adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

GüNƏŞLi TORPAğIN MÖHKƏM QALASI

VƏSİLƏ USUBOVA
29869 | 2011-11-05 05:29
Deyəsən, axı bizim çoxumuz (lap elə hamımız) normal bir insan ömrü sürməkdən çox, adımızı tarixə yazdırmaqdan ötrü əlləşib-vuruşuruq. Daha anlamırıq ki, ən nəhəng saxtakar elə tarixin özüdü. Sərbəst deyil, kimlərinsə diktəsində, hökmündədi. Çox zaman seçimi özü eləmir. Ona görə də tarixdə qalmaqdan ötrü özünü oda-közə vurmağın adı yoxdu. Elələri var ki, tarixin özünü yaradır, ona hökm edib dəyişdirə, öz arxasınca apara bilir. Hətta özündən sonrakı yolunu da ona göstərə bilir. Tarixi saxtalaşdıranların belələrinə gücü çatmır. Onların qarşısında zaman da acizdi...
   
   Məşhurlaşmağın o qədər yolları var ki,..
   
   Tarixdə qalmaqçün yarananların böyür-başında hərlənməklə də yaddaşlara əbədi yazılmaq mümkündü. Hitlerin məşuqəsi, Leninin katibəsi kimi də çaş-maş dünyanı heyran eləmək mümkündü...
   
   Özü də istəmədən dilə-dişə düşən məsumlar var. Bayaqdan bəri gözümü çəkmirəm o mötəbər insanın şəklindən. Onu da burada görəcəyimi düşünmürdüm. Məsum dediyim o deyil, yox. Bu şəklə laqeyd baxıb keçdiyim mümkün olmayıb heç vaxt. Siyasət adamının da belə kədərli baxışları ola bilərmi?!...
   
   Heyf ki, o qadının adını unutmuşam. Mən danışılanları eşidəndə o, artıq bu dünyadan köçmüşdü. Amma özüynən ömrünün ən gözəl, ağlasığmaz xatirəsini aparmışdı. Kəndçilərinə də işıqlı, qürurverici bir söhbət yadigar qoymuşdu. Bu dünyada baş verənlərdən heç nə anlamayan, ancaq öz evinin, ailəsinin qayğıları ilə yaşayan o məsum qadın bir gün yenə də səhəngini çiyninə alıb Kürün qırağına enmişdi. Suatda dayanıb pıqqapıqla dolan səhənginə elə aludə olmuşdu ki, sahilə yan alan gəminin səsini də gec eşitmişdi. Başını qaldıranda gəminin göyərtəsində dayanıb mehriban nəzərlərlə ona baxan geniş alınlı, yaraşıqlı kişini görəndə bir anlıq özünü itirmişdi də. Bu gəminin səsinə də, çay aşağı, çay yuxarı üzməsinə də çoxdan alışmışdı. Hərdən uzaqdan dayanıb içindəki adamlara oğrun-oğrun baxmışdı da. Amma hələ beləsini görməmişdi... Ehtiyatla ətrafına göz gəzdirdi. Sahildə tək olmasından qorxurdu. Adam bunu başa düşüb gülümsədi. Gülümsədi... və bir top çit parçanı götürüb sahilə tulladı...
   
   Sonra da deyirlər ki, dünyada qismət deyilən şey yoxdu...
   
   Bir də... ömrün elə anları olur ki, təkcə sənin deyil, səndən sonrakıların da həyatını işıqlandıra, şirinləşdirə bilir.
   
   Və... bir səhəng sudan ötrü çaya enəndə də adam tarixə düşə bilərmiş...
   
   Önəmli olan da elə budu...
   
