ANA SƏHİFƏ / YAZARLAR

Ərus meteoriti kimi yanıb kül olmaq

(Yəni unudulmaq)

16290    |   2011-11-05 05:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O gün səmimi və gözəl bir insan, həm də qəzetimizin və ayrıca mənim oxucum olan Arzu həkim telefon açıb hal-əhval etdikdən sonra elə beləcə də söylədi: "Qardaş, son vaxtlar yazılarına rast gəlmirik, nə olub belə? Oktay da, Niman da, Elçin də maraqlanır..." Nə etməli, xoş niyyətlə həmrəylik göstərən bu sevimli insanlar diqqətcil oxucularımız olmaqla yanaşı, həm də mənim həkim dostlarımdır.
   
   Mən təbii ki, vəziyyəti olduğu kimi izah edə bilmədim, diqqət və münasibətə görə təşəkkürlərimi çatdırmaqla kifayətləndim. Nəsə birşeylər edəcəyimi də söylədim gərək ki... Ancaq düşünəndə hər həftə azı 2-3 yazım dərc olunur qəzetdə, yəni layihə əsasındakı Region səhifəsində, müəyyən mənada nigarançılıq da keçirirəm. Yoxsa oxumurlar? Ya da elə-belə... Bunlar da yazılmalıdır axı! Və deyim ki, bütün bunlar elə birbaşa mənim vəzifəmə aid məsələlərdir həm də.
   
   Anlayıram, daha çox köşə yazılarımı istəyir və gözləyirlər. Məsələn, "Pis adam yolda ","Serialı xilas etməli","Sillagizm","Aldırma könul!" sayaq. Amma vallah, o layihənin gündəlik məsuliyyəti məni bir an belə rahat buraxmır.
   
   Əlbəttə, gerçək və səviyyəli oxucuları olan hər bir yazar müəyyən mənada özünü xoşbəxt saya bilər. İmzan axtarılır, yaddaşlarda qalırsan, soruşulursan... Təbii ki, yönsüz, mənasız şeylər yazaraq oxucuların zəhləsini töküb zövqləri korlamaq jurnalistikada ən pis haldır. Ancaq unudulmaq da pisdir. Unudulmaq təkcə yazar kimi deyil, həm də butun mənalarda faciədir.
   
   İndi Tofiq abi bu sətirləri oxuyub özünəməxsus bir eyhamla deyəcək: "Gör ha, bu da Məzahir!"
   
   Təxminən elə yaşıd kimi olsaq da həmişə ozümə böyük qardaş bildiyim Vaqif Bayatılı Odər görün necə obrazlı söyləmiş:
   
   
   
   Qonur gözlərimə
   
   qara torpaqlar tökülməmiş
   
   unutdular məni, unutdular...
   
   
   
   Doğrudur, bu bir az başqa məna daşıyır, ayrı ovqat yaradır. Ancaq neyləyim ki, düşüncələrim də pərən-pərəndir, unutmaq-unudulmaq felinin obrazlaşmış tərəddüdləri kimi. Söz-sözü çəkər deyiblər. Mənimsə düşüncələrimdə sözdən hadisə yaranır həmişə. Vaqifin həmin şerinə Mahirin qərib bir münasibəti, kövrək üsyanı da var. İnsanı içindən çölünə, çölündən içinə çevirir. Xatırlayıram və belə məqamlar məni yaman çəkir özünə. Mahir N.Qarayevin "Vəsiyyət məqamları" silsiləsindən, yəni "unudulan" Vaqifə üz tutub yazdıqlarındandır bu sətirlər:
   
   
   
   Şair dostum!
   
   Qatil dostum!
   
   Gözün aydın olsun,
   
   sözün mübarək!
   
   Elə sözünlə də
   
   Sonuma çıxdın,
   
   daha deyiləsi
   
   sözüm qalmadı;
   
   yetirdim-
   
   bircə yol yoluna çıxdım,
   
   itirdin-
   
   yolunda izim qalmadı...
   
   ...Unut məni-
   
   qonur gözlü şairim,
   
   qara maskalı qatilim!
   
