adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ULAŞMA

BABƏK YUSİFOĞLU
34995 | 2011-11-04 07:30
Deyirəm ki, məmləkətimizin bu sadə camaatının şansı gətirmir ki, gətirmir. Hər dəfə hansısa hoqqa mütləq qan qaraldır. Məmləkətin harasında yaşamağından asılı olmayaraq bir də görürsən ki, bədheybət bir qəmbərqulu tappıltıyla çıxdı ortalığa. Elə həmin qənbərqulunu bir təhər qaydasına salmaq istəyirsən ki, digəri fürsət verməyib yapışır adamların yaxasından. Əslində mən bu zıppıltıların hamısını nə sadalamaq, nə də onların hər birindən bəhs etmək niyyətindəyəm. Çünki buna qəzetin səhifələri də çatmaz, heç mənim hövsələm də. Yalnız bir məsələdən söz açmaq istəyirəm ki, siz də biçarə hövsanlıların dərdinə acıyasınız.
   
   Bizim qəsəbə süləyənti, sahibsiz itlərin məkanına çevrilib. Belədən-elə gəzirlər, elədən belə. Özü də tək-tək yox, böyük sürülərlə. Hətta yadımdadır, iki-üç əvvəl bir yeniyetmə qızın üstünə elə hücum çəkmişdilər ki, yazıq qızcığaz psixatorluq olmuşdu. Amma bizim camaatımız burada da öz dözümünü göstərərək bir təhər bu şəraitə həm özlərini öyrəşdirə bildi, həm də bu üzdəniraq süləyənti itləri. İndi eyni "posyolka"da "mirni" yaşayırıq. Amma xahiş eləyirəm, heç kim inciməsin ki, ölkəmizin paytaxtında vəziyyət oxşar da olsa yalnız Hövsandan yazıram. Amma inanın, hamısından yazmaq üçün buna həftələrlə vaxt sərf eləməliydim, lakin vaxt gözləmir. Ona görə gözləmir ki, qənbərqulunun yekəsi gələ bilər.
   
   Hövsanı dolaşan süləyənti it sürüləri son dövrlər təzə bir adət tapıblar. Gecələr "posyolka"nın müxtəlif istiqamətlərində səs-səsə verib ulaşırlar və camaatı yatmağa qoymurlar. Özü də bu qırılmışlar elə səslər çıxarırlar ki, vallah, az yaşlı uşaqların bağrı yarılır. Adama elə gəlir ki, bir paytaxtın qəsəbəsində yox, vəhşi çöllükdə qurduğu "palatkada"-zadda yatıb. Ulaşmanın üstündən bir qədər keçəndən sonra onda görürsən ki, çürbəcür tappıltılar, cingiltilər gəlir. Onda bilirsən ki, ulaşmadan yuxusu qaçan sakinlərdən çoxu balkonlarına çıxıb əlinə keçən butulkaları, bankaları, köhnə ütünü, xarab su matorunu, "pol şotkası"nı, daha nə bilim nələri vızıldadır həmin it sürülərinin üstünə. İnsafən sakinlərin bu bonbardımanından sonra ətrafı bürümüş it sürüləri bir az toxtayıb gedirlər işlərinin dalısınca. Və süləyənti itlər beləcə bu bomdardımana da əməllicə öyrəşiblər. Çamaat da işin çəmini tapdığına görə xeyli məmnun idi. Amma...
   
   Bəli, həmin əmma. Yəni qənbərqulu. İndi hövsanlıları bu qənbərqulunun dərdi götürüb. Los-Anceles məhkəməsi it sahiblərinin üzərinə heyvanlarının "ağzına nəzarət etmək" öhdəliyi qoyub. Bundan sonra 1 itin fasiləsiz olaraq 10 dəqiqədən artıq hürməsi qadağandır. Qoyulan vaxtdan artıq hürəndə hər dəqiqə it sahibinə 1000 dollara başa gələcək. Amma niyəsə itin ulaması məsələsi işin içində yoxdu. Əslində Amerika üçün səciyyəvi olan qeyri-adi qanun sakinlərdən birinin şikayəti üzündən qəbul olunub. Bir nəfər qonşusunun kiçik itinin səsindən bezərək yata bilmədiyi üçün məhkəməyə müraciət edib.
   
   Nəticədə məhkəmə itlərin 10 dəqiqədən artıq hürməsinə görə cərimə müəyyənləşdirib. İndi burada hər kəs qorxur ki, iti uzun müddət hürməyi xoşlayan los-anceleslilər Hövsdandakı itlərin saatlarla hürmək, ulamaq azadlıqlarını, belədən-elə, elədən-belə sülənmək sərbəstliklərini, kefləri istədikıləri zibil yeşiklərinin zibillərindən faydalanmaq imkanlarını... görərək şıdırğı köçüb gələrlər bizim "posyolka"ya. Onların da itləri qoşula hövsandakılara. Axı, amerikanlar müsəlmanların başına bomba yağdırıb qırsalar da çox heyvan sevəndirlər. İtlərinin xətrinə Hövsana köçməyə nə var ki? Tay onda bizim qəsəbə sakinləri əllərinə keçəni amerikanların itlərinə necə atacaq ? Heç amerikanların itinə daş atmaq olar?
   
   İndi hər şey qalıb bir tərəfə, hövsanlılar bu qənbərquludan qurtulmağın, süləyənti itlərin Hövsandakı şəraitini ətrafdan gizlətməyin yollarını arayırlar.

TƏQVİM / ARXİV