   Xəyaldan ayrılıb bir də şəklə baxıram. Doktor Nəriman...Deməli, nə vaxtsa o mötəbər qədəmlərini bizim bu şoran torpaqlarımıza da basmısan! Nə vaxtsa yox, düz 91 il bundan qabaq. "Bakı Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Sabirabadda" adlı kiçik, lakin son dərəcə məzmunlu və qiymətli məlumatı ( mən artıq onu əzbərləmişəm) olduğu kimi verirəm: "1920-ci ilin sentyabrında Bakı Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov malyariya xəstəliyinə qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi komissiyanın müşayiəti ilə Sabirabadda ( o vaxtkı Petropavlovka) olub. 1920-ci il sentyabrın 30-dan oktyabrın 10-dək davam edən səfər son dərəcə maraqlı və faydalı keçir. Gəmi ilə Sabirabada gələn Nəriman Nərimanovu Mirzə Ələkbər Sabirin qızı Səkinənin yeznəsi Mirmurtuza ağa ( Rasimə Möhsünzadənin atası) qarşılayır və qonaq edir. (M.Ə.Sabirin qızı Səkinə xanımın nəticəsi Rasimə Möhsünzadənin haqqında ayrıca yazı hazırlamaq fikrindəyəm. V.U.) Deyirlər ki, Mirmurtuza ağa gəminin lövbər saldığı Kür çayı sahilindən evlərinə qədər olan yola xalça və gəbə döşətdirir. (Qədirbilən kişilər olub ey...) Əhali Nəriman Nərimanovu duz-çörəklə qarşılayır, ona böyük ehtiram göstərir. Mirmurtuza ağa evində onun şərəfinə ziyafət verir. Səfərin yekunu olaraq Nəriman Nərimanov rayon mərkəzində yeni xəstəxananın tikintisinə qərar verir.
   
   Nəriman Nərimanov bir il sonra savadsızlığın ləğvi ilə əlaqədar ikinci dəfə Sabirabada səfər edir. Yenə də Mirmurtuza ağanın qonağı olur. Qayıtdıqdan sonra rayon mərkəzində məktəb tikilməsinə göstəriş verir".
   
   Tarix buna deyərlər. Hələ bundan sonra neçə-neçə illər yazanların da, oxuyanların da köksünü qabardacaq, gözlərini yaşla dolduracaq zaman parçası...
   
   
   
    ***
   
   Yubiley kitabçasında Cavad qəzasının ilk rus dili müəllimi Xələf Əziz oğlu Məmmədov haqqında beş-altı cümləlik məlumatı oxuyanda və onun bir əsrdən də əvvəl çəkilmiş şəklinə baxanda uşaqlığımı, hər gün qayıqla Kürü keçib bizə dərs deməyə gələn müəllimlərimizi xatırladım. Keçmiş təkcə bizim həsrət-nisgilimizə görə şirin deyil.
   
   O adamların qəlbi də, niyyəti də baxışları kimi duru və aydın idi. Bir də, Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi" pyesində kəlməbaşı "Uçenie svet, neuçenie tma" deyib diz çökərək göz yaşları tökən müəllim gözümün önünə gəldi. Bir sürü anlamazın arasında bir anlayanın can yanğısını duydum...
   
   O gecə evdəkilərin hamısı yatmışdı. Təkcə mən aramsız payız yağışının döyəclədiyi evin içində şalvarının balaqlarını çirməyib şagirdlərini bir-bir kürəyində sudan keçirən Düyşən müəllimə baxırdım. Göz yaşlarım bayırdakı leysana meydan oxuyurdu. Televizorda Çingiz Aytmatovun "İlk müəllim" povesti əsasında çəkilmiş filmi verirdilər...
   
   Daha kəndlər də o kənd deyil. Daha oxumaq, bilik, savad işıq sayılmır. "Krossna"lı, kompüterli kəndimizdə indi düyşən müəllimlər dərs demirlər. İndi onları rişxəndlə yada salıb, təəssüflə baş bulayırlar...
   
   
   
   ***
   
   Bəs, bu çatmaqaşlı, asiyalı çöhrəsinə güclə təbəssüm yapışdıran qız kimdi?! Quş qanadları kimi gərilmiş qaşlarının altında şişkin gözləri qətiyyən gülmür. Çox tanış gəlir. Amma,,, onun burda nə işi var?! Cümlələrdən biri boğazımı göynədir: "Bu uzun hörüklü qızın nisgilli nəğmələrini sabirabadlılar bu gün də hörmətlə xatırlayırlar..."
   
   
   
   ...Xəbər verin yar gəlsin,
   
   Ay ürəyimdə sözüm var.
   
   Gəl bizə, gəl bizə, gəl bizə, yar.
   
   Qurbanam o qaş-gözə yar...
   
   
   
   Haraylaya-haraylaya gəldi, haraylaya-haraylaya da getdi. Həqiqi aşiqlərin səsi nə vaxt qulaqlara çatıb ki?! Sən də haraylama, yalvarma! Gəlmədi... Cəlməyəcək də... Özün qıl başının çarəsini, zavallı aşıq...
   
   Yerin behiştlik olsun, Rübabə xanım!
   
   Səninlə üzbəüz şəkildəki dolusifət, nazik bığlı oğlan kimdi? Lap Rac Kapurun cavanlığına oxşayır...İndiyəcən bilmirdim. Sən demə, Rübabə Muradova və Qulu Əsgərov Sabirabad mədəniyyət evinin ilk solistləri olublar... Mən o mədəniyyət sarayını görmüşdüm. Tələbəlik illərində rayon qəzetinə praktikaya gələndə hər gün qabağından keçir, içəridən gələn tar-kaman səslərini eşidirdim. Sonra... bir gecə bu mədəniyyət ocağının çırtaçırtla yandığını, alovun göy üzünü necə şölələndirdiyini də görmüşdüm...O zaman bilməmişdim o mədəniyyət evinin niyə yandığını. İndi uzun illərdən sonra başa düşürəm ki, o birmərtəbəli köhnə sənət məbədini Rübabənin can yanğısı, həsrəti yandırdı, Qulunun ecazkar səsi titrədib olan-qalanını da uçurtdu...
   
   Yanan, uçan, dağılan təkcə binalar olmur. Ömürlər də yanır, ürəklər də çat-çat olur, arzular da viran qalır...
   
   
   
   ***
   
   Bu torpağın öz sənətkarı da vardı. Xanəndə Mirələm Cəfərov...
   
   Hələ kəndimizə işıq çəkilməmiş "daş"la işləyən radiomuz vardı. Bu boyda dünyanı yığıb-yumurlayıb gətirirdi bizim evimizə. O danışanda, oxuyanda göyə, havaya baxardım. Elə bil ki, radiodan çıxan səslərin hava ilə necə gəlib ora dolduğunu görəcəkdim. Dünyanın ən savadlısı anam da bilmədiklərimi başa salar, tanımadıqlarımı tanıdardı. Yenə konsert idi. Xanəndənin şirin, boğaz dolusu səsi evlə, həyət-bacayla bir olmuşdu...
   
   
   
   Qoyma ağrı keçə ürəyimizdən,
   
   Qıyma al qanına boyana ceyran,
   
   Nə gözəl yaraşır Muğana ceyran...
   
   
   
    Anam qayıtdı ki, bax, bu oxuyan oğlan sabirabadlıdı...
   
   Bu "oxuyan oğlan"ı bir də ahıl yaşında, rayon mədəniyyət sarayında keçirilən "Mavi işıq" gecəsində gördüm...Gözümü ondan çəkmirdim. "Niyə heç kəs ona əhəmiyyət vermir? Niyə oxumasını istəyən yoxdu? Doğrudanmı, heç kəsin yadına düşmür?" Fikirlərimi tamamlamamış aparıcı elan elədi: "Qarabağ şikəstəsi"! Oxuyur Mirələm Cəfərov!"...
   
   O gecədə Mirələm kişi "Qarabağ şikəstəsi"ni , Allah bilir, neçənci dəfə oxuyurdu. Mənsə daha orada yox idim. Kəndimizə, öz evimizə qayıtmışdım. Əlimi çənəmə söykəyib "daş"la işləyən radiomuza qulaq asırdım. Uşaqlığımdakı kimi, başımı lap onun üstünə qoyub qulaq asırdım. Xanəndə bunu anlamışdı, ancaq mənimçin oxuyurdu. Çox-çox uzaqda qalmış uşaqlığım haqqında, atalı-analı dünyam, hələ başa yetməyən arzularım haqqında oxuyurdu. Dilə gətirmədiyim duyğularımı, kimsəyə açmadığım sirlərimi zilə çəkirdi... Yox, o, həm də özü haqqında oxuyurdu. Geridə qoyduğu çal-çağırlı ömrünü haraylayırdı...
   
   
   
   Ömür keçdi, gün keçdi
   
   Cavan olmam bir də mən...
   
   
   
   Alqış səslərinə xəyaldan ayrıldım. Güldandakı qərənfili götürüb ona tərəf yeridim...
   
   Məni tanımırdı...

TƏQVİM / ARXİV