraxılmaması ilə bağlı insident onlarda yalnız təəssüf hissi yaradır. "Rusiya hökuməti erməni soyadlı vətəndaşlarına xəbərdarlıq edib ki, Azərbaycana gediş-gəlişdə Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmadığını nəzərə alsınlar. Bu onların özlərinin təhlükəsizliyi üçün vacibdir. Bu səfərlər ancaq beynəlxalq tədbirlər xarakteri çərşivəsində istisna hal sayıla bilər".
   
   İndi də təyyarədən söz düşmüşkən bir türk arkadaşımızın hoqqasından danışım. Koreya hava yollarından Seul-İstanbul reysi ilə hərəkət edən "Boeing 777" sərnişin təyyarəsində qeyri-adi hadisə baş verib.Türk əslli 35 yaşlı Alparslan T. təyyarədə siqaret çəkmək istəyib. Salonda olan təyyarə heyəti ona mane olmağa çalışsa da, Alparslan T. onlarla dalaşmağa başlayıb. Köməyə gələn pilot da Alparslan T. ilə bacara bilmədiyi üçün onu elektroşok cihazı ilə zərərsizləşdirib və iplə oturacağa bağlayıb.
   
   Yeri gəlmişkən, 11 sentyabr hadisələrindən sonra bir çox hava yollarına aid təyyarələrdə elektroşok cihazı saxlanılır. Düz eləyirlər, lap məktəblərdə də, avtobuslarda da saxlamaq lazımdır...
   
   Qarşıdan Qurban bayramı gəlir. Allah qurbanlarınızı qəbul eləsin! Bayramınız mübarək. Soruşa bilərsiniz ki, nə əcəb bu münasibətlə ayrıca yazı işləmədim. Sadəcə olaraq, bir çoxlarının səmimiyyətinə inanmadığım üçün dərinliyinə getmədim. Bir din adamının müsahibəsindən bircə abzası göstərməklə bu mövzudan danışmayacam: "İlk növbədə onu nəzərə almaq lazımdır ki, qurban kəsiləcək heyvan mütləq halal yolla qazanılmış pulla alınmalıdır. Əgər kiminsə borcu varsa və bu borcu qaytarmağa imkanı yoxdursa, həmin şəxslər qurban kəsməməyə də bilərlər. Əgər hər hansı şəxs hər ay kredit ödəyirsə və bunu ödəməkdə çətinlik, sıxıntı çəkmirlərsə bu şəxslər qurban kəsməlidirlər". Deyəsən bizimməhlədə kəsilməyəcək...
   
   Qanınızı qaraltmamaq üçün yaxşı şeylərdən danışım. İnternetdə bir kadra baxdım, ləzzət elədi. Əvvəlcə bizim bir lətifəmiz yadıma düşdü: Deyir toydan qayıtmış ləzgidən (sizə nə var, istəsəniz məni milli azlıqlara lağ eləməklə də günahlandıra bilərsiniz, amma boş söhbətdi, ətrafımdakılar bilir ki, dostlarımın arasında ləzgi də var, talış da, ingiloy da...) soruşurlar ki, toy necə keçdi. Deyir, " toy yaxşşşı, keşdi, bir balaca dilxorluq uldu ki, toyun axırında beyi vurub üldürdüler"... Hə, bu kadrda göstərdilər ki, yaşı keçmiş bəylə-gəlin keşişin qarşısında nikah kəsdirirlər. Keşiş ayini icra eləyəndə gəlinin cib telefonuna zəng gəlir. Gəlin cibli paltar geyinməyəcəkdi ki, paltarının məlum yerindən telefonu çıxarıb heç nəyə məhəl qoymadan mesaj yazmağa başlayır. Təssəvür edirsiniz, keşiş dua edir, gəlin isə sms göndərir.... Bizim kənddə biri ikinci dəfə evlənirdi. Bəy tərifində müğənni başladı oxumağa: Xonçaya duzmüşəm qəndi-noğulu, gəlib xələt versin bəyin böyük oğlu...
   
   Bir az da kübar həyatından danışım. Deyir, şotland şəhəri Edinburqda britaniyalı kraliça Viktoriyanın alt paltarı hərraca çıxarılıb. Hərracın əsas eksponatı olan kral monoqramması tikilmiş ağ ipək alt geyimini əldə edən biri naməlum 15 min dollar ödəyib. Kolleksiyaçıları və auksion əməkdaşlarını daha çox intim əşyanın nəhəngliyi heyrətə salıb. Viktoriyanın alt paltarı krallara yaraşan olub. Digər kolleksiyaçılar kraliçanın gecə köynəyini, corablarını və əlcəklərini əldə ediblər.Jurnalistlərin sözlərinə görə, konservativ maraqlı alıcılar kraliça Viktoriyanın şəklini, məktubunu və mebel əşyalarını əldə ediblər. Həmin gün kraliçanın əşyalarının hərracından 5 milyon dollar qazanılıb.
   
   Bir kübarfason da narkotika qaçaqmalçılıqnda iştiraka görə tutuldu. Deyir, Enci Valensiya gözəllik müsabiqəsində "Kofe kraliçası" tituluna layiq görülsə də, Latın Amerika mətbuatı bu hadisədən sonra gözələ "Kokain kraliçası" titulunu verib. Argentina məhkəməsi gözəllik müsabiqəsinin qalibi Enci Sanselmente Valensiyanı 7 il müddətinə azadlıqdan məhrum edib.Valensiya dostu, digər narkobaron Nikolas Qualko ilə birlikdə kokain narkotik maddəsini Meksikadan Avropaya nəqlini həyata keçirirmiş.
   
   Yazının başlığında işlətdiyim söz söyşə oxşasa da, söyüş deyil. Bu ev pişikləri arasında ən iri cins olan pişiklərin növüdür- mey-kun. Deyir, Rostovda bir ev sahibinin başına 12 kiloluq pişik düşüb. "Komsomolskaya pravda" yazır ki, kişi beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Sən demə, pişik öz sahibinin başına təsadüfən düşüb. Belə ki, pişik adətən istirahət elədiyi yerdə, şkafın başında uzanıbmış və yuxuda uğursuz çevrilib , düşüb sahibinin başına. 28 yaşlı pişik sahibinin diaqnozunda yazılıb ki, beyin fəaliyyətinin pozulmasına səbəb "başına ağır əşya- pişik düşüb". İndi xəstə özünü yaxşı hiss edir. Mey-kun ev pişikləri arasında ən irisidir. Onun bəzi nüsxələrinin çəkisi 15 kiloqrama qədər olur. Öz sahibləri ilə mehriban olsalar da, tanımadıqlarına qarşı yaman ehtiyatlı olurlar...
   
   Nədi, belə yazı istəyirdiniz? Yox, məni bağışlayın, oxucu zövqünün arxasınca getməyəcəm, həftədə bircə dəfə ürəyindəkini istədiyin kimi yazmağa yer olur, onu da zarafatla doldurum? Bir dəfə nazla oynadım, kifayətdi...

TƏQVİM / ARXİV