   Bax, belə şeirləri canlı varlıq kimi bağrına basıb öpmək, əzizləmək də istəyirsən... Başqa hisslər də keçirirsən, tək olmadığını düşünürsən. Bunları olduğu kimi izah etmək isə çətindir, çox çətindir...
   
   Beləcə sevimli oxucu, bu düşüncələri bölüşə-bölüşə umuram ki, mən də unudulmayım. Pis-yaxşı bu mənim yazar haqqımdır. Həm də bəlkə elə dost bildiyim çoxlarının məni unutduğunu hiss etdiyimdən daha o köşələri yaza bilmirəm.
   
   Sən də gözəl xanım, bağışla məni...
   
   Yox, şeir kimi alındı, şeir yazmaq fikrində, əhvalında olmadım ki... Sadəcə bilmədim sənə necə müraciət edim: bacım, qardaşım, ən yaxın dostum?.. Sən də o yazıları gözləyirsən məndən, eləmi? Oxumaq istədiklərini yazmadığıma görə bəlkə də mənə acığın tutur, hirslənirsən...
   
   Bəlkə də yazığın gəlir?!
   
   Sən ki yaxşı bilirsən bəzi doğmalarımın, dost bildiklərimin mənə olan biganəliklərini. Mən bir daha onlardan söz açmayacağam. Bir vaxtlar mənimlə dost olduqlarına görə fəxr edən o böyük vəzifə sahiblərinin də,o generalların da adını tutmayacağam.Çünki onlar utanıb-qızarmadan məni həmişə aldadırlarmış. Keçmişlərini, mənim yamadığım yarımçıqlarını yaddan çıxarmaq üçün. Unutmaq, unudulmaq həm də belə olur, canım.
   
   Bu həm də qeyri-adi bir həbsxanaya bənzəyir, bəlkə də oyaqlığa yaxın bir yuxuya. Və bu həbsxananın nə hündür divarları, nə tikanlı məftilləri, nə də amansız gözətçiləri var. Hərə öz işiylə məşğuldur. Azadlığın həbsxanasıdır. Aldatmaq, ətrafına biganə olmaq, göz görə-görə unutmaq, and içə-içə uydurmaq... Orda-burda isə hərdən mənə oxşayan qərib kölgələr sürünür sanki.
   
   Görək axırı necə olacaq.
   
   Bəlkə heç mən də düz danışmıram.
   
   Onda çıxıb ortaya ən düz olanını danışsınlar...
   
   Görürsən, mən həmin o həkim dostlarıma nəsə birşeylər danışıb sona çatmalıydım. Hardan hara gəlib çıxdıq. Həm də Sən gəldin axı.
   
   Heç bilirsən Sən dünyaya gələndə planetdə nə baş vermişdi? Ad günün yaxınlaşır deyə qəfil yadıma düşdü. Bilirsən ki, çoxlarının unutduqlarını unutmamaq dəliliyim var. Deməzdim bu sırf əlamətçilikdir və ya mistik əhval-ruhiyyə. Hər-halda düşüncənin azadlığı qədər hüdudsuz məkandır. Sən dünyaya gələndə, Sən anadan olan gün, ya bəlkə də 5-10 gün sonra göydən yerə Ərus meteoriti düşmüşdü. Yardımlının yaşayış olmayan böyük bir ərazisinə onun çox iri və kiçik hissələri səpələnmişdi.Ərus meteoriti keçmiş SSRİ ərazisinə düşən üç ən böyük meteoritdən biri olub.Yəni tarix boyu neçə-neçə yüzilliklər ərzində.Hardasa oxumuşam, göyüzü elə işıqlanıbmış ki, baxmaq olmurmuş. Sanki bir ulduz alışıb-yanıb , başqa bir ulduz parlasın deyə...
   
   Görürsənmi, insanlar kimi böyük səma-yer hadisələri də unudulur bəzən.
   
   Və bu daşları yerdən göyə atmamışdırlar ki. Bu daşlar elə göydən yerə yağmışdı...


YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-01-21
2018-01-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK